30.05.2013

402-ci milli atıcı diviziya.

    402-ci milli atıcı diviziya 1941-ci ilin avqustunda Naxçıvanda və  Ordubadda təşkil edilmişdir və onun tərkibində Azərbaycan türkləri 90% təşkil edirdi. Diviziya 1941-ci ilin oktyabrınadək İranda (Cənubi Azərbaycan) yerləşirdi.Bundan sonra Vətənə qaytarılan diviziya 1941-ci ilin oktyabrının əvvəllərində Ordubad və Kivraq şəhərlərindən müharibə zonasına göndərildi. Qafqaz uğrunda döyüşlərə 44-cü ordu tərkibində döyüşə başlayan diviziya Qroznı şəhərinin müdafiəsi xəttində (Terek çayının sağ sahilində) yerləşdirildi.
Diviziyanın
komandiri polkovnik A.Hüseynov olmuşdur. Diviziyanın tərkibində 833-cü, 840-cı atıcı alayları, 960-cı topçular alayı, tank əleyhinə divizion və 4 əlavə batalyon var
idi.1942-ci ilin 30 noyabrında diviziya Mazdok istiqamətində başlanan hücum əməliyyatlarında iştirak edərək, dekabrın ilk on günündə 34 km irəliləyə bildi. Bu
döyüşlərdə diviziyanın 833-cü alayının komandiri mayor Akim Abbasov xüsusilə fərqləndi. 840-cı alayın komandiri mayor Manaf Abdullayev də sərkərdəlik
nümunəsi göstərmişdi.Mazdok istiqamətindəki döyüş əməliyyatlarında kapitan Məcid Əliyev(833-cü alayın 3-cü batalyonunun komandiri), baş leytenant Abdulla Dadaşov(960-cı topçu alayının 2-ci divizionu komandiri), leytenant Bilal Rəsulov (840-cı atıcı alayın 2-ci batalyonu komandiri), həmin batalyonun bölmə komandirləri baş
leytenant Məmməd Tahirov və leytenant Ələkbər Hacıyev, pulemyotçu serjant Osman Hacıyev, döyüşçü Mirzəyev xüsusilə fərqlənmişdilər. Həmin günlərdə cəbhədə olmuş görkəmli şair Rəsul Rza Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuş pulemyotçu serjant Osman Abdulla oğlu Hacıyev haqqında “Osman Hacıyevin hünəri” adlı oçerk yazmışdı. Bu oçerkdə göstərilir ki, cəsur pulemyotçu Osman Hacıyev düşmənin avtomatçılar dəstəsinin hücumlarını iki dəfə dəf
etmişdir.1942-ci ilin 12 dekabrından sonra diviziyanın tərkibinə yeni döyüş hissələri əlavə edildi və o, yeni döyüşlərə hazırlaşmağa başladı. 1943-cü ilin ilk üç ayı
ərzində diviziya Azərbaycan dilini bilən kiçik komandirlər heyəti ilə təmin olundu, diviziyaya hərtərəfli kömək üçün Bakıdan müvafiq hərbi və siyasi mütəxəssislər
göndərildi. Az sonra döyüşə hazırlanmış 1500 nəfər 402-ci milli diviziyanın tərkibinə göndərildi və sonrakı illərdə diviziya Azərbaycandan yeni çağırışçılar dəstəsi alaraq onların da döyüşə hazırlığına başladı.1943-1944-cü illərdə 402-ci diviziya digər milli diviziyaların tərkibini
möhkəmləndirmək üçün döyüşçü və komandirlər hazırlamaq üzrə əsas ehtiyat bazası kimi istifadə edilmişdir. Məsələn, diviziya 1943-cü ildə 2200 nəfər, 1944-cü ildə 1500 nəfər yeni çağırışçı qəbul edərək döyüşə hazırlamışdı. Böyük Vətən müharibəsi cəbhələrində döyüşən azərbaycanlı komandirlərdən Heybət Heybətov, Mahmud Əbilov, Hacıbaba Zeynalov, Tərlan Əliyarbəyov, Akim Abbasov və digərləri yüksək hərbi sərkərdəlik qabiliyyətinə malik olduqlarını sübut edərək, general-mayor rütbəsi aldılar. Müharibə illərində
yaradılmış Milli diviziyalarda siyasi tərbiyə işlərinə respublikadan 322 nəfər rəhbər partiya işçisi göndərilmişdi. Bunların içərisində polkovniklər Xavər Vəliyev, Rəşid Məcidov, Kazım İsmayılov, Mehbalı Əmiraslanov, Əbdül Rəcəbov, Ələsgər Qasımov və digərləri var idi. Bu diviziyaların döyüşçüləri ilə görüşə Səməd Vurğun, Üzeyir Hacıbəyov, Rəsul Rza, Bülbül Məmmədov, Niyazi, Mustafa Topçubaşov, Heydər Hüseynov və digər ictimai xadimlər tez-tez gedir və özləri ilə incəsənət kollektivləri qruplarını aparırdılar.
Milli diviziyalarda Azərbaycan dilində 12 adda qəzet buraxılırdı: “Vətən şərəfinə”, “Vətən uğrunda”, “Həyəcan” və başqa adlarda çıxan cəbhə qəzetləri
redaktorları sırasında Rəsul Rza, Abbas Zamanov, Cəfər Xəndan, Əhməd Cəmil, Xasay Vəzirov, Ənvər Məmmədxanlı və digər ədib və jurnalistlər fəaliyyət
göstərirdi. Həmin illərdə bəstəkarlardan Tofiq Quliyev “23-cü diviziya” adlı mahnını, Niyazi “402-ci diviziya”, “Can Azərbaycan”, “402” yürüş marşlarını yazmışdı.