25.01.2015

Azərbaycanın ilkin dünyagörüşündə heyvan və quş totemləri

Azərbaycanın ilkin dünyagörüşündə heyvan və quş totemlərinin də özünəməxsus obrazlar qalereyası (buynuzlu ana maral, inək - öküz, ilan, aslan – qurd, ağ sunqur quşu totemi və s.) yaradılmışdır. Dünyanın ən mötəbər arxeoloji ensiklopediyalarını bəzəyən maral fiqurlarının totemlə bağlananları qədim türk məskənlərində (Azərbaycanda, Türkiyədə və saklar yaşayan Şimali Qafqazda) aşkar edilmişdir.
Buynuzlu Ana maral xalqın poetik şifahi yaradıcılığında və inanclarında yeganə heyvandır ki, birmənalı münasibətlə qarşılanır. Bayatılarda maralın qaçıb uzaqlaşması insan qəlbinin daşa dönməsinə bərabər sayılır. Maralın Azərbaycan türklərinin əsas totemi kimi qəbul edilməsi son illərdə yurdumuzun müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılarla da təsdiqlənir.
Qeyd edək ki, üç yerdən - Şəki, Şamxor və Ağdaşdan totem maral fiqurları tapılmışdır. Bu tapıntıların nə qədər əhəmiyyətli və mühüm olduğunu nəzərinizə çatdırmaq üçün arxeologiya tarixinə müraciət edib nəticələri əldə edəndə görürük ki, dünyada ancaq bir neçə yerdə totem maral aşkar edilmişdir:Boz qurd. Qurd obrazı bütün tədqiqatçılar tərəfindən skiflərdən əvvəlki çağlara aid edilmişdir. Skif-sibir incəsənətində qurdla bağlı təsvirlər də skiflərdən əvvəlki bəbirin dəyişdirilməsinin nəticəsində meydana gəlmişdir1. Faktlar onu deyir ki, yalnız xalqın baş totemə sitayişi uzun müddət davam edəndə həmin varlığın müqəddəsliyinə inam gen yaddaşına keçir, insan özündan asılı olmayaraq ona xüsusi və birmənalı münasibət bəsləyir – «törətmə» funksiyasını qoruyub saxlayır. Lakin türk (xüsusilə də Azərbaycan) inanclarında qurd əksər hallarda «bələdçi-xilaskar» rolunda çıxış edib, təzə, daha uğurlu yaşayış yerlərini nişan versə də, onun tamamilə əks hərəkətlərin icrasında fəallığını göstərən nümunələr də az deyil. Məsələn, «Arxalı köpək qurd basar» atalar sözünü yada salaq. Ulu babalarımız totem – yaradıcı hesab etdiyi heyvanı köpəyə basdırmazdı. Əslində, Azərbaycan türklərinin yaratdığı mif və əfsanələrdə qurda münasibət birmənalı deyil, iki və bir-birinə əksdir. İnsan-qurd çevrilmələrində insanları vəhşiliyə sövq edir. Qurd dərisinə girən qadınlar hətta öz körpələrini yeyir, nəslin kökünü kəsirlər. Halbuki, gerçəklikdə qurd balasından ötrü özündən qat-qat güclü heyvanlarla vuruşur. Belə nəticə çıxır ki, atəşpərəstlik inancında olduğu kimi qurd həm «mübarək üzlü»dür, həm də nəslin kökünü kəsən şər qüvvədir. Onun bu xüsusiyyəti onlarla mif və əfsanə mətnində özünə yer tapmışdır.
Ağ quş. Azərbaycan xalqının əski çağlarda tapındığı quşlara nəzər salanda görürük ki, göyün dərinliklərinə baş vuranlar və uca dağ zirvələrində yuva salanlar ulularımızın diqqətini daha çox cəlb etmişdir. Təsadüfi deyil ki, F.Rəşidəddinə görə, bayatların onqomu şahin, bayandırlarınkı ağ sunqur, salurlarınkı uc (uça-ğan), bəgdüzlərinki çağır (çağıran), yazırlarınkı isə qartal idi. Yazıçıoğlu Əlidə bu onqomlar olduğu kimi təkrarlanır. Hər ikisi Oğuzun oğlanlarının sayına əsasən altı onqom göstərir. Bu səbəbdən də müvafiq şəkildə hər dörd tayfanın bir müştərək onqomu olur. «Şəgəreyi-türkmən»də isə F.Rəşidəddin və Ə.Yazıçı-oğlundan fərqli olaraq hər tayfanın öz xüsusi onqomu nişan verilir və bəziləri əvvəlkilərlə müqayisədə tamamilə başqa quşa tapınır. Lakin üst-üstə düşənləri də nəzərə çarpır. Məsələn, Salur boyunun onqomu Bürküt, əfşarlılarınkı Çirə-laçın, bayatlılarınkı bayquş, yaparlarınkı qırğıdır. Bu sırada gerçək həyatda rastlaşmadığımız tamamilə mifoloji anlam verən quşlara da rast gəlirik. Məsələn, Cebni (Çepni) boyunun onqomu hümay/kumaydır. Əski türklərin müharibə tanrısı Hüma/Humayın adından götürülmüşdür. Nizami öz yaradıcılığında dəfələrlə humay quşuna müraciət etmişdir. Totem miflərinin əksəriyyəti çevrilmə ilə yekunlaşır, başqa sözlə, qayıdışlıdır. Cildi hansısa şər qüvvə tərəfindən başqa şəklə salınanda qoyulan şərt (əksər vaxt şərt mənəvi amillər əsasında qoyulur) düzgün yerinə yetirildiyi halda tilsim sınır və mifik obraz insan görkəmini alır. «Ağ quş»da isə ilkin totem miflərinə söykənən elə motivlə rastlaşırıq ki, qayıdışa zəmin hazırlanmır. Qurbağa-gəlin İvan-bahadırın məhəbbətini qazandığından təzədən insanlaşır. Yaxud Avropa ölkələrində geniş yayılmış «Qırmızı çiçək» nağılındakı «möcüzəli ər» - bədheybət, qorxunc Kəlləgöz tacirin kiçik qızının qəlbinə yol tapdığı üçün təzədən insanlaşır. Son nəticədə Ağ quş bir növ totemlik haqqını qazanmaq uğrunda heyvan və quşlarla apardığı mübarizədə uduzur. Nəslin kişi başlanğıcı şirlə əlaqələndirilir (şir südü ilə böyüyür). Təsəvvürlərdə şirin sakrallığının vüsəti Ağ quşun totemləşməsinin davamlılığına imkan vermir. Çovğun, qızıl yəhərli at, qara ilan da totemləşməyə çılğınlıqla həvəs göstərir, xəyanət yolunu tutmaqla da olsa, Ağ quşu sıradan çıxardıb yerini tutmaq istəyirlər. Əslində hər iki nağılda məsələnin qoyuluşu eynidir. «Ağ quş»da həyatını dəfələrlə təhlükədən qurtardığı şir mənşəli ərliyə namizəd vəfalı quşa dostluqla, sədaqətlə qarşılıq vermək əvəzinə şər, böhtan yolunu tutur. Ona görə də Ağ quş cildini qayıdışla (insanlaşmaqla) dəyişə bilməyib daşa çevrilir.


Mənbə:RAMAZAN ORUC oğlu QAFAROV    AZƏRBAYCAN TÜRKLƏRİNİN MİFOLOGİYASI