26.08.14

Karvan yolları.

Ənənəvi quru yolları arasında iqtisadi-ticarət əhəmiyyətinə və yükdaşıma dövriyyəsinin həcminə görə karvan yolları xüsusi yer tuturdu. Qədim və orta əsrlər dövründə beynəlxalq ticarət əlaqələri karvan yolları vasitəsilə həyata keçirildiyindən bu yollar Azərbaycanı dünyanın yaxın və uzaq ölkələri ilə əlaqələndirirdi. Çindən başlanan qədim «İpək yolu»ndan tutmuş Şərq ölkələrindən müxtəlif səmtlərə baş alıb gedən tranzit ticarəti yollarının çoxu Azərbaycandan gəlib keçirdi. Azərbaycanın paytaxt əhəmiyyətli şəhərləri, habelə iri sənət və ticarət mərkəzləri tarix boyu beynəlxalq tranzit ticarəti yollarının başlıca dayanacaq yerinə, alışveriş
məntəqələrinə çevrilmişdilər.


Antik dövrdən başlayaraq Çin, Hindistan və digər Şərq ölkələrindən Yunanıstan, Roma və Bizansa doğru uzanıb gedən karvan yollarının bir qismi Azərbaycanın tarixi ərazilərindən,Atropatena və Albaniya şəhərlərindən ötüb keçirdi. Erkən orta əsrlərdə Reydən başlanan karvan yolları Zəncan, Miyana, Sarab, Ərdəbil, oradan da Qafqaza gedirdi.118 Reydən Qazaka, Şəhrizur və Mədain istiqamətinə gedən karvan yolu da mühüm ticarət əhəmiyyəti kəsb edirdi. Bu yol Şərq ölkələrini Qərblə birləşdirən ən işlək və çox qızğın alış-verişə malik mühüm ticarət yollarından biri olmuşdur.
Qədim dövrdə Ərdəbil şəhərindən bir yol Gilan ərazisindən keçərək, Amard ölkəsinə,
oradan da Hirkaniyaya gedirdi. Bu yolun davamı Orta Asiya vasitəsilə Hindistan və Çinə qədər uzanırdı.
Ərdəbildən Marağaya gedən yol Zəncan yaxınlığında iki qola ayrılırdı. Ərdəbildən
Miyanayadək olan yol Miyanadan Marağaya olan məsafəyə bərabər idi.
Beynəlnəhreyndən Zaqroş və Bisitun dağına keçib, oradan Dərbənd dəhlizi vasitəsilə
şimala getmək olurdu. Muğandan keçən həmin şimal yolundan Albaniya şəhərlərinə qollar ayrılırdı.
Azərbaycan tarixinin müxtəlif mərhələlərində baş verən siyasi-hərbi təlatümlər və bunun ağır nəticələri sayəsində yaranan iqtisadi tənəzzül mərhələləri ilə bağlı olaraq, beynəlxalq karvan yolları kimi, daxili ticarət yolları da öz şəmtini dəyişmişdir.
Beynəlxalq və daxili karvan yolları çox vaxt kəsişir, yaxud bir-birinə qovuşaraq ticarət
əlaqələrinin geniş şəbəkəsini əmələ gətirirdi.Orta əsr karvan yollarının bir qismi XIX əsrə qədər özlərinin iqtisadi-ticarət əhəmiyyətini itirməmişdir. «Xan yolu» adı ilə bəlli olan və orta əsrlərdə Gürcüstana, oradan da Avropa ölkələrinə uzanıb gedən beynəlxalq karvan yolunun bir hissəsi baş Qafqaz silsiləsinin ətəyindən
keçməklə, daxili əlaqə yolu kimi, Şamaxı-Zərgəran-Vəlibinə-Topçu-Vəndam-Şəki təriqi ilə davam edirdi.Daxili və xarici ticarət əlaqələrinə birgə xidmət edən müştərək karvan yolları ölkənin digər bölgələrində də mövcud idi. Naxçıvanın duzunu, Abşeronun neft və duzunu, Gədəbəy, Qəlizur,Ləlvər mədənlərinin misini, Lahıcın mis qablarını, Şəki-Şirvanın ipək mallarını, Gəncə,Naxçıvan, Ordubadın al-qumaşını daxili karvan yolları ilə xüsusi peşə sahibləri olan çarvadarlar daşıyırdılar. Onlar yük daşımaq məqsədi ilə qatar-qatar dəvə saxlayır və bu gəlirili peşə sahəsindən əldə etdikləri qazancla yaşayırdılar.
Bakı-Tiflis dəmir yolu çəkiləndən sonra (1883-cü il) dəvə ilə yük daşıma və çarvadarlıq
peşəsi tənəzzülə uğradığından ölkədaxili karvan yollarının bir qismi tərk olunmağa, yeni nəqliyyat marşrutları yaranmağa başladı.
Bununla belə, köhnə ticarət yollarının bir qismi XIX əsrdə əvvəlki qayda ilə işlək əlaqə
yolu kimi davam edirdi. Avropa malları Şamaxıya yenə də Türkiyənin İzmir limanı və Ərzrum vasitəsilə Gürcüstandan ötərək gətirilirdi. Türkiyədən gələn başqa bir ticarət yolu İrəvandan keçib Gəncəyə daxil olurdu.Qara dənizin şimal sahilləri boyunca uzanan digər bir tranzit ticarəti yolu yenə də Gürcüstandan keçməklə, Balakən-Şəki-Şamaxı təriqi ilə Bakıya çatırdı.Bunlardan əlavə, Şəkidən Ağdaş və Ərəş vasitəsi ilə Gəncə, Şuşa və Lənkərana uzanıb gedən ticarət yolları karvan yolu kimi, yükdaşıma dövriyyəsini azaltsa da, işlək əlaqə yolu olaraq qalırdı. Bu cür daxili əlaqə yolları Gəncədən Şuşa-Cavad-Lənkəran-Astara təriqi ilə, Şamaxıdan isə Cavad keçidi və Xudafərin körpüsu istiqamətində İran şəhərlərinə uzanan əlaqə yolları
iqtisadi-ticarət əhəmiyyətini hələ də itirməmişdi.
XIX əsrin ikinci yarısından etibarən sənaye şəhəri kimi, Bakının iqtisadi qüdrətinin artması ilə əlaqədər olaraq, Bakı-Tiflis magistral yolu Azərbaycanın birinci dərəcəli əhəmiyyət akəsb edən şahrah yoluna çevrilmişdir. Azərbaycanın ərazisini iki hissəyə bölən bu magistral yol şərqdən qərbə doğru uzandıqca ölkənin ucqar əyalətlərindən mərkəzə doğru istiqamətlənən əlaqə yollarını özünə qovuşdurub böyük yükdaşıma dövriyyəsinə malik olan geniş nəqliyyat şəbəkəsi əmələ gətirmişdir. Nəqliyyat dəhlizi yaradan bu magistral yolun bir ucu uzanıb Dəryal dərəsiilə,digər ucu isə Dərbənd dəhlizi vasitəsilə Azərbaycanı Rusiya və Avropa ölkələri ilə qovuşdururdu. Ölkənin baş yolu sayılan Bakı-Tiflis magistralı bir qədər sonralar çəkilmiş eyniadlı dəmiryolu xətti ilə yanaşı uzanmaqla, yükdaşıma dövriyyəsinin əsas ağırlığını öz üzərinə götürmüşdür.
Bu yolun nəqliyyat əhəmiyyətini artıran təkcə onun hər iki başının Rusiya ərazisinə
çıxması deyil, həm də Bakıya çatandan sonra su yolu ilə Xəzəryanı ölkələrin limanlarına mal və sərnişin daşınmasını təmin etməsi idi. Bu mənada Bakı-Tiflis magistralı Azərbaycanın nəqliyyat yolları şəbəkəsinin şah damarı sayılırdı.




Mənbə:ARİF MUSTAFAYEV   " AZƏRBAYCANIN   MADDİ MƏDƏNİYYƏT TARİXİ"
(etnoqrafik materiallar əsasında tipoloji tədqiqat)