29.08.2013

Azərbaycan xalçalarında mifik quş təsvirləri

Xalçaçılıq sənəti yarandığı gündən bədii və mənəvi irsi özündə ifadə edib. Mifik görüş və inamla bağlı adət-ənənələri daim sirli rəmzlərlə müqəd-dəsləşdirib. Müəyyən inkişaf mərhələlərində xalq fantaziyası bu təsəvvürlərdən daha geniş şəkildə bəhrələnib. Xalçalar üzərində əks olunan müxtəlif realistik və abstrakt formalı təsvirlər təkcə dekorativ sənət nöqteyi-nəzərindən əhəmiyyət daşımır. Bu təsvirlər bədii zövqün inkişaf etdirilməsinə, gözəllik hissinin aşılanmasına da xidmət göstərib. 


Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova öz araşdırmalarında göstərir ki, orta əsr Azərbaycan xalçalarında bədii quruluş, ornament və bəzək elementləri əsasən üç cərəyanda formalaşıb. Onlardan birincisi məscidlər və dini mərasimlər üçün toxunan - dini ideologiyanı təmsil edən xalçalar, ikincisi saraylar üçün toxunan, üçüncüsü isə xalq ənənəsinə əsasən toxunan xalçalardır.
Birinci tip xalçalarda əsasən nəbati elementlər, mehrab, sütunlar, qəndil və islam dinini təmsil edən digər təsvirlərlə yanaşı, zoomorf elementlərdən stilizə olunan quş təsvirləri də toxunub. Saray xalçalarının yaranmasında tanınmış rəssam və miniatürçülərin yaratdığı çeşnilərdən istifadə olunub. Bu mövzular əsasən gül-çiçək, heyvanat aləminə, ov səhnələrinə və s. süjetlərə həsr olunub. Xalq yaradıcılığı üslubunda toxunan xalçalarda isə çox sadə təsvir formaları öz əksini tapıb. Bu xalçalarda əsasən heyvan, quş təsvirləri daha geniş yayılıb.
Sənət tarixindən məlumdur ki, ən qədim zamanlardan insanlar tuncdan müxtəlif şəkilli quş fiqurları düzəldiblər. İnsanlar bu fiqurlara onları qoruyan tilsim kimi inanıblar. Daha sonra daş üzərində quş təsvirləri çəkiblər. Bu quşlara ilahi qüvvələr, müqəddəs varlıqlar kimi yanaşıblar. Təsadüfi deyil ki, belə nümunələr qədim dünya xalqları, o cümlədən türk xalqlarından oğuzlar öz ulu əcdadlarının qartal, qırğı və mifik Umay (Humay) quşu ilə əlaqəli olduğunu iddia ediblər. Bu gün də yakutlarda qu quşu “ulu nənə” deyə mifləşdirilir.
“Oğuznamə”nin üzərində ciddi tədqiqat işi aparan alim A.N.Bernştam Oğuzun anasının “Ay qağan” olduğunu göstərir. Tədqiqatçı V.V.Radlovun araşdırmalarına görə, bütün insanların və dünyanın yaradıcısı “dünya ağası” uşaqların hamisi olan Umayla göydən birgə enib. Məhz bu səbəbdən qədim dövrlərə aid bir çox incəsənət abidələrində quşlar təsvir edilib.
Azərbaycanın xalça toxuculuq məktəblərində toxunan xalçalar üzərində müxtəlif bədii quruluşlarda quş təsvirlərinə rast gəlinir. Onlardan birini digərindən fərqləndirən cəhətlər qanadlarının, ayaqlarının və başlarındakı “tac”ların müxtəlifliyidir. Onların hər biri təmtəraqlı, bəzəkli təsvir üslubu baxımından təkrarsızdır. İran mifologiyasında rast gəldiyimiz Simurq, türk əsatirlərindəki Umay, Səməndər, Zümrüd və s. adda mifoloji quşlar bu gün də rəvayət, dastan və nağıllarımızın əsas qəhrəmanları kimi qalmaqdadır. Bu quşların hər biri mahiyyət etibarı ilə humanist məqsədlərə, qoruyucu və mühafizəkar kimi nəcib xüsusiyyətlərə malikdir.
Azərbaycanın Quba, Şirvan məktəblərinə aid xalçalarda sadə geometrik quruluşlarda quş təsvirləri əks olunub. Bu təsvirlərə Şirvanın “Şirvan”, “Cəmcəmli” xalçalarında, Qubanın “Sumax” xovsuz xalçalarında və duz torbalarının üzərində rast gəlmək olur. Qazaxın “Şıxlı”, Bakının “Zili” xovsuz xalçalarında rast gəlinən quş təsvirlərinin çoxu bir gövdə üzərində işlənib. Təbii ki, onlar əfsanəvi obraz kimi xalça üzərinə toxucu tərəfindən gətirilib.
Sənətşünas Xədicə Əsədovanın araşdırmalarına bir daha istinad edərək deyək ki, əsasən Azərbaycanın Qarabağ toxuculuq məntəqələrində geniş yayılan tovuz quşu motivi xalq arasında günəşin simvolu kimi qəbul edilir. Bu yəqin ki, onun rəngarəngliyi ilə bağlıdır. Bu quş təkcə atəşpərəstlər dövründə deyil, həm də İslam dininin yayıldığı zamanlarda zühur etmə və əbədiyyət kimi müqəddəs qüvvələrin simvolu sayılıb. Bir çox hallarda tovuz quşu həm də rəmzi məna kəsb edib. Xalçalar üzərində yeddi ayaqlı şəklində toxunub. Bu növ quş elementlərinə “Səlyan” xalçalarında da rast gəlinir.
Ta qədim zamanlardan xalçalar üzərində təsvir edilən quş elementlərinin əksəriyyəti ilahi məna daşıyıb. Günəşin şölələrinin rəmzi və səmavi etiqadlarla əlaqələndirilib. Şirvan toxuculuq məktəbində “Namazlıq” xalçalarında mehrab hündürlüyündə toxunan quşlar paklıq, ruhların göylərə çatdırılmasında vasitəçi olan müqəddəs simvol kimi xalça üzərində canlanaraq dini-mistik təsəvvürlərə söykənir.
Stokholmdakı (İsveç) tarix muzeyində Qazax toxuculuq məktəbinə məxsus, XV əsrdə toxunan “Qaraqoyunlu” xalçası saxlanılır. Həmin xalçada üz-üzə bir cüt quş təsviri müşahidə olunur. Onlar ülvi hislərin rəmzi mənasında təqdim olunur. Berlin muzeyində XV əsrə aid üzərində “Simurqla əjdahanın döyüşü” təsvirli Qazax xalçası saxlanılır. Bu süjeti izləyərkən “Məlikməmməd” nağılında qəhrəmanla Simurq quşunun əjdaha ilə döyüş səhnəsini xatırlamamaq olmur.
Əlbəttə, əfsanə və dastanlarımızda bu gün də yaşayan hikmət, məntiqli fikir düzümü dekorativ-tətbiqi sənətdə olan sirli izlərlə üst-üstə düşür. Xalqın mənəvi dünyasından və dünyaya fəlsəfi baxışlarından söhbət açır. Bu müəmma, məzmun və mənalarla dolu quş təsvirləri Azərbaycan xalça kompozisiyalarında bu gün də yaşamaqdadır.

Savalan Fərəcov

Mənbə:http://www.medeniyyet.az/new/?name=content&content=18492