07.05.16

Pedaqoji təcrübə Tarix dərslərində motivasiya mərhələsi

Fəranə ƏLİYEVA,
Bakı şəhəri 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin direktor müavini, mimio interaktiv tədris resurslarının tarix fənni üzrə ekspert



Müasir məktəbin əsas problemlərindən biri - tədrisə qarşı motivasiyanın zəif olmasıdır.
Fəal dərsin başlanğıc mərhələsi olaraq, motivasiya eyni zamanda dərsin yekunu ilə sıx bağlıdır, başqa sözlə desək, təlimin nəticəsi məhz motivasiya mərhələsindən bilavasitə asılıdır.
Bəs nə üçün biz dərsin bu mərhələsini motivasiya adlandırırıq? Psixologiya elmində “motivasiya” - insanın hər hansı fəaliyyətində və hərəkətində müəyyən daxili səbəblərə görə onun fəallığını və şəxsi marağını işə salan sövqedici bir qüvvədir. Müasir tədris prosesində motivasiya şagirdin təfəkkür prosesini fəal işləməyə sövq edən və onun idrak fəallığını artıran amil kimi çıxış edir. Tədris prosesinin uğurlu alınması, bu prosesə sinifdə hər bir şagirdin könüllü və fəal qatılması məqsədi ilə müəllim motivasiyanı öz iradəsi ilə şüurlu olaraq təşkil edir. Fəqət, müəllimin məharəti ondan ibarətdir ki, onun iradəsi ilə “süni” yaradılmış və idarə olunan bu proses şagird üçün çox təbii keçsin və nəticədə onun idrak prosesini canlandırsın.

Tədris fəaliyyətində motivasiya mərhələsinin vəzifəsi və əsas məqsədi şagirdlərin diqqətini dərsdə öyrənilən məzmuna cəlb etmək, onlarda daxilən maraq oyatmaq, yeni biliklərin zəruriliyinə və səmərəliliyinə fərdi olaraq inam yaratmaqdır. Başqa sözlə desək, motivasiya dərsin maksimum dərəcədə məhsuldar təşkili üçün hazırlıq mərhələsidir.
Dərsə başlamaq və öyrənənlərin öyrənməyə maraqlarını artırmaq üçün müvafiq psixoloji mühitin yaranması vacib şərtdir. Bu məqsədə nail olmaq üçün müəllim:
- şagirdin təlim prosesinə daxilən qoşulması üçün şərait yaratmalı (“istəyirəm”),
- tədris fəaliyyətinə qarşı şagirddə olan tələbləri aktuallaşdırmalı (“lazımdır”)
- tədris fəaliyyətinin tematik çərçivəsini yaratmalı (“bacarıram”).
Şagirdlərin tədris motivasiyasını artırmaq üçün müxtəlif metod və texnikalar mövcuddur:
- intellektual marafon
- cəlbedici məqsəd
- problemli situasiya
- proqnozlaşdırma
- vaxtı uzadılmış cavab. Tapmaca (təəccüblü fakt) dərsin sonunda verilir ki, növbəti dərsi ondan başlamaq olsun.

Problemin aşağıdakı xüsusiyyətlərini nəzərə almaqla problemli vəziyyətin yaradılması və tətbiqi mümkündür:
Diqqəti cəlb edən və maraqlı;
Müxtəlif fərziyyələr yaradan;
Müstəqil tədqiqat üçün mümkün olan;
Şagirdin imkanlarına müvafiq olan;
Şagirdə öz bacarığını həyata keçirməyə imkan verən.
Motivasiyanın yaradılmasında mərhələlər:
1. Rəmzi (simvolik) materialın nümayişi və şərhi
2. Sual verməyə həvəsləndirmə
3. Problemin müzakirəsi və müxtəlif yollarla həll edilməsinə yönəltmə.
Marağın güclənməsinə çox hallar kömək edə bilər: öyrədici ifadə (misallar, təcrübələr, faktlar), materialın qeyri-adi formada təqdimi (təəccüb yaratmaq), müəllimin emosional nitqi, öyrədici oyunlar, mübahisə və diskussiya situasiyaları, həyati məqamların təhlili (şagirdlərin gündəlik həyatı ilə əlaqələndirmə).
Müxtəlif forma və üsullardan istifadə edərək, müəllim motivasiyanı təşkil edir və beləliklə, şagirdlər aktiv tədris prosesinə qoşulur.
Məlumdur ki, fəal təlim metodu fəal təfəkkürə əsaslanır. Buna görə də fəal təlim metoduna əsaslanan dərsin quruluşu axtarış, tədqiqat işi, elmi araşdırma prosesinin mərhələlərini xatırladır. Bu da təbiidir. Çünki təlim prosesinin özülündə tədqiqatçılıq durur. Şagird artıq kəşf olunan bilikləri özü üçün ilk olaraq yenidən müstəqil kəşf edir. Odur ki, dərslərin tədqiqat şəklində keçirilməsi, biliklərin yaradıcılıqla tətbiqi - yeni biliklərin keçmiş biliklər əsasında qazanılması, şagirdlərin bütün dərs müddətində fəallığı bu təlim metodunun ən mühüm spesifik xüsusiyyətlərindəndir.
Fəal təlimin mexanizminə əsasən, məhz problemin mövcudluğu idrak fəallığının yaranmasının başlıca addımı kimi çıxış edir.
Motivasiyada istifadə olunan suallar, eyni zamanda rəqəmsal materiallar (təsvirlər, video və audio fayllar, mətnlər) - cəlbedici, qeyri-adi, müəmmalı, gözlənilməz, maraqlı olmalıdır. Həmin materiallar nə qədər qeyri-adi olarsa, şagirdlərin fikir və fərziyyələri də bir o qədər maraqlı olar.
Müəllimin verdiyi suallar və mültimedia materialları dərsin məqsədinə yönəldilməli, bilavasitə məzmuna və mövzuya uyğun qurulmalıdır (məsələn, Azərbaycan tarixi fənnindən “Ağqoyunlu dövləti” mövzusuna motivasiya sadəcə Azərbaycan himni səslənən video ilə qurula bilməz).
Təəssüflər olsun ki, hazırda istifadə olunan metodik vəsaitlərdə (məsələn, tarix fənninə aid metodiki vəsaitlərdə) verilmiş motivasiya nümunələri çox formaldır və müəllim bu metodik tövsiyələrdən yararlana bilmir. Məsələn, 7-ci sinif Azərbaycan tarixi fənni üçün metodik vəsaitdə “Babəkin başçılığı altında azadlıq hərəkatı” mövzusu üçün verilmiş motivasiya nümunəsinə baxaq:
“Yusif Azərbaycanın xalq artisti Rasim Balayevlə qonşuluqda yaşayır. O, demək olar ki, hər gün bu aktyorla rastlaşır. Aktyorun çəkildiyi “Babək” filminə baxandan sonra Yusif o qədər təsirlənmişdi ki, bütün günü Babək haqqında düşünürdü. O da böyüyüb Babək kimi qəhrəmanlıq etmək, əsgər olub Qarabağ uğrunda vuruşmaq, düşmənləri doğma yurdumuzdan qovub çıxarmaq haqqında fikirləşirdi. Yusifi bu qədər həyəcanlandıran “Babək” filmi nədən bəhs edir? Babəkin tarixdəki rolu nədən ibarətdir?”.
Yenə həmin vəsaitdə “Azərbaycan uğrunda mübarizə” mövzusuna aid motivasiya nümunəsi: “Şəklə bax. Bu, Teymura sinə gərmiş Əlincə qalasıdır. Səncə, orta əsrlərdə uzun müddət bu qalada müdafiə olunmaq olardımı? Mühasirədə olan bir qalada hansı şərait olmalıdır ki, uzun müddət düşmənə sinə gərə bilsin ?”.
Müəllim motivasiya mərhələsini dərsin mühüm və əvəzolunmaz quruluş komponenti kimi qəbul etməlidir. Bu halda motivasiya təlimin qoyulmuş məqsədlərini (anlatmaq, formalaşdırmaq, möhkəmləndirmək, müqayisə etmək, tanımaq, tamamlamaq və s.) reallaşdırmağa kömək edir.
Bununla bərabər, motivasiya qavrama prosesinin keyfiyyət və səviyyəsini artıran amildir. Bu halda biz şagirdlərdə nəticə çıxarmaq, hadisələrə qiymət vermək, hadisələri müqayisə və təhlil etmək, bir neçə mənbə ilə işləmək, məlumat toplamaq, müstəqil məsələ formalaşdırmaq və onun həlli alqoritmini yaratmaq kimi bacarıqların formalaşdırılmasından danışa bilərik.
Şəxsiyyətə yönəlmiş təlim prinsipinə uyğun olaraq təlim prosesi yalnız şagirdin tədqiqatçı mövqeyinə, onun idraki maraqlarına əsaslanaraq səmərəli keçir. Bu mövqeyi yaratmaq üçün təlim prosesinin mərkəzində tədqiqat olmalıdır. Hər tədqiqat isə ilk növbədə problemin qoyulmasından başlanır. Problemli vəziyyət məsələnin həllində ziddiyyətlərin , müxtəlif nöqteyi-nəzərlərin və variantların mövcudluğunu ehtiva edən vəziyyətdir.
Burada vacib amil odur ki, ənənəvi təlimdən fərqli olaraq, məqsəd - sadəcə bilik almaq deyil. Müasir təlimin məqsədi - şagirdin şəxsiyyət kimi inkişafıdır və yeni biliklərin bu yolla alınması həmin inkişafın bir üsuludur, vasitəsidir.

Məqalədə mimio interaktiv proqramında hazırlanmış resurslardan istifadə olunub: İlhamə Rəhimova (Tunc dövrü), Sevinc Əliyeva (...Gülüstan qalası, yoxsa Azərbaycan), Leyla Bayramova (Mezolit dövrü), Həsən Osmanov (Qərbi Azərbaycan xanlıqları), Gülşən Əlizadə (Albaniya dövlətinin yaranması), Elçin Atakişiyev (Yunan-İran müharibələri).
Mənbə:http://muallim.edu.az/content/category=arxiv&issue=16&content_id=39