01.04.2014

1918-ci il QIRĞINLARI


Xalqımıza qarşı əsrimizin əvvəllərində iki dəfə soyqırımı siyasətinin həyata keçirilməsinə baxmayaraq, bugünkü nəsil yaxın vaxtlara qədər bu tarixi faciələr barədə, demək olar, heç nə bilmirdi. Son illərin demokratik işığı soykökümüzə qarşı çevrilmiş bu mənfur siyasətin acı həqiqətləri üzərinə öz ziyasını saldı, mətbuat səhifələrində 1905 və 1918-ci illərdə olmuş qırğınlar barədə yazılar görünməyə başladı.
Sovet hakimiyyəti illəri ərzində bu tarixi faciələr barədə danışmaq qeyri-mümkün idi. Xalqın soykökünün məhvinə, Azərbaycan torpaqlarının zəbt edilməsinə aid məqalələr dərc etdirmək, kitablar buraxmaq qanunla qadağan olunurdu. Bu işi görməyə cəhd edən ayrı-ayrı şəxslər inzibati orqanlar tərəfindən təqib edilirdi, onların bu vətənpərvərlik fəaliyyəti o dövrdə partiyanın irəli sürdüyü beynəlmiləlçilik siyasəti ilə uyğun gəlmirdi.



Elə həmin dövrdə heç bir partiya və dövlət siyasətinə məhəl qoymayan ermənilər xalqımıza qarşı, bütövlükdə türk dünyasına qarşı həyata keçirtdikləri soyqırımı siyasəti ilə əlaqədar olaraq əhali arasında təbliğat işləri aparır, yeni nəsli sırf erməni millətçiliyi ruhunda tərbiyə etməyə çalışırdılar. Məhz buna görə də yaxın vaxtlara qədər, yəni Dağlıq - Qarabağ problemi meydana çıxana qədər hər bir erməni gənci türkə nifrət ruhunda böyümüş, 1905-1918-ci illərdə olmuş erməni-müsəlman qırğınları barədə tarixi həqiqətlər barədə uydurulmuş, şişirdilmiş təsəvvürlərə malik idi. Azərbaycanda isə başımıza açılan müsibətləri yazmaq qadağan edildiyindən gənclərimiz öz yaxın keçmişində baş vermiş faciələri öyrənə bilməmişdi, başqa sözlə desək, soykökümüzə, ərazimizə, torpaqlarımıza, tariximizə qarşı çevrilmiş bu faciədən süni surətdə məhrum olmuşdu.



1993-cü ildə 1918-ci ilin erməni-müsəlman qırğınından 75 il keçdi. Düz 75 il əvvəl erməni quldur dəstələri Azərbaycan türklərinə qarşı tarixdə görünməmiş bir vəhşilik etdi. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Qarabağ və Zəngəzurda, habelə Azərbaycanın digər şəhər və kəndlərində, qədim oğuz yurdu İrəvan torpaqlarında yüz minlərlə Azərbaycan türkü işgəncə ilə öldürüldü, evlər qarət edildi, yandırıldı. Daşnak silahlı dəstələri dinc əhaliyə qarşı elə vəhşiliklər tətbiq etdilər ki, bu gün həmin tarixi faciələr barədə söhbət açanda adamın nəbzi dayanır. Erməni vəhşiləri qocaları, qadınları, uşaqları qılıncdan keçirir, bu gün olduğu kimi, 1918-ci ildə də azərbaycanlıların yaşayış yerlərini yandıraraq ölü zona yaratmağa çalışırdılar. Həmin dövrdə daşnak hərbi qüvvələrinin vasitəsilə təşkil edilmiş bu soyqırımını başda Stepan Şaumyan olmaqla erməni bolşevikləri vətəndaş müharibəsi kimi qələmə verməyə və bununla da əsl tarixi həqiqəti ört-basdır etməyə çalışırdılar.
Lakin zaman hər şeyi öz yoluna qoydu. Erməni bolşeviklərinin əsl siması məlum oldu. Xalqımızın soyqırımına susamış bu vəhşilər öz tarixi cinayətlərini gizlədə bilmədilər.
1918-ci ilin mart soyqırımı günü vaxtilə Azərbaycan Demokratik Respublikası hökuməti tərəfindən milli matəm günü kimi keçirildi. Bu matəm iki il, yəni 1919 və 1920-ci illərdə Azərbaycanda milli matəm kimi qeyd edildi.
Azərbaycan Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunun əməkdaşları tərəfindən hazırlanan bu kitab həmin sahədə ilk təşəbbüs hesab olunur. Müəlliflər 1918-1920-ci illərdə Azərbaycanın bütün ərazisində Bakı, Quba, Şamaxı, Gəncə, Qarabağ, Naxçıvan və Zəngəzurda, eləcə də qədim oğuzların yaşayış məskəni olan İrəvan torpağında soykökümüzə qarşı dövlət səviyyəsində həyata keçirilən soyqırımı hadisələrini faktik materiallar əsasında təhlil edərək ümümiləşdirib oxuculara çatdırmağı özlərinə borc bilmişlər.
Şübhəsiz ki, adları çəkilən şəhərlərdə və ərazilərdə törədilən soyqırımı barədə daha böyük həcmli kitablar yazmaq mümkündür. Yəqin ki, tarixçilərimiz bu işin öhdəsindən layiqincə gələcəklər.Çünki bu soyqırımı hər bir Azərbaycan vətəndaşının, xüsusilə böyüməkdə olan gənç nəslin qan yaddaşında möhkəmlənməlidir.



VAQİF ARZUMANLI,VƏLİ HƏBİBOĞLU,KAMİL MUXTAROV
1918-ci il QIRĞINLARI
Bakı “