09.05.14

İkinci Dünya müharibəsi



İkinci Dünya Müharibəsi — XX əsrdə baş vermiş iki dünya müharibəsindən ikincisi. Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. 
Lakin müharibədən əvvəlki çatışmalar da nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.
İkinci dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.


2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.

İkinci Dünya Müharibəsi milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə döndü. Belə ki, öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran nasistlər 6 milyon yəhudinin həyatına son qoydular.

Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya və Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Hitler Koalisiyası-na qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən “soyuq müharibə”yə başladılar.

Müharibə 1945-ci ildə Antihitler Koalisiyası-nın qələbəsi ilə başa çatdı. Dünya siyasi xəritəsi dəyişikliyə uğradı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradıldı. Bu zaman Afrika və Asiyada azadlıq uğrunda hərəkatlar başlanırdı

* 1 sentyabr Polşaya hücum olundu İkinci dünya müharibəsi başlandı.

* 3 sentyabr İngiltərə və Fransa Almaniyaya müharibə elan elədilər.

* 5 sentyabr ABŞ öz neytrallığını elan etdi.

* 17 sentyabr Sovet qoşunları Polşaya daxil oldular.

* 27 sentyabr Varşavanın kapitulyasiya olunması və almanların Polşaya yürüşünün başa çatması.

* 12 oktyabr Almaniyadan Polşaya yəhudilərin köçürülməsi. Təhlükəsizlik polisinin əmrii ilə 2 həftə sonra yəhudilər fərqləndirmə nişanı kimi sarı ulduz taxmağa başladılar.

* 8 noyabr Münxendə uğursuz sui-qəsd.

* 30 noyabr SSRİ Finlandiyaya müharibə elan edir.

 1937

1937-ci il 7 iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar.

1938

* 15 iyul-10 avqust Xasan gölü ərazisində Sovet-yapon silahlı qarşıdurması yarandı.




1940

* 15 mart Sovet-fin müharibəsi sona yetir.

* 9 aprel Alman qoşunları elan etmədən Danimarka və Norveçə soxuldular.

* 10 aprel Sovet qoşunları tərəfindən pribaltika respublikalarının tutulması.

* 22 iyun Fransanın kapitulyasiyasına dair akt imzalandı.

* 13 avqust Alman aviasiyası Böyük Britaniyanı bombardman etməyə başladı.

* 23 sentyabr İtaliya Şərqi Afrikaya yürüş etdi.

* 27 sentyabr Almaniya, Yaponiya və İtaliya arasında Üçlük hərbi sazişi bağlanır.

* 2 noyabr ABŞ prezidenti Franklin Ruzvelt bütün ölkələrə aqressorlarla mübarizədə kömək təklif elədi.

* 20 noyabr Macarıstan “Üçlüyə” daxil olur.

 1939

23 avqust Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalandı. Məhz həmin bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım oldu.
1 sentyabr Polşaya hücum olundu İkinci dünya müharibəsi başlandı.
3 sentyabr İngiltərə və Fransa Almaniyaya müharibə elan elədilər.
5 sentyabr ABŞ öz neytrallığını elan etdi.
17 sentyabr Sovet qoşunları Polşaya daxil oldular.
27 sentyabr Varşavanın kapitulyasiya olunması və almanların Polşaya yürüşünün başa çatması.
12 oktyabr Almaniyada Polşaya yəhudilərin köçürülməsi. Təhlükəsizlik polisinin əmrii ilə 2 həftə sonra yəhudilər fərqləndirmə nişanı kimi sarı ulduz taxmağa başladılar.
8 noyabr Münhendə uğursuz sui-qəsd.
30 Noyabr SSRİ Finlandiyaya müharibə elan edir.


1940

15 mart Sovet-fin müharibəsi sona yetir.
9 aprel Alman qoşunları elan etmədən Danimarka və Norveçə soxuldular.
10 aprel Sovet qoşunları tərəfindən pribaltika respublikalarının tutulması.
22 iyun Fransanın kapitulyasiyasına dair akt imzalandı.
13 avqust Alman aviasiyası Böyük Britaniyanı bombardman etməyə başladı.
23 sentyabr İtaliya Şərqi Afrikaya yürüş etdi.
27 sentyabr Almaniya, Yaponiya və İtaliya arasında Üçlük hərbi sazişi bağlanır.
2 noyabr ABŞ prezidenti F.Ruzvelt bütün ölkələrə aqressorlarla mübarizədə kömək təklif elədi.
20 noyabr Macarıstan “Üçlüyə” daxil olur.






1941

* 1 mart Almaniya təzyiqi ilə Bolqariya da “Üçlüyə” daxil olur.

* 6 aprel Alman hərbi qüvvələri Yuqoslaviya və Yunanıstana soxulur.

* 9 aprel Britaniya aviasiyası Berlini bombardman edir.

* 1 iyun İngiltərə ordusu Bağdada soxulur və Livan və Suriyaya hücum edir.

* 16 iyun ABŞ hakimiyyəti öz ərazisində yerləşən bütün Almaniya səfirliklərinin bağlanmasını tələb edir.

* 22 iyun Almaniya SSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayır. Burda onun müttəfiqləri Rumıniya, Macarıstan, Slovakiya, İtaliya və Finlandiyadır.

* 12 iyul Almaniya qarşı sovet-ingilis birliyinə dair saziş imzalanmışdır.

* 11 sentyabr Amerika dəniz hərbi qüvvələri ABŞ su sərhədlərinə daxil olduqları halda Almaniya gəmilərinə hücum etmək əmrini alır.

* 30 sentyabr Faşistlər Moskvaya hücuma başladılar.

* 5 dekabr Sovet qoşunları Moskva ətrafındakı faşistlərə əks-hücum edərək, onları 250 kilometrədəkdək uzaqlaşdırmağa müvəffəq oldular. Böyük Britaniya Finlandiya, Macarıstan və Rumıniyaya müharibə elan etdi.

* 7 dekabr Yaponlar Amerikanın Havay adalarında yerləşən Prel Harbor hərbi dəniz limanına hücum edərək, elan edilməmiş müharibəyə başladılar.

* 11 dekabr Çin Almaniya və İtaliyaya müharibə elan etdi.

* 20 dekabr Hitler vətəndaşlarına müraciət edərək, könüllü olaraq, Şərq cəbhəsindəki qoşunlar üçün isti geyim təmin etməyi xahiş etdi.

1942

* 1 yanvar Vaşinqtonda 26 ölkə “Üçlüy”ə daxil olan ölkələrlə heç bir sahədə əməkdaşlıq etməmək haqqında saziş imzalandı.

* 20 yanvar Berlində “Vanzey konfransı”. Yüksək rütbəli faşist məmurları “yəhudi problemini kökündən həll etməy”ə dair müzakirələr apardılar.

* 18 aprel ABŞ hava qüvvələri Tokionu havadan bombaladı.

* 24 aprel Alman hava qüvvələri ingilis tarixi və mədəni obyektlərini hətta həmin obyektlərin hərbi məqsədi olmasa da bombalanması əmrini aldı.

* 13 sentyabr Stalinqrad uğrunda döyüşlər başlandı.

* 2 dekabr Çikaqoda yer üzündə ilk nüvə reaktoru fəaliyyətə başladı. Bu reaktorun yaradıcılarından biri də İtaliyadan emiqrasiya etmiş fizik Enriko Fermi idi.

1943

* Kasablankada Ruzvelt və Çerçilin iştirakıyla konfrans açıldı. Amerika və İngiltərə birgə strateji fəaliyyət haqqında və Şimali Afrikada 2 iri miqyaslı operasiya haqqında razılığa gəldilər.

* 31 yanvar- 2 fevral Stalinqrad döyüşü sona yetir.

* 19 Aprel Varşavada 56 min yəhudi qətlə yetirilirdi

* 13 mart Şimali Afrikada bütün alman-italyan qoşunları ingilislər tərəfindən hərtərəfli mühasirəyə alınaraq təslim edildi.

* 5 iyul-23 avqust Kurskda vuruşmalar. Bu vuruşmalar sovet-alman qoşunlarının cəbhədəki vəziyyətini dəyişməsi yolunda həlledici oldu.

* 10 iyun Sovet qoşunları Sisiliyadadır. İtaliya krali Viktor Emmanuel Mussolinin düşmənləri arasında əlaqə axtarır.

* 24 iyul İngilis aviasiyası Hamburqu fosforlu bombalarla bombardman edir. Nəticə şəhərin yarısı darmadağın edilmiş, 30 min adamın həyatına son qoyulmuşdur.

* 25 iyul Benito Mussolinin yaxalanması və tutulması. İtaliya kralı Viktor Emmanuel ölkədə yeni hakimiyyətin formalaşması uğrunda əhəmiyyətli addımlar atır. 28 iyulda İtaliyanın faşist diktaturasından azad olunması elan olunur.

* 13 oktyabr İtaliya Almaniyaya müharibə elan etdi.

* 28 noyabr İlk dəfə Stalin, Ruzvelt və Çerçilin birgə iştirak etdiyi Tehran konfransı başlayır.

* 26 dekabr Ruzvelt və Çerçilin iştrak etdiyi Qahirə konfransı. Müttəfiqlərin Türkiyəni Almaniyaya müharibə elan etməsi barədə uğursuz təklifləri.

1944
* 6 iyun Sovet qoşunları Normandiyaya daxil olur. İkinci frontun açılması.

* 20 iyul Hitlerə qarşı təşkil olunmuş uğursuz sui-qəsd.

* 1 avqust Varşavada general Tadeuş Borkaevskinin başçılığı altında faşist Almaniyasına qarşı üsyan başlayır. Hitler Varşavanın yerlə bir edilməsi haqqında əmr verir. Üsyançıların SSRİ və Böyük Britaniya tərəfindən dəstək haqqındakı ümidləri boşa çıxdı. Üsyanda 200 min polyak vəfat edir. 2 oktyabrda üsyan yatırıldı.

* 25 avqust Rumıniya Almaniyaya müharibə elan edir.

* 19 sentyabr SSRİ və Finlandiya arasında müvəqqəti sülh sazişi imzalandı.

* 21 oktyabr Amerika qoşunları ilk dəfə olaraq, iri alman şəhərlərindən biri olan Axeni aldılar.

* 31 dekabr Macarıstandakı yeni hökumət Almaniyaya müharibə elan etdi.

1945
* 27 yanvar Qızıl Ordu Osventsim konslagerini azad edir. Bu zaman orda 7 min əsir vardı. Osventsim fən böyük lagerlərdən biri olub faşist vəhşiliyinin simvolu idi. Bu lagerdə əsirlikdə olanların sayı bir milyon üç yüz milyondan çox idi. Onlardan doqquz yüz mini qaz kameralarında boğulmuş və güllələnmişdir. İki yüz mini isə aclıq və xəstəlikdən, vəhşi qaydalardan və müxtəlif ağlasığmaz tibbi ekspertlərdən vəfat etmişdir.

* 4 fevral Stalin, Çerçil, Ruzveltin iştirakı ilə Yalta konfransının açılışı. Müttəfiqlər Yaponiyaya qarşı mübarizədə birlikdə olmaq haqqında razılığa gəldilər.

* 13-14 fevral Drezdenə hava hücumları edilir. Həlak olanların dəqiq sayı olmasa da, 60-245 min arasında olduğu təxmin edilir.

* 2 mart Amerika qoşunları Reynə gəlirlər.

* 10 mart Tokyo Amerika tərəfindən bombardman edilir. 80 min nəfər həlak olmuşdur.

* 12 aprel Franklin Ruzvelt vəfat edir. Prezidenti Harri Trumen əvəz edir.

* 16 aprel Sovet qoşunları Berlin üzərinə yürüş edir. 25 aprel tarixində şəhər tamamilə mühasirəyə alınır.

* 25 aprel Amerikan və Sovet qoşunları Torqau şəhərində, Elba yaxınlığında görüşürlər.

* 28 aprel Benito Mussoliini partizanlar tərəfindən güllələnir.

* 30 aprel Adolf Hitler intihar edir.

* 8 may Berlin yaxınlığında, Karlsxortda imzalanan aktda Alman qoşunlarının zərərsizləşdirilməsi və fəaliyyətinin dayandırılması şərti etiraza baxılmadan irəli sürülmüşdür.

* 9 may SSRİ Berlinə daxil olur və II Dünya Müharibəsinin qələbə ilə başa çatması.Faşizmin süqut etməsi.

* 16 iyul ABŞ-da Nyu- Meksiko səhrasında dünyada ilk dəfə nüvə silahı təcrübə olunmuşdur.

* 17 iyul Stalin, Trumen, Çerçilin iştirakı ilə keçirilən Potsdam konfransında Almaniyanın gələcək taleyi müzakirə olunur.

* 6 avqust ABŞ Xirosimaya atom bombası atır. 100 mindən çox adam vəfat edir.

* 8 avqust SSRİ Yaponiyaya müharibə elan edir.

* 9 avqust ABŞNaqasakiyə atom bombası atır. 36 mindən çox adamın həyatına son qoylur.

* 14 avqust Yaponiya imperatoru Xiroxito kapitulyasiyanı qəbul etdiyini elan edir.
* 2 sentyabr Tokioda Amerika gəmisi “Missuri”nin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzaladılar.
14 noyabr Başlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nyunberq prosesinin başlanması.


İkinci Dünya Müharibəsi → Müharibənin başlanması

XX əsrin 30-cu illərinin sonu üçün dünyada beynəlxalq vəziyyət olmazın dərəcəsində gərginləşmişdi. Bu zaman dünyada üç siyasi sistem: burjua-demokratik, sosializm və faşist-militarist sistemlər qarşı-qarşıya durmuşdu (marksist ədəbiyyatda iki sistemin: kapitalizm və sosializmin olduğu göstərilirdi). Müharibəyə ciddi hazırlaşan Almaniyanı cilovlamaq üçün başlıca qüvvə burjua-demokratik və sosializm sistemlərinin bloku olardı. Lakin burjua-demokratik qüvvələrin təqsiri üzündən belə blok yaradıla bilmədi. 1939-cu ilin martı-avqustu ərzində apardan ingilis-fransız-sovet danışıqları uğur qazanmadı. Bunun başlıca səbəbi burjua-demokratik sistemin sovet totalitarizminə faşizmə nisbətən daha qatı düşmən kimi baxması idi. Onların fikrincə, dünya sivilizasiyası üçün kommunizmə qarşı açıqcasına səlib yürüşü elan edən faşizmə nisbətən sovet totalitarizmi daha çox təhlükəli idi. Buna görə də ikinci dünya müharibəsinin qarşısını almaq mümkün olmadı. Bundan istifadə edən Almaniya sürətlə silahlanmağa başladı. 1934-1939-cu illərdə ölkədə hərbi istehsal 22 dəfə, qoşunların sayı 35 dəfə artdı. Sənaye istehsalının həcminə görə o, dünyada ikinci yerə çıxdı.



Alman-sovet ittifaqı                                                                                


Burjua-demokratik və sosializm qüvvələrinin faşizmə alternativ ittifaq yarada bilmədiklərini görən Almaniya 1939-cu ilin avqustunda SSRİ-yə hücum etməmək barədə müqavilə imzalamağı təklif etdi. Gözlənilmədən, 1939-cu il avqustun 23-də dünya müharibəsinin başlanmasına 8 gün qalmış, Almaniya və SSRİ arasında 10 il müddətinə bir-birinə hücum etməmək haqqında müqavilə imzalandı. Müqavilədə tərəflər bir-birinə qarşı hər cür zorakılıqdan, hər cür təcavüzkar hərəkətdən imtina etməyi öhdələrinə götürdülər.
 Bununla yanaşı tərəflər gizli olaraq 1939-cu il 23 avqust müqaviləsinə əlavə protokol da imzaladılar. Həmin protokolda Baltik dənizindən Qara dənizədək ərazidə hər iki tərəfin «maraq dairəsi», habelə Almaniyanın şərqdəki sərhədləri müəyyənləşdirildi. Alman qoşunları şərqdə Tissa, Narev, Visla və San çayları xəttinə qədər irəliləyə bilərdilər, Almaniya Latviyaya, Estoniyaya və Finlandiyaya (sonradan Litva da buraya əlavə olundu) hücum etməməyi öhdəsinə götürdü. Habelə, o zaman Polşanın tərkibinə daxil olan Qərbi Ukraynanın və Qərbi Belarusiyanın taleyi SSRİ-nin razılığı olmadan həll olunmamalıydı. Əslində həmin rayonlar SSRİ-yə verilirdi. Rumıniyanın tərkibində olan Bessarabiya barəsində də belə razılığa gəlinmişdi.
 Qeyd edək ki, 1939-cu il 23 avqust protokolu ilə 1939-1941ci illərdə Almaniya ilə bağlanmış digər sazişlər uzun müddət gizli saxlanılmışdı. Onlara ancaq 1989-cu ildə SSRİ xalq deputatları qurultayında doğru-düzgün siyasi qiymət verilmişdi.

İkinci Dünya müharibəsinin başlanması


1939-cu il 23 avqust tarixli alman-sovet sazişi Hitlerin hələ çoxdan hazırladığı Polşaya hücum planını həyata keçirmək üçün son qərara gəlməsinə imkan verdi. 1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücuma keçdi. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi.
Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. İkinci dünya müharibəsi başlandı. Sentyabrın 3-10 arasında Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ özünü bitərəf elan etdi. Yaponiya Avropa müharibəsinə qarışmadığını bildirdi.
 İkinci dünya müharibəsinin başlanmasının başlıca səbəbləri: əvvala, birinci dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması; ikinci, Avropanın mərkəzində, Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi; üçüncü, Hitler «reyx»inin irqçilik, «dəyərsiz xalqları» əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları; dördüncü, Qərb dövlətlərinin, xüsusən İngiltərə və Fransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri; beşinci, iri dövlətlərin, o cümlədən ABŞ-in «qarışmamaq» mövqeyi tutmaları; altıncı, ABŞ başda olmaqla iri dövlətlərin Almaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım etmələri; yeddinci, sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSRİ ilə birlikdə faşizmə qarşı vaxtında alternativ ittifaq yaratmaq zəruriyyətini dərk etməmələri; səkkizinci, SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması; doqquzuncu, 30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi və i. a. idi.

İkinci Dünya Müharibəsi → Müharibədə əsaslı dönüş

1942-ci ilin yayından müharibənin gedişində yeni mərhələ başlandı. 1942-ci ilin iyunu-1944-cü ilin yanvarını əhatə edən bu dövr II dünya müharibəsi tarixinə əsaslı dönüş mərhələsi kimi daxil olmuşdur. Belə ki, bu mərhələdə faşist bloku ölkələri cəbhələrdə strateji təşəbbüsü itirmişdilər, iqtisadi, hərbi, siyasi və mənəvi üstünlük antihitler koalisiyasının əlinə keçmişdi. Müttəfiqlər bütün cəbhələrdə təşəbbüsü öz əllərinə almışdılar. 1942-ci ilin mayın 7 — 8-də ABŞ orduları Korolin dənizindəki döyüşdə Yaponiyanı məğlubiyyətə uğratdı. Müharibənin gedişində əsaslı dönüşün ilk tutarlı addımı 1942-ci ilin iyununda Sakit okeanın mərkəzində yerləşən mərcan adası Miduey yaxınlığındakı döyüşdən başlamışdı. Həmin döyüşdə yaponlar ciddi məğlubiyyətə düçar olmuş və bundan sonra Sakit okeanda müdafiə mövqelərinə keçmişdilər. 1943-cü ilin noyabrında Gilbert adalarında da yaponlar ciddi məğlubiyyətə uğradılar.
 Müttəfıq (İngiltərə və ABŞ) qoşunları 1942-ci ilin oktyabrında Şimali Afrikada hücuma keçərək Misirin El-Alameyn rayonunda faşist ordularına güclü zərbə vurdular. 1942-ci ilin oktyabr və noyabrında Kirinaikanı və Tripolitaniyanı azad etdilər. 1943-cü ilin fevralında amerikan və ingilis qoşunları Liviya-Tunis sərhədinə çıxdılar. May ayında Tunisdə faşistlərin 250 minlik ordusunu təslim etdilər. Şimali Afrikanın azad edilməsi müttəfiq qoşunlarının İtaliyaya çıxarılması üçün şərait yaratdı.


XX əsrdə Yer kürəsində iki dünya müharibəsi baş verdi. Müharibələr bütün planeti əhatə etməsə də, dünyanın aparıcı ölkələrinin hamısı həmin müharibəyə qatıldığından onlara “dünya müharibələri” deyilirdi. Necəki, bu gün “dünya ictimaiyyəti” deyiləndə, yalnız aparıcı ölkələrin daxil olduğu birlik nəzərdə tutulur. Həmin savaşlara “dünya müharibəsi” deyilməsinin digər səbəbi isə, bu müharibələrin dünya siyasi xəritəsinin dəyişməsi ilə nəticələnməsidir. Aparıcı ölkələr müstəmləkələri “sülh yolu” ilə bölüşdürə bilmədiklərindən, hərb vasitəsinə əl atdılar. Ancaq ikinci dünya müharibəsi birincidən daha çox fərqlənir və bu fərq yalnız hərbi əməliyyatların miqyası və itkilərin sayında deyildi.

 İkinci dünya müharibəsinin bu gün üçün əhəmiyyəti ondadır ki, müasir beynəlxalq sistem məhz onun nəticələri əsasında formalaşıb. Dünya tarixində bu mühüm hadisəyə neçə amil səbəb olmuşdu və onların öyrənilməsi bu gün üçün də vacibdir. Çünki, o zamanlarda baş verən hadisələrin oxşarını bu gün də müşahidə etmək olar.

 Müharibənin iştirakçıları iki cəbhəyə bölünmüşdü: nasist bloku (əsas iştirakçılar – Almaniya, İtaliya və Yaponiya) və antihitler koalisiyası (əsas iştirakçılar - SSRİ, ABŞ, Britaniya və Fransa). Hər bir ölkəni müharibəyə sürükləyən səbələrlə yanaşı artıq birinci dünya müharibəsindən sonra yaranan beynəlxalq sistem qüvvələr balansını və real siyasi vəziyyəti əks etdirmirdi. Dəyişiklərə ehtiyac var idi və bəlkə də, ayrı-ayrı ölkələrin revanşıst ruhiyyəsi olmasaydı həmin dəyişiklər dinc yolla baş tuta bilərdi. Necəki, SSRİ-nin süqutu ilə beynəlxalq münasibətlər sistemi yeni bir mərhələyə nisbətən dinc yolla qədəm qoydu.

Millətçilik sosializm = faşizm


 Hələ XIX əsrin ikinci yarısında Avropada “hər millətə bir dövlət”, başqa sözlə millətçilik ideyalarının təsiri altında bir sıra millətlər vahid dövlətə birləşmişdi. Almanlar və italyanlar da bu ab-havanın təsiri altında birləşdilər. Ancaq millətçilik Avropaya baha başa gəldi. Məsələ orasındadır ki, millətçiliklə paralel Avropada iki cərəyan geniş vüsət tapmışdı – sosializm və liberalizm. Liberal islahatlar əsasən o zamanın müstəmləkəçi imperiyalarında – Fransa ilə Britaniyada aparılırdı. Britaniya ilə Fransa uzun əsrlər boyu dövlətçiliyini qoruyub saxlamaları ilə yanaşı artıq dünyanın ən iri müstəmləkəçi imperiyalarına çevirilmişdilər. Mümkün olan yerlərdə Britaniya ilə Fransa müstəmləkə yaratmışdılar. Almaniya ilə İtaliya isə heç bir müstəmləkəyə malik deyildilər. Onlara bərabər tərəfdaş kimi baxmırdılar da, hərçənd ki, imperiya qurmaq üçün onların kifayət qədər potensialı var idi.

 Məhşur sosioloq İoaxen Qaltunq özünün “Təcavüzün struktur nəzəriyyəsi”ndə ədalətli olaraq qeyd edir ki, hansısa ölkənin gücü, qüdrəti, mədəniyyəti və tarixi onun malik olduğu statusa uyğun deyilsə həmin dövlət aqresiya mənbəyinə çevirilir. Bir sözlə, əgər bir ölkənin statusu onun real potensialından aşağıdırsa, həmin dövlət statusunun yüksəlməsi üçün mübarizəyə qalxacaq. Belə də oldu. Fransa ilə Britaniya Avropada yeni güc mərkəzlərinin yaranmasını istəmirdilər, öz növbəsində Almaniya ilə İtaliya da Çexiya və ya Serbiya səviyyəsində olmadıqlarını isbat etməyə çalışırdılar. Bu baxımdan onlar Fransa və Britaniyaya hər cəhətdən müxalif mövqe tutdular, hətta liberalizmdən belə vaz keçib sosializmə yönəldilər. Beləliklə də, millətçilik və sosizalizm ideyaları təsiri altında İtaliya ilə Almaniyada millətçi-sosialist (faşist və nasist) ideologiyasının formalaşmasına zəmin yarandı. Birinci dünya müharibəsindən sonra qalib ölkələr Almaniyaya qarşı yüksək təzminatlar tətbiq etdi, onun ərazilərinin 18 əlindən alındı. Əlbətdə, almanlar bununla razılaşan deyildi və intiqam almaq istəyirdilər. “Qənimət”lərdən İtaliyaya da pay düşmədi: müharibənin ilk illərində Almaniya tərəfində vuruşduğuna görə İtaliyaya satqın gözü ilə baxırdılar və onu hər vəchlə alçaltmağa çalışırdılar. İtaliya özünü “məğlub edilmiş qalib” kimi hiss edirdi. Bu isə İtaliyada revanşist ruhiyyəsinin yayılmasına səbəb oldu. İntiqam üçün isə ideoloji baza artıq hazırlanırdı: millətçi-sosialistlər hakimiyyətə gəlirdilər.



Demokratiyanın nəticəsi olan totalitirzm

 Birinci dünya müharibəsindən sonra, belə demək olarsa, Avropada əsl demokratiya partlayışı baş verdi. Ölkələr bir-birinin ardıca demokratik islahatlar aparır və yaxud inqilab edirdilər. Demokratiyanın bərqərar olunması ilə bütün problemlərin çözüləcəyinə inam artırdı. Ancaq bu çox davam etmədi. Nə islahatlar, nə inqilablar sosial-iqtisadi problemləri çözə bilmədi. 1918-20-ci illərdə Avropa ölkələrində 8 saatlıq iş günü təyin olundu, qadınlar səsvermə hüququ əldə etdi, monarxiyalar respublikalarla əvəz olundu, fəhlə hərakatları geniş vüsət tapdı. Buna baxmayaraq, demokratiya iqtisadi böhranın qarşısını ala bilmədi və bir sıra ölkələrdə demokratiyaya bəla kimi baxmağa başladılar. Demokratiyaya tərəf axın kütləvi olduğu kimi, demokratiyadan məyusluq da kütləviləşdi. Yaranmış vəziyyətdən isə solçular (fəhlə partiyaları, millətçi-sosialistlər, əmək partiyaları və s.) istifadə etməyə cəhd etdilər. Nəticədə bir sıra öıkələrdə, o cümlədən Almaniya ilə İtaliyada millətçi-sosialistlər hakimiyyətə gəldilər. Beləliklə də, intiqamın alınması üçün faşizm və nasizmin timsalında ideoloji baza yarandı.

 Onu da qeyd etməliyik ki, faşistlər və nasistlər hakimiyyətə inqilab və çeviriliş vasitəsilə deyil məhz demokratik seçkilər nəticəsində gəlmişdilər və xalqın dəstəyi ilə totalitar sistem qurmuşdular. Məhşur iqtisadçı və filosof Fridrix fon Hayekin təbiri ilə desək, əslində Almaniya ABŞ və Britaniyanı inkişafda irəlilədiyinə görə totalitar sistemə üz tutdu. “Qul olmağa tərəf” kitabında alim yazır ki, məhz həqiqi demokratiya nəticəsində Almaniyada sosialistlər hakimiyyətə gəldi və Almaniyada sosializm təbii olaraq nasizmə çevirildi, çünkü xalqın əksəriyyəti bunu istəyirdi.

 Artıq 30-cu illərdə Avropada üç siyasi-ideoloji blok yaranmışdı: liberal-demokratik (aparıcı ölkələr - Fransa və Britaniya), millətçi-sosialist (aparıcı ölkələr - Almaniya və İtaliya) və kommunist (aparıcı ölkə - SSRİ). İdeoloji qarşıdurma kəskinləşdikcə, həmçinin dünyada iqtisadi vəziyyət pisləşdikcə Avropada siyasi gərginlik də artırdı. Hitlerin apardığı islahatlar nəticəsində Almaniya iqtisadi böhrandan çıxdı və “ədaləti bərqərar etmək” üçün müharibəyə hazırlaşmağa başladı. Bunun üçün müttəfiq toplamağa onun kifayət qədər imkanı var idi. Həmçinin SSRİ-nin müharibəyə girməməsi üçün Hitler ideoloji rıçaqlardan məharətlə istifadə etdi. Beləki, həm nasistlər həm kommunistlər sosialist dünyagörüşünü bölüşürdülər. Eyni zamanda liberal-demokratik ölkələr komunizmə və nasizmə müxalif idilər, hətta uzun illər ərzində SSRİ-ni Millətlər Liqasına qəbul etmirdilər və Avropa işlərindən kənarda saxlayırdılar. Bu vəziyyətdən faydalanan Hitler Stalinlə hərbi saziş imzaladı. Bununla da, Almaniya Fransa ilə Britaniyaya qarşı müharibə elan edəcəyi təqdirdə, SSRİ müharibəyə qarşmayacaqdı. Belə də oldu. 1939-cu ildə ikinci dünya müharibəsi başladı. Əgər Almaniya SSRİ-yə hücum etməsəydi, bəlkə Stalin axıra qədər neytral mövqedə qalacaqdı. Ancaq Almaniya birinci dünya müharibəsində etdiyi eyni səhvə yol verdi: Rusiya istiqamətində ikinci cəbhə açdı. Nəticədə Almaniya ikinci dəfə məğlub oldu.



İkinci Dünya Müharibəsi → Azərbaycan müharibə illərində

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər, Almaniya Bakı neftini ələ keçirməklə Şərqə — İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı «Qafqazın idarə olunması planı»na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi.
 Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin «Böyük Türküstan» dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin «Edelveys» adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniya tərtib etdikləri «Vilvet» planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi.
 Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Onun da igid oğul və qızları sovet-fin müharibəsi cəbhəsinə getmişdilər. 1941-ci ilin iyununda Sovet İttifaqının Böyük Vətən Müharibəsi başlanandan sonra o da faşizmə qarşı müharibəyə cəlb olundu. Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində Azərbaycan döyüşən cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi. Ondan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdılar. Azərbaycanlılardan 77-ci, 223-cü, 271-ci 402-ci, 416-cı, diviziyalar formalaşdırıldı. 227-ci və 396-cı diviziyaların tərkibində də azərbaycanlılar çoxluq təşkil edirdilər.
 Azərbaycan oğul və qızları da faşizmə qarşı döyüş cəbhələrində igidliklə vuruşmuşdular. Onlar fərdi və kütləvi igidliklər göstərmişdilər, 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş, 17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına endirmişdi. Lakin özü həlak olmuşdu. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü
 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
 Şimali Qafqazı faşistlərdən azad etmək uğrundakı döyüşlərdə Azərbaycan diviziyaları böyük rəşadət göstərmişdilər. 1942-ci ildə 402-ci diviziya Mozdok ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etmişdilər. Şimali Qafqaz uğrunda gedən döyüşlərdə göstərdikləri igidliyə görə Qafur Məmmədov və İdris Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.
 1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına Berezina çayını keçərək Pleşeni şəhərini, habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə Ukraynanın azad olunması uğrunda döyüşlərdə, xüsusən Dnepr çayını keçməkdə göstərdikləri misilsiz rəşadətə görə M.Məhərrəmov, M.Ələkbərov, Ə.Məmmədov, F.Səfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar.
 Müxtəlif cəbhələrdə faşist qoşunlarına qarşı döyüşlərdə göstərdikləri rəşadətə görə 416-cı diviziya «Taqanroq diviziyası», döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya «Temryuk divİziyası», 271-ci diviziya «Qarlov diviziyası», 77-ci diviziya «Simferopol diviziyası» və 223-cü diviziya «Belqrad diviziyası» adını qazanmışdılar. 223-cü və 416cı diviziyalar Odessa və Kişinyovu, 271-ci diviziya Polşa və Çexoslovakiyanı, 223-cü diviziya Yuqoslaviyanı azad etməkdə fəal iştirak etmişdilər. 416-cı diviziya Qafqazdan Berlinə kimi böyük döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak etmişdi, Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdikləri igidliyə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.1944-cü ildə Şimali Transilvaniyanın Mağara şəhəri uğrunda döyüşlərdə göstərdiyi misilsiz igidliyə görə Gəray Əsədov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
 Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Onlar Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuıuşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belorusiyada «Dyadya Kolya» partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı.
 Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, «Armed Mişel» (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və en yüksək fəxri adı — «Fransanın Milli Qəhrəmanı», şəxsi igidliyinə görə paradda əskərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu.
 Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox fa-şist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.
 Partizan dəstəsində onunla yanaşı T.Əliyev, D.İsmayılov, Ə.Məmmədov, M.Seyidov və b. da döyüşmüşdülər. Bunlardan başqa Yuqoslaviya Xalq Azadlıq ordusu sıralarında onlarla azərbaycanlı faşizmə qarşı vuruşmuşdu. Onlardan 50 nəfəri Yuqoslaviyanın orden və medallarına layiq görülmüşdülər. Onlardan partizan qərargahının rəisi D.Həkimli, bölmə komandirləri M.Abdullayev və A.Məmmədov, pulemyotçu V.Hüseynov, həkim R.Ağazadə, feldşer M.Qulubəyov və b. fərqlənmişdilər.
 İtaliyada partizan dəstələrində vuruşan Ə.Babayev, H.Nadirov, M.Nəzərov, İ.Məmmədov, V.Hüseynov, Ş.Məcidov, A.Mirzəyev, M.Nəcəfov, H.Əskərov, M.Abdullayev, S.Səfıyev və b. Şimali İtaliyanın azad edilməsində fəal iştirak etmişdilər. Əli
 Babayev Qaribaldi adına batalyonun komandiri olmuş, «Hərbi şücaətinə görə» gümüş medalla təltif olunmuşdu. Vilayət Hüseynov İtaliya faşistlərinin lideri B.Mussolini həbs edənlərdən biri olmuşdu.
 Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 200 mindən çoxu həlak olmuş və itkin düşmüşdü. Müharibə cəbhələrində göstərdikləri şücaətə görə xalqımızın 121 nəfər mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
 Müharibə illərində azərbaycanlılar antisovet hərəkatında da iştirak etmişdilər. Baltikyanı ərazilər uğrunda gedən döyüşlər zamanı əsir düşən Əbdürrəhman (Əbo) Fətəlbəyli Düdənginski Hitlerin razılığı ilə azərbaycanlılardan ibarət hərbi dəstələr yaratmışdı. Azərbaycanlılardan yaradılan hərbi legion Fransanın cənubunda müttəfiqlər əleyhinə döyüşlərdə iştirak etmişdilər.
 Hitler hökumətinin Şərq nazirliyi 1941-ci ilin payızında M.Ə.Rəsulzadəni Almaniyaya dəvət etmişdi. Onunla azərbaycanlı əsirlərin azad edilməsi, onlardan milli ordu yaradılması məsələləri müzakirə edilmişdi. Hitler 1941-ci il dekabrın 22-də başqa milli hərbi hissələrlə yanaşı, Qafqaz müsəlmanlarından xüsusi hərbi hissə yaradılması barədə əmr vermişdi. Qafqaz müsəlmanlarından təşkil edilmiş hərbi hissələr 1942-ci ilin yayında Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak etmişdilər. Azərbaycanlılardan təşkil olunmuş 7 min nəfərdən çox döyüşçüsü olan «Aslan», «Dönməz», «Qafqaz», «Vətən» və b. hərbi dəstələr də bu döyüşlərdə iştirak etmişdilər.
 1943-cü ilin yazında antisovet hərəkatına rəhbərlik etmək üçün Berlində Milli Azərbaycan Komitəsi yaradılmışdı. Həmin ilin may ayında xüsusi azad türk diviziyası (162-ci piyada diviziyası) yaradılmışdı. Diviziyanın tərkibində Azərbaycan legionu da var idi.
 Hitlerin Azərbaycanı işğal etmək niyyətlərindən xəbər tutan M.Ə.Rəsulzadə hitlerçilərlə əlaqəni kəsmişdi. O, Almaniyanı tərk etməli  olmuşdu.   1943-cü  ilin  payızında  Hitler hökumətinin himayəsi ilə Berlində Azərbaycan parlamenti və hökuməti yaradılmışdı. Ona Əbo bəy Fətəlibəyli Düdənginski başçılıq etmişdi. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.
 1942-ci ilin iyul ayında DTK-nin işçisi erməni Aruşanovun uydurma ittihamı əsasında Bakının müxtəlif Ali və Orta ixtisas məktəblərindən olan 8 nəfər tələbə həbs olunmuşdu. Onlar əsassız olaraq antisovet millətçi təşkilat yaratmaqda təqsirləndirilmişdilər. Erməni müstəntiqləri Aruşanovun, Qriqoryanın və Arustamovun əsassız ittihamnaməsi əsasında onlar 1942-ci ilin oktyabrın 31-də mühakimə olunmuşdular. Mühakimə prosesi cəmi 45 dəqiqə çəkmişdi. Mühakimə olunanlardan İsgəndərov Süleyman ƏliAbbas oğlu, Tağıyev Ələsgər Əli Səttar oğlu və Rzayev Məmmədhüseyn Həbib oğlu məhkəmənin hökmü ilə 1942-ci il dekabrın 24-də güllələnmişdilər. Mustafayev Çingiz Seyfulla oğlu, Ağayev Hüseynağa Mirhəşim oğlu, Məmmədov Ağa Ələsgər Rza oğlu, Rzayev Saleh Əbdülhüseyn oğlu və Mehdiyev Zaman Zeynal oğlu 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Həmin işdə adları çəkilən Həbibzadə Şükür 1942-ci ilin noyabrında 8 il həbsə və Rüstəmov Ramiz isə dekabr ayında güllələnməyə məhkum olunmuşdu. Lakin 1943-cü ilin fevralında onun cəzası 10 il həbslə əvəz edilmişdi. Lakin sonradan apardan yoxlamalar nəticəsində sözügedən iş üzrə hökmün əsassız və uydurma olduğu sübuta yetirilmiş, 1960-cı il yanvarın 5-də isə ona xitam verilmişdir.


Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində işləməyə 11 min qadın gəlmişdi. Gənclərdən ixtisaslı kadrlar hazırlanması genişləndirilmişdi.
 Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. O zaman SSRİ-nin əsas duru yanacaq-neft bazası olan Bakının rolu artmışdı. Müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 85-90 faizini verirdi. Motorlu hərbi texnika demək olardı ki, əsasən Bakının verdiyi yanacaqla işləyirdi. 1941 1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi.
 Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda «Katyuşa» raketi, «Şpakin pulemyotu» istehsal edilir, «YAK — 3» qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və onun hissələri hazırlanırdı.
 Azərbaycanın kənd əməkçiləri də müharibə illərində döyüşən cəbhəyə əllərindən gələni etmişdilər. Onlar ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.
 Azərbaycan zəhmətkeşləri təmənnasız olaraq müdafiə fonduna milyardlarla rubl könüllü vəsait və qiymətli əşyalar vermişdilər. 1941 — 1943-cü illərdə Azərbaycan vətəndaşları müdafiə fonduna 15 kiloqram qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər. Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərmişdilər. Öz vəsaitləri hesabına tank və təyyarə kolonnaları təşkil etmişdilər.
 Azərbaycanın alimləri də müharibə illərində şərəflə işləmişdilər. Məşhur akademik Yusif Məmmədəliyev başda olmaqla kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.
 Bütün ziyalıların, o cümlədən yaradıcı ziyalıların fəaliyyəti faşizm üzərində qələbəyə yönəldilmişdi.
 Beləliklə, ikinci dünya müharibəsində faşizm və militarizm üzərində qələbənin əldə edilməsində Azərbaycan da öz böyük töhfəsini vermişdi.



İkinci Dünya Müharibəsi → İkinci Dünya müharibəsinin sonu

Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar-1945-ci il sentyabr) Almaniya faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi.
 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna, avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı.
 Sözügedən strateji hərbi əməliyyatlar sırasında 1944-cü ilin iyun-iyul aylarında Vitebsk-Bobruysk-Minsk rayonunda keçirilən döyüşlər çox ibrətamiz idi. Bu döyüşdə almanların 17 diviziyası və 3 briqadası tamamilə məhv edilmiş, 50 diviziyası isə öz heyətinin yarısını itirmişdi. Ümumən, hitlerçilər bu döyüşdə yarım milyon adam itirmişdilər. Əsir alınan 60 minə yaxın alman əskər və zabiti gətirilərək Moskvanın Qırmızı meydanından bayraqlarını ataraq keçirilmişdilər. Bu, Hitlerin hələ 1941-ci ilin 7 noyabrında Qırmızı meydanda faşist ordularının rəsmi keçidini təşkil etmək arzusuna cavab olaraq edilmişdi.
 Əlverşli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əskəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi. Beləliklə,


Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. İndi Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. Antihitler koalisiyası indi birlikdə ümumi düşmənə qarşı vuruşmağa başladı. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. Ölkənin azad edilməsində general de Qollun başçılıq etdiyi «Döyüşən Fransanın hərbi hissələri də fəal iştirak etmişdilər.
 Sovet ordularının uğurlu hücumları və ikinci cəbhənin açılması „reyx“in sosial-iqtisadi, siyasi və hərbi vəziyyətini daha da ağırlaşdırdı. Uğursuz olsa da, fürerə qarşı sui-qəsdlər başladı, Onlardan biri 1944-cü il iyulun 20-də polkovnik Klaus fon Ştaufenberq tərəfindən edilmişdi. Sui-qəsd nəticə verməmişdi. 1944-cü ildə Hitler üç müttəfiqindən-Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu.
 Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. Sovet ordularının sözügedən ölkələrə daxil olması milli-azadlıq və antifaşist hərəkatlarına və sovet meylli qüvvələrin fəallaşmasına yeni vüsət verdi. Polşada, Rumıniyada, Bolqarıstanda, Yuqoslaviyada, Albaniyada, Yunanıstanda, Macarıstanda, Çexoslovakiyada yeni dövlət qurumları. və ictimai hərəkatlar formalaşdı. Artıq nasist Almaniyasının məğlubiyyəti göz qabağında idi.
 Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4-11-də) toplandı. Konfransda İ.V.Stalin (SSRİ), F.Ruzvelt (ABŞ) və U.Çörçill (Böyük Britaniya) iştirak edirdi. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Konfransda tərəflər Almaniyanın gələcək perspektivləri barədə də yekdil qərarlar qəbul etdilər.

İkinci Dünya Müharibəsi → İkinci dünya müharibəsinin yekunları

İkinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan — 12,8 milyona kimi insan, 84 mindən -,163 minə qədər top, 6,5 mindən — 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi ərazi I dünya müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdi. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü.
 İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Bu, müharibədə nasist Almaniyanın, faşist İtaliyanın və onların müttəfiqlərinin məğlubiyyəti nəticəsində baş vermişdi. Dünyada iki sistem — burjua demokratik və sosializm sistemləri qalmışdı.
 Müharibədən sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyişikliklər baş vermişdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılmış, sərhədlər yenidən qurulmuş, Mərkəzi və Cənub-Şərqi Avropanın bir çox ölkələri faşizmdən azad olduqdan sonra SSRİ-nin təsiri altına düşərək sovet modelli siyasi inkişaf yolunu götürmüşdülər, Asiyada, Afrikada və Latın Amerikası ölkələrində milli-azadlıq hərəkatı güclənmişdi.
 Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalib və məğlub dövlətlər qrupu yaranmış, qalib dövlətlər sırasında ABŞ-ın və SSRİ-nin nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər, İngiltərə və Fransanın dünyada rolu zəifləmişdi. Müharibədən sonra Almaniya, Vyetnam, Koreya parçalanmışdı.
 İkinci dünya müharibəsindən sonra sülhə və təhlükəsizliyə xidmət edən kütləvi beynəlxalq təşkilat və qurumlar yaranmışdı. Onların arasında hələ müharibənin gedişində formalaşmış BMT müstəsna yer tuturdu.
 İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri də, onun dünya sivilizasiyasını məhv olmaqdan xilas etməsidir. O, dünya sivilizasiyasını yeni inkişaf yoluna yönəltdi, onun yeni mahiyyət alması üçün möhkəm zəmin verdi. Müharibə, həmçinin dünyanın müəyyən zaman kəsiyində 2 ictimai-siyasi dünya sisteminə parçalanması üçün şərait yaratdı. Sonradan SSRİ-nin, dünya sosializm sisteminin süqutu nəticəsində sözügedən parçalanma aradan qalxdı.
 İkinci dünya müharibəsi dünya sivilizasiyasını qoruyub inkişaf etdirmək üçün çox mühüm dərslər vermişdir. Belə ki:

o, bəşəriyyətə böyük fəlakətlər gətirən müharibələrin mahiyyətini dərk etmək dərsini verdi;
o, xalqlara yeni dünya müharibəsinə, özü də dəhşətli kütləvi qırğın silahlarının mövcud olduğu indiki dövrdə yol verilməsinə imkan yaratmamaq dərsini verdi;
o, xalqlara dünya müharibəsinə yol verməməyin ən başlıca şərtinin bu təhlükəyə qarşı birləşməyin çox vacib olması dərsini verdi;
o, göstərdi ki, dünya müharibəsinə yol verməmək üçün ilk növbədə regional müharibələrin baş verməsinin
qarşısı alınmalıdır;
o, göstərdi ki, müharibənin qarşısını almağın ən önəmli yollarından biri də, müharibə əleyhinə təbliğatı gücləndirmək, bunun üçün möhkəm ideya-siyasi baza yaratmaqdır;
müharibənin qarşısını almağın ən mühüm şərtlərindən biri də, silahlanmaya son qoymağa, kütləvi qırğın silahlarını məhv etməyə və yenilərinin yaradılmasının qadağan edilməsinə nail olmaqdır.


Nəticələr

 Hazırda mövcud olan beynəlxalq münasibətlər ikinci dünya müharibəsi nəticəsində formalaşan Yalta sistemi üzərində qurulub. İkinci dünya müharibəsi dünyada mövcud olan qüvvələr balansını köklü şəkildə dəyişdi. Birincisi faşizmin qlobal cərəyana çevirilməsinin qarşısı alndı. İkincisi, dünyada ABŞ və SSRİ kimi super dövlətlər yarandı və onların timsalında qlobal ideologiyalar qismində liberal-demokratiya ilə kommunizm təsdiqləndi (ikiqütblü sistem formalaşdı). Üçüncüsü, beynəlxalq münasibətləri tənzimləyəcək və beynəlxalq təhlükəsizliyi təmin edəcək ümumdünya təşkilat – Millətlər Liqası daha effektiv təşkilatla – BMT ilə əvəz olundu. Dördüncüsü, demək olar ki, yer üzündə müstəmləkə qalmadı. Ümumiyyətlə ənənəvi müstəmləkəçilik transformasiyalara məruz qaldı və iqtisadi-siyasi asılılığın yeni formalarlı yarandı. Beşincisi, Çin kimi SSRİ-yə rəqib kommunist dövləti yarandı, bunula da kommunist bloku çat verdi. Altıncısı, Yaponiya fövqəldövlət olaraq aradan getdi və faktiki olaraq Sakit Okean regionunda ABŞ siyasətinin platsdarmına çevirildi. Avropanın aparıcı ölkələri fövqəldövlət olaraq məhv oldular və onların təsir dairəsi Avropa ilə məhdudlaşdı. Nəticədə, Avropa dövlətləri dünya arenasına çıxmaq üçün birləşməli oldular. Bu baxımdan Avropa Birliyi də ikinci dünya müharibəsinin səmərəsidir.

Messianlıq

 Bütün nəticələrdən ən mühümü ABŞ-ın ümumdünya liderinə çevirilməsidir. Bu gün dünyada özünə rəqib görməyən ABŞ hazırkı statusu ilə məhz ikinci dünya müharibəsinə borcludur. Məsələ orasındadır ki, 1823-cü ildə ABŞ prezidenti Ceymz Monronun hakimiyyəti dövründə ABŞ izolyasionizm kursu tutduğunu elan etmişdi. Yəni Birləşmiş Ştatlar özünü sırf Amerika qitəsinin fövqəldövləti elan etmiş və Avropa işlərinə qarışmağı özünə yasaqlamışdı. Ancaq birinci dünya müharibəsinin başlanmasında o zamankı prezident-demokrat Vudro Vilson ölkəsinin dünya liderinə çevirilməsi üçün böyük fürsət görürdü. İzolyasionizm ənənəsinə sadiq respublikaçılar isə onun bütün cəhdlərinin qarşısını alırdılar . Demək olar ki, birinci dünya savaşı nəticəsində formalaşan Versal sistemi Vudro Vilsonun əməyinin məhsulu idi. Məhz onun səyləri nəticəsində Millətlər Liqası yaradıldı və beynəlxalq münasibətlərin əsas prinsipləri formalaşdı (“Vilsonun 14 bəndi”). Ancaq Konqres ABŞ-ın Millətlər Liqasına üzvlüyünə imkan vermədi və Monro doktrinasına sədaqətini bir daha nümayiş etdirdi. İkinci dünya müharibəsində isə vəziyyət dəyişdi. 1932-ci ildə hakimiyyətə gələn demokrat Franklin Delano Ruzvelt sələfi Vudro Vilson kimi fikirləşirdi ki, ABŞ izolyasionist kursundan imtina etməli və dünya siyasətinə qarışmalıdır. Bunun üçün o, ABŞ messian ideyası – “Manifest Detiny”dən istifadə etdi. “Manifest Destiny” (red. - Aşkar qədər) amerikan ekspansionizminə bəraət qazandıran bir ideyadır. Bu ideyaya əsasən, ABŞ yer üzünə azadlıq gətirən bir ölkədir və bu missiya onun qaçılmaz taleyidir. Amerikalılar inanırdılar ki, Tanrı xeyirin yayılması və şərrin aradan aparılması hüququnu onlara verib. Beləliklə də, Ruzveltin səyləri nəticəsində ABŞ Monro doktrinasından imtina edərək öz “İlahi missiyasını” reallaşdırmağa başladı. Nəticə də göz qarşısında.

 İkinci dünya müharibəsindən yalnız ABŞ messianlığı faydalanmadı. Bizim dilə “məhdəviyyət” kimi tərcümə olunan messionizm böyük imperiyaların və müxtəlif xalqların tarixi şüurunda mühüm yer alır. Şimal qonşumuz Rusiyaya da belə bir tərz-təfəkkür məxsusdur. Lakin, ABŞ-dan fərqli olaraq, Rusiya öz missiyasını tamam başqa məsələdə görür. Əgər ABŞ dünyaya azadlıq gətirməyi öz müqəddəs vəzifəsi hesab edirsə, Rusiya bütün bəşəri bəlaları öz üzərinə götürüb başqa millətləri həmin bəlalardan xilas etdiyini hesab edir. Özünü İsa Məsihlə (ə) müqayisə edərək, ruslar bildirirlər ki, Çingizxanın, Napoleonun, Leninin və Hitlerin gətirdiyi əziyyəti çəkməklə, əslində onlar digər xalqları əzabdan qurtarır. Bu baxımdan ikinci dünya müharibəsi ruslar üçün xüsusi əhəmiyyət daşıyır. Digər xalqlardan fərqli olaraq, onlar bu savaşı özününküləşdirərək “Böyük Vətən Müharibəsi” deyir (Napoleonla müharibəyə də bu cür deyilir) və qələbənin yalnız rusların hesabına əldə olunduğunu təbliğ edirlər. Onlar faşizm üzərində qələbədə Qərb ölkələrinin sovetlərə yardım etməsini inadkarcasına qəbul etmir, müharibə zamanı Rusiyanın rolunu kiçiltmək istəyən bütün tədbirlərin qarşısını qətiyyətlə almağa çalışırlar. İndi nə faşizm var, nə də Rusiyaya hücum etmək istəyən, ancaq Rusiya bu məsələdə xəstə həssaslıq göstərməkdə israrlıdır. Hər il 9 may bayramı daha böyük təntənə ilə qeyd olunur, ikinci dünya müharibəsində SSRİ-nin rolu zorla beynəlxalq səviyyədə müzakirə olunur, müxtəlif beynəlxalq tədbirlər düzənlənir. Bütün bunlar rus messianlığı ideyalarının insanların şüurunda möhkəmlənməsinə xidmət edir.


 Fransanın Aşağı Normandiya əyalətinin Kan şəhərində İkinci Dünya Müharibəsi dövrünün Amerika bombalarının zərərsizləşdirilməsi məqsədilə 20 min əhali yaşadığı yerdən evakuasiya edilib.
 Şəhərdə artıq zərərsizləşdirmə üzrə əməliyyatlar başlanılıb. Rayon polis tərəfindən mühasirəyə alınıb, tapılmış bombaların zərər radiusunda olan bütün evlərin sakinləri bu ərazidən köçürülüb. Əhali hələlik şəhər konqresi və digər dövlət binalarında yerləşdirilib. Əməliyyatın 13 saat ərzində həyata keçirilməsi gözlənilir.

 Ərazidəki uşaq bağçası və məktəbdəki şagirdlər evakuasiya edilib

 Polşanın cənubundakı Krakov şəhərində İkinci dünya müharibəsindən (1941-1945-ci illər) qalma partlayıcı qurğu tapılıb. "CNN Türk"ün məlumatına görə, tapılan silahlar arasında 40 sm uzunluğunda 8 mərmi var. Partlayıcı qurğu tapılandan sonra ərazidəki uşaq bağçası və liseydəki 300-dən artıq uşaq evakuasiya edilib.

 Mütəxəssislər partlayıcıları zərərsizləşdirmək üçün işlərə başlayıblar.
 Qeyd edək ki, bu ərazidə müharibə dövründə almanlara məxsus hava hərbi bazası yerləşib. Ümumiyyətlə isə Polşa ərazisində müharibə dövründən qalma silah-sursatların tapılması hallarına tez- tez rast gəlinir.

Türkiyə II Dünya Müharibəsi və ondan sonrakı dövrdə-1

Türkiyənin II dünya müharibəsindən sonrakı tarixindən bəhs edərkən qeyd etmək lazımdır ki, bu ölkə qonşu müsəlman dövlətləri ilə müqayisədə fərqli bir inkişaf yolu seçdi. Bu seçim imkan verdi ki, Türkiyə kapitalizm yolu ilə inamla irəliləsin və inkişaf etsin. Bu gün ölkədə mövcud olan inkişaf prosesinin dinamikası ona dəlalət edir ki, Türkiyə həyatın bütün sahələrinin modernləşdirilməsində və dəyişən dünyanın şərtlərinə uyğunlaşmaqda yetkin bir səviyyəyə çatmışdır, iqtisadi həyatda liberalizm, siyasi həyatda parlamentarizm prinsipləri dönməzdir və yalnız irəliyə yönəlidir. Türkiyə artıq zaman-zaman baş vermiş sabitsizlik bəlasından xeyli uzaqlaşmışdır və inamlı mövqe sahibi olan bir dövlətə çevrilmək prosesini başa çatdırmaqdadır. Bəs Türkiyə belə bir yüksəlişə necə nail ola bilmişdir?


II Dünya Müharibəsi başlanan ərəfədə Türkiyə Cümhuriyyətinin yaranmasından cəmi 15 il keçmişdi və bu zaman ərzində də o, Qərbin Osmanlı imperatorluğunu çökdürmək üçün törətdiyi iqtisadi, siyasi və hərbi bəlaların nəticələrini aradan qaldırmaqla məşğul idi. O, bir dövlət olaraq təzə-təzə dirçəlirdi. Həmin səbəbdən də müharibəyə hazırlaşan tərəflərdən heç biri Türkiyəyə sırf hərbi güc sahibi baxımından ciddi maraq göstərmirdi. Lakin ölkənin geo-strateji mövqeyinin misilsiz əhəmiyyəti onların diqqət mərkəzində idi. Elə bu baxımdan da Türkiyənin II Dünya Müharibəsi ərəfəsi və dövründəki tarixinin əsas məzmunu müharibə aparan tərəflərin bu ölkəni öz yanlarında görmək və öz yanlarında müharibəyə cəlb etmək üçün çalışmalarından, məqsədə çatmaq üçün müxtəlif təzyiq və təhdid vasitələrinə əl atmaqdan, bunun müqabilində isə Türkiyənin M.K.Atatürkün «Yurdda sülh, cahanda sülh!» prinsipindən dönməyərək müharibədən kənarda qalmaq sahəsində davamlı və dönməz xarakterli siyasətindən ibarətdir, söyləsək, səhv etməmiş olarıq. Əlavə etmək istərdik ki, Türkiyənin o zamankı rəhbərliyi bu siyasətin gerçəkləşməsi yolunda kifayət qədər bacarıq və mətanət göstərə bilmişdir.


İlk dəfə 1940-cı ilin mayında Almaniyanın Fransaya hücumu və İtaliyanın da müharibə elan etməsi səbəbindən Türkiyə ciddi sınaq qarşısında qaldı. Belə ki, Böyük Britaniya və Fransa ilə müttəfiqlik haqqında 1939-cu il Ankara müqaviləsinin 1-ci maddəsinə görə bu şəraitdə o, müharibəyə girməli idi. Ancaq girmədi, daha doğrusu, girə bilmədi. Çünki, 1925-ci ilə türk-sovet paktına əsasən məsələ Sovet İttifaqına çatdırılanda o, Türkiyəni təhdid etdi. Bu səbəbdən Böyük Britaniya və Fransa da Türkiyənin müharibəyə girməsində çox qərarlı olmadılar.


İkinci sınaq 1940-cı ilin 28 oktyabrında İtaliyanın Yunanıstana hücum etməsi zəminində baş verdi. Çünki, yenə də Ankara müqaviləsinin şərtlərinə görə Türkiyə hadisələrə müdaxilə etməli idi. Böyük Britaniya da tələb edirdi ki, Türkiyə «mümkün olan ən qısa zamanda» müharibəyə qatılmalıdır. Bu dəfə Türkiyəyə Almaniyadan təhdid gəldi. Lakin Türkiyə İtaliyanın Yunanıstanda torpaqlar ələ keçirməsi, Bolqarıstanı da bu işə sövq edə biləcəyindən narahatlığını və hərəkətsiz qalmayacağını bildirdi. Bu fikir eyni zamanda İtaliyanın Saloniki tutacağı halına da şamil edilirdi. Türkiyə öz planını Böyük Britaniya və Yunanıstana da bildirdi. Hər iki ehtimal reallaşmadı və bu zəmində Türkiyənin müharibəyə girməsi növbəti dəfə danışıq obyekti olmadı.
 Ən çətin günlər isə 1940-cı ilin sonları-1941-ci ilin əvvəllərindən başlamışdır. Belə ki, Almaniyanın Balkanlarda, xüsusi ilə isə Bolqarıstan və Rumıniyadakı fəaliyyəti təkcə Türkiyə üçün yox, həm də Böyük Britaniya və Sovet İttifaqı üçün ciddi narahatlıq yaratdı. Artıq yavaş-yavaş pozulmağa başlayan alman-sovet münasibətləri zəminində Sovet İttifaqı Türkiyə ilə yaxınlaşmağa meyl göstərirdi. Böyük Britaniya isə Almaniyanın Balkanlarda möhkəmlənməsini özünün Orta Şərq ölkələri, xüsusilə də İran və İraq neft mədənlərinə və Süveyşə gedən yollar üzərindəki nəzarətini itirəcəyi ilə nəticələnəcəyindən qorxurdu. Odur ki, Britaniyanın baş naziri Çörçill Türkiyənin prezidenti İsmət İnönüyə məktub yazaraq Türkiyənin savaşa girməsini istədi. Lakin Türkiyə iki səbəbdən buna getmədi: birincisi, Sovet İttifaqının məsələyə müsbət münasibətindən əmin deyildi; ikincisi, Türkiyənin üzərində güclü bir alman təsiri vardı və Almaniya onun müharibəyə qoşulmasına heç cür yol vermək istəmirdi.


Vəziyyət belə olduqda Böyük Britaniya başqa bir ideya irəli sürdü: Türkiyə, Yunanıstan, Yuqoslaviya, hətta Bolqarıstanı da birləşdirən Balkan bloku yaratmaq. Türkiyə bu ideyanı dəstəklədi. Ancaq Almaniyanın qəzəblənəcəyindən qorxan Yuqoslaviya bu işdən çəkindi. Türkiyə təklif etdi ki, bloka Sovet İttifaqı da qoşulsun və ABŞ da bu ideyanı dəstəkləsin. Çünki, o, Böyük Britaniyanın lazım olan miqdarda silah və sursata malik olmasından əmin deyildi. ABŞ Türkiyənin təklifini maraqla qarşıladı, öz nümayəndəsini Ankaraya göndərdi. Lakin ABŞ Türkiyənin silaha, xüsusi ilə hərbi təyyarələrə böyük ehtiyacı olduğunu söylədi və edilən təkliflərin reallaşması ləngidi. Həm də dünya savaşının gedişində mövcud olan dövlətlərarası münasibətlər get-gedə daha artıq ölçüdə pozulur və tərəflərin qütbləşməsi, maraqların üzə çıxması prosesi sürətlənirdi. Belə ki, qısa bir zaman kəsiyində Fransa almanlara məğlub olmuşdu. 1940-cı ilin yazında Sovet İttifaqı Bessarabiyanı tutmuş, Macarıstan Transilvaniyanı və Bolqarıstan da Dobrucanı Rumıniyadan qoparmışdı. Buna cavab olaraq Almaniya Rumıniyaya qarantiya verdi ki, tutulan torpaqları ona qaytaracaqdır. Yaranmış vəziyyətdən daha çox yararlanmaq istəyi 1940-cı ilin noyabrında Berlində gedən sovet-alman danışıqlarında tərəflər arasında fikir birliyinə gətirmədi və üstəlik Almaniya Balkanlarda fəaliyyətini daha da gücləndirdi. Bütün bunların nəticəsində alman-sovet münasibətləri çat verdi və 1941-ci ilin əvvəlindən etibarən pozulmağa başladı. Martın 1-də Bolqarıstanın üçlər paktına1 qoşulması Sovet İttifaqını hərəkətə gətirdi.O, martın 25-də Türkiyə hökumətinə müraciət etdi və tərəflər 1925-ci ilin bitərəflik və bir-birinə hücum etməmək haqqındakı müqaviləsini bir daha təsdiqlədilər. Sovet İttifaqı bildirdi ki, Türkiyə Almaniyaya qarşı müharibə edəcəyi təqdirdə o, tam bitərəf qalacaqdır. Təbiidir ki, Sovet İttifaqının bu mövqeyi Balkanların alman işğalına məruz qalması halında Türkiyənin savaşa qatılmasının nə qədər əhəmiyyətli olacağını dərk etməsindən irəli gəlirdi. Hər halda Sovet İttifaqının bu hərəkəti ilə 1939-cu ildən ciddi şəkildə pozulmağa başlayan sovet-türk münasibətlərinin yenidən normal bir məcraya gəlməsinə ümid yaranırdı. Lakin bu, türk-alman münasibətlərinə gərginlik gətirdi. Almaniya Türkiyəyə qarşı təzyiqlərini artırdı. Belə ki, 1941-ci ilin aprelində qonşu İraqda almanpərəst Raşid Əli Ceylani dövlət çevrilişi etdi və hakimiyyəti ələ keçirdi. İngilislər Raşid Əli Ceylaniyə qarşı çıxdılar. O da kömək üçün Almaniyaya müraciət etdi. Almaniya razı oldu. Çünki, R.Ə. Ceylaninin hakimiyyətdə qalması Almaniyanın bütün Orta Şərq neftini ələ keçirməsinə yol aça bilərdi. Odur ki, Almaniya tez bir zamanda İraqa lazım olan canlı qüvvə və hərbi ləvazimat göndərmək qərarına gəldi və bunların Türkiyə üzərindən İraqa keçirilməsi üçün ona müxtəlif təzyiqlər etdi. Hətta Türkiyəni razı salmaq üçün Qərbi Frakiya və Egey dənizindəki adalardan torpaq vəd edildi. Türkiyə Almaniyanın bütün təhdid və təkliflərinə rədd cavabı verdi. Həm də bu elə bir zamanda edilirdi ki, Almaniya Sovet İttifaqına qarşı müharibəyə hazırlanmışdı və tezliklə bu işə başlamaq istəyirdi. Türkiyənin müqavimətini qıra bilməyəcəyini görən Almaniya geri çəkildi və 1941-ci ilin 18 iyununda Türkiyə ilə bir-birinə hücum etməmək haqqında saziş bağladı, üç gündən sonra isə Sovet İttifaqı ilə müharibəyə başladı.


Təbiidir ki, hücum etməmək haqqında bağlanan alman-türk sazişi müharibə cəbhəsinin sağ cinahında almanlarda bir əminlik yaradırdı və onların müəyyən qüvvələrdən sovetlərə qarşı digər cəbhələrdə istifadəsinə imkan verirdi. Bu səbəbdən saziş istər Böyük Britaniya, istərsə də ABŞ tərəfindən kəskin narazılıqla qarşılandı. ABŞ hətta Türkiyəyə yardımları kəsdi. Türkiyənin itiriləcəyindən qorxan Böyük Britaniya özünün aldığı yardımların bir hissəsini ona verməli oldu. Xatırlatmaq istərdik ki, Almaniyanın Balkanlarda güclənməsinə qarşı nə ABŞ, nə də Böyük Britaniyanın heç bir əsaslı tədbir görməməsi ilə müqayisədə Türkiyənin İraqda almanların möhkəmlənməsinə müqavimət göstərməsi bütün tərəflər üçün daha önəmli idi. Türkiyə bununla Sovet İttifaqının cənubunun bir təhlükə qarşısında qalmasının qabağını alırdı.


Bütün bunlara baxmayaraq Almaniya yenə də Türkiyəni özünə tərəf çəkmək üçün bütün vasitələrə əl atmaqda davam edirdi. O, Sovet İttifaqından gələ biləcək hər hansı bir bəlanın nə vaxtsa reallaşacağı ehtimalı zəminində Türkiyənin həmişə rahatsız olması faktından yararlanmağa çalışmaqla yanaşı Molotov-Hitler görüşməsində sovetlərin Türkiyə və boğazlar haqqında irəli sürdüyü təklifləri açıqlamadan belə çəkinmədi. Almaniya həm də təklif edirdi ki, Türkiyə boğazların qorunması üçün əhəmiyyət kəsb edən Egey dənizindəki adaları da tuta bilər.


Doğrudan da Türkiyə həmişə Sovet İttifaqının ona olan münasibəti yönümündən bir rahatsızlıq hiss edirdi və bunu heç Almaniyadan gizlətmirdi də. O, Almaniyanın məğlub olacağı və sovetlərin qələbə çalacağı təqdirdə özünün başına bəlalar gələcəyi ehtimalını da yaxşı anlayırdı. Ən azı 1939-41-ci illərdə bu iki dövlət arasında olan münasibətlərin səviyyəsi və xarakteri belə ehtimala əsas verirdi. Lakin bunlara baxmayaraq Türkiyə bitərəflik kursunda davamlı oldu. Bu səbəbdən idi ki, Türkiyənin baş naziri Şükrü Saracoğlu Almaniyanın səfiri fon Papen ilə 1942-ci ilin 27 avqustunda olmuş söhbətində bir türk olaraq Rusiyanın məğlubiyyətini hərarətlə arzu etdiyini və belə bir fürsətin min ildə bir dəfə ələ düşəcəyini, lakin bir baş nazir kimi və ölkənin maraqları baxımından Türkiyənin qəti bitərəflik siyasəti yürütməsinin zəruri olduğuna inandığını bildirmişdir.


Almaniyanın təzyiqləri 1942-ci ilin sonlarına qədər davam etmişdir. Türkiyənin öz yolundan döndərməyin mümkünsüzlüyünə inanan Almaniya sonda öz cəhd və təzyiqlərindən əl çəkdi. Lakin Türkiyə heç də təzyiqlərdən qurtulmadı. Bu dəfə isə həmin işi müttəfiq ölkələr görürdülər və Sovet İttifaqının Stalinqrad döyüşlərində çaldığı qələbədən sonra bu yönümdə onlar xüsusilə fəallaşmışdılar. Ümumiyyətlə, həmin vaxtdan türk-sovet münasibətləri yenidən korlanmağa başlamışdır. 1943-cü ildən etibarən Sovet İttifaqı Türkiyəyə qarşı kifayət qədər sərt mövqe göstərirdi. Müharibə başa çatdıqdan sonra isə Türkiyənin başı üzərində artıq bir sovet təhdidi dayanmaqda idi.


Qeyd etmək lazımdır ki, hələ müharibənin getdiyi dövrlərdə də müttəfiq dövlətlərin toplaşdığı elə bil konfrans olmamışdır ki, orada Türkiyənin hərbi əməliyyatlara qatılması müzakirə edilməsin.


Hələ 1943-cü ildə Kasablanka konfransında T.Ruzvelt ilə U. Çörçill arasında Türkiyənin də müharibəyə qoşulması şərti ilə Balkan cəbhəsinin açılması haqqında razılaşma əldə olunmuşdu. U.Çörçill vəziyyəti Türkiyə rəhbərliyinə açıqlamaq üçün 30 yanvar-fevral 1943-cü ildə Adanada prezident İ.İnönü və baş nazir Ş.Saracoğlu ilə görüşmüş və Türkiyənin ən geci 1943-cü ilin sonunda müharibəyə qoşulmasının istənildiyini onlara bildirmişdir. Buna cavab olaraq türk rəhbərliyi iki məqam üzərində xüsusilə dayandı: birincisi, Türkiyə Sovet İttifaqından əmin deyildir və ondan ehtiyat etməkdədir. Almaniyanın məğlubiyyətdən sonra Sovet İttifaqı Avropada hegemon olacaqdır; ikincisi, Türkiyənin müharibəyə qoşulması üçün türk ordusunun silah və sursat baxımından qüvvətləndirilməsinə böyük ehtiyac vardır.


U.Çörçill bildirdi ki, kommunizm artıq müəyyən bir ölçüdə dəyişmişdir. Müharibədən sonra Sovet İttifaqı Türkiyəyə hücum etsə belə qurulacaq beynəlxalq təşkilat (Birləşmiş Millətlər Təşkilatı nəzərdə tutulur — müəl.) lazım olan tədbirləri görəcəkdir. O biri tərəfdən də ABŞ və Böyük Britaniya Türkiyənin ehtiyac duyduğu qədər ona silah və sursat verəcəkdir.Bütün şərhlərə və təkliflərə baxmayaraq Türkiyə rəhbərliyi əsaslı bir qarantiya verilməsini təkid etdi.


Qeyd etmək lazımdır ki, dünya müharibəsinin gedişində ikinci cəbhənin açılması məsələsi daha aktual şəkil aldığından Türkiyənin müharibəyə qoşulması məsələsi arxa plana keçdi. Bununla da Sovet İttifaqının Türkiyəyə olan münasibətlərində qeyri-səmimi hallar üzə çıxdı. O, Türkiyənin yürütdüyü bitərəflik siyasətinin müttəfiq dövlətlərin deyil, Almaniyanın xeyrinə olduğunu bəyan etməyə başlamışdı. Bu səbəbdən də 1943-cü ilin oktyabrında Moskvada müttəfiq dövlətlərin xarici işlər nazirlərinin konfransında sovet tərəfi Türkiyənin müharibəyə qoşulmasında israr etdi və bildirdi ki, bu niyyət Türkiyəyə inandırmaq formasında yox, əmr formasında çatdırılmalıdır. ABŞ və Böyük Britaniya nümayəndələrinin fikrincə belə olacağı təqdirdə Türkiyəyə veriləcək silah və sursat ikinci cəbhənin açılmasını gecikdirə bilərdi. Moskva konfransında 1943-cü ilin sonunadək Türkiyənin müharibəyə qoşulması istənildi.


Türkiyə və Böyük Britaniya xarici işlər nazirləri Qahirədə görüşdülər və Türkiyə tərəfi qəti olaraq bildirdi ki, hərbi yardım almayınca müharibəyə qoşulmayacaqdır.


Bəlli olduğu kimi, 1943-cü ilin noyabrında dövlət başçılarının Tehran konfransında da sovet tərəfi Türkiyənin müharibəyə qoşulmasında israrlı oldu. Hətta sovet dövlət rəhbəri İ.V.Stalin təhqiramiz formada bildirdi ki, «lazımdırsa, Türkiyənin peysərindən tutaraq onu müharibəyə soxmalıyıq.» ABŞ və Böyük Britaniya da Türkiyənin müharibəyə girməsini istədiklərini bir daha bəyan etdilər. 1943-cü ilin 4-6 dekabrında U.Çörçill və İ.İnönü Qahirədə bir araya gəldilər. Türkiyə bu dəfə müttəfiq dövlətlərin təzyiqinin qarşısında geri çəkilməli oldu və İ.İnönü müharibəyə başlamaq qərarını «prinsip olaraq» qəbul etdiyini bildirdi. Eyni zamanda o belə bir şərt də qoydu ki, Türkiyə müdafiə üçün lazım olan silahı və hərbi sursatı almayınca müharibəyə girməyəcəkdir. U.Çörçill də bu şərti qəbul etdi və 1944-cü ilin yanvar-fevral aylarında türk və ingilis hərbi heyətləri Ankarada görüşdülər. Ancaq görüşlər fevralın sonunda kəsildi və ingilislər bunu belə əsaslandırdılar ki, Türkiyənin istəyi çox böyükdür. Bu qədər silah və sursatı hazırlamaq müharibənin sonunadək zorla mümkündür. Bu da faktik olaraq Türkiyənin müharibədən kənarda qalması deməkdir. Görüşlərin yarımçıq kəsilməsi ABŞ və Böyük Britaniyanın Türkiyə ilə münasibətlərini gərginləşdirdi. U.Çörçill hətta hədələdi ki, sülh konfransında Türkiyənin mövqeyi heç də möhkəm olmayacaqdır.


Təbiidir ki, bu vəziyyət Türkiyəni rahatsız etməyə bilməzdi. Odur ki, o, 1944-cü ilin may və iyun aylarında Sovet İttifaqı ilə yaxınlaşmağa müəyyən təşəbbüslər etmək istədi. Lakin Sovet İttifaqı da hər hansı bir yaxınlaşmanın ilkin şərtinin Türkiyənin müharibəyə girməsi olduğunu söylədi.


1944-cü ilin yayında Almaniyanın hərbi vəziyyətinin son dərəcə ağır olduğunu qətiləşdirən Türkiyə müttəfiq dövlətlərlə münasibətlərini düzəltmək üçün avqustun 2-də Almaniyaya ilə diplomatik münasibətlərini kəsdi. Həm də bunu edərkən sülh konfransında tam hüquqlu müttəfiq dövlət statusunda çıxış edəcəyi haqqında ABŞ və Böyük Britaniyanın qarantiyasını da aldı.


Lakin sovet-türk münasibətlərində soyuqluq qalmaqda idi və Türkiyə başı üzərində sovet təhlükəsinin varlığını daha yaxından duymağa başlayırdı. Odur ki, 1944-cü ilin payızında ingilislər Yunanıstana daxil olduqda, Türkiyə bundan çox məmnun qaldı. Eyni zamanda Balkanlarda Yunanıstanla bir əməkdaşlıq yaratmaq üçün 1944-cü ilin noyabrında mübahisəli on iki ada üzərində heç bir tələb və iddiası olmadığını yunan hökumətinə bildirdi.


Bütün bunlara baxmayaraq Türkiyə 1945-ci ilə türk-sovet münasibətlərinin gərginləşməsi qayğıları ilə daxil oldu. Çünki, zamanında baş nazir Saracoğlunun dedikləri düz çıxmışdı: bütün Orta Avropa və Balkanlar sovet işğalı altına düşmüşdü. Elə buna görə idi ki, Sovet İttifaqı artıq Türkiyə ilə bağlı iddialarını diktə etməyə başlamışdı. Bu baxımdan 1945-ci ilin 4-11 fevralında keçirilmiş Yalta konfransında sovet dövlət rəhbəri İ.V.Stalinin bir sıra iddialar irəli sürdüyünü xatırlatmaq istərdik. Belə ki, Birləşmiş Millətlər Təşkilatı və boğazlar məsələsi ilə bağlı Türkiyə ilə münasibətlər yenə də müzakirə obyekti oldu. İ.V.Stalin boğazlar haqqında Montrö sazişinin Sovet İttifaqı üçün olduqca əlverişsiz şərtlərlə bağlandığını və dünyada qüvvələr nisbətinin dəyişdiyi bir zamanda ümumiyyətlə o sazişin köhnəlmiş olduğunu, «Türkiyənin boğazlar vasitəsilə Sovet İttifaqının boğazına sarılmasına artıq dözülə bilməyəciyini» bəyan etdi.


ABŞ və Böyük Britaniya da boğazlarda Sovet İttifaqına geniş bir keçid hüququ verilməsi tələbini qəbul etdilər. Bununla yanaşı ABŞ boğazlar üzərində Türkiyənin hakimiyyətinə xələl gətirəcək heç bir statusa tərəfdar deyildi. Böyük Britaniya da müstəqilliyi baxımından Türkiyəyə qarantiya verilməsinin zəruri olduğunu açıqladı.


Konfrans boğazlar məsələsinin xarici işlər nazirlərinin müzakirəsinə verilməsi və bu işdən Türkiyənin xəbərdar edilməsi haqqında qərar qəbul etdi. Birləşmiş Millətlər Təşkilatının qurulması ilə bağlı məsələləri müzakirə etmək üçün San-Fransiskoda konfrans çağırılmasına da qərar verildi. 1945-ci ilin 25 aprel-26 iyununda keçirilən bu konfransın işində Türkiyə də iştirak etdi. Konfransda iştirakın və BMT üzvü olmağın şərti Almaniya və Yaponiyaya müharibə elan etmək idi. Türkiyə də bu şərti artıq 1945-ci ilin 23 fevralında yerinə yetirmişdi.


Qeyd etmək lazımdır ki, Yalta konfransından sonra Sovet İttifaqı Türkiyə ilə münasibətləri baxımından daha iddialı addımlar da atdı. İlk olaraq 1945-ci ilin 19 martında bitərəflik və bir-birinə hücum etməmək haqqında 1925-ci il türk-sovet müqaviləsi ləğv olundu. Türkiyəyə verilən notada Sovet İttifaqı bu hərəkətini yenə də dünyada yaranmış əsaslı dəyişikliklərlə əlaqələndirir və müqavilənin bu zəmində yeniləşməsinə ciddi ehtiyac olduğunu bildirirdi.


Təbidir ki, Türkiyə Sovet İttifaqının bu hərəkətini müqavilənin əsas məqsədi olan bir-birinə hücum etməmək öhdəliyindən imtina kimi dəyərləndirirdi. Heç təsadüfi deyildir ki, 1945-ci ilin 4 aprelində verilən cavab notasında Türkiyə müqavilənin yeniləşməsini «diqqətlə və xeyirxahlıqla» qarşıladığını bildirdikdə, Sovet İttifaqı bunun şərtinin boğazlarda ona tam üstünlük verilməsi, Qars və Ərdahanın geri qaytarılması olduğunu söylədi.


Türk-sovet münasibətlərinin gərgin olduğu bir dövrdə Potsdam konfransı başlandı və ilk günlərdən Sovet İttifaqı İtaliyanın keçmiş müstəmləkələrindən birinə sahib olmaq iddiasını bildirdi. Təbiidir ki, bu iddianın arxasında Sovet İttifaqının Aralıq dənizinə çıxmaq istəyi dayanırdı. Böyük Britaniya Sovet İttifaqının bu istəyini, Bolqarıstana öz hərbi qüvvələrini cəmləşdirməsini, sovet mətbuatının Türkiyəyə qarşı apardığı təbliğatı və nəticədə Türkiyənin bir qorxu içərisində qalmasını, boğazlar məsələsini təkbaşına həll etməyə çalışmasını bəyənmədiyini bildirdi və Türkiyəyə sovet təkliflərinin qəbulu üçün təzyiq və zor göstərməyəcəyini söylədi. Əslində Sovet Ittifaqının boğazlarda üstün mövqe qazanmasını nə ABŞ, nə də Böyük Britaniyanın özü qəbul edirdi. Bu səbəbdən də qərara alındı ki, hər üç dövlət boğazlar haqqında fikirlərini ayrı-ayrılıqda Türkiyəyə çatdırsın.


Bütün bu deyilənlər sübut edir ki, Türkiyə ikinci dünya müharibəsinin bütün gedişi boyunca gərginliklər içində yaşamışdır və özünün bitərəflik siyasətini qoruyub saxlamaq üçün böyük qüvvə və əmək sərf etmişdir. Amma məhz bu siyasət də imkan verdi ki, ölkə çoxlu canlı qüvvə itkisindən xilas olsun, maddi məsrəflərin səviyyəsi az yüksəlsin və müharibənin yaratmış olduğu problemlərdən imkan daxilində yan keçə bilsin. Lakin hər hansı müharibə ehtimalı dövlətin başı üzərində əksik olmadığından hərbi qüvvələrin möhkəmləndirilməsi, zəruri xammal və digər ehtiyatların yaradılması istiqamətində görülən tədbirlər istər ölkə iqtisadiyyatına, istərsə də əhalinin yaşayış səviyyəsinə təsirsiz ötüşməmişdir. Əkin sahələrinin azalması, kənd təsərrüfatı məhsulları istehsalı səviyyəsinin aşağı enməsi, inflyasiyanı yüksəlməsi, əsas istehlak və ərzaq mallarına ehtiyacın artması zaman-zaman Türkiyə daxili siyasətinin həllə ehtiyacı olan problemlərinə çevrilmişdi.



Böyük Vətən müharibəsi: azərbaycanlılar müqavimət hərəkatında

  Azərbaycan döyüşçülərinin Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizəsi Sovet İttifaqının ərazisi ilə məhdudlaşmırdı.

Bu mübarizə Polşa, Almaniya və Fransadakı əsir düşərgələrində, İtaliya, Çexoslovakiya və Yuqoslaviya torpaqlarında davam etdirilirdi. 1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər.
 Azərbaycanın qəhrəman oğullarından Ə.Əliyev, İ.Qiyasbəyov, B.Hacıyev, H.Novruzov, H. Zeynalov və başqaları Polşada, H.Namazov, Ə.Hacıbəyov... Çexoslovakiyada, M.Hüseynzadə, M.Seyidov, R.Orucov, Ə.Məmmədov, T.Əliyev, M.Qulubəyov, Ə.Babayev... Yuqoslaviyada, Ə.Babayev, Ş.Məcidov, V.Hüseynov, M.Nəcəfov, Ə.Mirzəyev... İtaliyada, Ə.Cəbrayılov, M.Məmmədov, D.Abdullayev, X.Hacıyev... Fransada müqavimət və partizan hərəkatlarında misilsiz igidliklər göstərmişlər. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu. Edlin şəhərindəki gizli təşkilat hərbi əsirlər arasında geniş antifaşist təbliğatı aparırdı.Gizli təşkilatın izinə düşmüş faşistlər onun bir sıra üzvlərini edam etmiş, bir hissəsi qaçaraq partizanlara qoşulmuşdu. 1943-cü ilin ortalarında alman-faşist komandanlığı Polşadakı azərbaycanlı əsirləri Fransanın cənubuna köçürdü. 1944-cü ildə Rodez şəhərindəki gizli antifaşist təşkilatı Fransa Müqavimət Hərəkatının Baş Qərargahı ilə əlaqə yaratmış, hərbi əsirlərin böyük dəstəsinin partizanlara qoşulmasını təmin etmişdi.
 Əslən Şəki rayonunun Oxut kəndindən olan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 1941-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılmışdı. 1942-ci ilin mayında Donbas uğrundakı döyüşlərdə ağır yaralanmış və əsir alınmış, Daxau və Elzas — Lotaringiya ölüm düşərgələrinə göndərilmişdi. 1942-ci ilin noyabrında Fransada əsirlikdən qaçmış və partizanlara qoşulmuşdu. “Armed Mişel”, “Ryus Armed” və başqa adlarla Fransanın azadlığı uğrunda vuruşmalarda iştirak etmişdir. “Oktyabr inqilabı”, “Qırmızı bayraq” ordenləri və medallarla, habelə Fransanın orden və medalları ilə o cümlədən, şəxsi igidliyə görə verilən ən yüksək “Hərbi medal”la (bu mükafat hərbi paradda sıravi əsgərə generallardan irəlidə addımlamaq hüququ verir) təltif edilmişdir.
 1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları daxil olmuşdular. Onların çoxu 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, İ.Qradnik adına İtalyan — yuqoslav partizan diviziyası tərkibində əlahiddə rota təşkil etmişdilər. Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusu qərargahı yanında Haribaldi adına xüsusi kəşfiyyat — təxribat qrupuna rəhbərlik etmiş fövqəladə qəhrəmanlıqlar göstərmişdir. Həmin qrupa M.Hüseynzadə ilə yanaşı, Mirdamət Seyidov, Ənvər Məmmədov, Tağı Əliyev və digər soydaşlarımız daxil idi.

Alman dilini bilməsi, düşmən ordusunun qayda-qanunlarına bələd olması faşist zabiti formasını geymiş Mehdi və qrup yoldaşlarının düşmənin ən gur cəmləşdiyi yerlərə nüfuz etməyə və iri əməliyyatları həyata keçirməyə imkan verirdi.
 Mehdi özünün ilk əməliyyatını 1944-cü il aprelin 2-də keçirdi. Həmin günü o, Triyest şəhərinin yaxınlığında – Opçine adlı yerdə kinoteatrı partlatdı.. Nəticədə hitlerçi əsgər və zabitlərdən 80 nəfəri öldü, 110 nəfəri isə ağır yaralandı.
 Onun həyata keçirdiyi ən böyük əməliyyatlardan biri Triyest şəhərinin özündə — “Via qeqa” küçəsində almanların “Soldatenhaus” (Əsgər evi) restoranının binasının partladılması oldu. Faşist ordusu əsgərinin paltarlarını geyinmiş Mehdi və onun dostu Mirdamət Seyidov əvvəlcədən detanatorun ampulasını əzib restorana girdilər. Stol arxasında iki yer tutub içində partlayıcı olan çantanı stolun altına qoydular, özləri isə talon almaq bəhanəsi ilə əvvəlcə salondan, sonra isə binadan çıxdılar.
Yarım saatdan sonra faşistlərin nahar etdiyi restoran yerlə-yeksan oldu. İki gün ərzində hitlerçilər uçqunların altından meyitləri və yaralıları çıxarmaqla məşğul oldular. Faşist gestapoçuları həmin binanın bərbərxanasında sülənən bir neçə günahsız adamı həbs edib sonra da qətlə yetirdilər.
 Azərbaycan tarixi muzeyindəki eksponatların birində partlayışın ertəsi günü çıxmış “İl Pikkolo” qəzetinin bir parçası nümayiş etdirilir. Orada oxuyuruq: “Dünən, şənbə günü kommunist elementlər Triyest şəhərində alman əsgər evində terror təxribatı törətmiş, nəticədə bir neçə alman əsgəri və italyan vətəndaşı həlak olmuşdur. Terrorçulara yaxın dairələrdən xeyli adam həbs edilmişdir. Hərbi məhkəmə onlardan 51 nəfərinə ölüm hökmü kəsmişdir. Məhkəmənin hökmü dərhal yerinə yetirilmişdir”.
 Partizan qərargahına daxil olan rəsmi məlumata görə, qəzetdə göstərilən “bir neçə alman əsgəri” əslində 450 nəfərin ölüm və yaralanması demək idi.
 Bundan sonra bütün qəzetlərdə “Mixaylo” ləqəbli partizan Mehdi Huseynzadəni tutana və yaxud öldürənə 100000 marka həcmində mükafat veriləcəyi haqqında məlumat dərc edildi. Sonradan bu məbləğ 400.000 markaya yüksəldi. Lakin həmin mükafat heç kimə qismət olmadı.
 Təkcə Triyestdə Mehdi “İl Pikkolo” qəzetinin redaksiyasını və mətbəəsini, Via küçəsində hitlerçilər üçün açılmış fahişəxananı partlatmış, faşist hərbi qarajını yandırmış, Triyest şəhərində alman əsgər və zabitləri üçün nəzərdə tutulmuş mehmanxana və “Fartuna” küçəsindəki “kazino”nu yerlə-yeksan etmişdi.
 Mehdi özünün son əməliyyatını Sezane adlı yerdə keçirdi — faşistlər filmə tamaşa edərkən kinoteatrı partlatdı.
 Korpus qərargahının məlumatına görə, 1944-cü ilin 9 ayında Mehdinin həyata keçirdiyi əməliyyatlar nəticəsində 1000 nəfərdən çox alman əsgər və zabiti ölmüş və ya ağır yaralanmışdı.
 Şanlı partizan və onun döyüş dostlarının uğurlu əməliyyatları getdikcə artırdı. Lakin 1944-cü il noyabrın 14-də Vitovle kəndində Mehdinin olduğu ev hitlerçilərin böyük bir dəstəsi tərəfindən mühasirəyə alındı. Mehdi son patronuna qədər düşmənə müqavimət göstərdi. Axırıncı patronu isə özünə saxlamışdı. İgid qəhrəman düşmənə təslim olmayıb axırıncı güllə ilə özünü öldürdü. Həmin gecə partizanlar faşistlərin müqavimətinə baxmayaraq Mehdinin meyitini oradan götürüb Çepovani kəndində dəfn edə bilmişdilər. Sovet hökuməti cəsur partizana ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verdi.
 Tarix muzeyinin ekspozisiyasında və fondda Mehdi Hüseynzadənin doğmaları və partizan yoldaşları tərəfindən verilmiş çoxlu şəxsi əşyaları saxlanılır. Burada onun paltarı, pasportu, portsiqar və alışqan, üzük, partizan dəstəsində olduğu dövrdə çəkilmiş şəkillərin əsli saxlanılır. Şəkillərdən birini Mehdi öz döyüş dostları ilə birgə çəkdirmişdir. Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında sənəd də burada saxlanılır. Muzeyin fondunda Mehdinin həyatının məktəb və tələbəlik illərinə dair çoxlu digər əşyalar və sənədlər də vardır.
 Ekspozisiyada İtaliya və Yuqoslaviyada partizan hərəkatında Mehdi ilə birgə iştirak etmiş yoldaşlarına dair materiallar vardır. Bu sənədlər arasında gizli antifaşist təşkilatının rəhbəri, partizan dəstəsinin batalyon həkimi M.Qulubəyova Yuqoslaviya Ordusu Ali Baş Komandanlığı tərəfindən verilmiş “İgidliyə görə” medalı diqqəti xüsusilə cəlb edir. Həmin orden haqqında şəhadətnamə 1945-ci il iyunun 20-də verilmişdir.
 Mehdinin partizan dostu Mirdamət Seyidov Yuqoslaviyanın “İgidliyə görə” və “Xalq qarşısında xidmətlərinə görə” ordenləri ilə təltif olunmuşdur. M.Seyidovun partizan həyatını əks etdirən bu və digər sənədlər də muzeydə öz layiqli yerini tapmışdır.
 Yeri gəlmişkən qeyd edək ki, Yuqoslaviya xalq – azadlıq ordusunun tərkibinə daxil olan Sovet partizan batalyonunda çoxlu azərbaycanlı vuruşurdu. Faşistlərə qarşı döyüşlərdə fərqlənən 50-yə qədər Azərbaycan övladı Yuqoslaviyanın orden və medalları ilə təltif olunmuşdur.

 1942-ci ilin yazında Polşadakı hərbi əsir düşərgələrindən birində azərbaycanlıların gizli antifaşist təşkilatı yaradılmışdı. Ona zabit H.Qiyasbəyov və M.Məmmədov başçılıq edirdilər. Bu təşkilatın köməyi ilə bir qrup əsir düşərgədən qaçaraq Polşa partizanlarına qoşulmuşdu.
 Fransanın Rodez şəhərindəki əsir düşərgəsində xeyli azərbaycanlı vardı. Onların çoxu gizli antifaşist təşkilatının üzvi idi. Burada üsyan hazırlanması xəbəri xain tərəfindən düşərgə rəhbərliyinə çatdırılmasına, onun qarşısını almaq üçün böyük tədbir görülməsinə baxmayaraq, gizli təşkilatın üzvlərindən həkim Əmirov son dəqiqədə fürsətdən istifadə edərək 29 nəfər əsirlə birlikdə meşəyə qaçıb fransız partizanlarına qoşulmuşdu.
 Faşistlər xalqımızın qəhrəman oğulları Mirzəxan Məmmədov, Qulu Quliyev, Vəli Vəliyev, Mirzəli Məmmədli, Paşa Cəfərxanlı, Feyzulla Qurbanov, İsmayıl Heydərov, Həsən Əliyev, Qurban Məmmədov, Məmməd Axundov, Abbas Hüseynov və bir çox başqalarını həbs edib, böyük əzab və işgəncədən sonra ölüm cəzasına məhkum etmişdilər. Lakin faşistlərin ölüm cəzası belə mərd mübarizlərin iradəsini qıra bilməmişdi. Üsyanın təşkilatçılarından biri, müharibədən sonra uzun müddət Lənkəran şəhərində həkim işləmiş F.Qurbanov öz xatirələrində yazır: “Biz, 12 nəfər ölümə məhkum edilmişlər yekdilliklə qət etdik ki, əgər bizi axşam güllələməyib səhərə saxlasalar, nəyin bahasına olursa-olsun gecə qaçmalıyıq. Əgər bizi axşam güllələməyə aparsalar, onda yolda əliboş da olsaq döyüşə girməli və son fürsətdən istifadə etməliyik.
 Bizi qəbiristanlığa üstübağlı yük maşınında alman əsgərlərinin müşayiəti ilə aparırdılar. İkinci maşında 10-15 nəfər alman əsgəri bizim dalımızca gəlirdi. Qəbiristanlığa az qalmış Mirzəxan Məmmədov faşistə müraciət edərək almanca bir papiros istədi. Alman əsgəri əlini cibinə salarkən Mirzəxan onu güclü zərbə ilə vurub maşından atdı. İkinci əsgəri Q.Quliyev boğazladı. Biz maşından tullanmağa başladıq. Bu zaman ikinci maşındakı əsgərlər bizi atəşə tutdular". Bu qeyri-bərabər döyüşdə M.Məmmədov, M.Məmmədli, H.Əliyev, Q.Məmmədov və P.Cəfərxanlı qəhrəmancasına həlak oldular, 7 nəfər isə faşist edamından qaçıb qurtardı.
 1944-cü il avqustun 17-də Rodez şəhəri fransız və azərbaycanlı partizanlar tərəfindən faşistlərdən azad edilmişdi. Bu əməliyyatda azərbaycanlılara gizli antifaşist təşkilatın üzvü Hüseynrza Məmmədov başçılıq edirdi.
 Rodez zəhmətkeşləri qəhrəmancasına həlak olmuş azərbaycanlı vətənpərvərlərin xatirəsini əziz tutaraq, onları böyük matəm mərasimi ilə Rodez qəbiristanlığında dəfn etdilər. Matəm mitinqində çıxış edən polkovnik Rişard fransız vətənpərvərlərinin sovet xalqına qarşı məhəbbətlə dolu olan fikir və duyğularını bu sözlərlə ifadə etmişdi: “Fransa, azərbaycanlı hərbi əsgərlərin igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də biləcəklər ki, uzaq Azərbaycandan olan dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını əsirgəməmişlər.
 Azərbaycanlı döyüşçü partizanların qardaşlıq məzarı bizim üçün əziz ziyarətgah olacaqdır. Həlak olan qəhrəmanların surəti əbədi olaraq qəlbimizdə yaşayacaqdır’’.
 Qardaşlıq məzarı üzərinə qoyulan baş daşına Azərbaycan xalqının qəhrəman oğullarının şanlı adları həkk edildi.
 Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Daxau, Zaksenhauzen, Ravensburyuk və b. ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər.
 Avropa xalqları faşizmə qarşı vuruşan vətənpərvərlərin adlarını böyük hörmət və ehtiram hissləri ilə yad edirlər. Azərbaycandan uzaqlarda – Avropa ölkələrində faşizmə qarşı cəsarətli mübarizə aparan soydaşlarımızın kütləvi qəhrəmanlığı partizan hərəkatı tarixində parlaq səhifə təşkil edir.






İkinci Dünya müharibəsinin qurbanları


Tarixin ən qanlı müharibəsi kimi tanınan İkinci dünya müharibəsi qurbanlarının dəqiq sayı məlum deyil. Altı il davam edən və dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların sayını 35 milyon göstərən də var, 68 milyon göstərən də.

Amma mənbələrin əksəriyyəti bu müharibəyə 100 milyondan çox adamın birbaşa əldə silah cəlb olunduğunu, ölənlərin sayının isə 50 milyondan çox olduğunu yazır. Öldürülən adamlardan 15 milyonu əsgər, qalanı isə dinc əhali olub.

«World War 2» saytı da ölkələr üzrə ayrı-ayrılıqda itkilərin sayını verməyə çalışıb. Əlbəttə, bunlar da təxmini rəqəmlərdir. Amma yenə də bir-birindən kəskin fərqlənən mənbələr arasında müharibənin qara statistikasında orta rəqəmlər haqqında təsəvvür yarada bilir.


BƏZİ ÖLKƏLƏR ÜZRƏ MÜHARİBƏDƏ HƏLAK OLANLARIN SAYI
Ölkələr 
 Hərbçilər
 Mülki şəxslər
 Cəmi
 Sovet İttifaqı
 12 milyon
 17 milyon
 29 milyon
 Almaniya
 3.25 milyon
 2.44 milyon
 5.69 milyon
 Polşa
 597 000
 5.86 milyon
 6.27 milyon
 Yuqoslaviya
 305 000
 1.35 milyon
 1.66 milyon
 Rumıniya
 450 000
 465 000
 915 000
 Macaristan
 200 000
 600 000
 800 000
 Fransa
 245 000
 350 000
 595 000
 İtaliya
 380 000
 153 000
 533 000
 Böyük Britaniya
 403 000
 92 700
 495 000
 ABŞ
 407 000
 6 000
 413 000
 Çexoslovakiya
 7 000
 315 000
 322 000
 Hollandiya
 13 700
 236 000
 249 000
 Yunanıstan
 19 000
 140 000
 159 000
 Belçika
 76 000
 23 000
 99 000



BİRİNCİ DÜNYA MÜHARİBƏSİ İLƏ MÜQAYİSƏDƏ İKİNCİ MÜHARİBƏDƏ HƏLAK OLANLARIN BÖLGÜSÜ
Müharibə        Ölənlər arasında hərbçilər      Ölənlər arasında mülki şəxslər
 Birinci Dünya müharibəsi     95%    5%
 İkinci Dünya müharibəsi       33%    67%

Müharibənin əsas iştirakçılarının xərclərini müharibə illərindəki pulları ilə bu göstərir:
Böyük Britaniya – 20 milyard funt sterlinq.
ABŞ – 306 milyard dollar.
Almaniya – 414 milyard marka.
Yaponiya – 174 milyard yen.
İtaliya – 278 milyard lirə.
Sovet İttifaqı – 582 milyard.

Bu məbləğlərin o dövrdəki dəyəri əlbəttə, indikindən qat-qat çox idi. Məsələn, mütəxəssislər o zaman ABŞ-ın müharibəyə xərclədiyi 306 milyard dolların indiki təxminən bir trilyon dollar gücündə olduğunu deyirlər.

Azərbaycan ikinci dünya müharibəsi iştirakçılarına birdəfəlik yardım edir

1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib.


Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.

Sənəddə deyilir ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım verilsin.

Dövlət başçısı bu məqsədlə ehtiyat fondundan 8,7 milyon manat məbləğində vəsait ayırıb.

Mayın 9-da 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 66-cı ildönümü tamam olur.

1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib. Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanıb, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirib.

40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşüb. Müharibə illərində cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edib. Bakıda 130-dan çox növ silah və döyüş sursatı istehsal edilib.

 
             
                SƏRBƏST İŞ

                                                Azərbaycan Diller Universiteti


     

      TƏLƏBƏ : Fidan
      KAFEDRA : Tarix
      KURS : 1
      Fakültə : 2 N-li ingilis dili
      Rəhbər: dos.Mehdiyev Səməd
Ədəbiyyat siyahısı

4. Azərbaycan tarixi,7 cilddə,VII cild.B.,2003.səh.11-89ş
5. İsmayılov İ.,Azərbaycan ziyalıları XX əsrdə.B.2008,səh 39-49.
6. XX əsr Azərbaycan tarixi,II cild.B.2009,səh 338-359.
7. Məmmədov Ç.,Azərbaycan siyasi tarixi,B.2006,səh 245-273.
8. Məmmədov İ. Azərbaycan tarixi.B.,2005.səh 9-513.


                                         






                                                                              Bakı-2011