01.04.14

"BUĞURT QALASI"

Şirvanın orta əsr möhtəşəm qalalarından biri də Buğurt qalasıdır. Əlverişli strateji mövqeyinə və əzəmətli istehkamlarına görə dövrünün mühüm qalalarından biri olan Buğurt qalası bir neçə əsr Şirvan hökmdarlarının müdafiə məntəqəsi olmuş, onun hər bir daşı altında Şamaxı tarixinin bir çox sirləri gizlənmişdir. Buna görə də Buğurt qalasının tarixi Şirvan və Şamaxının tarixi ilə sıx əlaqədardır.






Buğurt qalası Şamaxı şəhərinin şimal-qərbində, ondan 20 km məsafədə hər
tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir (şəkil 9). Qala
yerləşən dağı cənubdan Qız qalası və Cənqu (cəngi) dağları, şərqdən Tənə dağı və
Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir. Bu isə
Buğurt qalasının strateji mövqeyinin əlverişli olduğunu göstərir. Belə ki, ən yaxın
məsafədən də qala yerləşən dağı görmək mümkün olmur. Tənə dağı ilə Qız qalası
dağının cənub ətəkləri arasında Keşmadin (keçmədin), şərq ətəyində Qaleybuğurt
kəndləri yerləşir. Qız qalası ilə Cənqu dağı arasında geniş bir dərə vardır. Həmin
dərədən bir qədər aralı Çağan (çayqan) kəndi salınmışdır. Bu dərədə hündür sal
qayalar qar, yağış və digər təbii hadisələrin təsiri nəticəsində müxtəlif şəkillər
almışdır. Bu qayalardan biri yerə oturmuş dəvə fiqurunu xatırladır (şəkil 10). Yerli
əhali arasında bu qaya haqqında çoxlu əfsanələr vardır. Bəziləri dəvəyə oxşar bu
daş fiqurunu müqəddəs hesab edib ona nəzir-niyaz deyirlər. Qalanın şərq tərəfində
meşəliklə örtülü Qaladalı adlı dərə vardır. Bu dərə şimaldan cənuba doğru göz
işlədikcə davam edir. Dərənin şərqində Topxana adlı kənd yerləşir. Yerli əhalinin
söylədiyinə görə vaxtilə düşmənlər buradan qalanı top atəşinə tutmuşlar. Topxana
adı isə bu hadisə ilə əlaqədar meydana çıxmışdır.
Qala yerləşən dağ hər tərəfdən uçurumla əhatə olunur. Qalaya çıxmaq üçün
nisbətən əlverişli yol qərb tərəfdədir. Burada dağın döşü boyu meşəlik içərisində
ön istehkamlar tikilmişdir. Bu maneələri ötüb keçdikdən sonra dağın lap zirvəsində
yerli əhalinin «Şah evi» adlandırdığı narınqala tipli başqa bir istehkam vardır. O,
hər tərəfdən uçurumlu qayalarla əhatə olunur. Buraya çıxmaq olduqca təhlükəlidir.
Yerli əhalinin dediyinə görə narınqalaya keçidən başqa ayrı heyvan, hətta canavar
belə qalxa bilmir. Buna görə də həmin yer keçilərin rahatca otlamaları üçün yeganə
təminatlı sahədir.
Buğurt qalası istər yerləşdiyi mövqeyinə, istərsə istehkamlarının quruluşuna
görə Azərbaycanda olan başqa orta əsr qalaları, o cümlədən əsrlər boyu onunla sıx
əlaqədə olmuş Gülüstan qalasından fərqlənir. Belə ki, orta əsr qalaları adətən bir
dağ və ya təpənin üzərində tikilmişlərsə Buğurt qalasının istehkamları bir-birinə
bitişik olan, bəzən təbii aşırımlar vasitəsi ilə birləşən dağ silsilələrinin
zirvəsindədir. Bu silsilə cənubdan başlayaraq şimala doğru getdikcə yüksəlir və
əlçatmaz olur (şəkil 11). Şirvanın bir çox qalaları kimi Buğurt qalası da əsasən
müxtəlif ölçülü daşlar və qum-əhəng qarışdırılmış məhlul ilə tikilmişdir. Qalanın
ön istehkamı həmin silsilənin qərb döşü və şərq tərəfdən dağın zirvəsi
istiqamətində təqribən düzbucaq formada 1800X250 m sahəni əhatə edir. Bu
əzəmətli divarın eni təqribən 5 m-dir. Onun bir çox hissələrini hazırda müşahidə
etmək mümkündür. Bəzi yerlərdə isə divarın yalnız izləri qalmışdır. Həmin
istehkam ilə əlaqədar bir sıra tikintilər də vardır ki, onların xarabaları hazırda qalmaqdadır. Bunlardan birisi qalanın cənub-qərb küncünü təşkil edən Qız qalası
adlı dağın zirvəsindədir. Bu dağ həqiqətdə qalanı cənub tərəfdən qoruyan təbii
maneələrdən birisi hesab edilir. Burada əlverişli strateji bir mövqedə dairəvi bürc
tikilmişdir. Bürcün diametri təqribən 3,5 m-dir. Onun arxasında 15x5 m ölçüsündə
dördkünc tikinti qalığı vardır. Bura yəqin ki, qalanın əsas gözətçi bürclərindən
biridir. Həmin bürcə bitişik olan divar 10-12 m şimala doğru davam etdikdən sonra
dağın relyefinə müvafiq olaraq düzbucaq formada şərqə tərəf əyilir, sonra yenə də
dağın yuxarı döş hissəsi ilə şimal istiqamətində təqribən 240-250 m uzununda
davam edərək başqa bir dairəvi bürcə çatır. Həmin bürcün yaxınlığında, ona bitişik
düzbucaq formalı başqa tikinti vardır. Bu tikinti divardan təqribən 20 m qərbə tərəf
davam etdikdən sonra düzbucaq formada cənuba doğru əyilir. Buranın da iki
dağarası gözətçi məntəqəsi olduğunu söyləmək mümkündür. Həmin tikintidən
yenə də 250 m şimala doğru divar davam etdikdən sonra (burada divarın yalnız izi
qalmışdır) çox mürəkkəb formalı bir tikintiyə təsadüf etmək olur. Üç gözdən ibarət
olan bu tikintinin qərb tərəfində, təqribən 15-20 m uzunluqda, 5 m enində divar
qərbə tərəf uzanır. Buradan vaxtı ilə hərbi hissələr yerləşdirmək üçün istifadə
edildiyi ehtimal oluıur. Eyni əhəmiyyətə malik başqa bir tikinti, divarın 200 m
davam edib sona çatdığı yerdə də vardır. Bürc formasında olan bu tikinti 35-40 m
qərb tərəfə doğru çəkilmiş divarın qurtaracağındadır. Həmin divar və bürc
Qaladərəsini nəzarət altında saxlamaq üçün ən əlverişli məntəqə hesab edilə bilər.
Burada yarımdairəvi bürcün arxasında eni 1,40 m, hündürlüyü 4 m və uzunluğu
təqribən 6 m olan dəhliz formalı yer vardır. Qaladərəsinə baxan divarda gözətçi
deşikləri düzəldilmişdir (şəkil 12).
İstehkamın şimal divarının ancaq izləri qalmışdır. Burada heç bir tikinti
qalığı yoxdur. Qalanın qərb divarı kimi şərq divarının, yəni dağın zirvəsi ilə
çəkilən divarın içəri tərəfində bir sıra tikintilər vardır.
Şah evi qala yerləşən dağların ən yüksək zirvəsindədir (şəkil 13). Narınqala
vəzifəsini ifa etmiş bu bina hər tərəfdən uçurumla əhatə olunur. Bina qayaların
arxasında gizlənmişdir. Belə ki, tam zirvəyə qalxmayınca onu müşahidə etmək
olmur. Burada bir-birinə bitişik üç otaq qalığı vardır. Otaqların tavanları və şimal
divarları dağılmışdır. Buna görə onların ölçülərini müəyyənləşdirmək mümkün
deyil. Binanın salamat qalmış cənub küncləri oval formadadır. Şah evinin şimal
tərəfində dağın yamacları istiqamətində bir-birindən təqribən 200-250 m aralı qoşa
divar çəkilmişdir. Bu divarlardan başqa, dağın əlverişli çıxış yerlərində də müxtəlif
sədd və maneələr tikilmişdir. Bunlar şimal tərəfdən şah evini müdafiə edən
istehkamlardır (şəkil 14).
Qeyd etdiklərimizdən aydın olur ki, Buğurt qalası öz tikintiləri və
istehkamları etibarilə olduqca nəhəng və mürəkkəb bir quruluşa malikdir. Böyük
bir sahəni əhatə edən bu qalanın tikilməsində saysız-hesabsız insan qüvvəsi,
dövrün məharətli memar, bənna və daş yonanları iştirak etmişlər. Bu tikintilərin
hər bir guşəsində donmuş insan əməyi öz ahəngdarlığı ilə indi də səslənməkdədir.Şübhəsiz ki, bu barədə ətraflı fikir söyləmək bizim səlahiyyətimizdən xaricdir.
Ancaq bunu deyə bilərik ki, başqa orta əsr qalaları kimi bu qala da öz
istehkamlarına görə iki hissədən: ön istehkam və narınqaladan ibarətdir. Birincinin
tikilişində çay daşı və böyük həcmli yonma daşlardan istifadə edilmişdir. Narınqala
isə ancaq yaxşı yonulmuş daşlarla tikilmişdir. Ön istehkam öz tikinti xüsusiyyətinə
görə Gülüstan qalasına, narınqala isə Bakı Şirvanşahlar sarayı tikintisinə uyğun
gəlir.
Buğurt qalası, Qaleybuğurt, Keşmadin, Çağan kəndləri və Topxana adlı yer
haqqında xalq arasında bir sıra rəvayətlər vardır ki, onlar qalanın tarixini
aydınlaşdırmaq cəhətdən müəyyən əhəmiyyətə malik olduğu üçün bu barədə qısa
məlumat verməyi məqsədəuyğun hesab edirik.
A. P. Fituni Sultan Ağa adlı bir kişinin verdiyi məlumata əsaslanaraq bu
qalanın Bığır xan tərəfindən tikildiyi üçün Bığır qalası adlandığını söyləmişdir. O,
əlavə edir ki, Qaladərəsi həmin vaxtdan etibarən Bığır xanın şərəfinə Bığırdərəsi
adlanmışdır1. Bu fikir həqiqətə uyğun deyildir, çünki, qeyd etdiyimiz kimi, hazırda
bu dərə Bığırdərəsi deyil, Qaladərəsi adlanır. Digər tərəfdən A. P. Fituninin qeyd
etdiyi Bığır xandan əvvəl bu yer qala yaxınlığında olduğu üçün Qaladərəsi
adlanmışdır. Deməli, Bığır xandan əvvəl də Buğurt qalası mövcud olmuşdur.
Əgər yerli əhalinin dediyinə əsaslanmış olsaq, burada keçmişdə Bığır xan deyil,
Bığır ya Buğur adlı türk tayfası yaşamış və həmin tayfa bu qalanı tikdirdiyi üçün
Buğurt qalası adlanmışdır. Əldə olan məlumata görə bu tayfa olduqca döyüşkən
olmuş, sonralar həmin ərazidən Göyçayın yaxınlığına köçmüşdür. Hazırda
Göyçayın yaxınlığında Bığır adlı kənd vardır. Tədqiqatçılar bunların türk tayfası
olduğunu ehtimal edirlər.
Buğurt ya bığır sözünün etimologiyasına gəldikdə çox güman ki, o, qartal
mənası daşıyan berkut sözündəndir. Bu məna Buğur ya Bığır tayfasının döyüşkən
olmasına və Buğurt qalasının möhkəm, əlçatmaz dağda yerləşməsinə də uyğun
gəlir. Berkut adlı qala Orta Asiyada Xarəzm yaxınlığında da vardır. Çox ehtimal
ki, Qaleybuğurt Berkut qalası sözünün farslaşdırılmış formasıdır. Qalanın
yaxınlığında olan Qaleybuğurt kəndi də şübhəsiz ki, öz adını həmin qaladan almış,
çox güman ki, bu kənd Berkut tayfasının ilk məskəni olmuşdur.
Keşmadin kəndinin adına gəldikdə yerli əhalinin söylədiyinə görə, vaxtilə
İran şahı Buğurt qalasını mühasirəyə alıb şirvanşaha bildirir ki, təslim olduğu
təqdirdə onun qanından keçəcəkdir, daha doğrusu, şahı öldürməyəcəkdir.
Şirvanşah qaladan enir və indiki Keşmadin kəndi ərazisində təslim olur. Lakin şah,
Şirvan hökmdarını öldürüb, onun yerə tökülmüş qanının üstündən keçir, bununla da öz əhdinə «sadiq» qaldığını göstərmək istəyir. Həmin tarixdən bu kəndin adı
Keçmədin (şirvanşahın qanından keçməmək nəzərdə tutulur) qalır.
Eləcə də Çağan kəndinin haqqında belə rəvayət var ki, vaxtilə şirvanşah bu
kəndin yaxınlığındakı çayda düşmənlə vuruşur, çoxlu adam yaralanıb ölür.
Nəticədə çayın suyu qana bulaşır. Bu tarixdən həmin çay «Çayqan» və
yaxınlıqdakı kənd isə eyni adla şöhrətlənir, sonralar bu ad Çağana çevrilir.
Yaxınlıqda Cənqu (cəngi) dağı və Cənqu meşəsi də həmin hadisə ilə əlaqədar belə
adlanmışdır. Mənbələrdən aydın olur ki, I İsmayılın Şirvana hücumu zamanı
Gülüstan qalası ilə Buğurt qalası arasındakı meşədə kəskin vuruşma baş verir. Çox
ehtimal ki, Cənqu və ya Cəngi1 adı bu dağ və meşəyə həmin müharibədən sonra
verilmişdir.

Mənbə:HÜSEYN CİDDİ   "BUĞURT QALASI" kitabından