17.06.2013

Azərbaycan tarixi fənn kurikulumun tədrisində iş formalarının tətbiqi haqqında.


İş formaları dedikdə kollektiv, qruplarla, cütlərlə və fərdi işlər nəzərdə tutulur. Fəal təlimdə ən çox cütlərlə və qruplarla işə yer ayrılmasına baxmayaraq kollektiv və fərdi işin reallaşdırılması da təlim prosesində zəruridir.
Kollektiv iş: bu forma şagirdlərin kolektivdə işləməsinə imkan yaradaraq onların düşüncə tərzinin formalaşmasına, kollektivlə birlikdə qərarlar qəbul edilməsinə, sinifin əməkdaşlığı nəticəsində yaranmış müxtəlif fərziyələrdən düzgün nəticə çıxarılmasına xidmət edir. Azərbaycan tarixi fənn kurikulumunun tədisində ən səmərəli formalardan biri də kollektivlə işdir ki, şagirdlər dərsin motivasiya mərhələsində problemin həlli üçün birgə fəaliyyət göstərir.

Fərdi iş: Bu iş forması şagirdlərin fərdi potensial imkanlarını üzə çıxarmaq üçün ən səmərəli iş formalarından biridir. Şagird fərdi olaraq tədqiqata cəlb olunur. O, öz imkanlarını göstərməkdən ötəri sərbəst düşünərək, sərbəst qərarlar verməyə çalışır. Bu iş formasının tətbiqi mütəmadi olaraq aparılarsa şagirdə fərdi keyfiyyətlər aşkarlanır və formalaşır.
Qruplar və cütlərlə iş: Təlim prosesinin səmərəliliyi şagirdlərin fərdi və kollektiv fəaliyyətinin üzvi şəkildə uyğunlaşdırılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu mənada təlimin qrup forması daha geniş imkanlara malikdir. İlk dərslərdə qarşıya şagirdlərin təhlil, tarixi fakt və hadisələri müqayisə etmək və aydınlaşdırmaq bacarıqları sahəsindəki boşluğu doldurmaq vəzifəsi çıxır. Bu məqsədlə də şagirdlər dərsliyin mətni və müvafiq sənədlərlə müstəqil işləyir, abzaslara sərlövhələr verir, mətnə dair suallar hazırlayır, plan, cədvəl və sxem tərtib edir, bu və ya digər tarixi təzahürü müxtəlif mənbələr əsasında müqayisə edirlər.
Beləliklə, şagirdlər müxtəlif mənbələrlə işi cütlərlə daimi tərkibdə davam etdirərək birgə fəaliyyət vərdişləri əldə edirlər. Daimi cütlərlə iş dərsin müxtəlif mərhələlərində (sorğu, ev tapşırıqlarının yoxlanılması, yeni materialın öyrədilməsi və möhkəmləndirilməsi) bütün dərs boyu təşkil olunur. Məsələn, IX sinifdə «Qarabağ, Quba və Şəki xanlıqlarının siyasi quruluşu və daxili siyasəti»mövzusunun tədrisi zamanı interaktiv təlimin bu iş formasını tətbiq etmək mümkündür. Dərsin başlanğıc hissəsində müəllim Qarabağ, Quba və Şəki xanlıqlarının siyasi quruluşu və daxili siyasətinin səciyyəvi cəhətlərini izah edir. Sonra isə hər bir cütlüyə müxtəlif variantlarda tapşırıqlar yazılmış vərəqlər paylanır.
Dərsliyin mətninə, Qarabağ, Quba və Şəki xanlıqlarına dair əlavə mənbələrə istinad edərək XVIII əsrin ikinci yarısında hər bir xanlığın siyasi quruluşunu və daxili siyasətinin səciyyəvi xüsusiyyətlərini aşağıdakı plan əsasında müəyyənləşdirin:
1. Dövlət quruluşu.
2. Hakimiyyətdə təmsil olunmuş sosial qrup və təbəqələrin nümayəndələri.
3. Sosial qrup və təbəqələr arasında münasibətlər.
4. Görkəmli dövlət xadimləri və onların fəaliyyətlərinin səciyyələndirilməsi.
5. Ən mühüm islahatlar (tədbilər), onların xarakteri və əhəmiyyəti.
Bu zaman sinif otağının quruluşuna uyğun olaraq müəllim birinci sırada əyləşmiş cütlərə Qarabağ, ikinci sıradakı cütlərə Quba, üçüncü sıradakı cütlərə isə Şəki xanlığı ilə bağlı tapşırıq variantları (A, B, C) paylayır və onlara həmin suallara cavab hazırlamağı tapşırır.
Şagirdlər cüt-cüt işləyərək verilmiş tapşırığın yerinə yetirilməsində biri-birlərinə kömək edir, öz işlərinin nəticələri barədə fikir mübadiləsi aparırlar. Sonra isə hər bir cərgədəki cütlər qarşılıqlı yoxlamalar keçirir, öz nöqteyi-nəzərlərini müqayisə edir və əlaqələndirirlər. Nəticədə müəllim kollektiv işin bu formasından istifadə edərək sinfin bütün şagirdlərinin dərsin başlıca məqsədinin həyata keçirilməsində fəal iştiraklarını təmin etmiş olur.
Azərbaycan tarixi dərslərində cütlərlə iş birtərəfli və ikitərəfli xarakter daşıya bilər. Birtərəfli iş onunla səciyyəvidir ki, bir tərəf rəhbərlik edir, kömək göstərir, digər tərəf icraçı rolunu oynayır, köməyi qəbul edir. İkitərəfli iş prosesində vəzifələr bərabər əsaslarla bölünür. Fəaliyyətin müxtəlif növlərində rəhbərlik və tabeçilik funksiyaları növbələşir. Cütdə birləşən uşaqların inkişaf səviyyəsi təxminən bərabər olmalıdır ki, fəaliyyətinin məqsədinin yerinə yetirilməsində bir-birini başa düşsünlər, əməkdaşlığa nail olsunlar, qarşılıqlı olaraq öz məsuliyyətlərini dərk etsinlər.
Cütlərlə iş zamanı kollektiv əməkdaşlıq vərdişlərinə yiyələnmiş şagirdlərlə interaktiv təlimin nisbətən daha mürəkkəb forması olan qruplarla işə keçmək olar. Qrup işinin müvəffəqiyyəti hər şeydən əvvəl, qrupun tərkibi ilə bağlıdır. Qrup öz tərkibinə görə güclü və ya zəif şagirdlərdən ibarət ola bilər. Bu zaman müəllim tapşırığı səviyyəyə əsasən verir. Təcrübə göstərir ki, qrup həm güclü, həm də orta səviyyəli, həm də zəif şagirdlərdən ibarət olduqda daha yaxşı nəticə verir.
Tədris olunan mövzunun xarakterindən asılı olaraq sinif qruplara bölünür. Məqsəddən asılı olaraq hər qrupda 3 nəfər, ən çoxu 6 nəfər ola bilər. Təsadüfi qruplaşmalardan da istifadə mümkündür. Birdən beşədək hər bir rəqəm 6 kartoçkaya yazılır, kartoçkalar qarışdırılıb üzü aşağı stolun üstünə qoyulur. Şagirdlərin hərəsi bir kartoçka götürür. Kartoçka nömrələri eyni olan şagirdlər bir qrupda birləşirlər. Hər qrup dəyirmi stol arxasında əyləşir və özü lider seçir.
VI sinifdə Azərbaycan tarixi dərsində «Azərbaycan ərazisində ən qədim insan məskənləri» mövzusunu tədris edərkən qruplara aşağıdakı tapşırıq verilir: qruplardan biri dünyanın və Azərbaycanın siyasi xəritəsində ən qədim insanların yaşadıqları yerləri müəyyənləşdirməklə məşğul olur. İkinci qrup onlara təqdim olunmuş insan tiplərini, ən qədim insanların maddi qalıqlarını əks etdirən şəkilləri fərqləndirir və təsnif edir. Üçüncü qrup Azərbaycan ərazisində yaşamış ən qədim insanların yaşadıqları məskənlərdən birinin (Azıx, Tağlar, Damcılı) təsvirini hazırlayır. Dördüncü qrup dərsliyin mətnindən çətin anlaşılan sözləri seçir və onların izahını verir, zaman oxunda ən mühüm hadisələri yerləşdirir. Beşinci qrupun tapşırığı isə daha qeyri-adidir: plastilindən ən qədim insanların obrazlarını və kollektiv yaşayış səhnəsini əks etdirən illüstrasiya hazırlayır. Altıncı qrup «Qədim ovçuların bir günü» mövzusunda kiçik həcmli esse yazır.Qruplarda iş zamanı şagirdlər yarışdıqları üçün hər biri ən zəifi, ən utancağı da fəallıq göstərir. Qrupun hər bir üzvü bacarığını meydana çıxarmağa, qrupunun qələbəsini təmin etməyə çalışır.
Cütlərlə iş zamanı şagirdlər dərs prosesində iki-iki işləyib, təlim tapşırıqlarının yerinə yetirilməsində birgə fəaliyyət göstərirlər. Bu onlara bir-birini daha yaxşi başa düşməyə, əməkdaşlıq etməyə, məsuliyyətlərini dərk etməyə imkan yaradır.
Bir sıra hallarda şagirdlər kiçik qruplarda birləşir və hər hansı problemi həll etmək üçün birgə fəaliyyətə cəlb olunurlar. Qrup işi şagirdlərə öz fikirlərini qiymətləndirməyə imkan yaradır. Bundan əlavə eyni bir məsələ ilə bağlı müxtəlif baxış və yanaşmalarin olması barədə təsəvvürə yiyələnirlər.
Fəal təlim zamanı istifadə olunan üsullar təlim strategiyalarının qurulmasında və təhsilin həyata keçirilməsində əhəmiyyətli yer tutur. Pedoqoji ədəbiyyatda onların müxtəlif növlərinin olduğu göstərilir. Məsələn, beyin həmləsi, öz mövqeyində dayan, diskussiya, oyun fəaliyyətli dərslər, layihə hazırlığı, anket sorğusu vərəqələri və müşahidə, mühazirə, müzakirə və s.
Tarix dərslərində interaktiv metoddan istifadə edilməsi prosesində müəllimlərə kömək məqsədilə bir sıra nümunələrin verilməsini müvafiq hesab edirik.