30.07.2013

Qədim Azərbaycan Atropatena dövləti: adının mənşəyi

Atropatenanın mənşəyinə aid müxtəlif fikirlər mövcuddur. Azərbaycanın cənubu müvafiq surətdə Atropatena, Aturpatakan, Adorbiqan, Adirbican və s. adlandırılırdı. Azərbaycan adının ilkin forması Azərbayqan kimi bərpa edilir. Tarix dərsliklərində ad müxtəlifliyini aradan qaldırmaq üçün Cənubi Azərbaycan müvafiq dövr üçün Adərbayqan adlandırılmışdır.



Y.Yusifovun fikrincə, Azərbaycan adının qədim formaları türk və fars ləhcəli etnoslar arasında müvafiq fonetik fərqlərlə işlədilirmiş. Qeyd olunduğu kimi, e. ə.VIII-VII əsr mixi yazılarında Andirpatianu//Andarpatian məskən adı çəkilmişdir. Bu yaşayış məskəni Midiya ilə Manna (indiki Cənubi Azərbaycan) arasında Qızıl Üzən çayının cənub-qərb başlanğıc axarında yerləşirmiş. Onu Atropatena adı ilə oxşadırdılar. Lakin buna etiraz olaraq, addakı "andar/andir" komponentinin "atro/atur" (Atro-patena//Atur-patakan) sözünə bənzəmədiyini qeyd etmişlər. Andarpatianu//Andarpatian və Atropatena//Aturpatakan müxtəlif dillər əsasında meydana gəlmiş formalar olmaqla müxtəlif ənənələr əsasında yaranmışlar. Kitabın girişində deyildiyi kimi, Andirpatianu/Andarpatian adlarında "d" səsinin əvvəlində peyda olan "n" fonemini çıxmaqla "adır//adər" (mixi yazılarda nə "ı", nə də "ə" səsini bildirən işarələr olmadığından alınma sözlərdəki müvafiq səslər "n" və "a" kimi yazılırdı) sözlərini ayırmaq olar. Müasir türk coğrafi terminologiyasında "adır" sözü təpəli yer, dağlı məskən, dağ qolu, qollara ayrılan dağ silsiləsi, axar suların dağıtdığı, yuduğu təpəli dağətəyi, erroziyalı təpələr və s. mənalarda işlədilir. Şübhəsiz ki, qədim İranın türk etnoslarının dilində adır//adir//adər coğrafi termini kimi tətbiq olunurmuş. Müasir türk dillərində həmin söz azir//azer//adar fonetik formalarını saxlamışdır. Addakı ikinci söz "pati", sonraki "-anu//-an" isə məkan, yaxud cəm şəkilçisidir. Qədim türk dilində "batıq" (bat//pat "batmaq, yenmək" felindən) "düzən", "aşağı","alt" mənasını daşıyırmış. Yəqin ki, qədim zamanlar bat//pat isim kimi də işlənirmiş. Adir//adər (andir//andar) sözünə əlavə olunmuş "pati" eyni kökdən olmaqla yiyəlik hal şəkilçisini (i/ı) qəbul etmişdir ki, bu da türk dillərinin söz birləşməsinə uyğundur. Beləliklə, Andnrpatianu//Andarpatian adındakı andir//andar hissəsini adır//adər türk sözünün əksi kimi qəbul etmək olar. Yer adı "dağlı-təpəli düzən yer", "dağ silsiləsi düzəni", yaxud "dağ altı yer" mənasını daşıyırmış. Tədricən bu ad Midiyadan şimalda yerləşən əraziyə tətbiq olunmuş və müəyyən fonetik dəyişmələrə məruz qalmışdır. Ölkə adına çevrilmiş bu türk mənşəli yer adının erkən orta əsr formalarına (Suriya-Bizans qaynaqlarında Adorbiqan//Adarbiqan, ərəb qaynaqlarında və şifahi danışıqda Adirbican//Azirbican, Adərbaycan//Azərbaycan) uyğun olaraq, erkən tələffüzünü aşağıdakı kimi bərpa etmək olar: Adirpatyan//Adarpatyan, Adirpatqan//Adərpatqan, Adirbayqan//Adərbayqan, Adirbican//Azirbican//Adərbaycan// Azərbaycan. Ölkə adının bu formaları əsasən, türkdilli ənənə əsasında yaranmışdı. Azərbaycan adının Atropatena//Aturpatakan formaları türk mənşəln xoronimin orta fars dili ləhcələrində əksidir. Türk mənşəli ölkə adı hələ I minilliyin əvvəlində farsdilli ənənəyə uyğun yozum əsasında Midiya canişini Atropatın adı ilə bağlanmış və bu da Strabonun məlumatına düşmüşdür. Bu yozum erkən orta əsr qaynaqlarına da yol açmışdı. Qədim və erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisindən danışarkən Adərbayqan anlayışının işlədilməsi daha məqsədəuyğundur. Antik müəlliflərdən Polibi (e. ə. II əsr) qeyd etmişdi ki, Midiya qərbdən satrapeylərin (yəni Adərbayqanın) ərazisinə söykənir, şimaldan isə onu elimey, aniariak, kadusi və matian tayfaları əhatə etmişdir. Polibinin dövründə Adərbayqanın adı hələ işlək olmadığından, o bu tayfalar yaşayan ərazini, sonrakı Adərbayqanı (Atropatenanı) "Artabazanın vilayəti" adlandırmışdı.

Bu ölkəni cənubda Midiyadan sıra dağlar ayırırdı. Deməli, e. ə. II əsrdə Midiya və Adərbayqan ("Artabazanın vilayəti") bir-birindən fərqlənirdi və bu ərazi hələ Midiya coğrafi anlayışına daxil deyildi. Yəqin ki, e. ə. II əsrdən sonra Parfiya dövlətinin yüksəlişi dövründə Midiyanın irandilli sakinləri satrapey adını Atropatın adı ilə bağlamışlar. "Artabazanın vilayəti" anlayışı "Atropatın ölkəsi" anlayışı ilə əvəz olunmuşdur.

Strabon (e. ə. I-e. I əsri) eramızın əvvəlində irandilli etnosların rəvayətinə əsaslanan məlumatlardan istifadə edərək, ölkəni Atropatın adı ilə Atropatena adlandırmışdı. Strabon qeyd edir: "Midiya iki hissəyə bölünür. Bir hissəsini Böyük Midiya adlandırırlar. Bunun paytaxt şəhəri Ekbatanadır. İkinci hissəsi Midiya Atropatenasıdır. Bu öz adını hərbi sərkərdə Atropatdan almışdır. O istəməmişdir ki, bu ölkə də Midiyanın hissəsi kimi, makedoniyalıların hakimiyyəti altında olsun. Həqiqətən, hökmdar elan edildikdən sonra Atropat bu ölkəni, öz bildiyi kimi, müstəqil etmişdi və indi də (hakimiyyətə) vərəsəlik onun ailəsində qalır". Strabona görə, Adorbayqan hələ İskəndərin dövründə müstəqilliyini saxlayırmış və Midiya kimi İskəndərə tabe olmamışdı. Bunu Polibinin də məlumatı təsdiq edir. O, "Artabazanın vilayəti" (Adərbayqan) barədə yazırdı ki, "bu padşahlıq farsların (Əhəmənilərin-Y.Y.) vaxtından qalmışdır, lakin İskəndərin dövründə onu nəzərdən qaçırmışdılar". Deməli, Adərbayqan hələ Əhəmənilər dövründə öz müstəqilliyini saxlayırdı.

Hələ I əsrdə ölkənin adı tam işlək olmamışdı. Atropatena adı təzə-təzə formalaşırdı. I əsr müəllifi İosif Flavi Adərbayqanı nəzərdə tutaraq "Yuxarı Midiya" anlayışını işlətmişdi. Bir neçə əsr sonra Ammian Marsellin (e. IV əsri) yazırdı ki, "Sol tərəfdən Hirkan (Xəzər) dənizinəcən Midiya uzanır. Necə ki, kitablarda rast gəlinir, bu ölkə Kirin hakimiyyətidən və Parsın (Əhəmənilərin) yüksəlişindən əvvəl assurları tabe etdikdən sonra bütün Asiyanın ağasına çevrilmişdi. Onların (assurların) silah gücünə ələ keçirilmiş vilayətlərinin bir çoxu Atropatena ümumi adını almışdı". Ammian Marsellin də Adərbayqanın Midiyadan təcrid olunduğunu təsdiq edir. Beləliklə, Adərbayqan torpaqlarına Atropatın adından Atropatena adının verilməsi və Midiya coğrafi anlayışının bəzən buraya şamil edilməsi eramızın I əsrlərinə təsadüf edir. Daha qədim mənbələrdə Adərbayqan ərazisi ilə əlaqədar Atropat adı çəkilmir və Midiya coğrafi anlayışı bu ölkəyə şamil edilmir.

Abdulla Fazilinin fikrincə, Atropatena ərazisi bəşər mədəniyyətinin ilk mərkəzlərindən biri olmaqla bərabər, həm də cəmiyyət tarixinin bütün mərhələlərini özündə əks etdirişdir. Atropatena ərazisində aparılmış arxeoloji tədqiqatların nəticəsi sübut edir ki, əsrlər boyu atropatenalılar özünəməxsus zəngin maddi və mənəvi mədəniyyətə malik olmuşdur. Həsənlu, Təxt-e Süleyman qazıntıları dünya mədəniyyəti xəzinəsinə olduqca nəfis incilər bəxş etmişdir.

Həsənludan tapılmış "qızıl cam", "gümüş güldan", habelə, digər zərgərlik məmulatları dünya tədqiqatçılarını heyrətdə qoymuşdur. Ərdəbil, Maku, eləcə də, Baruc və Zöhhak qalasından təsadüfi hallarda tapılmış silah və zinət şeyləri, məişətdə istifadə edilən digər əşyalar olduqca maraqlıdır.

Atropatena ərazisində külli miqdarda payızlıq və yazlıq taxıl məhsulunun yetişdirilməsi, dünyada misli olmayan "Nisa" cins atlarının bəslənilməsi, bir dəfə əkilmiş taxıl zəmilərindən iki dəfə məhsul əldə edilməsi, bu ərazidə külli-miqdarda mal-qara və xırdabuynuzlu heyvanların yaylaq-qışlaq şəraitində bəslənilməsi ölkəyə dünya şöhrəti qazandırmışdı. Məhz buna görə də, Atropatena dünya ticarətinə cəlb edilmiş ilk ölkələrdən biri olmuşdur. Atropatena ərazisində Təbriz, Ərdəbil, Urmu, Marağa, Miyana, Zəncan, Naxçıvan, Maku, Sarab, Mərənd və digər şəhərlərin yaranıb inkişaf etməsi ölkənin daxilində böyük iqtisadi və ictimai təbəddülat yaratmış, onlar mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmişdir. Atropatena şəhərləri quru, həm də su (dəniz) ticarət yolları vasitəsi ilə dünyanın müxtəlif ölkələri ilə ticarət və mədəni əlaqə saxlayırdı. Atropatena şəhərləri şimalda Qafqaz Albaniyası, İberiya, Ermənistan, şərqdə məşhur "İpək Yolu" vasitəsi ilə İran, Orta Asiya, Hindistan və Çin, qərbdə Kiçik Asiya ölkələri ilə iqtisadi əlaqəyə girirdi.

Şəhərlərdə hazırlanmış qiymətli sənət nümunələri, o cümlədən, xalça, bəzək şeyləri, yun məmulatları dünya şöhrəti qazanmışdı. Texniki cəhətdən mürəkkəb, estetik cəhətdən zövq ilə hazırlanmış bəzək əşyaları, xüsusən, zərgərlik nümunələri qonşu ölkələrdə də məşhur idi. Əkinçilik, maldarlıq, toxuculuq, metalişləmə, dulusçuluq və s. Atropatenanın təsərrüfat həyatının əsasını təşkil edirdi. Atropatenalılar Əhəməni imperiyasına, parfiyalılara, xüsusilə, Roma işğalçılarına qarşı amansız mübarizə aparmışdır.

III Daranın məğlubiyyətindən sonra Atropatın başçılığı ilə bu ərazidə Atropatena dövləti yaranmış və 350 il müstəqil dövlət kimi öz varlığını qoruyub saxlamışdır. Atropatena Sasanilərin dövründə imperiyanın dini və ideoloji mərkəzinə çevrilmişdi. "Avesta" məhz Atropatena möbədləri tərəfindən toplanıb kodifikasiya edilmişdir. Sasani şahları tac qoyduqda Ktessifondan (Mədaindən) Qazakaya piyada gəlib müqəddəs odu ziyarət etdikdən sonra şahlığa çatırdılar.

Atropatena tarixinin qismən olsa da təhlili bizə imkan verir ki, aşağıdakı nəticələrə gələk:

Atropatena ərazisi dünyanın ən közəl və əlverişli təbii-coğrafi şəraitə malik olan bir ərazi olmuşdur. Burada olan təbii, yeraltı və yerüstü sərvətlər ölkə iqtisadiyyatını inkişaf etdirməyə şərait yaradırdı. Bu ərazidə əkinçilik, maldarlıq, sənətkarlıq, ticarət və şəhər həyatı inkişaf etmişdi. Burada bəslənilən atlar dünya şöhrəti qazanmışdı.

Yadelli işğalçılara qarşı atropatenalılar amansız mübarizə aparmışlar. Antoninin 100 min nəfərlik ordusu məhz Qazaka şəhəri ətrafında məğlub edilmişdir.

Atropatın başçılığı ilə bu ərazidə Atropatena dövləti yaradılmış və onun varisləri burada 350 il müstəqil hakimiyyət surmüşlər.

"Avesta" Atropatena möbədləri tərəfindən tonlanmış, Sasainlər imperiyası dövründə siyasi müstəqilliyini itirsə də, Atropatena yenə də ideoloji və dini mərkəz kimi bu böyük imperiyanın həyatında mühüm rol oynamışdır.

Atropatena haqqında mənbələrdə ətraflı məlumata təsadüf edilir. Antik müəlliflərdən Strabon öz əsərində bu diyarın bir sıra məsələlərinə toxunmuşdur. Bundan başqa Polibi, Diodor, Plini, Dion Kassi, habelə, Antoninin dostu Delliyə istinad edən Plutarx bu ölkə haqqında məlumat vermişlər.

Tarixçilərdən Aqafangel, Favst Buzand, Movses Kalankatvatsi, Movses Xorenatsi və başqaları da Atropatenanın təbii-fiziki coğrafiyası haqqında məlumat vermişlər. Bir sıra müəlliflər istər İran, Gürcüstan və habelə, Albaniyanın təbii coğrafiyası məsələlərinə toxunduqda, istər-istəməz Atropatenanın da təbii-coğrafi şəraitinə toxunmuşlar. Zəngin təbii-coğrafi şəraitə malik olan bu ölkənin təbii zənginləşən qədim yunan, Roma, pəhləvi, ərəb və farsdilli mənbələrdə öz əksini tapmışdır. Əldə olunan məlumatlar, arxeolojn tapıntıların nəticələri təsdiq edir ki, dağlıq ölkə olan Atropaten ərazisini zirvələri qarla örtülmüş Savalan, Səhənd, Büzgüş, Qaflantı, Bağro (Amard) və Zaqros dağları əhatə edir.

Z.Bünyadov və Y.Yusifov göstərirlər ki, Adərbayqan dövlətini idarə edən sülalə nümayəndələri barədə qəti mülahizə yürütmək mümkün deyil. Adərbayqan müstəqilliyini saxlamağı hərbi münaqişələrə qoşulmaqdan üstün tuturdu. Zəruri hallarda isə qonşuların köməyinə gəlirdi. Eyni zamanda, şimalda Arazın o tayına qədər (Naxçıvan, Paytakaran, Kaspiana) uzanan torpaqlarını qorumaq, Armeniya hökmdarlarının təcavüzkar işğallarının qarşısını almaq məqsədini güdən Adərbayqan dövləti öz varlığını və hüdudlarını saxlamaqda Midiya hökmdarlarının qüdrətinə də arxalanırdı. Böyük hərbi münaqişələrdə iştirak edən Midiya və Parfiya da Adərbayqanın siyasi mənafeyini müdafiə edirdi. Buna görə Adərbayqanın öz siyasi fəaliyyəti bəzən kölgədə qalırdı. Çox-çox sonra Strabon Adərbayqanda hakimiyyətin yaranmasını Atropatın, keçmişdə Midiya satrapının adına çıxmışdı. Strabon yazırdı: "Əslən hökmdar elan edilmiş Atropat bu ölkəni öz bildiyi kimi müstəqil etdi və indi də (yəni e. ə. I əsrin sonu, e. I əsrinin əvvəli) vərəsəlik onun ailəsində qalır, çünki onun sələfləri Armeniya və Suriya, sonralar isə Parfiya hökmdarları ilə nigah bağlayırlar". Adərbayqan hökmdarları bəzən Armeniyanı da idarə edirdilər, yaxud orada hakimiyyətə sahib olurdular. Nə vaxtsa Midiya satrapı Atropat Adərbayqan taxt-tacına sahib olmuş, onun sələfləri isə hakimiyyəti əldə saxlamaq naminə qonşular ilə qohumluq əlaqəsi yaratmışlar. Atropat və onun sələfləri, Ariobarzan fars mənşəli adlar daşıyırdılar. Əhəmənilərin, sonra da parfların hakimiyyəti dövründə irandilli etnoslar hakimiyyətdə üstünlük təşkil edirdilər. Buna uyğun olaraq, hökmdarlar müvafiq fars mənşəli ad qəbul edirlərmiş. Bu qayda parfların yüksəlişi dövründə də qalırdı. Ola bilsin ki, Parfiyaya tabe olan hökmdarları müəyyən siyasi şəraitdə Adərbayqanda da ağalıq edirmişlər.

Belə güman etməyə imkan vardır ki, əvvəlki Mada çarlığı, Cənubi Azərbaycan vilayətlərindən (Asaqarta - I Daranın dövründə) başqa, habelə, parikanilərin və ortokoribantların (skiflərin-sakesinlərin) torpaqları daxil olduğu X (Mada) satraplığın başçısı olan Atropat Haxamanişlər xanədanının ən ağır mərhələsində çox müstəqil siyasət yeritmiş, XI və XIV satraplıqlara daxil olan əraziləri ələ keçirmiş, adı çəkilmiş satraplıqların sakinləri ilə müttəfiq münasibətləri yarada bilmişdi. Məhz buna görə də, farslara tabe olmamış kadusilər Qavqamel döyüşü fars dövlətinin təbəələri kimi deyil, madalıların müttəfiqi kimi çıxış edirdilər.

E. ə. VI əsrin əvvəlində qədim Azərbaycanın Manna dövləti süquta uğradı. Bu zaman İranda Midiya dövlətinin qüdrəti artmışdı. Midiya dövləti süquta uğradıqdan sonra İranda Əhəməni sülaləsinin hakimiyyəti (e. ə. 550-330-cu illər) bərqərar oldu. Azərbaycan torpaqları, bütövlükdə, Əhəməni canişinlik (satraplıq) sistemində- ayrıca yer tutmamışdı. Lakin onun ərazisində təmsil olunmuş ayrı-ayrı tayfalar Əhəmənilərə vergi verir və Əhəməni ordusunu silahlı qüvvələrlə təchiz edirdilər. Çox güman ki, Araz çayından şimalda və cənubda yerləşən Azərbaycan torpaqları müstəqil hakimiyyət idarəsini saxlamaqla nominal (yalnız adda, yazılı sənəd üzərində) surətdə Əhəmənilərdən asılı olmuşdur. Bu dövrlərdə yerli hökmdarlar tərəfindən idarə edilən Azərbaycanda Makedoniyalı İskəndərin işğallarından sonra yerli sülalələrin hakmiyyəti məhdudlaşdırılmışdı.





VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

http://www.anl.az/down/meqale/ses/2012/avqust/258737.htm