30.05.2013

Kaspilər.



   Hələ qədimdən kaspi tayfaları Azərbaycan ərazisində
məskunlaşmışdılar. Kaspilər Xəzər dənizinin cənub-qərb sahillərindən Qafqaz dağlarınadək ərazilərdə yaşayırdılar. Kaspilərin məskunlaşdıqları ərazilər Kaspiana (sonralar - Paytakaran) adlanırdı.

Strabonun bildirdiyinə görə, Xəzər dənizi və Qafqaz dağlarının adı kaspi tayfalarının adından götürülmüşdür. Azərbaycan tarixçilərinin fikrincə, Kazbek dağının və Qəzvin şəhərinin adları da kaspi tayfasının adından əmələ gəlmişdir. Antik müəlliflər xəbər verirlər ki, kaspilərin üzüm tənəkləri "bol məhsul verir". Onlar bildirirlər ki, "Kaspi torpağında çoxlu öküz və at sürüləri var və bunlar saysızdır... Kaspi keçiləri çox ağdır, buynuzları yoxdur, boyları bala-cadır və yastıburundurlar. Burada çoxlu dəvə var və onların ən iriləri ən böyük at boyda olur və qəşəng yunludurlar. Onların yunu çox zərifdir... Kahinlər, ən varlı və ən tanınmış kaspilər ondan tikilmiş don geyirlər".Xəzər dənizində "...itiburun (yəqin ki, nərə balığı) adlanan böyük balıqlar var. Kaspilər onları tutur, duzlayır və qurudurlar". Kaspilər balığın piyi və içalatından müxtəlif mazlar, eləcə də "fil sümüyü ustalarının gözəl əşyalar düzəldərkən istifadə elədikləri" yapışqan hazırlayırdılar. Kaspilər dəvələrə yük vurub Ekbatanaya "duzlu və qurudulmuş balıq" aparırdılar. Kaspilər Xəzər dənizi və qədimlərdə bol sulu olan Kür çayı ilə aparılan ticarətdə də iştirak edirdilər. Kaspianadan keçən quru - dəniz ticarət yolu Hindistan, Mərkəzi Asiya və Avropa ölkələri arasında ticarəti təmin edirdi. Əhəmənilər dövləti zamanı kaspilər onun iki dairəsində - XI və XV dairələrdə məskun idilər. Əhəməni hökmdarları kaspiləri hərbi qulluğa cəlb edirdilər. E.ə. 480-ci ildə kaspilər Əhəməni hökmdarı Kserksin Yunanıstana yürüşündə iştirak etmişlər. Herodot kaspilərin skiflərinkinə bənzər paltar və silahlarını təsvir edir: "Kaspilər yundan hazırlanmış xiton geyirdilər, qamışdan düzəldilmiş öz oxları və akinakları (qısa skif xəncərləri) var idi". Herodot xəbər verir ki, kaspilər at üstündə vuruşurdular. Kaspilər Əhəmənilərin muzdlu döyüşçüləri kimi uzaq Misirdə və Frakiyada (müasir Rumıniya ərazisi) qulluq edirdilər. Kaspilər həm də mahir dənizçi və gəmi inşaatçıları idilər. Kaspilər gəmi
ustaları kimi Memfisdə (Misir) Əhəmənilərin cəbbəxanasında hərbi gəmilərin inşasında iştirak edirdilər. Kaspilərin dəfn adətləri də maraqlıdır və bu barədə Strabon bildirir ki, onlar "...yaşı 70-i keçmiş adamları ac saxlayaraq öldürür və onların meyitlərini səhralara atırlar; sonra kənardan baxıb müşahidə edirlər: əgər quşlar meyitləri xərəklərdən çəkib salırlarsa, ölənləri bəxtəvər hesab edirlər; əgər vəhşi heyvanlar və itlər dartıb salırlarsa, onda az bəxtəvər hesab edirlər; meyitlərə toxunulmadıqda isə onu bədbəxt hesab edirlər". Strabon məlumat verir ki, bu adət skif mənşəlidir, hərçənd Midiyanın maq tayfalarında və zərdüştilikdə də belə adətlər qeydə alınıb. Əhəmənilər dövləti Makedoniyalı İsgəndərin zərbələri altında
dağılanda isə kaspilər əvvəlcə Atropatenanın tərkibinə daxil oldular, sonra onların məskunlaşdıqları Kaspiana vilayəti qısa müddət ərzində atropatenalılardan
ermənilərə keçdi. E.ə. I əsrdə Kaspiana Qafqaz Albaniyasının tərkibinə daxil oldu və ərəb işğalına qədər orada qaldı.