31.08.2014

Nizaminin hökmdar qadın surətləri

Nizaminin qələmə aldığı tarixi qəhrəmanlar və bunlarla əlaqədar təsvir etdiyi hadisələr təkcə şair təxəyyülünün məhsulu olmayıb, məhz mövcud tarixi şəxsiyyət və hadisələrin bədii gerçəkliklə tərənnümüdür. İskəndərin Azərbaycana gəlməsi, Nüşabə ilə görüşü, Şirvandan keçib Dərbəndə getməsi, türk xaqanları ilə diplomatik əlaqələri, sülh-dostluq müqavilələri, əhd-peymanları, Orta-Asiyaya, Çinə səfəri və sair də Nizamiyə məlum olan mötəbər tarixi dəlillər, həqiqətlər idi. Və bunları inkar etmək üçün, hələlik heç kəs, heç bir tədqiqatçı ortaya tutarlı fakt-dəlil çıxara bilməyib. Bu həqiqəti təsdiq üçün isə tarixdə kifayət qədər dəlillər vardır.
Nizamidə verilən, təsvir olunan hadisələr tarixi həqiqətlərlə səsləşirsə, bir-birinə uyğun gəlirsə, bununla tariximizin hələ də qaranlıq qalan səhifələri işıqlandırılır, müəyyən mənada durulmuş olur. Problemin ciddiliyi və tarixi-elmi əhəmiyyəti də bundadır.
Biz Nizaminin poeziyasına-ağlına, zəkasına inanırıqsa, müraciət etdiyi dəlillərin də tarixiliyinə, həqiqət oluğuna inanmalı, bu dəlillərə ciddi yanaşmalıyıq.


Nizami yaratdığı azərbaycanlı hökmdar qadın surətlərini- Nüşabəni, Məhinbanunu, Şirini də beləcə tarixi həqiqətlər mövqeyindən işləmiş, ölməz tarixi-bədii surətlər yaratmışdır.
"Mədəniyyət mətbəxtdən başlayır" deyiblər. Nüşabənin İskəndərin qabağına açdırdığı qonaqlıq süfrəsinə nəzər salaq; burada nə yoxdur; necə deyərlər, quş iliyi-can dərmanı…
Burada Nizami əsərlərinin "El variantları"ndakı bir səhnəni xatarlayaq; İskəndər Nüşabədən yeddi ilin xəracını tələb edir.
"İskəndər dedi:
-Mənim qoşunumun xərci böyükdür.
Nüşabə dedi:
-Nə olsun, biz də dərvişin olduğundan, bir şey düzəldərik ki, sənin yanında başımız aşağı olmasın.
İskəndər dinmədi. Nüşabə İskəndərin qoşununa lazımi qədər hörmət etdi, üç gün-üç gecə İskəndərə böyük hörmət etdi, qazanlar asdırdı, məclis quruldu, dördüncü günü Nüşabə yeddi ilin xəracını, bir qoşunun illik azuqəsini öz xəzinəsindən ayırıb qatırlara yüklətdikdən sonra İskəndərə dedi:
-İskəndər, mən bu gözəl şəhərimi dağıtdırmaq, əhalini qırdırmaq istəmirəm. Dünya malı nə olan şeydir, sabah düşüb öləndən sonra sənə bir qarış yer, beş arşın kəfən qalacaqdır, indi zəhmət çək, çıxaq bayıra.
İskəndər Nüşabə ilə bayıra çıxdı, İskəndər gördü yüzə kimi yüklənmiş qatır hazır dayanıbdır. Xəbər aldı:
-Bu qatırlar nədir?
Nüşabə dedi:
-Yeddi ilin xəracıdır.
İskəndər dedi:
-Mən xərac sərrafıyam, bu on dörd ilinkidir.
Nüşabə dedi:
-Məgər sənin niyyətin ölkələri dağıdıb, qanlar axıtmağın dünya malından ötrü deyilmi? Apar, dünya malı dünyada qalacaqdır.
Bu sözdən sonra İskəndər dedi:
-Xəracı sənə bağışladım, geri qaytar qatırları.
Nüşabənin sözü İskəndərə böyük təsir etdi. Bu şəhərdən heç bir şey aparmadı" [17, s.124-125].
Bu, artıq xalqımızın "Dünya malı dünyada qalar" - dahi kəlamının Makedoniya fatehinə real təsdiqi idi; xalq dühasının təntənəli nümayişi idi; İskəndəri qandan-qadadan, qarətdən çəkindirmək üçün ona ibrət dərsi verirdi.
Nizamidən, onun Nüşabə surətindən söhbət düşəndə ortaya tez-tez sual çıxır, soruşurlar: bizim, tarixdə Nüşabə adlı hökmdarımız olubmu ki, Nizami onu yaradıb?
Bu sualın cavabı belədir.
Əvvələn, azərbaycanşünaslıqda axır vaxtlar müəyyənləşdirilib ortaya çıxarılan belə bir fikri xatırlayaq:
"Makedoniyalı İskəndərlə hərbi mübarizənin faydasız olduğunu duyan ayıq siyasətçi və uzaqgörən diplomat Atropat yunan-makedoniyalılarla yaxınlaşaraq danışıq yolunu seçdi. O, Makedoniya padşahının yaxın silahdaşlarından Perdikk ilə qohum oldu; ona öz qızını verdi" [34, s.30].
Atropatın qızının İskəndərin sərkərdəsi və yaxın silahdaşlarından birinə verildiyi faktı Nizamidəki Bərdə padşahı Nüşabənin İskəndərin sərkərdələrindən birinə ərə verildiyi faktına uyğun gəlir. Fərq ancaq adlardadır: tarixdə Perdikk, Nizamidə Dəvali. Belə ad dəyişikliyi Nizamidə müşahidə olunan haldır. Nüşabənin Atropatın qızı olduğu faktı, hələlik, bizə məlum deyil. Bu barədə Nizami də bir söz demir; şair onun əsli-nəcabəti haqqında bir beyt ilə kifayətlənib:

"Mərdliklə belinə bağlamış kəmər,
Kəyan nəslindənəm deyə fəxr edər" [11, s.196].

Lakin ağlın məntiqi deyir ki, Atropatena ölkəsinin Arazdan cənubda yerləşən və mərkəzi indiki Təbrizin yaxınlığındakı Qazaka (Qəncə) təxmin edilən hissəsinə Atropat hökmranlıq etdiyi kimi, Arazdan şimalda yerləşən və mərkəzi Bərdə (m.ö.horum//hürum) olan hissəsinə də "Nüşabə" padşahlıq edə bilərdi…
Sonra, Nüşabədən, təxminən iki yüz il qabaq Azərbaycan dövlətinin başçısı Araz hökmdarı, qüdrətli qadın Tomiris olmuşdur. Heredot "Tarix" kitabında bu barədə məlumat verir; Tomirisin hökmdarlıq dövrü, ana torpağın toxunulmazlığı uğrunda Kirə (Keyxosrova) qarşı apardığı şanlı döyüşlər və çaldığı qələbə Azərbaycan tarixinin parlaq səhifələri sayıla bilər. Bu məsələdə bizim tarixçilərimiz ağzına su alıb susduğu halda, yenə də poeziya dilə gəlir, Ərəstun demişkən, "poeziya tarixdən daha artıq ciddi" olduğunu təsdiq edir. 40-cı illərdə S.Vurğun İran qəsbkarlarının təcavüzünə cavab olaraq, "Yandırılan kitablar" şerində həmin tarixi səhifələrə işarə edərək yazırdı:

"Bir varaqla tarixləri, utan mənim qarşımda
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Koroğlunun, Səttarxanın çələngi var başımda
Nəsillərim qoymayacaq daş üstündə daşını;
Anam Tomris kəsmədimi Keyxosrovun başını"
[10, s. 213]
S.Vurğun nə üçün Tomirisə "anam" deyə müraciət etmişdi. Çünki Tomiris Azərbaycan milli dövlətinin banilərindən idi, o, "ana" adlanmağa layiq idi və şair yanılmamışdı.
Təkar edirik:
Nüşabə adında hökmdar tarixdə olmasa da (hələlik, biz bunu qəti təsdiq edə bilməsək də), onun prototipi - Araz hökmdarı Tomiris mövcud idi; o da İran fatehi Kirlə beləcə, bundan da ağır üz-üzə gəlmişdi… Nizami onun timsalında Nüşbəni yarada bilərdi, buna onun mənəvi haqqı vardı.
Eyni sözləri "Xosrov və Şirin"dəki Məhinbanu ana və vəliəhd Şirin haqqında da demək olar.
Azərbaycan-türk dövlətçiliyi tarixində qadın padşahları olmuşdu və şair bunları bədii əsərə, poeziyaya gətirirdi. Bu, Nizaminin böyük və tarixi xidməti idi. Şair ustalıqla Məhinbanunun dililə bu ənənəvi hökmdarlar silsiləsinə bağlılıq və sədaqət təlqin edir. hökmdar ululara ehtiram bəsləyir, onların adının həmişə uca tutulduğunu iftixar hissilə yad edirdi. Məhinbanu Şirini ulu hökmdar baba Əfrasiyab (Alp Ər Tonqa) və onun nəslindən olması ilə fəxr etməyə, onun şərəfini həmişə uca tutmağa çağırır; İran şəhzadəsi Xosrovla görüşməyə izn verərkən, ona anladır ki, özünü ağır aparsın, aldanmasın, əsli-nəcabətini qorusun.
Əfrasiyab miladdan öncə VII əsrdə Turan imperiyasının başçısı, imperatoru və tarixdə İran-Turan müharibələrinin əfsanəvi qəhrəmanıdır. Türk xalqları arasında onunla bağlı dastan, rəvayət və əfsanələr, onun xaincəsinə, ölümünə yaranmış ağılar məşhurdur... Məhinbanu türk hökmdarlar nəslinin bir həlqəsidir. Lakin o, Nizaminin təsvirincə, hökmdar olmaqdan əlavə, həm də ismətli, qayğıkeş, pak və mehriban azərbaycanlı-türk anadır, əsl dayə-tərbiyəçidir. Vəliəhd-gələcək hökmdar Şirinin böyüyüb boya-başa çatması, əxlaq-etika, ədəb-ərkan və adət-ənənələr üzrə, milli ruhda tərbiyə alıb kamala çatmasında onun əməyi böyükdür. Biz bunu Şirinə verdiyi ağıl, öyüd-nəsihətdə görür, müşahidə edirik.
"Xosrov və Şirin"də ayrıca bir "Məhinbanunun Şirinə öyüd verməsi" fəsli var. Orada Məhinbanu dönə-dönə Şirinə deyir:
“Ey gözümün nuru! Sən qapısı möhürlü bir xəzinəsən, dünyanın yaxşı-pisini sınamalısan. Dünya kələklər işlətməyi bacarır, o, dürrü oğurlayar, yaqutu əzər. Ürəyimə damıb ki, bu cahangir səninlə evlənmək fikrindədir… Məbadə şirin sözünə aldanasan. Səni rüsvay edib sonra atar,.. səni vəfalı və namuslu görsə, el qaydası ilə gəlib səni məndən istər. Namuslu qız kimi dünyada adın çəkilər. Dünya şahlığı sənin olar… [14 a, s.115-116].
Azərbaycan qadını üçün, Şirin üçün ismət, paklıq, təmiz ad, bakirəlik dünyanın var-dövlətindən artıqdır. Şirin bunu çox gözəl bilir, onun tərbiyəsi bu ruhda olub. Buna görə Məhinbanunun nəsihətlərinə belə cavab verir, Xosrovun al dilinə aldanıb təslim olmayacağna and içir:
"Onun camalının eşqindən qan ağlasam da, Yalnız halal arvadı olacağam" [14 a, s.116] -

deyir. Ancaq bundan sonra, Məhinbanu ananın ürəyinə toxtaq gəlir. Şirin nəinki aldanır, təslim olur, əksinə ağlı, dərrakəsi, şirin dili, sözü-söhbəti ilə Xosrovu ayıldır, onu qeyrətə gətirir, ona düşdüyü ağır, böhranlı vəziyyətdən xilas olmaq yollarını öyrədir, ona, əldən getmiş taxt-tacını qaytarmaq üçün güclü mənəvi təsir göstərir.

"Mən durmuşam burda, şahlığı al sən,
Öz təxtini qaytar, əlindəyəm mən…
Bu dövlət əzəldən siz nəsildədir
Çox ayıb olsun ki, başqa əldədir" [14, s.131-132].

Xosrov Şirinin ağlı, tədbiri önündə təslim olur və etiraf edir ki:

"Mənə öz halımdan verərək xəbər,
Sözü yaxşı, yaman dedin müxtəsər" [14, s.134].

Bu, böyük mənəvi qələbə idi. Gənc vəliəhd kifayət qədər ağıllı, zəkalı və tədbirli idi, sələfi Bərdə hökmdarı nüşabənin səviyyəsinə yüksəlmişdi. Nüşabə də beləcə Makedoniyalı fatehə qalib gəlmiş, onu sarsıltmışdı. Diqqət edin! Eyni halda Nüşabə dünya fatihi Makedoniyalı İskəndərə təsir edir, ona "mərdliyin yolunu göstərir", onu fatehlikdən əl çəkməyə çağırır; İskəndər etiraf etməli olur, öz dili ilə deyir ki;

"Eşq olsun bu fikri sağlam qadına
Mərdliyin yolunu göstərdi mana" [19, s.218].

Heredotun "Tarixi"ndə hökmdar Tomiris İran hökmdarı Kiri eyni şəkildə sülhə dəvət edir, o isə buna məhəl qoymur, buna görə də onu məhv edir, hətta ölüsünün başını kəsdirir… Bunlar hələ bizdə tariximizin açılmamış parlaq səhifəsi, dövlətçilik ənənələrimizin davamıdır.
Bu tarix yazılmalıdır!!
Deməli, Azərbaycan qadın hökmdarları nəsli davam və biri digərini əvəz edirdi. Nizami tarixi baxımdan bu həqiqətləri qələmə alıb bədii surətlər silsiləsi yaratmış, onları bir-birini tamamlayan şəxsiyyətlər kimi, dünya miqyasına çıxarmışdı.
Nizaminin hökmdar qadınları xalqımızın mənəvi aləmi, ağlı, zəkası, tədbiri, dövləti idarə təcrübəsi və bacarığının bədii təsdiqidir.
Lakin biz Şirinin və Nüşabənin simasında Nizaminin daha böyük və bəşəri fikirlərinin, dövlətçiliyi, ailə-məhəbbət fəlsəfəsinin mahiyyətini görür və dərk edirik. Məsələ Nizami yaradıcılığı üçün olduqca mühümdür, insan həyatının mənası ilə sıx bağlıdır. Bu barədə növbəti bölmədə bir qədər ətraflı dayanılacaq.




http://uludil.gen.az/nizami_0008.php