30.07.13

Azərbaycanda qədim əlyazmalar

Azərbaycan ərazisində ilk kitabın XI əsrdə yazıldığı məlumdur. Orta əsrlərdə Azərbaycan ərazisində türk, ərəb və fars dillərində nəfis əlyazma nümunələrinin yaranması, dünyanın ən məşhur kitablarının ölkəyə gətirilməsi ilə milli kitab mədəniyyətimiz xeyli zənginləşmişdir. Mənbələr bu dövrdə Azərbaycan ərazisində 1 milyondan artıq əlyazma kitabının toplandığını göstərir.


Əlyazmaların qorunması


1924-cü ildə xalqın yazılı irsinin qorunması məqsədilə bir çox ziyalıların təşəbbüsü ilə I ÜmumAzərbaycan Ölkəşünaslıq Qurultayında əlyazma kitablarının, sənədlərin və qədim çap kitablarının bir yerə toplanması və ayrıca kitabxanada saxlanması haqqında qərar qəbul edilmiş, bu iş 1929-cu ildən həyata keçirilməyə başlamışdır. Toplanmış abidələr Azərbaycanı Öyrənmə Cəmiyyətində kitabxana şəklində mühafizə edilməyə başlamış, sonralar akademiyanın müxtəlif müəssisələrində saxlanılmışdır. 1950-ci ildə toplanmış materialların sayının artdığını, onların saxlanması üçün xüsusi mühafizə və iqlim rejiminin vacibliyini görən Azərbaycan Elmlər Akademiyası təşəbbüs qaldırmış və Azərbaycan Nazirlər Soveti ayrıca bir müəssisə kimi Azərbaycan EA Respublika Əlyazmalar Fondu (RƏF) yaradılması haqqında qərar qəbul etmişdir. 80-cı illərdə artıq RƏF akademiya sistemində özünə layiqli yer tutmuş bir institut səviyyəsində fəaliyyət göstərirdi. Bunun nəticəsi olaraq 1986-cı Azərbaycan EA Əlyazmalar İnstitutu yaradılmışdır.
Bu gün Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyada ən zəngin Şərq yazılı abidələri toplanmış əlyazma mərkəzlərindən biri sayılır və Azərbaycan əlyazmalarının mühafizə edildiyi yeganə milli institut kimi fəaliyyət göstərir.
Hazırda Əlyazmalar İnstitutunun kolleksiyasında ümumi sayı 60 minə yaxın olan müxtəlif xarakterli materiallar saxlanılır. Bunlardan 12 minə yaxını əlyazma kitabıdır (hər kitabda orta hesabla 4-5 əsər yazıldığını nəzərə alsaq, 40 mindən yuxarı əsərin əlyazmasıdır), qalanları isə tarixi arxeoqrafik sənədləri, XIX əsrin ikinci yarısı - XX əsrin birinci yarısı (Səməd Vurğuna qədər) Azərbaycan mədəniyyət xadimlərinin şəxsi arxivlərini, daşbasma və əski çap kitablarını, əski dövri mətbuat materiallarını, foto və kserosurətləri, mikrofilmləri, həmçinin azərbaycanşünaslığın müxtəlif sahələrinə dair müasir kitabları əhatə edir. Min illik bir dövrü əhatə edən Azərbaycan və digər müsəlman şərqi ölkələrinin türk, ərəb və fars dillərində yazılmış abidələri institutda yaradılmış xüsusi iqlim şəraiti olan xəzinələrdə mühafizə edilir. Şərqin, demək olar, bütün böyük klassiklərinin əsərləri və ya onlardan nümunələr institutun kolleksiyasında təmsil olunmuşdur.

Keçən əsrin 50-80-ci illərində Əlyazmalar İnstitutunda Azərbaycan əlyazmaşünaslığının bir sıra sahələrinin əsası qoyulmuş bununla da, “Kitabi-Dədə Qorqud”un mətni, Xaqani Şirvani, Şeyx Mahmud Şəbüstəri, Seyid İmadəddin Nəsimi, Kişvəri, Şah Ismayıl Xətai, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Xurşidbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Lütfəli bəy Azər, Mirzə Həsən Qarabaği və b. bir sıra klassiklərin irsi öyrənilmiş və əsərləri nəşr olunmuşdur.

Əlyazma nümunələri


Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda orta əsrlər Şərq əlyazmaları yığılır, sistemləşdirilir, saxlanılır və dərc olunur. Hazırda burada türk, cığatay, fars, ərəb və başqa dillərdə 40000-ə yaxın sənəd var. Onlardan 11 000 mindən çoxu qədim əlyazma əsərləridir. Bu mətnlər bizə orta əsrlərdə insanların tibb, astronomiya, riyaziyyat, poeziya, fəlsəfə, hüquq, tarix və coğrafiya haqda hansı fikirdə olduqları haqda məlumat verir.
40 min müxtəlif material toplanılan Əlyazmalar İnstitutunun 3 əlyazması YUNESKO-nun əlyazmalar irsinə daxil olub.
İnstitutun ən dəyərli sənət incilərindən biri də XII əsr Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən yazılmış şerlər toplusu olan “Xəmsə”nin tam əlyazmasıdır. Əlyazmanın üzü 1636-ci ildə Dust Məhəmməd ibn Dərviş Məhəmməd Dərəxtiçi tərəfindən köçürülmüşdü. Əlyazma ona görə yeganədir ki, Dust Məhəmməd əlyazmanı yaradarkən, əldə etmək mümkün olan ən qədim “Xəmsə”ni alıb və özünün əlyazmasının üzünü ondan köçürüb. Mətn XV əsrdə yayılmış yazı üslubu olan nəstəliq xətti ilə yazılıb. Hər bir şeirin başlığı parlaq rənglərlə və qəşəng qızılı naxışlarla bəzədilib. Burada İsfahan miniatür məktəbinə aid miniatürlər var.

Əlyazmalar İnstitutunda Sənainin “Həqiqət Bağı” (1625-ci ildə yazılmışdır), Əmir Xosrov Dəhləvinin “Səkkiz Behişt” (1579), Nizami Gəncəvinin “Yeddi gözəl” (1636), Urfinin “Divan” (XVII əsr), Hafiz Şirazinin “Divan” (1584), Məktəbinin “Leyli və Məcnun” (XVII əsr), Əmir Şahinin “Nuşafərin və Gövhərtac” (1829), “Divan” (1573), Məhəmməd Füzulinin “Divan” (XVII əsr) əsərləri də daxil olmaqla miniatür ilə bəzədilmiş bir çox kitablar var.
Bu rəngarəng miniatürlərdə müxtəlif ov, musiqi dinləmə, rəqs, yemək, bağçılıq, savaş və məhəbbət səhnələri, eləcə də təbii mənzərələr, güllər, bağlar, bülbüllər, çiçəkləyən ərik ağacları öz əksini tapmışdır. Nizaminin “Xəmsə”sində olan ən məşhur miniatürlərdə Leyli və Məcnunun, Xosrov və Şirinin məhəbbət hekayələri təsvir olunur.




İnstitutda olan digər vacib tibbi əlyazma Şəmsəddin ibn Kəmaləddin Kəşaninin “Bədənlərin ruhları”dır (Ərvah əl-Əcsad) əsəridir. Bu tibbi ensiklopediyanın üzü XVII əsrdə su nişanları olan yüksək keyfiyyətli Avropa kağızına köçürülmüşdü. Kəşani öz kitabında sadədən mürəkkəbə doğru hər bir dərman və xəstəliyin geniş şərhini verir. Kitabı yazmamışdan əvvəl Kəşani qədim və orta əsrlər təbibləri Hippokrat, Qalen, Zəkəriyə Razi, İsmayil Qurqani (Cürcani) və İbn Baytar da daxil olmaqla öz sələflərinin əsərlərini diqqətlə öyrənmişdi. Onun ensiklopediyası çox unikal və nadir əsərdir. Çünki bu əsər haqda məlumat, Əlyazmalar İnstitutundan başqa, dünyanın heç bir kataloq və mənbələrində öz əksini tapmamışdır.
Məhəmməd bin Əbubəkr əş-Şəfi tərəfindən XV əsrdə yazılmış “İrşadül-Mühtac ilə şərhül-minhac” əsəri hüquqa aiddir. Bu əsərdə Əbubəkr “Minhacüt-tibin” kimi tanınan müsəlman qanunu (fiqh) üzrə ən geniş və məşhur əsərin izahını verir. “Minhacüt-tibin” əsəri XIII əsr tanınmış hüquqşünası olan İmam Mühyəddin Əbu Zəkəriyyə Yəhya bin Şərəf ən-Nəvai əş-Şəfii tərəfindən yazılmışdır. “Əl-İrşad”ın Bakı əlyazması böyük maraq doğurur. Belə ki, o, müəllifin öz əli ilə köçürülmüşdür.
Diqqəti cəlb edən digər bir nadir əsər XV əsr astrologiyaya dair türk əlyazması “Kitabüt-Təncim”dir. Onun müəllifi olan azərbaycanlı alim Hoca ibn Adili İbray müxtəlif bürclər, ulduz və planetlərin insan taleyinə təsiri haqda və ulduz falını hazırlamaq və oxumaq barədə məlumat verir.


Mənbə:http://azerbaijans.com/content_1785_az.html