17.11.13

VIIIa sinfində tarix fənnindən açıq dərsin icmalı

Mövzu: “Ağqoyunlu dövləti”
Məqsəd: Şagirdləri mövzu haqqında açıq və sərbəst düşünməyə sövq etmək. Şagirdlərdə idrak fəallığını artırmaq, biliyin əldə edilməsi, xüsusilə tədqiqatlar aparmaq bacarığını formalaşdırmaq.
Üsul: İnteraktiv: Müsahibə xarakterli dərs. İşgüzar səs-küy.
İş formaları: Böyük və kiçik qruplarla iş.
İnteqrasiya: Coğrafiya, riyaziyyat.
Təchizat: Dərslik, xəritə, test, kartoçkalar, krossvordlar, kompyuter.
Dərsin planı.
1. Sinfin təşkili – 1 dəq.
2. Ev tapşırığının yoxlanılması – 2 dəq.
3. Keçmiş dərsin müsahibə üsulu ilə sorğusu – 10 dəq.
4. Keçmiş dərs ilə yeni dərs arasında əlaqə – 2 dəq.
5. Motivasiyanın qoyulması – 2 dəq.
6. Yeni dərsin izahı – 15 dəq.
7. Yeni dərsin möhkəmləndirilməsi – 7 dəq.
8. Qiymətləndirmə – 3 dəq.
 9. Ev tapşırığının verilməsi – 3 dəq.
Dərsin gedişi.
I.Sinfin təşkili
Zəng vurulduqdan sonra sinfə daxil olub, şagirdlərlə salamlaşır və əyləşmək icazəsi verirəm. Nizam-intizamı bərpa etdikdən sonra davamiyyəti yoxlayıb, jurnalda lazımi qeydlər aparıram.
II. Ev tapşırığının yoxlanılması
Şagirdlərin XV əsr memarlıq abidələri haqqında apardıqları tədqiqatların nəticələrini yoxlayıram.
III. Keçmiş dərsə aid müsahibə


Xəritə
Müəllim: Oğuz türkləri olan Qaraqoyunlulara hansı sülalə başçılıq edirdi?
Şagird: Baharlılar sülaləsi.
Müəllim: Qaraqoyunlu sülaləsinin banisi kim olub?
Şagird: Bayram Xoca.
Müəllim: Çapaqçur döyüşü kimlər arasında olub?
Şagird: Qara Məhəmmədlə Əmir Teymur arasında.
Müəllim: XV əsrin əvvəllərində Teymurilərin Azərbaycandan qovulmasında kimlər həlledici rol oynayırdılar?
Şagird: Qaraqoyunlular.
Müəllim: 1394-cü il Bağdad yaxınlığındakı döyüş kimlər arasında baş verib?
Şagird: Qaraqoyunlu və Cəlairlərin birləşmiş qüvvələri ilə Teymurilər arasında.
Müəllim: Qaraqoyunlu dövləti neçənci ildə yaranıb?
Şagird: 1410-cu ildə.
Müəllim: 1410-cu il avqustun 30-da təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə döyüş kimlərin arasında baş vermişdi?
Şagird: Qaraqoyunlularla Cəlairilər arasında.
Müəllim: Qaraqoyunlu hökmdarı Cahanşah 1458-ci ildə haranı tutdu?
Şagird: Teymuri imperatorluğunun mərkəzi olan Heratı.
Müəllim: Şahruxun üçüncü dəfə Azərbaycana yürüşünün səbəbi nə idi?
Şagird: Xəlilullahın kömək üçün Şahruxa müraciət etməsi.
Müəllim: Cahanşah daxili siyasətdə kimlərə arxalanırdı?
Şagird: Oturaq əhaliyə və iri tacirlərə.
Müəllim: Hansı hadisədən sonra Cahanşah dövləti müstəqil idarə etməyə başladı?
Şagird: 1447-ci ildə Şahruxun ölümündən sonra.
Müəllim: Qaraqoyunlu dövlətinin tərkibinə daxil olan ərazilər hansılardır?
Şagird: Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqları.
Müəllim: Sərdrud döyüşünün nəticəsi necə oldu?
Şagird: Teymurilərin Azərbaycandan qovulması.
Müəllim: Nə üçün Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın dönüşü kimi qəbul etdi?
Şagird: Çünki o zaman Azərbaycan Cəlairilər dövlətinin tərkibində idi.
Müəllim: 1412-ci ildə baş verən Kür sahili döyüşünün nəticəsi necə oldu?
Şagird: Qarayusif və müttəfiqləri qalib gəldi.
IV. Keçmiş dərslə yeni dərs arasında əlaqə.
Uşaqlar, Qaraqoyunlu dövlətinin süqutundan sonra ölkəni idarə etmək üçün yeni bir dövlətin yaranmasına ehtiyac var idimi?
Bəli, dövlətsiz ölkəni idarə etmək mümkün deyil.
 Uşaqlar, mən də sizin fikriniz ilə razıyam. Ona görə də ölkəni idarə etmək üçün yeni bir dövlət yarandı. Bu Ağqoyunlular dövləti idi. Bu gün mən sizə belə bu dövlət haqqında ətraflı məlumat verəcəm.
V. Yeni dərsin izahı.
Ağqoyunlu dövləti

Xəritə
XIV əsrin sonunda Oğuz türkləri Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi. (1370-1388). Qara Yuluq Osman Bəy isə (1394-1435) mərkəzi Diyarbakır olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy (Uzun Həsən) Bayandur başçılıq etmişdir.
1467-ci ildə Muş döyüşündə qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.
Ağqoyunlu dövləti Avropa ilə geniş əlaqə yaratmışdı. Ağqoyunlu dövlətinin Qərb ölkələri ilə belə geniş əlaqə yaratmaqda məqsədi beynəlxalq ticarət əlaqələrini, ilk növbədə ipək ticarətini səhmana salmaq və ordunu müasir silahlarla təchiz etmək idi. Ağqoyunluların xarici siyasətində əsas istiqaməti Osmanlı imperiyası ilə münasibətlər təşkil edirdi.

Osmanlı ordusuna ağır zərbə vuran Uzun Həsən anası Sara xatunu II Mehmetlə danışıqlara göndərdi. Onun bu danışıqda iki məqsədi vardı.
- II Mehmeti Ağqoyunlular üzərinə hücumdan daşındırmaq.
Trabzona hücum fikrindən döndərmək.


Sultan öz düşərgəsində Bolqar dağında Sara xatunu hörmətlə qarşıladı. Onlar bu danışıqlarda bir-birinə “Ana”-”oğul” deyə müraciət edirdilər.
Uzun Həsən
Uzun Həsən Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmağa başladı. Avropanın xristian dövlətləri Osmanlını zəiflətmək üçün Uzun Həsəndən istifadə edirdilər.
1474-cü ildə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin Şirazda qaldırdığı qiyam yatırıldı. Uğurlu Məhəmməd İstanbula qaçdı və II Mehmet qızını ona ərə verdi. Onu Azərbaycan-Türkiyə sərhəddindəki Sivasa hakim təyin etdi. Uzun Həsən oğlunu ələ keçirib edam etdirdi.
VI. Yeni dərsin möhkəmləndirilməsi
Şagirdləri aşağıdakı qruplara bölür və tapşırıqlar verirəm.
I Qrup
1.Ağqoyunlu tayfa birliyinin erkən orta əsrlərdə məskunlaşdığı ərazini xəritədə göstərin.
2.Uzun Həsənin 1468-ci ildə müqavimətsiz tutduğu ərazilər.
3.Paytaxtı Təbriz olan hansı Azərbaycan dövlətlərini tanıyırsınız?
II Qrup
1.Ağqoyunlu dövləti hansı tarixi şəraitdə yarandı?
2.Tərkibinə daxil olan ərazilər.
 3.Ağqoyunlu dövləti hansı dövlətlərlə diplomatik əlaqələr yaratmışdı?
III Qrup
1.Fateh II Mehmet Trabzon imperiyasının varlığına son qoymaqda məqsədi nə idi?
2.Yassıçəmən sülhünün şərtləri.
 3.Uzun Həsənin Avropa dövlətləri ilə əlaqə yaratmaqda məqsədi.
IV Qrup
1.Uzun Həsənin vergi islahatı keçirtməkdə məqsədi.
2.Şərqin ilk diplomat qadını.
 3.Uzun Həsənlə Teymuri Əbu-Səyid arasında olan müharibənin səbəbi?
VII. Qiymətləndirmə
Aşağıdakı meyarlarla qrupları qiymətləndirirəm:
Ağqoyunlu dövləti ilə bağlı sadə xronoloji məsələni həll edir.
Ağqoyunlu dövləti haqqında yüksək biliklər nümayiş etdirir.
 Azərbaycan tarixində Uzun Həsənin mühüm rol oynadığını müəyyənləşdirir.
Xəritədə Ağqoyunlu dövlətinin ərazisini və mühüm tarixi abidələrini müəyyənləşdirir.
Xalqın mənafeyinin qorunmasında Ağqoyunlu dövlətinin rolunu dəyərləndirir.
VIII. Ev tapşırığının verilməsi.
Ağqoyunlu dövləti haqqında internetdən, ensiklapediyadan və başqa mənbələrdən əlavə məlumat hazırlayın.

Kifayət Abbasova,
318 nömrəli tam orta məktəbin
tarix müəllimi

http://www.tehsilproblemleri.com/?p=1021