18.10.13

Leylatəpə mədəniyyəti

Azərbaycan qədim mədəniyyətlər diyarıdır. Ölkəmizin ərazisində aparılan arxeoloji tədqiqatlar mədəni irs nümunələrimizin aşkarlanması ilə yanaşı, əski çağlara aid mədəniyyət tarixinə də işıq salır. Ötən yazılarda Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərindən bəhs etmişdik. Bu dəfə XXI əsrin əvvəllərində daha geniş öyrənilən Leylatəpə mədəniyyətindən söhbət açacağıq.


“Bakı-Tbilisi-Ceyhan kəməri araşdırmalara təkan verdi”

Mil-Qarabağ zonasının mühüm abidələrindən biri olan Leylatəpə arxeoloji abidəsindən söz açan tədqiqatçılar aşkarlanan maddi-mədəniyyət nümunələrinin təkmil formasına və keyfiyyətinə görə, Eneolit mədəniyyəti ilə Kür-Araz mədəniyyəti arasında xüsusi bir mərhələnin olması ehtimalını qeyd edirdilər. Son illərdə bu mədəniyyətə aid abidələrin aşkarlanması bu barədə müəyyən fikir yürütməyə, konkret elmi nəticələrə gəlməyə əsas verib. Bu istiqamətdə araşdırmalar aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli deyir ki, hələ XX əsrin 80-ci illərində tarixçi alim İdeal Nərimanov tərəfindən sözügedən yaşayış məskənində qazıntı aparılmışdı. Bu arxeoloji mədəniyyət indiyədək demək olar ki, yalnız bir abidə əsasında məlum idi: “Ancaq son illər ərzində Azərbaycan ərazisində Leylatəpə mədəniyyətinə aid çoxsaylı abidələr aşkara çıxarıldı. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə əlaqədar geniş araşdırmalar aparıldı. Bu layihə çərçivəsində çöl tədqiqatları zamanı 2004-2005-ci illərdə Azərbaycanın qərb bölgəsində I Böyük Kəsik, I Poylu, II Poylu, Ağılı dərə kimi yaşayış yerləri, Cənubi Qafqaz arxeologiyası üçün ilk dəfə olaraq Eneolit dövrünə aid Soyuqbulaq kurqanları aşkar edildi, geniş qazıntı işləri aparıldı. Sonrakı illərdə Ağstafa rayonu ərazisində tərəfimizdən aparılan arxeoloji kəşfiyyat işləri nəticəsində Leylatəpə mədəniyyətinə aid daha bir neçə yaşayış məskəni aşkar edildi, yerüstü materiallar əsasında ilkin araşdırmalara start verildi”.

Zəngin keramika nümunələri

Leylatəpə mədəniyyətinə şamil edilən Selaxan yaşayış yerində aşkar olunan keramika məmulatı bütün göstəriciləri ilə I Böyük Kəsik yaşayış yerinin və bu mədəniyyətə aid digər abidələrin keramikası ilə eyniyyət təşkil edir. Tapılan nümunələr qırmızı, qonur, az hallarda çəhrayı, tünd-boz və qara rənglidir. Tədqiqatçılar, Leylatəpə mədəniyyətinin digər abidələrində olduğu kimi, Selaxan yaşayış məskənində də aşkar edilmiş keramika məmulatını tərkibinə görə bitki qatışıqlı, təmiz tərkibli, qeyri-üzvi qatışıqlı, bitki və qeyri-üzvi qatışıqlı olmaqla dörd qrupa bölürlər. İlk iki qrup «keyfiyyətli keramika», üçüncüsü isə «kobud keramika» kateqoriyasına aid edilir.
Nəcəf Müseyiblinin sözlərinə görə, keramika məmulatının əsas xüsusiyyətləri bu abidələrin və bütövlükdə Leylatəpə mədəniyyətinin bir tərəfdən Ön Asiya, digər tərəfdən isə Şimali Qafqazın Maykop mədəniyyəti ilə bağlı olduğunu sübut edir: “Saxsı qabların tipoloji olaraq ən yaxın paralelləri Şərqi Anadolu-Şimali Mesopotamiya bölgələrindəki Arslantəpə, Təpə Qavra, Tell Xəznə və digər abidələrdən məlumdur. Maykop mədəniyyətinin erkən mərhələsinə aid əksər abidələrdən belə qablar, o cümlədən üzərində “dulusçu işarələri” olan məmulatlar aşkar edilmişdir”.
Son araşdırmalar Leylatəpə arxeoloji mədəniyyətinin, əvvəllər güman olunduğu kimi, Ubeyd və ya Uruk abidələri ilə bağlı olmadığını sübut edir. Leylatəpə mədəniyyətinə aid abidələrin tədqiqi bu mədəniyyətin mənşə etibarilə Uruk mədəniyyətinin Şimali Mesopotamiya və Şərqi Anadoluya yayılmasına qədərki post-ubeyd dövrü son xalkolit mədəniyyəti daşıyıcılarının həmin bölgələrdən Cənubi Qafqaza miqrasiyası nəticəsində meydana çıxdığını və Şimali Qafqazda Maykop mədəniyyətinin yaranması üçün bir mənbə olduğunu təsdiq edir.
Bu mədəniyyətə aid aşkar olunan küplər bir qayda olaraq «keyfiyyətli keramika» kateqoriyasına aiddir. Bu tip qablara aid ağız kənarları və gövdə fraqmentləri aşkar edilib. Bütün ağız kənarlarına aid hissələrdə dulus çarxında fırlanmanın izləri müşahidə olunur. Küplər qırmızı, qonur, az hallarda isə çəhrayı rənglidirlər. Ağız kənarları qıfşəkillidir. Küpələr isə əsasən iri ölçülüdür. Onların gili bitki qatışıqlıdır. Keyfiyyətli bişirilmiş bu qabların səthinə açıq-yaşıl rəngli anqob (naxış növü) çəkilmişdir. Dulus çarxında formalaşdırılmış bu küpələrin enli ağız kənarı qıfşəkilli sonluğu isə xaricdən azacıq qabarıqdır.
«Kobud keramika» kateqoriyasına aid küpələrin ağız kənarı düzdür. Onlar əsasən tünd-qonur rənglidir. Bir ədəd tünd-boz rəngli küpənin köbəli ağız kənarı fraqmenti tapılmışdır.
Xeyrələr daha çox «keyfiyyətli keramika» kateqoriyasına aiddir. Az hallarda «kobud keramika» kateqoriyasına aid xeyrələrə də rast gəlinir. Bu tip qabların ağız kənarı əsasən xaricdən qabarıqdır. Bəzən ağız kənarını daxildən zəif çıxıntı əhatələyir.
Nəcəf Müseyibli qeyd edir ki, qazıntılar zamanı hər hansı bir qabın oturacaq hissəsi aşkar edilməmişdir. Belə ki, Leylatəpə mədəniyyətinə aid digər abidələrdə olduğu kimi, Selaxan yaşayış yerindən aşkar edilmiş saxsı qablar da yuvarlaq altlıqlı olmuşlar. Bu mədəniyyətə aid yastı və ya dabanlı oturacaqlı qablara təsadüfi hallarda rast gəlinir: “Keramika məmulatı içərisində bir neçə ədəd diskşəkilli əşyaları da qeyd etmək lazımdır. Onların hamısı fraqment halında aşkar edilmişdir. Əsasən bitki qatışıqlı gildən hazırlanmış qabların divar fraqmentlərindən düzəldilmiş disklərin ortasından ikitərəfli deşik açılmışdır. Az hallarda bitki qatışığı olmayan diskşəkilli əşyalara da rast gəlinir. Onların diametri 5-6 santimetrdir. Bir ədəd diskşəkilli əşya qab fraqmentindən deyil, çiy gildən formalaşdırılmış, sonra isə bişirilmişdir”.
Ümumiyyətlə, Azərbaycanın qərb bölgəsində Leylatəpə mədəniyyətinə aid çoxsaylı abidələrin aşkar olunması ilk növbədə bu mədəniyyətin Son Eneolit dövründə - e.ə. IV minilliyin I yarısında daha geniş arealda və intensiv şəkildə yayıldığını göstərir. Həm qazıntıların, həm də ilkin kəşfiyyat işlərinin aparıldığı abidələrin tapıntıları Leylatəpə mədəniyyətinin daha ətraflı araşdırılması üçün zəngin materiallar vermişdir. Müəyyən edilmişdir ki, Leylatəpə mədəniyyəti yaşayış məskənlərinin başlıca xüsusiyyətlərindən biri onların lokal qruplar halında yerləşməsidir.

Altı min yaşlı “Qala yeri”

Ötən il Qəbələ Beynəlxalq Hava Limanı ərazisində tədqiqat işləri aparılarkən “Qala yeri” adlanan ərazidə e.ə. V-IV minilliklərə aid “Qala yeri” abidəsi aşkar edilib. Eneolit dövrünə aid bu yaşayış məskəni Leylatəpə arxeoloji mədəniyyətinə məxsusdur. Bu abidə 6 min il əvvəl indiki İraq ərazisində mövcud olan Mesopotamiyadan Cənubi Qafqaza gələn tayfalar inşa ediblər. Qədim sivilizasiyanın beşiyi olan Mesopotamiyadan gələn insanlar bu yerdə məskən salaraq 500 ildən artıq yaşayıblar və sonradan onların bir qismi Şimali Qafqaza köçüb.
Ekspedisiyanın rəhbəri olmuş N.Müseyiblinin sözlərinə görə, bu qədim yaşayış məskəni təsadüf nəticəsində müəyyən edilib. Hava limanı ərazisində tikinti işləri aparılarkən inşaatçılar torpağın altından qədim maddi-mədəniyyət nümunələri çıxarıblar. Arxeoloji qazıntı işləri zamanı qədim insanların kənd təsərrüfatı həyatını, mənəvi mədəniyyətini, dəfn adətlərini, sənətkarlıq ənənələrini əks etdirən mindən çox maddi-mədəniyyət nümunəsi aşkar olunub. Tapılan maddi-mədəniyyət nümunələrinin böyük əksəriyyəti Mesopotamiyaya məxsusluğu ilə diqqəti cəlb edir.
Qədim insanlar həmin yerdə oturaq həyat tərzi keçirərək maldarlıq və əkinçiliklə məşğul olublar. “Qala yeri” abidəsi 2500 il əvvəl mövcud olan Qafqaz Albaniyasının və 900 il paytaxt olmuş qədim Qəbələ şəhərinin (indiki Çuxur Qəbələ kəndi) tarixindən də 3500 il əvvələ təsadüf edir. Leylatəpə arxeoloji mədəniyyətinə aid edilən bu qədim yaşayış məskəni nəinki Qəbələdə, eləcə də Azərbaycanın şimal və şimal-qərb regionunda ən qədim abidə hesab olunur.

C.Zərbəliyev



http://www.medeniyyet.az/new/?name=content&content=19849