16.05.14

Orta əsrlər Azərbaycan dövlətçilik tarixində Şirvanşahlar dövlətinin rolu

Şirvanşahlar dövlətinin yaradıcısı Heysəm ibn Xalid Yezid ibn Məzyədin nəvələrindən idi, ona görə də sülalə Məzyədilər (861-1108) adlanırdı. Akademik Z.M.Bünyadov "Azərbaycan Atabəyləri dövləti" əsərində Şirvanın tarixinə dair geniş tədqiqat işi aparmışdır. Z.Bünyadovun fikrincə, öyrənilməsinə yüz il əvvəl başlansa da, Azərbaycanın şimal-şərq hissəsinin - Şirvanın tarixi ən az tədqiq edilmişdir.Şirvanın (və ya Şirvanşahlar dövlətinin) digər müsəlman aləmindən seçilib ayrılması, yerli tarixi salnamələrin olmaması və ərəb, fars, gürcü dilindəki tarixi əsərlərdə, Y.A.Paxomov və Ə.Ə.Əlizadənin yazdıqları kimi, tarixi materialların azlığı - bütün bunlar tədqiqatçıların işini məhdudlaşdırmış, buna görə də onlar bir çox məsələləri fərziyyələr şəklində izah etməyə məcbur olmuşlar. 

Belə təsəvvür yaranır ki, Səlcuqilər, xarəzmşah Cəlaləddin Manqburnu, monqollar və Teymurilər kimi qüvvətli fatehlərin hücumu ilə əlaqədar olaraq Şirvanın adı mənbələrdə çəkildiyinə görə bizim Şirvan haqqında məlumatımız daha az olardı. Şirvanşahların özləri, əsasən, mühafizəkar hakimlər olmuş, öz talelərindən razı qalmışlar. Sanki tale onları ayırıb müstəqil və yarımasılı bir vəziyyətə gətirmişdi. Kənardan onlara dəyib-dolaşan olmasaydı, onlar ehtimal ki, öz süzerenlərinə bac-xərac, böyük məbləğdə pul, müxtəlif əmtəələr və mal-qara verən, Gürcüstan və Dağıstan kimi qonşularla vuruşan, barışan, qohum olan və yenidən döyüşən ətraf torpaqların hakimlərinin həyat tərzi ilə kifayətlənərdilər.
Qəribə burasıdır ki, Şirvanşahlar müsəlman hakimləri idilər, ancaq Xilafətin ali hakimiyyətinə və süzerenlələrin mülki hakimiyyətinə tabe olmaqla yanaşı, onlar bir dəfə də olsun müsəlmanların əsas ehkamı sayılan Məkkə və Mədinə ziyarətinə getmək üçün öz paytaxtlarını tərk etməmişlər.
Bütün bu deyilənlər yalnız Şirvanşahlar dövlətinin ictimai-siyasi həyatının ayrı-ayrı və ən çox zahiri xüsusiyyətlərini əks etdirir. Lakin Şirvanın bizi maraqlandıran dövrdə iqtisadi tarixinə gəlincə, bu barədə bizim biliyimiz daha azdır. Şirvan tarixinin bizi maraqlandıran dövrünə aid məlumatlar üçün mənbələrə müraciət etmək daha faydalıdır.
Birinci olaraq İbn-əl-Əsirin "Əl-Kamil" əsərinin adını çəkməliyik. Tədqiqatçı Şirvanşahların Səlcuqilər və başqa hökmdarlarla münasibətini aydınlaşdıran ən çox məlumatı bu əsərdən əldə edə bilər. Şirvana dair bir sıra maraqlı materiallara İmadəddin İsfahani, Sədrəddin əl-Hüseyni və Şəhabəddip ən-Nəsəvidə rast gəlmək olar. Şirvanın iqtisadiyyat və etnoqrafiyasına dair bəzi məlumatlar XIII əsrdə farsca yazılmış naməlum bir coğrafi əsərdə və həmçinin, Həmdullah Qəzvinidə vardır. Qəribə haldır ki, Yaqut əl-Həməvi (1179-1229) kimi müəllif Şirvan haqqında heç bir məlumat vermir. O, yalnız belə bir məlumat verir ki, "Şirvan-Şamaxı da paytaxtı olmaqla bir vilayətdir". Zəkəriyyə əl-Qəzvinidə (1203-1283) deyildiyi kimi, Şirvan o dövrdə "müstəqil və qeyri-asılı nahiyyədir və onun hakiminin adı Axsitandır". Zirehgərana aid hissədə Qəzvini yazır: "Qeyd edirlər ki, Şirvan hakimi qüdrətli hökmdardır, böyük gücə malikdir, Zirehgərana qarşı çıxmış, onu ələ keçirmək istəmişdi, lakin onlar Dərbənd hakimlərini məğlub etdikləri kimi, Şirvan hakimini də darmadağın etdilər".
Monqollar və monqollardan sonrakı dövr haqqında yazan fars tarixçiləri Şirvanın bizi maraqlandıran dövrü haqqında təqribən heç bir məlumat vermirlər, yalnız əvvəlki ərəb və fars müəlliflərinin dediklərini təkrar edirlər. Şirvanın bu dövr tarixi haqqında olduqca mühüm məlumatlara gürcü tarixi salnaməsi olan "Kartlis Tsxovreba"da ("Gürcüstanın həyatı") və kraliça Tamarın tarixinə dair naməlum əsərdə rast gəlmək olur.
Şirvan və Şirvanşahlar tarixini öyrənmək üçün Y.A.Paxomov, V.V.Bartold və V.F.Minorski çoxlu işlər görmüşlər. Bunlardan sonuncu müəllifin mənbəşünaslıq baxımından olan əsərləri öz məzmununa görə nadirdir. Bu qəbilədən Hadi Həsəni də qeyd etmək lazımdır. Fələki Şirvani və Xaqani əsərlərinin dahiyanə təhlilini vermiş bu müəllifin əsəri Şirvanın daxili həyatını təcəssüm etdirmək. Şirvanşahların fəaliyyəti haqqında nəticələr çıxarmaq və onların mənşə və şəcərəsində olan boşluğu doldurmaq imkanı verir.
Bir ərazi vahidi kimi Şirvan bu dövrdə necə idi? XII əsrin əvvəllərində Şirvan şimaldan Samur çayı, cənubdan Kür çayı, şərqdən Xəzər dənizi ilə məhdudlaşan bir ərazini tuturdu. Akademik Z.Bünyadov daha sonra göstərir ki, Qərbdə Şirvanın sərhədi Şəki-Mingəçevir-Yevlax xəttinə qədər çatırdı. Bəzən Şirvanşahlar Dağıstan torpaqlarına Dərbənd və Zirehgərana qədər soxula bilirdilər. Cənubda onlar Quştəspi vilayətini, indiki Jdanov və Cəlilabad rayonları ərazisinin dərinliklərinə qədər özlərinə tabe etmişdilər, Qərbdə isə Azərbaycan SSR-in indiki Gəncə, Şamxor, Qax, Zaqatala və Şəki rayonlarının torpaqlarına qədər irəliləmişlər (indiki Azərbaycan Respublikası - V.Ö.).
Doğrudur, Dərbənd və Beyləqan vaxtaşırı Şirvanşahların hakimiyyəti altına düşürdüsə, ancaq Dərbənd demək olar ki, həmişə özünüidarə quruluşu olan qala-şəhərdən ibarət idi. Beyləqanın isə daxili şəhərin işlərində böyük nüfuzu olan öz rəisi var idi. Beyləqanın tacir-sənətkar əhalisi şəhərin muxtariyyətini qorumağa çalışırdı. Lakin şəhər tez-tez Arran və Azərbaycan hakimlərinin vassal asılılığında idi.
Şirvanşahlar sülaləsinin şəcərə cədvəlində son vaxtlara qədər anlaşılmazlıq və boşluqlar var idi. Bizim Şirvan tarixinin Səlcuqilər və Azərbaycan Atabəyləri dövrü tarixinin tədqiqi yəzidilər (Məzyədilər) sülaləsinin on beşinci şirvanşahı Fəxrəddin Fəriburz ibn Sallar ibn II Yəzid ilə başlanır. O, 445-ci ilin səfər ayında (fevral 1053-cü il) Şirvan taxtına çıxmışdır.
Əgər iyirmi il əvvəl Fəxrəddip I Fəriburz haqqında əl-İsfəhani, əl-Hüseyni və Xaqaninin əsərlərindən qırıq-kəsik məlumatlarımız var idisə, Münəccim-Başının əsərində saxlanmış Şirvan və Dərbəndə aid fəsillər V.F.Minorski tərəfindən dərc edildikdən sonra və xüsusilə V.M.Beylis tərəfindən Məsud ibn Namdarın əsəri nəşr olunduqdan sonra bizim Şirvanşah haqqında biliyimiz mühüm məlumatlarla dolğunlaşdı və zənginləşdi. Məsud ibn Namdarın əsərlərində saxlanmış material Şirvanşah I Fəriburzun hakimiyyət dövrünü dəqiq müəyyənləşdirmək, torpaqlarının sərhədini təyin etmək və onun Zaqafqaziyadakı siyasi nüfuzunun miqyasını öyrənmək imkanını verir.
I Fəriburzun atası Sallardan başlayaraq, Şirvanşahların şəxsi adları dəyişir: adi ərəb adları əvəzinə, Şirvanşahlar Deyləm hakimlərinə xas olan adlar daşıyır. Bunu bir tərəfdən, Şirvanşahların Deyləm və Gilan şahzadələri ilə izdivacı ilə izah etmək olar, başqa bir tərəfdən V.F.Minorskinin düzgün başa düşdüyü və hələ ona qədər tarixçi Münəccim-Başının (vəfatı - 1702-ci il) qeyd etdiyi kimi, sülalə "öz mənşəyinin əsil-nəcabəti ilə öz mövqeyini möhkəmləndirmək üçün" ərəb tayfası Şeybani ilə qohumluğunu rədd etdi və Şirvanşahların Sasanilərlə əlaqəsi iddiasını irəli sürdü. Onların Kisra (Xosrov) Ənuşirvan mənşəyindən olduqları iddiasını Münəccim-Başı da qeyd edir. O, yazır ki, "Ənuşirvan farsların Ənuşirvan Kəsrası deyildir, bəlkə ilkin Şeybanilər nəslindən olan şəxsdir". Beləliklə, tədqiqatçı və tarixçilərin (o cümlədən, bu sətirlərin müəllifinin) "ikinci dövr" Şirvanşahları və ya Kəsranilərinə dair mülahizələri ola bilməz, belə ki, Şirvanşahlar sülaləsi fasiləsiz olaraq ərəb Yəzid ibn Məzyəd əş-Şeybanidən tutmuş sonuncu (44-cü) Şirvanşah Əbu Bəkr Mirzə ibn Bürhan Əli Sultana qədər mövcud olmuşdur. O, 1583-cü ilədək Şirvanı idarə etmişdir. Elə bunun kimi də heç bir Dərbəndlilər sülaləsi də olmamışdır.
I Fəriburz ibn Sallar hələ atasının sağlığında dövlətin əsil başçısı olmuşdur. O, öhdəsinə düşdüyü çox çətin siyasi və hərbi çətinlikləri olduqca məharətlə dəf edə bilmişdi. Onun hakimiyyəti dövründə Şirvan bir neçə dəfə Arranın Şəddadilər hakimiyyətinin soyğunçu yürüşlərinə məruz qalmışdı (1003-cü ilin mart ayından 1064-cü ilin yanvarınadək onlar 4 dəfə Şirvana soxulmuşlar). Şəddadid Şavur ibn Fəzl Şirvanşah I Fəriburzdən iki dəfə, hər birində 40 min dinar, xərac aldı.
1066-cı ildə birinci dəfə olaraq Şirvana Oğuz türkləri gəldilər. I Fəriburz "onları Şirvandan getməyə məcbur etmək üçün çoxlu pul xərcləməli oldu. 1066-cı il noyabrın 22-də türk Qara Təkin ikinci dəfə Şirvana gəldi. O, dağlara və vadilərə hücum çəkərək, oraları viran qoydu, çoxlu adam qırdı. Şirvanı boş çölə çevirərək, mal-qara, uşaq və qadınları özləri ilə apardı. Oradan o, Bakuyaya tərəf yollandı. Burada da yəzidiyyədəki hərəkətlərini təkrar etdi".
I Fəriburz türklərə ödənc verərək onlardan yaxa qurtarmağa çalışırdı. Lakin onlar 1067-ci ilii fevralında Qəzvin hakimi illik 30 min dinar xərc müqabilində türklərin yürüşlərinin qabağını kəsməyə razılıq verincəyə qədər özbaşınalıq törədirdilər. Fəriburz özü də bu məsələyə kömək edərək xalası qızını Qara Təkinə ərə verdi.
Belə görünür ki, bu dövrdə Şirvanşahların ərazisi müasir Şəki, Zaqatala, Qax, Balakən rayonlarının torpaqlarını əhatə edirdi. Lakin bu zaman Kaxetiya hakimi Qaqikin oğlu II Aqsartan (1058-1084) I Fəriburzun çətinliklərindən istifadə edərək, Şirvanşahların torpağına soxularaq Şəkini tutdu. Yalnız 1072-ci ilin aprelində I Fəriburz II Aqsartandan Şəki yaxınlığındakı Maluq qalasını ala bildi, lakin vilayətin özü gürcülərin əlində qaldı.
1067-ci ildə gürcü çarı IV Baqrat (1027-1072) Bərdəyə hücum edərkən sultan Alp Arslan (1063-1072) öz qoşunları ilə ona qarşı çıxdı. Sultan Arranda olarkən "Şirvanşah Fəriburz onun yanına gəldi, öz hədiyyələrini təqdim etməklə ona qulluq etməyə (əl-hədiyyə vəl xidmə) hazır olduğunu bildirdi və 1067-ci ildəki yürüşdə onu müşayiət etdi". Əl-Hüseyninin verdiyi məlumata görə, Sultan qoşunu gürcüləri darmadağın etdi, Şəki hakimi Aqsartan isə Sultana xidmət etməyə gəldi, hətta öz mülklərini saxlamaq arzusu ilə islamı da qəbul etdi.
Gürcü çarı IV Davidin və sultan Səlcuq Mahmudun hakimiyyəti dövründə Şirvanın siyasi vəziyyəti olduqca əlverişsiz idi. Bu ona gətirib çıxarır ki, Şirvanşah III Mənuçöhr faktiki olaraq Tiflis çarlarının himayəsi altına düşür və ehtimal ki, buna görə də onlar həmin dövrdən gürcü çarlarının tam ləqəblərinin tərkibinə daxil olan şirvanşahlar ləqəbini qəbul edirlər.
Bir tarixi salnamə xəbər verir: "Şirvanşah və Əmir Əmiran köməksiz vəziyyətdə qaldılar, bu vaxt Şirvan mülkünə allahın qəzəbi tutdu - yerin tərpənməsindən Şamaxı şəhərinin divarları və istehkamları dağıldı, orada hər şey yoxa çıxdı. Şirvanşahın arvadı və uşaqları da məhv oldular. Bunu bilərək onlar başlarına kül sovurub ağladılar, ətrafa göz gəzdirdilər, lakin heç bir köməkçi və xilaskar tapa bilmədilər".
Bu zəlzələ 1192-ci ildə oldu, yəqin ki, elə o vaxtda da I Axsitanın arvadı İsmətəddin (Səfvətəddin, Səfvət əl-İslam) həlak olmuşdur. Arvadı həlak olandan sonra Şirvanşah, gürcü salnaməsinə görə, kraliça Tamarın qızı Rusudana ilə evlənmək istəmiş, lakin onun təklifi rədd edilmişdir.
Atabəy Əbu Bəkr tərəfindən məğlub edilmiş I Axsitan və Əmir Əmiran Ömər kömək üçün kraliça Tamara müraciət etdilər. Onlar Tamaranın iqamətgahına gəldilər, "Şirvanşah qohum və saray əhlinə mənsub olduğu üçün birinci daxil oldu və təzim etdi, öz rütbəsinə uyğun yerdə oturtdular. Sonra Əmir Mirman daxil oldu, o, Sultanın qardaşı oğlu və Pəhləvanı idi. Onu hörmət və izzətlə gətirib, salamdan sonra şərəflə əyləşdirdilər".
Tamara və onun sarayı Əmir Əmiran Ömərin atabəy Əbu Bəkrə qarşı müharibə aparmaq təklifi ilə razılaşıb, "qoşun toplamağa və onu təchiz etməyə başladılar. Onlar Şirvanşaha yazdılar ki, tabe olsun və onlara xərac ödəsin ki, Əmir Əmiran Ömərlə birgə çıxış etməyə hazırlaşsın".
1194-cü il iyulun 1-də Şamxor ətrafında döyüş oldu. Bu döyüşdə Əbu Bəkrin qoşunları darmadağın edildi. Qələbədən sonra gürcü sarayı ziyafət təşkil etdi. Bu məclisdə "Əmir Mirman və Şirvanşah öz yerlərində vassal sifəti ilə əyləşdilər". Sonra Tamar öz qoşunları ilə "Dvinə çatdıqda xidmət göstərmək üçün Şirvanşah onun hüzuruna gəldi".
Müxtəlif dilli və əks cəbhələrə mənsub olan bu iki mənbənin məlumatlarını tutuşdurarkən, görünür ki, xırda məsələləri çıxmaq şərtilə onlar bir-birini təkrar edir və tamamlayır. Şirvanşahın bu dövrdəki vassal asılılığı haqqında gürcü müəlliflərinin məlumatı birtərəfli deyil və ərəb müəllifi tərəfindən də təsdiq olunur. Sasanilərdən başlayaraq Səfəvilərədək Şirvanın tarixinə ümumi baxışdan belə nəticə əldə etmək olur ki, Şirvan başqa qüvvətli ölkələrdən tam və ya təqribən tam vassal asılılığında qalmışdır. Hətta A.Bakıxanov yazır ki, "tarixdən göründüyü kimi, Şirvanşahlar əksər hallarda heç vaxt müstəqilliyə malik olmamışlar, demək olar ki, həmişə qonşu qüvvətli ölkələrin təsiri altında qalmışlar".
I Axsitaknin ölüm tarixi məlum deyildir. Xaqaniyə görə, İsmətəddindən iki uşağı olmuşdur - oğlu Ədudəddin Fəriburz cavan ikən, qızı Al Çiçək həddi-büluğa çatmamış ölmüşdür. Nizami "Leyli və Məcnun" əsərində I Axsitanın Mənuçöhr adlı bir oğlunun da adını çəkir. Ehtimal ki, I Axsitanın başqa uşaqları da olmuşdur, yoxsa əl-Hüseyni yazmazdı ki, Şirvanşah öz qızını atabəy Cahan Pəhləvanın oğlu Əmir Əmiran Ömərə ərə verdi. Bundan başqa, kraliça Tamaranın tarixçisi yazır ki, 1192-ci ildə Şamaxıdakı zəlzələdə Şirvanşah I Axsitanın arvadı və uşaqları həlak oldu.
I Axsitanın ölümündən sonra Şirvanın taxtını onun qardaşı - iyirminci şirvanşah Şahənşah tutdu. Şahənşah ibn Mənuçöhrün sikkələri hicri 595-ci ildə (1198-1199) həkk olunmuşdur. Burada da şərti olaraq Şirvanşah I Axsitanın hakimiyyətinin son ilini 594-cü, ya da 595-ci ilə (1198 və 1199-cu illər) aid etmək olar. Y.A.Paxomov Şahənşahın adı ilə həkk olunmuş sikkələri araşdırarkən qeyd edir: "Şirvanşah III Mənuçöhrün oğlu və I Axsitanın qardaşı idi, taxt-tac Fərruxzadın əlində möhkəmlənənə qədər Şahənşahın ölümündən sonra araya nifaq düşdü. Ola bilər ki, I Axsitanın bilavasitə xələfi mənim əvvəllər güman etdiyim kimi Əfridun deyilmiş, məhz Şahənşah imiş. Şahənşahı Əfridunla eyniləşdirmək olmaz... Beləliklə, yeni bir şirvanşah - III Mənuçöhrün oğlu, onun bilavasitə və ya ən yaxın xələflərindən biri Şahənşah ortaya çıxır".
Qısa ikiillik (1196-1198) hakimiyyətindən sonra Şahənşahın taxt-tacını III Mənuçöhrün böyük oğlu - iyirmi birinci şirvanşah Zöhrətəddin II Əfridun tutdu.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
SES QEZETI