24.05.2013

"Bermud üçbucağı": insanların fantaziyasıdır, yoxsa sadəcə sərt və şıltaq təbiətli məkan?


AMEA Yer Elmləri Bölməsinin mətbuat katibi Səid HÜSEYNOV.

"Bermud üçbucağı": insanların fantaziyasıdır, yoxsa sadəcə sərt və şıltaq təbiətli məkan?
"Bermud üçbucağı" Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. "Şeytan üçbucağı" adlanan bu məkan alimlər üçün sirr, fantastik film və əsərlərin isə mövzu obyekti olaraq qalır. Gəmilərin, təyyarələrin bu ərazidə müəmmalı şəkildə yoxa çıxması dünya ictimaiyyətini, eləcə də biz azərbaycanlıları çox düşündürür. Odur ki, həmin məkan barədə real təsvir yaratmaq üçün faktlar, dəlillər axtarmağa başladıq. Bu günlərdə gözləmədiyimiz bir məlumat əldə etdik: sən demə, Azərbaycandan iki alim həmin sirlər yuvasında olub. Onlardan biri AMEA Geologiya İnstitutunun baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Rüstəm Babayevdir. Fikirləşdik ki, möcüzəli üçbucaqda baş verənlərin canlı şahidi olmuş bu alimlə söhbət oxucular üçün də maraqlı olar. 


-Rüstəm müəllim, "Bermud üçbucağı"nda nə vaxt və hansı məqsədlə olmusunuz? Orada gördüklərinizi bizə təsvir edərsinizmi?

-Bu, 1982-ci ildə olub. Hazırda çalışdığım Geologiya İnstitutunda geologiya-mineralogiya elmləri namizədi kimi, böyük elmi işçi vəzifəsində idim. Keçmiş SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Cənub bölməsindən məktub gəldi ki, bölmə SSRİ Elm və Texnika Dövlət Komitəsinin (SETDK) qərarına əsasən, elmi tədqiqat aparmaq məqsədilə Bermud adalarına 3 aylıq ekspedisiya təşkil edir və Azərbaycandan iki alim səfərə dəvət olunur. Ekspedisiyanın məqsədlərindən biri okeanın atmosferlə əlaqəsini öyrənmək idi. Qeyd edim ki, okeanla atmosfer arasında ən sıx və güclü əlaqə, böyük enerji "Bermud üçbucağı"ndadır. Ümumiyyətlə, bu ərazi dünya okeanının ən enerjili və təlatümlü hissəsidir. Bu əlaqənin sirrinin açarı oradakı Qolfstrım cərəyanındadır. "Açarı" tapmaq üçün onun səthdən dərinliyə kimi kəsilişinin hansı hidrogeoloji hissələrdən ibarət olduğunu öyrənmək lazım idi. Mən və Geologiya İnstitutunun Mikropaleontologiya laboratoriyasının rəhbəri, geologiya-mineralogiya elmləri doktoru mərhum Xəlil Əliyullaya bu ekspedisiyada iştirak etmək məsləhət görüldü. Belə bir maraqlı səfərə çıxmaq, tədqiqat aparmaq mənim çoxdankı arzum idi.

Söz vaxtına çəkər, yazda, daha dəqiq desək aprelin 17-də Novorossiysk limanında idik. Sakit və Hind okeanından sonra üçüncü dəfə idi ki, okeana səfərə çıxırdım. Hidroloq, hidrogeoloq, bioloq, fizik və geoloqlardan ibarət heyətə bizdən əlavə SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Cənub bölməsi və Fizika İnstitutunun əməkdaşları daxil idi. Onlar Moskva, Leninqrad, Vilnus, Gelencik şəhərlərindən idilər. Çexslovakiyadan bir botanik, Almaniyadan iki geologiya-mineralogiya elmləri doktoru da var idi. "Pravda" qəzetinin müxbiri L.Poçevalov "İki nəfər okeanda" adlı məhəbbət romanı yazırdı. Ekspedisiyanın iştirakçıları əsərin qəhrəmanları idi. Mən romanda öz familiyamla deyil, "Rüstəm Məmmədov" obrazı ilə əks olunmuşam. Kitabın bir nüsxəsi hazırda məndə var. Rusiyanın "Mərkəzelmifilm" kinostudiyasının kinooperatoru A.Klimentev sənədli film çəkmişdi. Ekspedisiyanın rəhbəri Sovet dövrünün məşhur okeanoloqu, dəniz və okean tədqiqatçısı, coğrafiya elmləri doktoru Aksyanov, proqramın müəllifi isə SETDK-nin rəhbəri akademik Marçuk idi.

Polşada yenicə hazırlanmış qəhraman "Vityaz" gəmisi ilk reysini bu limana etmişdi ki, bizi "Şeytan üçbucağı"na aparsın. Beləliklə yola düşdük. Qara dənizlə gedərək Cəbəllütarix boğazından Atlantik okeanın şimalına keçdik. Nəhayət, Bermud adalarına çatdıq. Artıq, möcüzələr məkanı hesab olunan "Bermud üçbucağı"nda idik. Hələ ki, sakitlik idi. Amma burada birinci dəfə olurduq deyə, qorxu hissi keçirirdik. Gəminin kapitanı bizə hər an dəhşətli fırtınaya hazır olmağı tapşırmışdı. Bircə onunla təskinlik tapırdıq ki, yola düşməzdən əvvəl gəmini idarə edənlərin olduqca yüksək bacarığa, təcrübəyə malik olduqlarını, üçbucaqdan sağ qayıtmağın mümkünlüyünü bizə soyləmişdilər.

Orada tədqiqatlar aparmaq üçün bizə bir gün kifayət edirdi. Lakin möcüzəli üçbucaq "oyanaraq" qonaqlarını elə ilk gündə öz xarakterinə uyğun qarşıladı. Əvvəlcə küləksiz hava şəraitində sunami dalğaları nəhəng "Vityaz"ı yellədi. Masaların üzərindəki yüngül əşyalar – çəngəl, qaşıq, qələm, stəkan, kiçik ləvazimatlarımız sürüşməsin deyə yaş parçalardan süfrə kimi istifadə etdik. Bir az sonra, tayı-bərabəri olmayan, dəhşətli fırtınanın yaxınlaşdığı xəbər verildi. Bu məqamda hər kəs öz əşyalarını yerbəyer etməyə başladı. Gəminin içərisində qab-qaşıqların, kiçik ləvazimatların formasına uyğun xüsusi yerlər var idi. Əşyaları dağılmamaq üçün qoyduq həmin yerlərə. Laboratoriya aparatları və cihazlarını isə içəridə iplə sarıdıq. Qapıları bağlayıb hamımız yatağa uzandıq. Hər birimizdə qoruyucu qurşaq var idi. Elə bu an gəminin dörd tərəfinə dəyən zərbələrin bizi vahiməyə salan səsini eşitdik. Gəmi suyun üzərində kibrit qutusu kimi yırğalanmağa başladı. Sunaminin ardınca baş verən fırtına okeanın dalğalarını sərtləşdirmişdi. Gəmi hər dörd tərəfdən qalxıb-enirdi. Göyərtə suyun səviyyəsinə qədər əyilib-qalxırdı. Bayırda duman-çəndən başqa heç nə görünmürdü. "Vityaz" böyük və güclü burulğanın içərisində idi. Bizdə qorxudan peşimanlıq hissi yaranmağa başlayırdı. Amma gəmini idarə edənlərin yüksək məharəti onu batmağa qoymurdu. Onlar yaxşı bilirdilər ki, gəmini hara və necə döndərmək lazımdır. Kiçik səf nəticəsində burulğan "Vityaz"ı sürətlə 5 kilometr dərinliyi olan okeanın dibinə apara bilərdi. Bu vəziyyət üç gün davam etdi. Həmin müddətdə nə xörək bişirə, nə də tədqiqatlar apara bildik. Konserv xörəklər və meyvələrlə qidalanırdıq. O qədər yırğalanırdıq ki, ürəkbulanmadan söhbət də edə bilmirdik, sakit uzanıb, fırtınadan nə zaman qurtulacağımızı düşünürdük. Zərbələrin vahiməli səsləri ara vermirdi. Peyk vasitəsi ilə daim hava haqqında proqnozu izləyirdik.

Kapitan xəbər verəndə ki, təhlükədən sovuşduq, hamı biri-birini təbrik etdi. Okean samsakit, dümdüz, göyün üzü tam aydın idi. Günəş sevincimizə şərik idi.

Ertəsi gün tədqiqatlar apardıqdan sonra, cənub-şərq istiqaməti ilə Cəbəllütarix boğazına qayıdıb geri dönəndə anladıq ki, doğrudan da "Bermud üçbucağı"ndan sağ qayıtmaq mümkün imiş.

-Məlumdur ki, indiyə qədər saysız-hesabsız təyyarələr, gəmilər və qayıqlar bu məkanın qurbanı olub. Bəs sizcə bunun səbəbi nədir?

-Bu barədə konkret fikir söyləyə bilmirəm. Çünki, "Şeytan üçbucağı"nın sirlərindən yalnız birini gördük və yaşadıq. Belə ki, orada çox güclü burulğan olur. O burulğan hətta havada nə varsa sovurub uda bilər. Təyyarə bu cür təhlükədən qurtara bilməz.

Biz Atlantik okeanda olarkən yaxınlıqda üzən kater və qayıqlardakı amerikanlarla tez-tez görüşüb söhbət edirdik. Onlar "Bermud üçbucağı"nda olmamışdılar və onunla bağlı fantastik, inanılmaz fikirlər söyləyirdilər. Biz nə onların dedikləri, nə də filmlərdəki fantaziyaları görmədik. Üçbucağa yaxınlaşanda gəminin baş radisti infarkt oldu. Deyə bilmərəm bu, oranın hansısa görünməz təsirindən olub, ya yox. Onu Bermud adalarının mərkəzi olan Hamilton limanına aparıb həkimlərə təhvil verdik. Adaya vizamız olmadığına görə xəstəni gözləyə bilmədik. Onun aqibətindən xəbərim olmadı.

Fikrimcə, "Bermud üçbucağı"nda itənləri tapmaq ona görə mümkün deyil ki, Qolfstrım cərəyanı oranın suyunu daim lilləndirir. Dibdə lil çox qalın olur. Bu lil ən nəhəng gəmini belə gizlədə bilər. Bundan əlavə, dibdə dərin yarıqlar da var ki, ora gəmilər yerləşməsə də, qayıqlar, kiçik təyyarələr, insanlar düşə blər.

-Ekspedisiyadan nə əldə etdiniz?

-Tədqiqatlar əsasən sualtı dağlar – Rokkevey, Yakutat, Qreyt və Meteorda aparılırdı. Nəticədə məlum oldu ki, "Bermud üçbucağı"ndakı enerji, gərginlik, atmosferlə okeanın sıx əlaqəsi Avropada iqlim dəyişkənliyinə səbəb olur. Bundan əlavə, dünya okeanında ən çox balığın sözügedən üçbucağın ətrafındakı sualtı qalxmalarda, qayalıqlarda olduğunu öyrəndik. Bura balıqçılığın inkişafı üçün çox əlverişlidir. O da məlum oldu ki, bu fauna dibdəki faunadan tam fərqlidir.

Sirli üçbucaqdakı anlarımız fotolara və videolentə köçürülüb. Klimentevin çəkdiyi sənədli film Moskvadakı Rusiya Elmlər Akademiyası Okeanologiya İnstitutunun və Qorki adına "Mosfilm" kinostudiyasının fondlarında saxlanılır. Azərbaycanda isə onun yalnız 5-10 dəqiqəlik jurnal hissəsi var. Sənədli film hazır olanda onu Geologiya İnstitutuna gətirtdim və akt zalda hər kəs tamaşa etdi.

P.S.

R.Babayevlə söhbətimizdən belə nəticə çıxardıq ki, o, "Bermud üçbucağı"nda baş verənlərdən yalnız birinin şahidi olub. Bu, hələ ərazinin sirlərinin açılması demək deyil.

Mənbə:http://www.science.gov.az/az/index.php?id=632