09.06.14

Mikayıl Cabbarovdan təklif

Sənaye sahələri ilə ali təhsil müəssisələri arasında əlaqələr daha da genişlənməli və sənaye müəssisələri kadr hazırlığında bilavasitə iştirak etməlidir. Trend xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov "Bakıeletrikşəbəkə" ASC ilə birgə təşkil edilmiş "Eleketroenergetikada kadr problemləri - Gələcəyə baxış" adlı konfransda deyib.

Nazirin sözlərinə görə, hazırda təhsilin keyfiyyəti və iqtisadiyyatın inkişafının mövcud tələbləri arasında fərqin aradan qaldırılması üçün sənaye sahələri ilə ali təhsil sistemi arasında sıx əməkdaşlığın qurulması zərurətə çevrilib: "Xüsusi diqqət təhsil alanların istehsalat təcrübəsinə, birbaşa onların gələcək iş yerlərində təşkil olunmasına yönəlməlidir. İstehsalat təcrübəsinin düzgün təşkili və onun nəticələri həm işəgötürən, həm də tələbə üçün gələcək iş fəaliyyəinə dair düzgün seçim etməsi baxımından mühüm faktordur. Eyni zamanda istehsalat təcrübəsi təhsil müəssisəsi üçün verdiyi təlimin nəticələrini kənardan ölçülməsi alətinə çevrilməli və tədris müəssisənin təkmilləşdirilməsi istiqamətlərini müəyyən etməlidir".


M.Cabbarov qeyd edib ki, ali təhsilin və bütövlükdə kadr hazırlığının keyfiyyəti əhəmiyyətli dərəcədə təhsil proqramının dövlət standartlarının məzmunundan asılıdır. Təhsil Nazirliyi hazırda təhsil proqramlarının dövlət standartlarını yeniləşdirərək təkmilləşdirilməsini həyata keçirir. Bu məqsədlə Təhsil Nazirliyi işə götürənlərlə, sənaye müəssisələri, dövlət qurumları ilə müvafiq işlər görür və müvafiq dövlət strukturlarına müraciət hazırlayıb: "Sənaye müəssisələrinin reak təklifləri əsasında hazırlanacaq yeni təhsil proqramları əsasında aparılacaq tədris müasir tələblərə cavab verən kadr hazırlığını təmin etməyə zəmin yaradacaq".


Mənbə:http://portal.edu.az/index.php?r=article/item&id=1172&lang=az