11.04.2013

Abbasqulu ağa Bakıxanov (1794-1847)

     
 İlk Azərbaycan maarifçilərindən olan Abbasqulu ağa Bakıxanov özünün məşhur “Gülüstani – İrəm” əsərində yazırdı: “Mal və dövlət hər halda puç olacaq, ixtiyar və iqtidar əldən gedəcəkdir...Şəxsi ləyaqət olmadan nəsəb və sülalə şərafəti qürbətdə naməlum, vətəndə məzəmmətə məruzdur. Bunlara təkyə etmək mənasızdır. Etibar ediləcək və arxalanacaq bir dövlət varsa, o da hər halda elm və ədəbdən ibarətdir”. A.Bakıxanov bütün elmi və ədəbi yaradıcılığının əsas qayəsi xalqı maarifləndirmək olmuşdur.Azərbaycan tarixinə Abbasqulu ağa Bakıxanov görkəmli maarifpərvər, Azərbaycan tarixşünaslığının elmi əsaslarını qoymuş şəxs, filosof, alim, jurnalist, filoloq, astronomiya və coğrafiya kitablarının müəllifi və şair kimi daxil olmuşdur.



Abbasqulu ağa Bakıxanov 1794-cü ildə Bakının Xilə (indiki Əmircan) kəndində zadəgan ailəsində anadan olub. Atası Bakı xanı II Mirzə Məhəmməd onun ən yüksəksəviyyəli təhsil alması üçün hər cür şərait yaratmışdır, Abbasqulu fars və ərəb dillərini, klassik Şərq ədəbiyyatını, ilahiyyatı, Azərbaycan tarixini dərindən öyrənmişdir. 1820-ci ildə Abbasqulu Əlahiddə Qafqaz Korpusunda hərbi qulluğa qəbul edilmiş və rus dilini öyrənməyə başlamışdır. Nəticədə hərbi tərcüməçi kimi fəaliyyətə başlayan Abbasqulu 1822-ci ildə Qafqazdakı rus qoşunlarının baş komandanının dəftərxanasına Şərq dilləri tərcüməçisi təyin olunmuşdur. Bakıxanov 1826 - 1828-ci illərdə Rusiya -İran, 1828 - 1829-cu illər Rusiya - Osmanlı müharibəsində iştirak etmişdir. O, 1828-ci ildə Türkmənçayda aparılan sülh danışıqlarının da canlı şahidi olmuşdur. Abbasqulu ağa Bakıxanov görkəmli Azərbaycan ziyalıları Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundov, rus yazıçılarından A.S.Qribəyedov, A.S.Puşkin, A.A.Bestujev-Marlinski, V.K.Küxelbeker, gürcü yazıçılardan A.Çavçavadze, Q.Orbeliani, N.Barataşvili, polyak şair T.L.Zablotski və başqaları ilə yaxın tanış olmuş və bu onun dünyagörüşünə təsirsiz qalmamışdır.
Bakıxanovun ən məşhur əsəri 1841-ci ildə yazdığı "Gülüstani-İrəm" tarixi əsəridir. Əsər Azərbaycan tarixşünaslığının inkişafında böyük rol oynamışdır. Burada Azərbaycan tarixinin qədim zamanlardan 1813-cü ilədək olan dövrü əhatə olunmuşdur. Əsərin yazılması prosesində Bakıxanov çoxlu tarixi sənəd toplamış, tarixi mənbələrdən istifadə etmişdir. Əsərdə Azərbaycan xalqının formalaşması, Azərbaycanda dövlətçilik ənənələrinin inkişafı, xalqın xarici işğalçılara qarşı mübarizəsi qələmə alınmışdır. Burada həmçinin Azərbaycan dilçiliyi, etnoqrafiyası, toponimikası, numizmatika məsələləri ilə bağlı bir çox məqamlar da əksini tapmışdır. "Gülüstani-İrəm" əsəri Azərbaycan tarixşünaslığında yeni mərhələnin başlanğıcı oldu. Belə ki, əvvəllər yazılmış tarixi əsərlər bu və ya digər tarixi şəxslərə həsr olunduğundan onların fəaliyyətini vəsf edir, real tarixi hadisələrə qərəzli münasibət göstərilirdi. Bakıxanov isə əsərini dünya tarixşünaslığında qəbul olunmuş qaydalara uyğun tərtib etməklə faktik olaraq bütöv bir xalqın - Azərbaycan xalqının tarixini yazmağa çalışmışdır. 1844-cü ildə Bakıxanov əsəri rus dilinə tərcümə etmişdir. Lakin sağlığında nəşr edilməyən əsər ilk dəfə 1926-cı ildə işıq üzü görmüşdür. Əsərlərini "Qüdsi" təxəllüsü ilə yazan Bakıxanovun dini, fəlsəfi və əxlaqi baxışları "Riyaz ül-qüds", "Təhzib ül-əxlaq", "Kitabi-nəsayeh", "Eynül-mizan" əsərlərində, həmçinin "Mişkat ül-ənvar" poemasında şərh olunmuşdur. O, əsərlərində islam dininin əsas ehkamlarını müdafiə etmişdir. Onun fikrincə, varlığı "zəruri" olan Allah və varlığı "mümkün" olan gerçək dünya mövcuddur ki, "mümkün varlıq" "zəruri varlıq"dan yaranmışdır. Bakıxanova görə, yaranma və məhvolma yalnız gerçək dünyaya aiddir, çünki hərəkət "mümkün varlığ"ın ayrılmaz sifətidir. O həmçinin hesab edirdi ki, bütün cisimlər dörd ünsürün - hava, od, torpaq və suyun qatışığından ibarətdir. Bakıxanovun etik təsəvvürlərinə qədim Şərq və yunan filosoflarının əsərləri böyük təsir göstərmişdir. Bakıxanov məntiqi düşüncəni əqlin meyarı hesab etmiş, onun idrakda oynadığı rolu qabartmışdır. O həmçinin anlayış, mühakimə və əqli nəticənin müxtəlif novlərini, məntiqin iki hissəsi olan təsəvvür və təsdiqi təhlil etmişdir. Bir çox Şərq məntiqçilərindən fərqli olaraq Bakıxanov idrak formalarının məzmunca da həqiqətə uyğunluğunu tələb etmişdir. Etikanı "monəviyyat fəlsəfəsi" hesab edən Bakıxanov əsas diqqətini müsbət əxlaqi keyfiyyətlərin şərhinə yetirmişdir. Bakıxanova görə, gözəl əxlaq işdə və hərəkətdə orta həddi gözləməkdir. Onun fikrincə, on yüksək əxlaq nəzəriyyəsi islam əxlaq nəzəriyyəsidir. Bakıxanov hesab edirdi ki, insanların təlim-tərbiyəsində onların ətrafında olanların təcrübə və biliyi, həmçinin həmin şəxsin əmək fəaliyyəti böyük rol oynayır. Bakıxanov əsərlərində davranış, danışıq və ünsiyyət qaydaları haqqında da ətraflı məlumat vermişdir.
Bakıxanovun "Əsrar ül-məlaküt" əsərində dövrün astronomiya ilə bağlı bilikləri əksini tapmış, dünyanın heliosentirk sistemi təlimi açıqlanmışdır. Abbasqulu ağa Bakıxanovun coğrafiya əsərləri də kifayət qədər maraqlıdır. Vəzifəsi ilə əlaqədar olaraq bütün Qafqazı qarış-qarış gəzən Bakıxanov hər yerdə tarixi məlumatları, tarixi sənədləri toplamaqla bərabər, gördüyü yerlərin coğrafi təsvirini də verirdi. "Gülüstani-İrəm" əsərinin girişində o, Azərbaycanın və Dağıstanın coğrafiyasından söhbət açır. 1828-ci ildə qədim Azərbaycan torpağı olan Qarabağı öyrənən komissiyanın tərkibində olan Bakıxanov burada tarixi-etnoqrafik və coğrafi araşdırmalar aparmışdır. O həmçinin Rusiya - İran sərhədini müəyyənləşdirən komissiyanın tərkibində də olmuş, Arazboyu abidələr haqqında məlumatlar vermişdir. 1833-cü ildə Polşa, Ukrayna, Baltikyanı ərazilərdə olan Bakıxanov onlar barədə maraqlı məlumatlar yazmışdır. Ömrünün sonunda o, müsəlman Şərqinə aid olan ölkələri, o cümlədən Misir və Ərəbistanı gəzmişdir. Onun "Ümumi coğrafiya" əsərində coğrafiya bir elm kimi qəbul edilmiş, Yer haqqında ümumi coğrafi məlumatlarla bərabər, coğrafi terminlərin şərhləri də verilmişdir. Bakıxanovun "Kəşf ül-qəraib" əsərində sadə dillə XV əsrdə Amerikanın X.Kolumb tərəfindən kəşf edilməsi və Amerikanın coğrafiyası əksini tapmışdır. Bakıxanovun 1828-ci ildə yazdığı "Qanuni Qüdsi" əsəri Rusiya ərazisində fars dilinin qrammatikasına həsr edilən ilk əsərdir. Bakıxanov jurnalistika sahəsində də fəaliyyət göstərmişdir. O, 1828 - 1832-ci illərdə "Tiflisskiye vedomosti" qəzetinin əməkdaşı, onun fars dilində buraxılan variantının redaktoru, həmçinin Qafqaz xalqlarının tarix və mədəniyyət məsələlərinə dair məsləhətçisi olmuşdur. İstedadlı şair Abbasqulu ağa Bakıxanov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Onun bədii irsi lirik və epik əsərlərdən ibarətdir. Bakıxanovun lirik şeirlərində dünyəvi məhəbbət tərərmüm olunur. Onun şeirlərinin qəhrəmanı vəfalı aşiqdir. Maraqlıdır ki, lirik şeirlərini o təkcə Azərbaycan və fars dillərində deyil, Avropa dillərində də yazmışdır. Məsələn, "Fatma tar çalır" şeirini alman dilində, "Tatar nəğməsi"ni isə rus dilində qələmə almışdır. Onun "Tiflis" müxəmməsi və "Gürcülər arasında" mənzum məktubu xalqlar arasında dostluğu tərənnüm edir. "Təbriz əhlinə xitab" şeri özünün sosial yönümü ilə seçilir. Belə ki, XIX əsr Azərbaycan poeziyasında ilk dəfə məhz bu şeirdə inkişafın qarşısını almağa çalışan mürtəce zadəgan və ruhanilərə qarşı kəskin tənqid səslənir. Faktik olaraq bu şeir ictimai satira nümunəsi hesab olunur.
A.Bakıxanov çoxlu təmsil və avtobioqrafik xarakterli əsərlər də yazmışdır. Onun ərəb və fars dilində lirik şeirlərdən ibarət divanı da vardır ki, indiyənədək araşdırılmamış qalır və hal-hazırda Təbriz Milli kitabxanasında qorunur. Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsi Azərbaycan nəsrinin ilk nümunələrindəndir. Abbasqulu ağa Bakıxanov 1847-ci ildə Məkkə ziyarəti zamanı vəfat etmiş və Məkkə yaxınlığında dəfn olunmuşdur.
Mənbə:SƏBUHİ ƏHMƏDOV  
" AZƏRBAYCAN TARİXİNDƏN YÜZ ŞƏXSİYYƏT"