29.05.2013

Avesta.

Avesta - zərdüştilərin müqəddəs kitabı. Avestanın ən qədim hissələrinin
yadda qalmasını asanlaşdırmaq üçün onlar şer formasında tərtib olunmuş və nəsildən-nəslə şifahi ötürülmüşdür. Antik və Şərq mənbələrinin verdikləri məlumata görə, Əhəməni şahı III Dara üzərində qələbə çalan Makedoniyalı
İsgəndər "çoxlu maq öldürsə də", "çoxlu ocaq söndürsə də", atəş məbədini qarət etsə də, habelə zərdüştilik rəvayətinə görə, Suzda Əhəməni şahlarının sarayını
yandırmaqla Avestanın 12.000 dana dərisi, ya da taxta üzərində qızıl hərflərlə yazılmış ilkin variantını məhv etsə də, Avestanın əsas məzmunu salamat qalmışdır.


Tarixçi Plini yazır ki, Avesta iki milyon sətirdən ibarət imiş. Güman edilir ki, Makedoniyalı İsgəndərdən sonra Parfiyada e.ə. I əsrdə salamat qalmış nüsxələr,
eləcə də şifahi zərdüşti ənənəsi əsasında tərtib olunmuş Avesta mətnlərinin ilkyazılı toplusu var imiş. Avestanın eramızadək çatmış hissələri III – IV illərlərdə
İranda ilk Sasani şahlarının dövründə bir yerə toplanılmışdı. O dövrdə Avesta iyirmi bir kitabdan (naskdan) ibarət imiş. Avestanın qanuna çevrilmiş mətninə onun pəhləvi (orta fars) dilinə tərcüməsi və “Zənd-Avesta” adlandırılan şərhlər də əlavə edilmişdi. Digər qeyri-müsəlman əsərlər kimi, Avestanın əlyazmaları ərəblər tərəfindən ikinci dəfə amansızcasına yandırılmışdır. Hazırda Avestadan cəmisi dörd yarımçıq kitab (nask) - Yaşt, Yasna, Visprat və Videvdat - dövrümüzə çatmışdır. Avestanın Yaşt kitabı ("pərəstiş", "mədh") müxtəlif ari ilahilərinə həsr olunmuş 22 mədh nəğməsindən ibarətdir. Vedalarda olan qədim hind epos və əsatirlərinə bənzər çoxlu sayda qədim İran epos və əsatirlərinin bir qismi Yaştda qalmışdır. Bu bənzərliyə əsaslanaraq söyləmək olar ki, Yaşt Avestanın günümüzə
çatan daha qədim kitablarındandır. Yasna kitabı ("dua etmək", "qurban vermək") Avestanın ən irihəcmli hissəsidir - 72 fəsildən ibarət olan bu hissəyə ibadət, adət və ayinlərin icrası, qurban vermək zamanı oxunan dualar daxildir. Yasnanın ən mühüm hissəsi (17-ci fəsli) düzümü Zərdüştün öz adına çıxılan, şer formasında
tərtib olunmuş Qathalardır ("himnlər", "şərqilər"). Bəzi kitablarda onu "Qatalar" adlandırırlar. Belə hesab edilir ki, Qathalar Avestanın ən qədim hissəsidir. Avestanın 24 fəsildən ibarət olan və müxtəlif allahlara pərəstişi ifa edən dualardan təşkil olunmuş Visprat ("Allahların hamısı") kahinlik kitabıdır. Avestanın Videvdat
kitabı ("Divlər əleyhinə qanun") 22 fəsildən ibarətdir. Videvdat qanun və göstərişlərdən - dindar zərdüştilərə nəyə icazə verilməsindən və nəyin qadağan olunmasından bəhs edən kitabdır. Tarixçilərin əksəriyyətinin fikrincə, Avesta Mərkəzi Asiyada tərtib olunmuş, sonralar isə Midiya və İranda yayılmışdı. Digər
mənbələrə görə, Avestanın vətəni Midiyadır. Avesta parslarda saxlanılmışdır. Avesta bizə XIII - XIV əsrlərin son əlyazmalarında dövrümüzə çatmışdır.Avropada Avestanın əsl məzmunundan XVIII əsrin ikinci yarısında fransız alimi Düperronun həmin əlyazmalardan etdiyi tərcümələr vasitəsilə xəbər tutmuşlar.