15.06.2012

Şəmsəddin Eldəniz.

    Böyük Səlcuq dövlətinin zəifləməsi nəticəsində Yaxın və Orta Şərqin siyasi xəritəsində müəyyən dəyişikliklər baş verdi. Sır – dərya çayından Aralıq dənizi sahillərinə qədər uzanan bir ərazidə yenə də türklərin başçılığı altında bir çox dövlətlər – Xarəzmşahlar, Anadolu səlcuq sultanlığı və s. meydana çıxdı. Bunlardan biri də tarixşünaslığımızda həm də Azərbaycan atabəyləri adı ilə tanınan Eldənizlər dövləti idi. Bu dövlətin qurucusu Şəmsəddin Eldəniz hesab edilir. 



       Mənbələrin məlumatına görə orta əsrlərdə qıpçaq elllərindəki qaydaya görə əgər bir nəfər tacir 40 qul alsaydı, onların 39 – nun pulunu verir, 40 – cını isə müftə alırdı. İraq səlcuq sultanı Mahmudun vəziri Əbu Həmid Əli bir tacirdən 39 qul alır və 40 – cı qul olan Şəmsəddin Eldənizi müftə də olsa almaqdan imtina edir. Şəmsəddinin uzun yalvarışlarından sonra vəzir onu da öz sarayına gətirməyə razı olur. 1122 – ci ilin mayında vəzir Əbu Həmid ismaillilər tərəfindən qətlə yetirildikdən sonra onun varidatı, o cümlədən qulları da sultan Mahmudun ixtiyarına keçir. TANRI TÜRKÜ QUL YARATMADIĞINDAN tezliklə Şəmsəddin Eldəniz at çapmaqda, ox atmaqda bütün sarayda seçililir və sultanın diqqətini cəlb edir. Sultan Mahmudun ölümündən sonra hakimiyyətə gələn II Toğrul (1132 - 1135) Şəmsəddin Eldənizi özünün şəxsi məmlükləri sırasına keçirir. Saray intriqalarına qarışmayan, bir – birlərilə ədavət aparan feodal qruplarına qoşulmayan Şəmsəddin Eldəniz vəzifə pillələrilə sürətlə yüksələrək əmir rütbəsi alır. Daha sonra II Toğrul Şəmsəddin Eldənizi azyaşlı oğlu Arslanşaha atabəy təyin edir. II Toğruldan sonra hakimiyyətə gələn sultan Məsud Şəmsəddin Eldənizi II Toğrulun dul qadını Mömünə xatunla evləndirdi və 1136 – cı ildə Aranı ona iqta verdi. Şəmsəddin Eldənizdən Mömünə xatundan iki oğlu – Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan və bir qızı oldu. Arana gələn Şəmsəddin Eldəniz buradakı çaxnaşmalara son qoydu və əhali arasında böyük hörmət qazandı. 1160 – cı ildə 20 minlik ordunun başında Həmədana gələn Şəmsəddin Eldəniz oğulluğu Arslanşahı sultan taxtına çıxartdı. Bundan sonra Şəmsəddin Eldəniz «böyük atabəy» titulunu aldı, Məhəmməd Cahan Pəhləvan sultanın baş vəziri, Qızıl Arslan isə sultan ordularının baş komandanı təyin edildi. Bağdada elçi göndərən Şəmsəddin Eldəniz xəlifə Müstənciddən xütbəni yeni sultanın adına oxumasını tələb etdi. Xəlifənin vəziri İbn Hübeyrə narazı hakimləri – Rey hakimi İnancı, Marağa hakimi Arslan – Abanı, Fars hakimi Sunquru, Qum hakimi Sökməni, Ərdəbil hakimi Ağ Quşu, Qəzvin hakimi Alp Ərgünü Şəmsəddin Eldənizə və Arslanşaha qarşı çıxmağa təhrik etdi. Onların birləşməsinə imkan verməyən Şəmsəddin Eldəniz bu hakimləri ayrı – ayrılıqda məğlub etdi. Şəmsəddin Eldəniz daha təhlükəli olan Rey hakimi İnancın qızını oğlu Məhəmməd Cahan Pəhləvana aldı. Şərqdə və cənubda öz rəqiblərini tabe edən Şəmsəddin Eldəniz 1161 – ci ildə Azərbaycanın qərb sərhədlərini tez – tez pozan gürcülərə qarşı hərbi əməliyyata başladı. 1161 – ci ilin avqustunda gürcü çarı əvvəlcə Ani, sonra isə Dəbil şəhərini tutdu. Dəbilin 10 minə yaxın sakinini öldürtdürən, III Georgi çoxlu qadın və uşağı çılpaq – ayaqyalın əsir apardı. Bu vəhşiliyə dözə bilməyən gürcü qadınları dedilər : « Siz müsəlmanları məcbur edirsiniz ki, onlar da bizimlə belə rəftar etsinlər». Yalnız bundan sonra qadınların paltarları özlərinə qaytarıldı. Bir müddət sonra yenidən Azərbaycana soxulan gürcülər bu dəfə Gəncəni ələ keçirərək, qarət etdilər. Quduzlaşmış gürcü çarı Şəmsəddin Eldənizə göndərdiyi məktubda Beyləqnın xəracını da ona göndərməyi tələb etdi. Atabəy Şəmsəddin Eldəniz gürcülərə cavab məktubunda yazırdı : «Mən buraya ona görə gəldim ki, Tiflisi tutam (1121 – ci ildə Qərbi Avropa xaçlıları, qıpçaqlar, osetinlər, yezdi kürdlər, ermənilər, gürcülər və Bizansın birləşmiş qüvvələri Didqori döyüşündə səlcuq sultanını məğlub edərək, Tiflisi işğal etmişdilər - Müəllif). Əgər sizdə qüvvə varsa meydana çıxın, onsuz da mən sizin ölkənizə hücum edəcəyəm ». 
1163 – cü ilin iyulunda Azərbaycan ordusu Naxçıvandan hərəkətə başlayaraq, dəbili azad etdi və Gəncə ətrafında düşərgə qurdu. Burada toplanan hərbi şurada Gürcüstan üzərinə yürüş etmək qərara alındı. Yol boyu çoxlu tərəkəmə birləşmələri də nizami orduya qoşuldular. Üçdişli nizələrlə silahlanmış, cins atlar, yaxşı qatırlar, və döyüş arabaları ilə təchiz olunmuş gürcülər Şəmsəddin Eldənizin ordusuna hücum etdilər. «Allahü – əkbər nidaları altında döyüşə girən mətanətli və cəsarətli müsəlmanlar günortadan sonra kafirlərə qalib gələrək, onların on minini qılıncdan keçirdilər». III Georgi qaçmaqla canını qurtardı. Azərbaycan ordusu xeyli qənimət ələ keçirdi. Şəmsəddin Eldəniz qızıl və gümüş su qablarını adamların su içməsi üçün Həmədanın cümə məscidinə göndərdi. Belə ağır məğlubuiyyətə baxmayaraq, gürcülər 1164 – cü ilin yazında yenidən Anini ələ keçirib onu taladılar. Özünü yetirən Şəmsəddin Eldəniz onları qovdu və şəhərin bərpası haqqında göstəriş verdi.
       1174 – cü ilin yanvarında Naxçıvandan Həmədana gələn Mömünə xatun gürcülərin Gəncəyə basqın etmələri haqqında öz ərinə xəbər gətirdi. Öz oğulları ilə Naxçıvana gələn Şəmsəddin Eldəniz 12 iyul 1174 – cü ildə qurban bayramı günü gürcüləri cəzalandırmaq üçün yürüşə başladı. Gürcülər əlçatmaz dağlarda və meşələrdə gizlənməklə canlarını qurtara bildilər. Ağcaqalanı (indiki Bolnisi rayonu ərazisindəki Ağ Qala - Müəllif) düşməndən azad edən Şəmsəddin Eldəniz Naxçıvana qayıtdı. 
    1175 – ci ilin payızında gürcülərin yenidən Anini ələ keçirərək dağıtmaları Şəmsəddin Eldənizin III Georgiyə qarşı hərbi əməliyyata başlamasına səbəb oldu. Loru – Başkeçid (indiki Dmanisi) düzənliyinə çatan Azərbaycan ordusu gürcüləri keçilməz sıx meşələrə sıxışdırdı. Atabəy Şəmsəddin Eldəniz III Georginin kiçik bir dəstə ilə Başkeçid (Dmanisi) dağlarında gizləndiyini eşitdi. Dan yeri söküldükdə onun göndərdiyi azsaylı qoşun III Georgini haqlasa da, çar birtəhər ata minib qaçmağa macal tapdı. Yaxın adamlarının təkidilə yenidən geri qayıdaraq onu təqib edən Şəmsəddin Eldənizin azsaylı dəstəsinə hücum etsə də, mənbələrin yazdığına görə «müsəkmanlar elə bir qələbə qazandılar ki, beləsini kimsə xatırlaya bilmirdi». Bu məğlubiyyətdən sonra III Georgi Anini onun keçmiş hakimlərinin qohumlarına (Azərbaycan Şəddadilər dövlətini idarə etmiş sülaləyə - Müəllif) qaytardı və ona «bir daha Anini görmək nəsib olmadı ». 
O dövrün hətta erməni və gürcü mənbələrinə görə Atabəy Şəmsəddin Eldəniz Gürcüstan və onun xristian dinli havadarları ilə arasıkəsilməz mübarizə aparmasına baxmayaraq, o «xristianları sevir, ölkəsinin abadlığına qayğı göstərir, xeyirxah xasiyyəti və sülhsevərliyi ilə fərqlənirdi. Onun hakimiyyəti illərində … əmin – amanlıq hökm sürürdü».
     Bu əmin – amanlığın hökm sürməsində Şəmsəddin Eldənizin həyat yoldaşı Mömünə xatunun da böyük xidmətləri var idi. «Səlcuqlular tarixi» əsərinin müəllifi sədrəddin əl – Hüseyninin yazdığına görə , «sultan Alp Arslan öz atabəyi və atalığı Şəmsəddin Eldənizdən şikayətləndikdə anası Mömünə xatun belə cavab verdi : Fikir vermə ! Bu adam öz həyatını təhlükə altına qoyaraq çoxlu amansız döyüşlərə atılmışdır. Bundan başqa o səni sultan taxtına oturdana qədər öz var – yoxunu xərcləmiş, öz qulamlarını və tərəfdarlarını ölümə göndərmişdir.Yaşda səndən böyük olan neçə səlcuqlu şahzadəsi sıxışdıralaraq, həbsxanalara atılmışlar… O isə iki oğlu ilə (Şəmsəddin Eldənizin Mömünə xatundan olan oğulları – Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan nəzərdə tutulur ) » sənin qulluğunda duraraq düşmənlərini xar edirlər. Sən isə sultan taxtındasan və bütün bu işlərdən azadsan ! Atabəyinin bütün etdikləri – aldıqları və verdikləri sənin hakimiyyətini sənin qüdrətli dövlətini möhkəmlətmək xatirinə edilir. Qoy onun hərəkətləri və cəhdləri sənə kədər və qayğı gətirməsin…! ». Bu uzaqgörən və tədbirli xatun 1175 – ci ilin oktyabrında vəfat etdi. Onun qəbri üzərində məqbərə tikdirən, Azərbaycan və eləcə də Türk – İslam tarixinin görkəmli şəxsiyyətlərindən olan Şəmsəddin Eldəniz həyat yoldaşı Mömünə xatundan bir ay sonra, bu məqbərəni tamamlatmadan, 571 – ci il rəbiülsani ayında (miladi təqvimlə1175 – cü ilin noyabrında) vəfat etdi. Azərbaycan memarlığının şah əsərlərindən olan bu məqbərənin tikintisini onların övladı Məhəmməd Cahan Pəhləvan 1186 – cı ildə başa çatdırdırtdı.
      Mənbələrin yazdığına görə Tiflis qapılarından Xorasana qədər, Dağıstandan Gəngər (indiki İran körfəzi - Müəllif) körfəzinə qədərki ərazilər Şəmsəddin Eldənizin hakimiyyəti altında idi. O dövrün tarixçiləri Azərbaycan atabəyinin «Cibəl (Dağıstan), İraq, Gilan, Mazandaran, İsfahan, Reyə yiyələndiyini, Xilat, Fars, Xuzistan, Mosul və Kirmanın hakimlərini özünə tabe etdiyini » xüsusi qeyd edirlər.

           
Mənbə: tarix elmlər namizədi Kərəm Məmmədov.