16.05.16

Tarix fənninin tədrisi prosesində diferensiallaşdırma və fərdiləşdirmə prinsiplərinin tətbiqi üsulları

Şagirdlərin təlim prosesini istiqamətləndirmək üçün hər bir müəllim tədris etdiyi fənn barədə geniş biliklərə malik olmalıdır. Müəllim şagirdlərin öyrənməsini təmin etmək üçün təkcə məzmunu və pedaqogikanı bilməli deyil, eyni zamanda şagirdləri də tanımalıdır. Yəni müəllim hər bir şagirdə fərdi yanaşmalı, onların məzmun və əqli münasibətlərini aşkarlamalı, hər bir şagirdə öz bacarığından istifadə etməsi üçün imkan yaratmalıdır.


Məktəb təcrübəsi göstərir ki, şagirdlər verilmiş təlim materiallarını eyni dərəcədə mənimsəyə bilmirlər. Onlardan bəziləri təlim materialını tez və asanlıqla mənimsəyir, digərləri isə eyni materialı mənimsəməkdə çətinlik çəkir, tez-tez səhvlərə yol verirlər. Biri öz danışığına tənqidi münasibət bəslədiyi halda, digəri buna qabil olmur, söylədiyi fikirlərində buraxdıqları səhvləri müəyyənləşdirməkdə çətinlik çəkir. Bəzi şagirdlərdə müstəqillik bacarığını inkişaf etdirmək asan olduğu halda, digərlərinə belə vərdişin aşılanmasında böyük çətinliklər qarşıya çıxır. Deməli, dərketmə qabiliyyətinə görə materialı gec mənimsəyənlər sinfin fəaliyyətinə vaxtında qoşula bilmir, nəticədə onlar təlim prosesindən geri qalırlar. Məhz bu cəhətdən təlimin fərdiləşdirilməsi və diferensiallaşdırılması böyük əhəmiyyət kəsb edir.

Fərdiləşdirmə hər bir şagirdin səviyyəsinə uyğun şərait olmaq etibarilə bəzilərinin qabiliyyətini stimullaşdırmaq və digərində isə yeni prespektivlər müəyyən etmək üçün zəruridir.

Şagirdləri inkişaf səviyyəsinə görə ayrı-ayrı siniflər üzrə diferensiallaşdırmaq məktəb üçün xarakterik haldır. Təlim prosesində şagirdlərin diferensiallaşdırılmasında əsas göstəricilər bunlardır:

– Şagirdlərin əvvəlki bilik, bacarıq və vərdişlərə yiyələnməsi səviyyəsi;

– şagirdlərin əqli inkişaf səviyyəsi, dərsə və öyrəndiyi fənnə münasibəti;

– dərketmə səviyyəsi;

– fikri əməliyyatların aparılması bacarığı.

Fərdiləşdirmə və diferensiallaşdırma təlimin məzmununa o zaman təsir göstərə bilir ki, şagirdlərin maraq və qavrama qabiliyyəti onlara daha geniş bilik verilməsi üçün imkan vermiş olsun. Bilik səviyyəsinə görə sinifdə diferensiallaşdırma apararaq hər qrup üçün səmərəli öyrətmə yolu seçilməlidir. Çünki belə qruplara ayırma zəiflərin geriliyini aradan qaldırmağa yönəldiyi üçün şagirdlərdə “biz zəiflərik” fikri yaranmaması üçün qruplaşdırma gizli aparılmalıdır. Dərs zamanı müstəqil tapşırıqlar üzərində işləyərkən kartoçka sistemindən də istifadə edilə bilər.

Şagirdlərə tapşırıqlar verilərkən əvvəlcədən elan edilməlidir ki, birinci variantı icra edənlər “əla”, ikinci və ya üçüncü variantı icra edənlər isə müvafiq qiymətlər alacaqlar. Təcrübə göstərir ki, ilk dövrdə “zəif” şagirdlər də birinci variantı seçib suallara cavab verməyə çalışırlar. Bu onlarda olan maraq hissindən irəli gəlir. Bundan sonra gələcəkdə həmin şagirdlər öz qüvvələrinə müvafiq tapşırıq seçməyə başlayırlar. ”Qüvvətli” şagirdlər isə yüngül tapşırıqlardan qaçırlar. Hətta birinci variantda olan tapşırıqları həll edə bilməsələr də digər variantları yazmağa çalışmırlar. Çünki onlar aşağı qiymətlər almaq istəmirlər. “Orta səviyyəli” şagirdlər isə əksər hallarda ikinci variantda olan tapşırıqları həll etməyə çalışırlar.

Məlumdur ki, şagirdə yeni bilik hazır formada verildikdə onun dərsə, yeni bilik almağa marağı azalır, şagird süstləşir və getdikcə geriləyir. Əksinə, dərs müddətində problem xarakterli məsələnin ortaya atılması, “nə üçün?”, “nədən ötrü?”, “nə səbəbə görə?” suallarına cavab axtarmağı tələb edən tapşırıqların verilməsi şagirdlərin qabiliyyətini inkişaf etdirir, sinifdə işgüzar şərait yaradır. Bu isə öz növbəsində dərsin səmərəliyini artırır, şagirdlərdə sərbəst fikir söyləmə, müstəqil araşdırma aparma vərdişlərini aşılayır.

Dərs prosesində tətbiq olunan metodlar, üsullar o zaman səmərəli nəticə verir ki, müəllim onun mövzuya müvafiqliyini təmin etsin, şəraitə, məqama uyğun istifadə imkanlarına malik olsun. Əlbəttə ki, bu müəllimdən yaradıcı yanaşma, tədris etdiyi mövzunun incəliklərinə, eyni zamanda şagirdlərinin mənəvi aləminə, psixikasına bələd olma bacarığı tələb edir. Son nəticə isə keyfiyyətli tədris edilmiş bir dərs alınır.

Famil Əhmədzadə, İsmayıllı şəhəri E.Məmmədov adına

3 nömrəli məktəb-liseyin tarix müəllim

Mənbə:http://www.tehsilproblemleri.com/?p=13859