07.09.13

Kürdəmir müəllimlərinin sentyabr konfransı keçirildi



Sentyabrın 5-də Kürdəmir rayonunun Heydər Əliyev Mərkəzində rayonun təhsil işçilərinin sentyabr konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Daha sonra konfrans öz işinə başlamışdır. Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Tacəddin Novruzov “2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr haqqında” mövzusunda geniş məruzə ilə çıxış etdi. Sonra konfransın işi məruzə ətrafında müzakirələrlə davam etdirildi.Kürdəmir şəhər 1 saylı məktəbin direktoru Nəsirov Vüqar,Şəhər 3 saylı məktəbin ədəbiyyat müəllimi Musayeva  Əsbət müəllimə və şəhər 1 saylı məktəbin müəllimi İbrahimova Gülbəniz müəllimə çıxış etdilər.
Məruzə və çıxışlarda qeyd edilib ki, 2012-2013-cü dərs ilində rayonda 58 ümumtəhsil məktəbi, o cümlədən 43 tam, 12 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərib. Ölkə rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Respublikanın bütün bölgələrində olduğu kimi Kürdəmir rayonunda da son illərdə təhsilin inkişafı istiqamətində xeyli iş görülüb, 6 yeni məktəb binası tikilib istifadəyə verilib, hazırda 4 yeni məktəb binası – Cəyli kəndində 280, Şilyan kəndində 360, Sığırlı kəndində 640, Köhünlü kəndində 220 şagird yerlik yeni məktəb binaları açılışa hazırlanır. Eyni zamanda rayonun Xınıslı və Mürtülü kəndlərində 180 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanması üçün hazırlıq işləri aparılır.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev və Azərbaycan Respublikası Təhsil Nazirliyinin kənd məktəbləri üzrə idarə rəisi Aydın Əhmədov konfransda çıxış edərək, müəllimlərə yeni dərs ilində uğurlar arzuladılar.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev 2013-cü ildə ali məktəblərə yüksək balla daxil olmuş məzunlara və bir qrup qabaqcıl təhsil işçilərinə mükafatlar təqdim etdi.
Konfransın qətnaməsi oxunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon müəllimləri adından müraciət qəbul olundu.