06.09.13

KÜLTƏPƏ II

Naxçıvan ş.-ndən 12 km şm.-da, Babək r-nunun Yuxarı Uzunoba k. Yaxınlığında e.ə. 4–1-ci minilliklərə aid yaşayış yeri. Bu abidə vaxtilə təbii dağıntıya məruz qalmış, onun böyük bir hissəsi Cəhriçay tərəfindən yuyulmuşdur. Hazırda yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 3 ha.-dır.

 Kültəpə II. Ilk Tunc dlövrünə aid tikinti qalıqları və nalşəkilli ocaq qurğusu.

Abidə 1960 ildə O.H.Həbibullayev, V.H.Əliyev tərəfindən qeydə alınmış, 1962 ildə burada kəşfiyyat xarakterli qazıntılar aparılmışdır. 1968 ildə II Kültəpədə O.H.Həbibullayev və V.H.Əliyevin rəhbərliyi ilə geniş qazıntı işlərinə (400 m2 sahədə) başlanmışdır. II Kültəpənin tədqiqində müxtəlif vaxtlarda M.M.Seyidov, Q.H.Ağayev, A.Q.Seyidov, V.B.Baxşəliyev və başqa tədqiqatçılar iştirak etmişdir. Abidənin tədqiqi V.H.Əliyevin rəhbərliyi ilə 1986 ilədək davam etdirilmişdir. II Kültəpədə altı qazıntı sahəsi qoyulmuş, onlardan yalnız birində-ikinci qazıntı sahəsində tədqiqat xam torpağadək davam etdirilmişdir. Aparılmış tədqiqatlar nəticəsində üç mədəni təbəqə aşkar edilmişdir.
Kültəpə II. Kür-Araz mədəniyyəti tapıntıları: 1,2. Dən daşları. 
3,4. Daş gürzlər. 5. Daş həvəng- dibək. 6. Gil araba təkəri modeli.
7. Çaxmaqdaşıdan oraq dişi. 8. Daş asma. 9, 10. Obsidian ox ucları.
11. Tunc nizə ucu. 12, 13. Tunc bəzəklər. 14. Sümük biz.
Kültəpə II. Polixrom boyalı qabın parçası.


Mədəni təbəqələrin ümumi qalınlığı 14 m-dir. Birinci təbəqə Ilk Tunc dövrünə aid olub, Kür-Araz mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri ilə xarakterizə olunur. Bu təbəqədə aparılan tədqiqatlar zamanı 14 tikinti qatı aşkar edilmişdir. II Kültəpənin Ilk Tunc dövrünə aid alt tikinti qatları üçün dairəvi, üst qatları üçün isə dairəvi və dördkünc binalar xarakterikdir. Dairəvi binalardan birinin içərisində konusvari örtüyü saxlayan mərkəzi sütun üçün daş döşənmiş çala aşkar olunmuşdur. Binaların tikintisində əvvəlcə möhrədən, sonra isə çiy kərpicdən istifadə edilmişdir. Çiy kərpic 11-ci tikinti qatından başlayaraq tətbiq edilmiş, 8-ci tikinti qatında isə daha da genişlənmişdir. Dairəvi binaların əksəriyyəti arakəsmə ilə iki hissəyə ayrılmış, onların bir hissəsindən yaşayış sahəsi, ikinci hissəsindən isə təsərrüfat məqsədilə istifadə edilmişdir. Binaların qızdırılması üçün dairəvi manqallar və ocaqlar əsas yer tutmuşdur. Tədqiqat zamanı müəyyən edilmişdir ki, altıncı tikinti qatında aşkar edilmiş dairəvi bina qədim məbədin qalığıdır. Bundan sitayiş məqsədilə istifadə olunmuşdur. Binanın içərisindən ocaq qurğularının qalığı aşkar edilmişdir. II Kültəpənin birinci təbəqəsinin arxeoloji materialları əsasən daşdan hazırlanmış xeyli əmək aləti, o cümlədən, oraq dişləri, dən daşları, həvəngdəstələr, çəkiclər, ox ucluqları və toppuzlardan ibarətdir. Bu əmək alətləri Azərbaycanın Ilk Tunc dövrü üçün xarakterik olub, Zaqafqaziya və Yaxın Şərqin bir sıra abidələrindən də məlumdur. Əmək alətləri içərisində sümükdən hazırlanmış əyircək, biz, cilalayıcı və deşici alətlər də vardır. Əmək alətlərinin bir qismi tunc iynə, bıçaq və bizlərdən ibarətdir. Onlar mis-mərgümüş ərintisindən hazırlanmışdır. Tunc əşyalar içərisində bir ədəd bilərzik qırığı da vardır. Birinci təbəqənin tapıntıları içərisində keramika məmulatı üstünlük təşkil edir. Tədqiqat göstərir ki, II Kültəpənin gil məmulatı öz inkişafında üç mərhələdən keçmişdir. II Kültəpənin birinci mərhələyə aid gil qabların tərkibində saman qarışığına da təsadüf olunur. Birinci təbəqənin keramikası içərisində arxaik formalı ocaq qurğularının aşkar olunması xüsusilə diqqətəlayiqdir. Bu tapıntılar ocaq qurğularının mənşəyi ilə bağlı yeni fikirlər irəli sürməyə imkan verir. Bu baxımdan mərkəzi hissəsi sxematik insan fiquru ilə tamamlanan nalşəkilli ocaq qurğusu böyük əhəmiyyət kəsb edir. Bu tapıntı nalşəkilli ocaq qurğuların sxematik insan fiquru olduğunu deməyə əsas verir. Onlar sitayiş məqsədilə hazırlanmış və ocağın qoruyucusu və himayədarını özündə təcəssüm etdirmişdir. Ocaq quğularının bir qisminin qoşa mal buynuzu formasında hazırlanması onların da sitayiş məqsədi ilə hazırlandığını göstərir. II Kültəpənin birinci təbəqəsindən dulus kürəsinin və metaləritmə sobasının qalıqlarının aşkar olunması sənətkarlığın müxtəlif sahələri ilə bağlı ixtisaslaşmış adamların olduğunu göstərir. Müxtəlif çeşidli gil qabların və tunc əşyaların aşkar olunması da bunu sübut edir. Bu dövrdə dulusçuluq xüsusilə inkişaf etmişdir. II Kültəpənin Kür-Araz mədəniyyətinin son mərhələsinə aid gil məmulatı keyfiyyətli hazırlanması ilə fərqlənir. Qabların zəngin naxışları həm qədim insanların yüksək estetik zövqünü, həm də onların dünyagörüşünü özündə əks etdirmişdir. II Kültəpə yaşayış yerinin ikinci təbəqəsi Orta Tunc dövrünə aiddir. Bu təbəqədə aparılmış tədqiqatlar nəticəsində dörd tikinti qatı müəyyən edilmişdir. Bu təbəqədən aşkar olunmuş tapıntılar qədim şəhər mədəniyyəti üçün xarakterikdir. Tədqiqat göstərir ki, e.ə. 3-cü minilliyin sonunda II Kültəpədə ətrafı möhkəmləndirilmiş yaşayış yeri meydana gəlmişdir. Qazıntı zamanı aşkar edilmiş qala divarının uzunluğu 35 m, eni 2-2,5 m, hündürlüyü 1,4 m-dir. Qala divarı dördkünc bürc və kontrforslarla möhkəmləndirilmişdir. Ikinci tikinti qatında, həmçinin, qala divarı boyunca daş döşənmiş küçənin bir hissəsi aşkar edilmişdir. Binalar dördkünc formalı olub, çay daşı və çiy kərpiclə inşa edilmişdir. Bura da aşkar edilmiş binaların əksəriyyəti iki, üç, yaxud dördotaqlıdır. Şübhəsiz ki, çoxotaqlı binalar patriarxal ailələr üçün nəzərdə tutulmuşdur. Dördüncü tikinti qatında aparılan tədqiqatlar zamanı daş özül üzərində çiy kərpicdən hörülmüş müdafiə divarlarının qalıqları aşkar olunmuşdur. Tədqiqatçı V.H.Əliyevin fikrincə, həmin divar e.ə. 17-16 əsrlərdə inşa edilmiş və əvvəlki müdafiə sisteminə nisbətən kiçik sahəni əhatə etmişdir. II Kültəpə Orta Tunc dövrü təbəqəsindən dulus kürələrinin, dulusçuluq emalat xanasının, metaləritmə sobasının qalıqları aşkar edilmişdir. Bu təbəqədən metal emalı ilə bağlı müxtəlif əmək alətləri tapılmışdır.
Kültəpə II. Orta Tunc dövrü daş məmulatları:
1. Daş heykəl (büt). 2. Dən daşı.
3. Çaxmaqdaşıdan quraşdırma oraq dişləri.
4,5. Obsidian lövhələr. 6. Daş körük ucluğu.
7. Həvəngdəstə. 8. Obsidian ox ucluğu.
9. Daş toppuz


Tapıntılara əsasən demək olar ki, II Kültəpənin sakinləri dulusçuluq, metalişləmə, daşişləmə, sümükişləmə və b. sənət sahələri ilə məşğul olmuşlar. Abidənin tədqiqi zamanı aşkar edilmiş arxeoloji materialların əksəriyyəti keramikadan ibarət ol- muşdur.
Kültəpə II. Boyalı keramika məmulatı.
Kültəpə II. Monoxrom boyalı gil qablar.


Onların içərisində boyalı qablar üstünlük təşkil edir. II Kültəpənin Orta Tunc dövrünə aid gil qablarını iki qrupa bölmək olar. Birinci qrupa qara rəngli, başı naxışlı, cilalı qablar aiddir. Onlar üçün, əsasən, küpə və çölmək tipli qablar xarakterikdir. Bu qrupa, həmçinin, boz və qara rəngdə bişirilmiş naxışsız qablar da daxildir. Ikinci qrupa narın qumqarışığı olan gildən hazırlanmış yüksək keyfiyyətli çəhrayı rəngli qablar aiddir. Bu qrupa daxil olan keramikanın bir hissəsi sadə qablardan, əksəriyyəti isə boyalı qablardan ibarətdir. V.H.Əliyev II Kültəpə Orta Tunc dövrünə aid boyalı qabların abidənin stratiqrafiyasına əsasən dörd mərhələyə bölmüşdür: birinci mərhələ e.ə. 20-19, ikinci - e.ə. 18-12, üçüncü-e.ə. 17-16, dördüncü isə e.ə. 16-14 əsrlərə aid edilmişdir. II Kültəpənin stratiqrafiyasının Yaxın Şərq, o cümlədən,Urmiya hövzəsi abidələri ilə müqayisəsi göstərir ki, Azərbaycanda Orta Tunc dövrü e.ə. II minilliyin ikinci yarısından başlamış, Orta Tunc dövrü üçün xarakterik olan boyalı qablar da bu ərazidə həmin dövrdə istehsal olunmuşdur. II Kültəpənin ikinci təbəqənin üst laylarından götürülən kömürün analizi e.ə. 1800 ili göstərmişdir. Əgər nəzərə alsaq ki, II Kültəpənin Orta Tunc dövrü təbəqəsi 4,5 m qalınlığındadır, onda boyalı qabların xronologiyasını e.ə. 3-cü minilliyin ikinci yarısından başlamaq məqsədəuyğundur. II Kültəpənin üçüncü təbəqəsindən Son Tunc və Ilk Dəmir dövrünə aid maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Bu dövrdə gil qabların formasında müəyyən dəyişiklik yaranır. Əvvəlki dövr üçün xarakterik olan çaynik tipli qablarla yanaşı, Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan kannelyur ornamentli, göbələkvarı çıxıntısı olan qablar meydana gəlir. Bu dövrdə boyalı qablar istehsalı tənəzzülə uğrayır və müəyyən müddət aradan çıxır, lakin e.ə. 1-ci minilliyin ikinci yarısında yenidən meydana gəlir. Arxeoloji materialların analizinə əsasən II Kültəpədən aşkar edilmiş maddi-mədəniyyət qalıqlarını bütövlükdə e.ə. 4-1-ci minilliklərə aid etmək olar.


http://qedim.nakhchivan.az/index.php?option=com_content&view=article&id=78&Itemid=70