14.12.2012

Cavanşir (642-681)


 
E.ə. IV - eramızın VIII əsrlərdə Şimali Azərbaycan ərazisində mövcud olmuş Albaniya dövləti hökmdar Cavanşirin vaxtında çiçəklənmə dövrünü yaşamışdır. Cənubdan ərəb hücumu təhlükəsi, şimaldan xəzər tayfalarının həmlələri, qərbdən Bizans dövlətinin təzyiqi - bütün bu amillər Albaniya dövlətinin mövcudluğu üçün
Böyük təhlükə yaradırdı. Lakin fikti sərkərdəlik istedadı, gərgin diplomatik fəaliyyəti və vətəninə olan məhəbbəti Cavanşirə bütün problemləri həll edib ölkəsinin ərazi bütövlüyünü və müstəqilliyini təmin etməyə imkan vermişdi. Daxili sabitliyə nail olan Cavanşir ölkənin iqtisadiyyatının və mədəniyyətinin inkişafına böyük diqqət yetirirdi. Nəticədə erkən orta əsrlər dövründə Albaniya regionun ən inkişaf etmiş dövlətlərarası birinə çevrilmişdi. 
Azərbaycan tarixində Cavanşir görkəmli dövlət xadimi, diplomat və sərkərdə kimi tanınır.






Sasani zülmü altında olan Albaniya dövləti daim öz müstəqilliyi uğrunda mübarizə aparırdı. Ardı-arası kəsilməyən üsyanlar xalqın azadlıq əzmini nümayiş etdirirdi. VI əsrin sonlarında Albaniyada Mehranilər feodal sülaləsi hakimiyyətə gəlir. Girdiman vilayətini (müasir Şəmkir-Qazax-Tovuz bölgəsi) özünə dayaq seçən Mehranilər həm yerli əhaliyə, həm də şimaldan Azərbaycana köçmüş və burada məskunlaşmış sabirlər tayfalarına arxalanırdı. Mehranilər sülaləsindən olan Varaz Qriqor Sasani hökmdarlarının Albaniyada zərdüştliyi yaymaq istəyinə qarşı çıxırdı, çünki anlayırdı ki, bu yolla sasanilər albanları özlərinə tabe etməyə çalışır. Geniş dünyagörüşü ilə seçilən Varaz Qriqor təkallahlılığı üstün tutur və xristianlığı qəbul edir (Varaz Qriqor adı onun xristian olmasını göstərir). Sasaniləri ölkədən qovan və özünü alban çarı elan edən Varaz Qriqor ölkənin dövlətçilik ənənələrini bərpa edir və öz iqamətgahını Girdiman qalasından Bərdəyə (o zaman alban dilində
Partav adlanırdı) köçürür. Sasanilərin vassalı hesab edilən Mehranilər müstəqil daxili siyasət aparır və öz silahlı qüvvələrinə malik idilər. 633-cü ildə Sasani dövlətinə ərəblərin hücumu başlayır. Sasani şahənşahı III Yezdəgird bütün qüvvələri ərəblərə qarşı yönəldir. Onun xahişi ilə Varaz Qriqor alban qoşununu köməyə göndərir. Qoşunun başında onun oğlu Cavanşir dayanırdı. Ölü sular və Kadisi yaxınlığındakı döyüşlərdə Cavanşirin Albaniya döyüşçüləri mərdliklə vuruşurlar. Salnaməçilər yazırlar ki, şahənşah şəxsən Cavanşiri fəxri paltar, kəmər, zəfər boruları, "hakimiyyət rəmzi olan iki qızıl qalxan və iki qızıl nizə, qızıl dəstəyi olan qılınc", həmçinin bəzək əşyaları ilə təltif etmişdi. Cavanşir öz qoşunu ilə Sasani dövlətinin paytaxtı Ktesifon (Mədain) şəhərinin müdafiəsində və Nəhavənd döyüşündə iştirak etmişdir. Bu döyüşlərdə 11 dəfə yaralanan Cavanşir mərdliyi ilə ad qazanmışdır. Hətta ərəb tarixçiləri də onun sərkərdəlik məharətindən xəbər verirlər. 9 il qürbətdə olan Cavanşir zəngin döyüş təcrübəsi toplamışdır. Lakin Sasani dövlətinin süquta uğradığını gördükdə o, vətənə qayıtmışdır. 642-ci ildə Varaz Qriqor vəfat edərkən Cavanşiri özünə varis elan etmişdir.

Bu zaman Albaniya sərhədlərinə ərəblərlə toqquşmalarda məğlub olmuş Sasani ordusunun qalıqları yaxınlaşır və Cavanşirdən sığınacaq istəyir. Cavanşir onlara torpaqlarında məskunlaşmağa icazə verir. Lakin yaxşılığı qiymətləndirməyən sasanilər yerli əhalini talan etməyə başlayırlar. Bunu eşidən Cavanşir qoşunları ilə onları məğlub edir və öz ərazilərindən kənara atır. Belə bir vaxtda Albaniya ərəb qoşunları sərhədlərinə yaxınlaşır.

Ərəbləri güclü rəqib hesab edən Cavanşir qonşu İberiya hökmdarı Atrnersexlə ittifaq yaradır, daha sonra isə Bizansa gedib imperator II Konstantinlə danışıqlar aparır. O, ərəblərə qarşı birgə mübarizə aparmağı təklif edir. Bu zaman ərəb qoşunları artıq Albaniya ərazisindən keçərək Şimali Qafqaza yollanmışdılar. Lakin ərəblər burada Xəzər xaqanlığının qoşunları tərəfindən darmadağın edilmişdilər.

İmperatorla danışıqlar zamanı Cavanşir hiss edir ki, əməli köməklik göstərmək istəməyən Bizans imperatoru müxtəlif şərtlərlə Albaniyanı özündən asılı vəziyyətə salmaq istəyir. Bu səbəbdən də Cavanşir danışıqların xeyirsiz olduğunu görüb vətəninə qayıdır.

662-ci ildə Albaniyaya xəzərlər hücum edir. Onlar Albaniyanın şimal ərazilərini talan etməyə başlayırlar. Lakin Cavanşir qoşunuyla onlara qarşı çıxış edir və Kür çayı sahilində baş vermiş qanlı döyüşdə xəzərləri məğlubiyyətə uğradıb ölkədən qovur. 664-cü ildə xəzərlər yenidən Albaniyaya hücum edir. Bu zaman Albaniyanın cənub sərhədi boyunca ərəb qoşunu cəmləşmişdi. Ərəblərlə cənubda və xəzərlərlə şimalda müharibə aparmağın mümkünsüzlüyünü anlayan Cavanşir Xəzər xaqanının görüşünə gedir və danışıqlar aparır. Cavanşirə bir sərkərdə və dövlət başçısı kimi hörmət bəsləyən xaqan tezliklə Cavanşirlə razılığa gəlir. İmzalanmış müttəfiqlik müqaviləsini daha da möhkəmlətmək məqsədi ilə Cavanşir xaqanın qızı ilə evlənir. Beləliklə, qohumluq əlaqəsi vasitəsilə Cavanşir xəzərlərlə ittifaq yaradır, öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etməklə bərabər, özünə güclü müttəfiq qazanır. Xəzərlər alban əsirlərini, ələ keçirdikləri qəniməti və mal-qaranı da qaytarırlar. Bundan sonra lazım gələrdisə, Cavanşir öz qoşunundan başqa, xəzər qoşunundan da istifadə edə bilərdi. 
O zaman Şimali Afrikadan Hindistan sərhədlərinədək uzanan Ərəb xilafəti dünyanın on möhtəşəm dövləti idi. Bunu anlayan və əbəs yerə öz adamlarının qanını axıtmaq istəməyən Cavanşir ərəblərlə danışıqlara başlamaq qərarına gəlir.

Ərəb xəlifəsi Müaviyə düşmən hesab etdiyi Cavanşirin cüzi mühafizə dəstəsi ilə Dəməşqə doğru gəldiyini eşidəndə əvvəlcə buna inanmır. O, 633 - 642-ci illərdə ərəblərə qarşı Cavanşirin igidliklə vuruşduğunu bilirdi və ona görə də albanlarla müharibə olacağını gözləyirdi. Cavanşirin gözlənilməz hərəkəti onu çaşbaş salır. Hər halda, mərd insanlara daim hörmətlə yanaşan xəlifə Müaviyə Cavanşiri hörmətlə qarşılamağı əmr edir. 667-ci ildə Dəməşqdə aparılan danışıqlarda xəlifə Albaniyanın daxili müstəqilliyini tanıyır. Bu o demək idi ki, ərəb qoşunları Albaniyaya yeridilməyəcək, Albaniyanın daxilində heç bir işə qarışmayacaqlar. Əvəzində Cavanşir hər il müəyyən məbləğdə vergi ödəyəcək. Ölkəsinin müstəqilliyini qoruyub-saxlaya bilmiş Cavanşir verginin miqdarının da az olmasına razılıq alır. Xəlifə Cavanşirə fəxri silah, qiymətli hədiyyələr və hətta fil bağışlayaraq onu hörmətlə yola salır.

Vətəninə qayıdan Cavanşir qısa zaman ərzində ölkənin həyatını normallaşdırmağa nail olur. Albaniya iqtisadi baxımdan çox inkişaf edir. Onun paytaxtı Bərdə bütün Şərqdə iri ticarət mərkəzi kimi tanınmağa başlayır. Burada şərq və qərbdən, şimal və cənubdan gələn yollar kəsişirdi.

670-ci ildə xəlifə Cavanşiri Dəməşqə dəvət edərək ərəblərlə Bizans arasında gedən danışıqlarda vasitəçi olmasını istəyir. Bu istək Cavanşirin həm xilafətdə, həm də Bizansda necə böyük nüfuza malik olmasından xəbər verir. Cavanşir vasitəçilik missiyasının öhdəsindən müvəffəqiyyətlə gəlir və Albaniyadan ərəblərin xeyrinə yığılan vergilərin 1/3 hissəsinin azaldılmasına nail olur. Albaniyada olan sabitliyi Arazdan cənubda da görmək istəyən xəlifə bu ərazilərin də idarə olunmasını Cavanşirə təklif edir. "Artıq tamah baş yarar" deyən Cavanşir bu təklifdən imtina edir. İri feodalların hakimiyyətini məhdudlaşdıran Cavanşir ölkəsində sabitlik yaratmağa müvəffəq olur. Ölkədə yeni-yeni qalalar tikilir (onlardan Cavanşir qalası öz möhtəşəmliyi ilə seçilir), şəhərlərdə yeni-yeni binalar inşa edilir. Cavanşirin tapşırığı ilə tarixçi Moisey Kalankatlı, “Ağvanların tarixi" əsərini yazmağa başlayır. Ölkədə mədəniyyət sürətlə inkişaf edir.

Lakin 681-ci ildə bir neçə alban feodalı Cavanşirə sui-qəsdi təşkil edərək onu öldürür. Salnaməçilər göstərir ki, başdan-ayağadək silahlanmış suiqəsdçi saray  
əyanları gecə ikən silahsız Cavanşirə hücum etmişlər. Lakin o, qılıncını sıyırmağa macal tapmış və güclü müqavimət göstərmişdir. Arxadan vurulan zərbə onu ölümcül yaralamış və o, üç gün sonra dünyasını dəyişmişdir. Müəyyən edilmişdir ki, sui-qəsdin təşkilində Bizansın da əli olub: imperator Cavanşirin ərəblərlə yaxınlıq etməsindən və xəzərlərlə müttəfiqliyindən çox narahat olmuşdur.
Azərbaycan tarixində Cavanşir özünəməxsus yer tutur. Məharətli döyüşçü, mərd insan olmaqla bərabər, o, peşəkar sərkərdə, mahir diplomat və ən əsası ölkənin maraqlarını hər şeydən üstün tutan görkəmli tarixi şəxsiyyət kimi Azərbaycan xalqının tarixində bu gün də yaşayır.
SƏBUHİ ƏHMƏDOV "AZƏRBAYCAN TARİXİNDƏN YÜZ ŞƏXSİYYƏT "