03.06.2013

Yüzillik müharibə

Yüzillik müharibə - 1337 - 1453-cü illərdə Giyen, Normandiya, Anju və
Flandriya üstündə İngiltərə ilə Fransa arasında baş vermişdir. İngiltərə kralı III
Eduardın (Fransa kralı IV Gözəl Filippin nəvəsi) Fransa taxt-tacına iddia etməsi Yüzillik müharibə üçün bəhanə oldu.



"Sipər pulu" sayəsində əla təşkil edilmiş və peşəkar şəkil almış ingilis qoşunları fransız rıtsarlarından daha üstün idilər.
İngilislərin çoxsaylı piyadaları azad kəndlilərdən təşkil olunmuşdu. İngilis piyada oxçuları 600 addımlığa ox atır, 200 addımlıqdan isə rıtsar zirehli geyimini vurub
tam deşə bilirdilər. İngilis qoşunları Sleys (1340), Kresi (1346), Puatye (1356) yaxınlığında qələbə çaldılar, sonuncu döyüşdə isə Fransa kralını əsir götürdülər.
1360-cı ildə Bretinyidə bağlanmış müqaviləyə əsasən, Fransa ərazisinin xeyli hissəsi İngiltərənin əlinə keçdi. XIV əsrin 70-ci illərində ingilislər Fransadan, demək olar ki, tamamilə qovuldular. Lakin Azenkur (1415) yaxınlığındakı qələbədən sonra ingilislər burqundlarla birlikdə Fransanın şimalını tutdular. 1429-cu ildə Fransa qoşunları Janna d’Arkın başçılığı ilə Orleanı mühasirədən azad etdilər. Janna d’Ark Fransa kralı vəliəhdinin Reymsdə tac qoymasına nail odlu. Az
sonra Janna d’Ark əsir düşdü, amma artıq təşəbbüs fransızların əlinə keçmişdi. Yüzillik müharibə Bordoda ingilislərin təslim olması ilə (1453) başa çatdı. Fransa
ərazisində İngiltərə yalnız Kale limanını (1558-ci ilə kimi) öz əlində saxlaya bilmişdi.