Azadlıq,
müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm
də bütöv xalqlar, millətlər üçün ən
müqəddəs, ən şirin nemətdir.
Biz azadlığımızın, müstəqilliyimizin
yolunu illərlə gözləmişik, mübarizə
aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək
nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli
və möhkəm dövlət olmadan azadlıq və
müstəqillik də yoxdur.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş
1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən
həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri
ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi
yaradan isə yenə də Azərbaycanın
inkişafında, müstəqilliyində, gələcəyində müstəsna
rol oynayan, daim xalqına arxalanan və
xalqa arxa olan bir insandır - Heydər
Əliyev.
Heydər Əliyevin müstəqil, tarazlı və
cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir,
ona ümidləri artırırdı. Iqtidar isə
onun siyasətini
separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar
Respublikasında hakimiyyət
çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Bu elə
bir dövr idi ki, daşnaklarin “Böyük Ermənistan”
yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan
torpağı etnik əlamətə görə
parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.
1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi
yerli qurumlarına məxsus
silahlı dəstələr Daxili İşlər
Nazirliyi binasını, televiziya studiyasını ələ keçirdi.
Qiyamçılar xalqa televiziya ilə müraciət edib mövcud hakimiyyət əleyhinə
bəyanatlar verdilər.
Əhalinin böyük
əksəriyyəti Heydər
Əliyevin
çağrışı ilə ayağa
qalxdı. Silahlılar dövlət
idarələrindən qovulub çıxarıldı.
Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə
rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan Xalq Cəbhəsi üzvləri, habelə
hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ
keçirmək cəhdləri baş alıb gedirdi.
Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti
daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit
“hərbi birlik”
yaratmışdır. Onlara Surət
Hüseynov rəhbərlik edirdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə
tabe olmurdu. Iqtidar hərbi
müxalifətin öhdəsindən gələ bilmirdi.
Iyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökümət Gəncəyə
3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. Iki qardaş üz-üzə dayandı. 709 saylı hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını
darmadağın etdi. Lakin qiyamçılar daha fəal
hərəkət etdilər.
Onlar qan tökmək istəməyən
qvardiyaçıları şəhədən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər.
Hökumət qüvvələri məğlub
edildi. Qiyamçı hərbi
hissələr Bakıya doğru yeriməyə, prezidentin və
hökumətin istefaya getməsini tələb
etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxlınlaşdılar.
Iyunun 14-də Nəvahi yaxınlığında ordular üz-üzə dayandı. Danışıqlar nəticəsində
qiyamçıları Lökbatan yaxınlığında və
Şamaxı yolunun 75 kilometrliyində
saxlamaq mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri
istefaya getməyə məcbur oldular. Ölkənin
qabaqcıl adamları, ziyalılar, sadə
əməkçilər
böyük fəlakətin yaxınlaşdığını hiss
edirdilər.
Bununla
yanaşı xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı
meydana gəlir və sürətlə
genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər
Əliyevin ətrafında toplaşırdı. Ziyalı
insanlar dəfələrlə
Naxçıvana gedib yenidən
böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16-da
Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs”
qəzeti vasitəsilə Heydər
Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə
rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.
Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası
(YAP) təşkil edildi. AXC-Musavat iqtidarı
uzun müddət öz yarıtmaz fəaliyyəti ilə
ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin
qarşısını ala bilmədiyini
dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.
Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə,
şübhəsiz, kənardan baxa bilməzdi.
O, xalqın və
respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq
missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət
həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib
çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. Indi inamla söyləyə bilərik
ki, Heydər Əliyevin Gəncəyə
səfəri vətəndaş
qarşıdurmasının genişlənməsinin qarşısını aldı.
Ümummilli liderimiz Gəncədə baş verən
hadisələrə münasibət
bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar
araşdırılmalıdır və
qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan
Respublikası Ali Sovetinin sədri
seçildi. Bu gün tariximizə
Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis
1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Dövləti
olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum”
məsələsidir.
Heydər Əliyevin xalqımızın
və tariximizin
qarşısında ən böyük xidmətləri kəskin
geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini
xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən
qurtarmaqda idi. Dövlətimizin
qorunub saxlanılması isə
azadlığımızın, müstəqilliyimizin
qorunub saxlanması deməkdir,
qurtuluş deməkdir!
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli
liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq
yaratdı. Ümummilli liderimiz Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə
milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində
ölkəmiz xaosdan xilas
olmuş, sivil demokratik inkişaf yolu ilə
inamla irəliləyərək
böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən
dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur
kəlamına sadiq qaldığını
sübut etdi ki, “Azərbaycanın
dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.