16.05.16

TARİX DƏRSLƏRİNDƏ ROLLU OYUNLARDAN İSTİFADƏ

Bu gün Azərbaycan təhsilində istifadə olunan yeni təlimin müxtəlif metod və üsulları var. Bu baxımdan dərslərimin daha maraqlı, canlı, təsirli olması üçün müxtəlif üsul və vasitələrdən istifadə edirəm. Bunların içərisində rollu oyunlara da xüsusi yer ayırıram.
Təcrübəmə əsasən deyə bilərəm ki, rollu oyunlar şagirdlər tərəfindən maraqla qarşılanır. Uzun müddət keçilən mövzu onların yaddaşına əbədi həkk olunur. Rollu oyunlar zamanı şagirdlərin xüsusi qabiliyyəti üzə çıxır. Şagirdlərdən kimisi baş qəhrəman, kimisi aparıcı, kimisi mənfi qəhrəman obrazını
canlandırır. Belə dərslərdən sonra şagirdlər arasında müzakirələr yaranır. Hər bir şagird rollu oyunları aparan obrazlara öz münasibətlərini bildirir, müstəqil fikirlərini söyləyirlər. Həm Azərbaycan tarixi, həm ümumi tarix dərslərində bu üsuldan istifadə edirəm. “Şərqin böyük Fatehi Əmir Teymur” mövzusunda Ankara döyüşünü, “Atillanın Romanı bağışlaması”nı səhnələşdirirəm. Cavanşirin xəlifə Müaviyyə ilə görüşü, Babəkin edamı, Cavad xanın xanımı Bəyim xanımın qəhrəmancasına rus generalına vurduğu zərbə, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatunla Osmanlı sultanı II Mehmetin söhbəti, Şah İsmayıl Xətai ilə Sultan Səlimin Çaldıran döyüşü və bu kimi digər mövzularda rollu oyunlardan istifadə edirəm. Sanki şagirdlərim özlərini o dövrün hadisələri içərisində hesab edir, gözləri ilə hər şeyi görür və şahidi olur, kimə qarşı müsbət və ya mənfi fikirdə olduqlarını söyləyirlər.

Müxtəlif mövzuları – dövlətləri, dövlət başçılarını, tarixi şəxsiyyətləri, qəhrəman qadınlarımızı, mədəniyyət sahəsinə aid olan dərsləri keçərkən tez-tez bu üsuldan istifadə edirəm. Bu üsul şagirdlərdə əməkdaşlığı, tolerantlığı inkişaf etdirir. Belə dərslərdə şagirdlər arasında qarşılıqlı ünsiyyət mövcud olur. Şagirdlərim bu dərslərdə rollu oyunların iştirakçısı olmaqla əsl vətənpərvər ruhunda böyüyürlər. Müsbət keyfiyyətləri əxz edir, mənfi obrazlara qarşı barışmaz mövqedə dayanırlar. Azərbaycan oğullarının düşmənə əyilməzliyini, necə böyük ürək sahibi olduqlarını, ölüm onları yaxalasa belə, yenə vətəni satmayıb, vətənə, torpağa necə möhkəm bağlı olduqlarını anlayırlar. Canlarından keçməyə hazır olub, vətənin bir qarışını düşmənə verməyirlər. Azərbaycan oğulları ilə bərabər Azərbaycan qadınlarının da cəsarətini, qeyrətini, igidliyini görürlər. Azərbaycan xalqının ta qədimdən bügünədək dözümlü, mətanətli gücə və iradəyə malik, yenilməz xalq olduğunu anlayırlar.

Bəli, yetişdirdiyim gənc nəsil bunu bir örnək kimi yaddaşlarına həkk edir. “Biz də igid, qəhrəman, cəsarətli olub, heç vaxt düşməndən qorxmayacağıq. Bütün var qüvvəmizlə Vətən üçün çalışaraq, xalqımızın qeydinə qalacağıq, Yaşasın Azərbaycan!” – deyə şagirdlərim öz fikirlərini söyləyirlər. Bəzən elə olur ki, rollu oyunlarla qurduğum dərslərdən sonra şagirdlərimdən şeir yazanlar da olur. Kimisi vətən, kimisi ana, kimisi torpaq yolunda özünü qurban verən şəhidlərimiz haqqında şeir yazır. Bu da onu göstərir ki, səhnələşdirilmiş dərs onlara yaxşı təsir bağışlayır. Onlar doğru yola çıxmağın, pisi yaxşını ayırd etməyin, vətənimizi necə qorumağın və sevməyin yollarını öyrənirlər. Eyni zamanda dərslərimdə ümummilli lider Heydər Əliyevin hər bir azərbaycanlı üçün vacib olan aşağıdakı sözlərini şagirdlərimə xatırladıram:

“Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, o, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz”.

Elnarə Rəsulova,

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi Şahin Əmirov adına tam orta məktəbin tarix müəllimi
Mənbə:http://www.tehsilproblemleri.com/?p=13754