15.04.2013

Azərbaycan ərazisində ilk dövlət qurumları.



E.ə. II minilliyin axırı – I minilliyin əvvəllərində əhalinin yoxsullara və varlılara ayrılması daha da artmış ibtidai-icma quruluşunun dağılması sürətlənmişdir. Bu dövrdə Azərbaycanın cənub ərazisində dövlət qurumları, şimal hissəsində iri tayfa ittifaqları mövcud olmuşdur. Bu birliklərə nüfuzlu tayfa başçıları rəhbərlik edirdilər. Daha güclü tayfa ittifaqları əlverişli təbii şəraiti, münbit torpağı olan ərazilərə yiyələnmişlər. 


Tayfalar daxilində də təbəqələşmə gedirdi. Güclü ailələr, tayfa başçıları və ağsaqqalları, icma şurası üzvləri, nüfuzlu hərbçilər, kahinlər çoxlu var-dövlətə sahib olurdular.

İcmanın daha münbit əkin sahələrini, əsas otlaqlarını, mal-qarasını, at ilxılarını varlı ailələr ələ keçirirdilər. Gəncə yaxınlığında, Qarabağda və s. ərazilərdə belə ailələrin yaşayış binalarının qalıqları aşkar edilmişdir. Həmin binalar bir neə otaqdan ibarət olub, həyətyanı sahə ilə başqalarından ayrılırdı.

Azərbaycanda əhalinin belə təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə (kurqanlar, daş qutular) yaxşı izlənilir. Yoxsul qəbirlərində ölünün yanına az əşya qoyulmuşdur. Varlı adamların dəfn olunduğu kurqanlar həmçinin böyüklüyü, quruluşu və qəbirə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənir.

Sinifli cəmiyyyət Azərbaycan ərazisinin hər yerində eyni vaxtda meydana gəlməmişdir. Bu da ictimai, iqtisadi və sosial dəyişikliklərlə bağlıdır.

Bu dövrdə Mesopotimayada baş verən dəyişiklər Azərbaycana da təsir edirdi. Bunun nəticəsi olaraq artıq e.ə III minillikdə Azərbaycanın cənuunda erkən dövlət qurumları meydana gəlmişdir.Cənubi Azərbaycanda eramızdan əvvəl III minilliyin I yarısında İkiçayarası Şumer dövlətləri ilə ünsiyyətdə olan qədim dövlət quruluşu mövcud idi. Şimali Azərbaycan qədim İkiçayarası sivilizasiyasından xeyli kənarda yerləşmişdi. Buna görə də burada sinifli cəmiyyətin ruşeymləri gec yaranmışdır. Şimali Azərbaycanda dövlət hakimyyətinin ruşeymi tunc dövrünün sonu-dəmir dövrünün əvvəllərində meydana gəlmişdi. Şumer-Akkad mixi yazılarında Cənubi Azərbaycanda yerləşən Aratta ölkəsi, kuti, lullubi tayfaları yad edilir. Aratta ölkəsi ilə əlaqədər eramızdan əvvəl III minilliyin I yarısı hadisələr bir neçə şumer dastanında təsvir olunurdu. Aratta ölkəsi Urmiya gölünün cənub şərq hissəsini əhatə edirdi. Aratta dövləti İkiçayarasıın Şumer şəhəri dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Aratta ölkəsi haqqında eramızdan əvvəl XXVIII-XVII əsrlərdə Şumerin Uruk şəhər dövlətinin hökmdarı Merkarın adına yazılmış dastanda ilk məlumatlar verilmişdi. Arattada mövcud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin, vəzir), sukkal (elçi), uqula (rəis) və b. dövlət idarəsinin qulluqçuları olmuşlar. Eramızdan əvvəl III minilliyin I yarısında Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxsləri meydana gəlmişdi. Şumer hökmdarı Merkar bu dövləti özünə tabe etmək, əhalisini və sənətkarlarını Şumer məbəd tikintisində işlətmək niyyətində idi. Arattada çox allahlılıq mövcud olmuşdur. Mənbələrdə Aratta hökmdarı En-Sukuşsiranna ilə Şumer hökmdarı En-Merkar arasında münaqişə olduğu qeyd edilir. En-Merkar Arattanı özunə tabe etməyə cəhd göstərmişdir. Lakin bu münaqişə dinc yolla həll edilir və Aratta dövləti öz müstəqilliyini saxladı.

Bizim eramızdan əvvəl XXIII əsrdə Urmiya gölünün cənubunda ikinci dövlət qurumu olan Lullubi dövləti yarandı. Sosial cəhətdən azad lullubilər hürri və het dövlət idarələrinə əşə cəlb olunurdular. Onlar muzdlu döyüşçü kimi orduda da xidmət edirdilər.

Lullubi dövlət qurumuna hökmdar başçılıq edirdir. Lullubi hökmdarı Satuninin eramızdan əvvəl III minilliyin III əsrinin 20-ci illərində Akkad hökmdarı Naram-Suenə qarşı müharibə apardığı Akkad mənbələrində qeyd olunmuşdur. Bu müharibədə Lullubi hökmdarı məğlub olmuşdur. Lullubi padşahlığında xırda hökmdarların hakimyyəti mövcud imiş. Lullubi hökmdarı İmmaşqun (eramızdan əvvəl 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubi dövlətinə tabe etdi. Bu dövlətin qüdrəti hökmdar Anubaninin dövründə daha da artır. Lullubi dövlətinin sərhədləri cənubda Diyala çayına, şimalda isə Urmiya gölünə çatırdı. Lullubi dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi. Lullubilər də Aratta dövründə olduğu kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. Eramızdan əvvəl II minilikdə vahid Lullubi dövləti parçalanır və yerində xırda hakimyyətlər yaranır.

Eramızdan əvvəl III minillikdə Urmiya gölünün qərb və cənub-qərbində kuti tayfa birləşmələri mövcud idi. Həmin minilliyin II yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər şumerlərlə sıx əlaqə yaratmışdılar. Onlar Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Akkad hökmdarı Naram-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüz siyasəti yeridirdi. Lakin kutilər və digər tayfalar Naram-Suenin hücumunun qarşısını aldılar. Eyni zamanda kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər. Eramızdan əvvəl III miniliyin II yarısında Kutium dövləti Urmiya gölünün qərb və cənub-qərb torpaqlarında meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Kutilərin hakimyyəti illərində İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar da aya, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı Tirikanın vaxtında o, cəmi 40 gün hakimiyyətdə qalmışdır. İkiçayarasında onun hakimyyətinə qarşı eramızdan əvvəl 2104-cı ildə qiyam baş vermişdir və kutilərin İkiçayarasında hakimyyətinə son qoyulmuşdur, çünki kutilər İkiçayarasında böyük hərbi qüvvə saxlamırdılar. İkiçayarasında kutilərin ağalağına son qoyulduqdan sonra Kutiumun özündə də dövlət süquta uğrayır, xırda hakimyyətlər yaranır. Eramızdan əvvəl III minilliyin sonunda Kuti, eləçə də Lullubi dövlətləri süquta uğrayaraq xırda hakimyyətli vilayətlərə parçalanırlar. Bu hal eramızdan əvvəl I miniliyin əvvəlinə kimi davam edir. Azərbaycanın erkən dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər.

Eramızdan əvvəl XIV əsrin sonunda Assuriya yenidən qüvvətlənir və onun qədim Azərbaycan torpaqlarına hücumları güclənir. Assuriya lullubilərin yaşadığı ərazini ələ keçirmişdi. Lakin Assuriyanın Azərbaycan ərazisində hökmranlığı müvəqqəti xarakter daşıyırdı. Qədim Azərbaycan tayfaları üsyan qaldırır, Assur əsarətindən xilas olmağa çalışırdılar. Qədim Azərbaycanın xırda hökmdarları çox zaman birləşməyə maçal tapmır, təkbə-tək döyüşə girir və ya uğursuz müdafiə olunurdular. Qədim Azərbaycan tayfaları eramızdan əvvəl II miniliyin sonu-I minilliyin əvvəlində yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində idi. Qədim Azərbaycan tayfaları ilə qonşuluqda hind-avropalılar, şumerlər, samilər, kassilər,elamlar və s. yaşayırdılar.

Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar. Onlar Lullubi və Kuti dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər. Bu tayfalar Zaqros dağ keçidləri vasitəsilə Mesopotamiyaya daxil olmuşlar. Lakin Mesopotamiyanın şimalında yerləşən Assuriya dövləti bu ərazini işğal etmək istəyirdi. Turukkilər müqavimət göstərərək  öz torpaqlarını vermədilər, əksinə assuriyaların nəzarəti altında olan Şuşarra vilayətini tutdular və bu ərazi uğrunda onlar dəfələrlə Assuriya ilə mübarizə aparmağa məcbur oldular.

Erkən dövlət qurumları gələcəkdə böyük müstəqil dövlətlərin yaranmasına şərait yaratdı.