16.06.2013

Fəal-interaktiv dərsin ümumi quruluşu:



Dərsin I mərhələsi: Motivasiya, problemin qoyulması.
Hər bir tədqiqatı başlamaq üçün ilk növbədə problem müəyyənləşdiril-məlidir. Əsl problem isə həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat sualı formalaşdırılmalıdır. Məhz tədqiqat sualı yeni biliklərin kəşfinə aparır, bələdçi rolunu oynayır.
Nəzərə almaq lazımdır ki, psixoloji amil kimi motivasiya hər hansı fəaliyyət mexanizmini işə salan sövqedici qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.

  • motivasiyanın uğurlu alınması;
  • alınması üçün aşağıdakı şərtlərə əməl olunması tövsiyə edilir;
  • motivasiya üçün seçilən material maraqlı olmalı;
  • fərziyyələri yoxlamaq, tədqiqat aparmaq və yaradıcılıq üçün imkan verməli;
  • müəllim şagirdlərə yönəldici suallar verməli, fərziyyələri irəli sürərkən onları həvəsləndirməli;
  • tədqiqat sualı təlim standartlarına əsasən müəyyənləşdirilməli və dərsin məqsədinə yönəldilməlidir.
Dərsin II mərhələsi: Tədqiqatın aparılması:
Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualını cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti ortaya çıxır. İrəli sürülmüş problemin həllinə şagirdləri məqsədyönlü şəkildə aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar buna kömək etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması şagirdlərdə düşünmək və yeni bilikləri kəşf etmək üçün münasib şərait yaradır.
Tədqiqat müxtəlif formalarda: bütün siniflə birgə, kiçik qruplarda, cütlər şəklində və fərdi şəkildə aparıla bilər. Tədqiqatın nəticələri aşağıdakı təqdimat formasında ümumiləşdirilməlidir.
  •  esselər, sxemlər, cədvəllər, qrafiklər;
  •  illüstrasiyalar, xəritə və kontur xəritələr;
  •  maketlər, modellər, rəmzlər;
  •  layihələr, referatlar, krossvordlar və s.
Dərsin III mərhələsi: Məlumatın mübadiləsi.
Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri informasiyaların mübadiləsini aparırlar. Qoyulmuş suallara cavab tapmaq zərurəti tədqiqatın bütün iştiirakçılarını biri-birinin təqdimatını diqqətli dinləməyə sövq edir. Məhz bu mərhələdə yeni bir tələbat – yeni bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
Dərsin IV mərhələsi: Məlumatın müzakirəsi və təşkili.
Bu, ən mürəkkəb mərhələdir və bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. Milli fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. İnformasiyaların təşkili bütün faktlar əsasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.
Dərsin V mərhələsi: Nəticə, ümumiləşdirmə.
Beləliklə, yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparmaq işi qalır. Bunun üçün şagird əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə irəli sürülmüş fərziyylələrlə müstəqil olaraq tutuşdurmalıdır. Bu çox mühüm məqamdır. Dərsin kulminasiyasını isə bilgiləri özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.
Dərsin VI mərhələsi: Yaradıcı tətbiqetmə və ya ev tapşırığı
Bilgilərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini şagirdə açıb göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar müəyyən məsələlərin həlli üçün, yaxud hansısa yeni suala cavab tapmaq üçün qazanılmış bilikləri tətbiq etməyə çalışsın. Son nəticədə yaxşı olar ki, şagirdlərə, onların kəşf etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə dair çalışmalar versin ki, həmin bilgilər həmişəlik onların şüuruna həkk olunsun. Bu mərhələ vaxt etibarı ilə yalnız bir akademik dərslə məhdudlaşdırılmaya da bilər, onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.
Dərsin VII mərhələsi: Qiymətləndirmə və refleksiya.
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir prosesdir. Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə və refleksiya prosesləri onların öz qüsurlarını və öz nailiyyətlərini aşkar etməyə, uğur qazanmalarına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirməyə xidmət etməlidir.
Buna görə, dərs başa çatdıqdan sonra yerinə yetirilmiş prosedurlardan birini qiymətləndirmək və refleksiyanı həyata keçirmək məqsədəuyğun olardı. Bəzən qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar, bunun özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər.
Şagirdlərin işinin səmərəlilik dərəcəsi həm kəmiyyət və həm də keyfiyyətcə qiymətləndirilə bilər. Bu, müxtəlif üsullarla və müxtəlif formada həyata keçirilir. Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özününəzarət vasitəsi rolunu oynamalıdır.