16.06.2013

ŞUMERLƏR

Dünyanın ən qədim xalqlarından biri də Dəclə və Fərat
 çayları arasındakı ərazilərdə yaşamış
  ş u m e r l ə r d i r. Bəzi tarixi mənbələrə görə s u m e r l ə r (sumərlər) adlanan bu xalq eramızdan əvvəl 4-cü minillikdə həmin ərazilərdə məskunlaşmışlar. Əvvəllər bütün Mesopotamiyaya yayılan şumerlər sonralar, yəni 2-ci minilliyin birinci yarısında sami (semit) tayfaları tərəfindən cənub vadilərə tərəf sıxışdırılmışlar. Şumerlər dünya tarixində çox böyük rol oynamışlar. Onlar böyük şəhərlər salmış, mixi əlifba icad etmiş, məktəblər açmış, gil kitablar yaratmışlar. Şumer ölkəsi və onun paytaxtı Uruk şəhəri o dövrdə çox böyük mədəniyyət mərkəzi olmuşdur.

Şumerlərin istehsal etdikləri alətlər, silahlar,
 geyimlər, zərgərlik işləri bu gün də yüksək sənət nümunələri kimi qiymətləndirilməkdədir.Şumerlər özünəməxsus döyüş texnikasına malik olmuşlar. Torpaqların becərilməsində,kanalların çəkilməsində, mürəkkəb suvarma sistemləri tikintisində də onlar
 böyük nailiyyət əldə etmişlər. Sonralar arxeoloqlar tərəfindən tədqiq edilmiş Uruk, Ur, Laqaş şəhərlərindəki tikililər, qala divarları, memarlıq üslubları bu gün də böyük maraq doğurur. Şumerlərdə elm, musiqi və s. də inkişaf etmişdir.Dünya haqqında, səma cismləri barədə onların çox maraqlı elmi təsəvvürləri olmuşdur. Şumer ədəbiyyatı, mifologiyası və dini inamları haqqında da çoxlu kitablar mövcuddur.

Keçən əsrdə ilk dəfə oxunmağa başlanan şumer-akkad gil kitabları getdikcə daha geniş öyrənilir. Araşdırıcıların bir çoxu şumerləri türklərin, o cümlədən azərbaycanlıların da ulu babalarına doğma hesab edirlər. Azərbaycan ərazisində şumerlərə aid mədəni tapıntıların üzə çıxarılması o dövrdə ölkəmizin tayfaları və şəhərləri ilə mədəni və ticarət əlaqələrinin güclü olduğunu söyləməyə əsas verir. Şumer mədəniyyətinə maraq Azərbaycanda genişlənməkdədir.Şumer mədəniyyətinə maraq Azərbaycanda genişlənməkdədir. Şumer ədəbi abidəsi
 olan “Bilqamıs” (hər şeyi bilən adamın dastanı) dilimizə tərcümə olunmuşdur.Şumer dilindəki bəzi sözlər, şeir və nağıl süjetlərindəki oxşarlıqlar Azərbaycanla qədim şumerlərin əlaqələrinin öyrənilməsi sahəsində yeni araşdırmalara ehtiyac olduğunu bir daha təsdiq edir. “Bilqamıs” dastanındakı dünyanı su basması barədə
 əhvalat, döyüş səhnələri, qəhrəmanların igidlikləri, səyahətləri olduqca maraqlıdır.

Şumerlərin qəhrəmanlıq dastanlarındakı bir sıra
 motivlərə bizim “Tapdıq”, “Məlikməmməd” nağıllarında, “Kitabi – Dədə Qorqud” dastanlarında da rast gəlmək olmur. Şumer-Akkad, Babil-Assur mədəniyyətlərini
 öyrənməklə qədim şumer xalqının əzəmətli şəhərləri, elmi bilikləri,dini-mifoloji təfəkkürləri barədə məlumatlar əldə etmək mümkündür. Məşhur tədqiqatçı S. Kramerin “tarix Şumerdən başlanır” (Moskva, 1965) kitabında və ondan sonra nəşr edilən çoxlu əsərdə,həmçinin 1985-ci ildə “Gənclik” nəşriyyatının oxuculara bəxş etdiyi “Bilqamıs dastanı”nda şumer xalqı və şumerlərin ədəbiyyatı barədə xeyli məlumat verilmişdi.



Mənbə:Ə.Şamil "Uşaq ensiklopediyası".