08.03.2015

8 mart Qadınlar Gününüz mübarək!!!



Dünyanı bəzəyən qadın səsidir,
Hər qadın bir evin nurlu çırağı,
Hər qadın bir nəslin bünövrəsidir.
Qadın gözlərini seyr et bir anlıq:
Onlar sevinəndə açılır səhər,

Onlar qəmlənəndə düşür qaranlıq.
Həyat dastanına gəl diqqətlə bax,
Dünyanın papaqlı kişiliyini,
Ləçəkli qadınlar yaradır ancaq.
Onlar günəşdirlər, onlar aydırlar,
İnanın, qadınlar olmasaydılar
Bir həsrət şeypuru çalardı dünya.
Hüqosuz, Bayronsuz, Üzeyir bəysiz,
Cavidsiz, Vurğunsuz qalardı dünya.
Sıxaq qadınların mərd əllərini,
Bütün dahilərin analarilə,
Bir yerdə ucaldaq heykəllərini.
Qəlbimi titrədir alovlu bir səs,
Ananın bir günlük qayğı borcunu,
Övlad bir əsrdə ödəyə bilməz.
Deməyin bu qədər tərif əbəsdir,
Mən qadın görmüşəm onun qeyrəti,
Bəlkə yüzlərlə kişiyə bəsdir.
Köksümün altında bir heyrət yatır,
Qadın var çöllərdə traktor sürür,
Kişi var bazarda gül-çiçək satır.
Qadın var dünyanı bəzər şöhrəti,
Özü beş addımlıq bir evdə yaşar,
Ancaq beş qitəni gəzər şöhrəti.
Kişilər, ən gözəl töhfədir ürək,
Biz bu ürəkləri gül dəstəsi tək,

Gəlin qadınlara hədiyyə verək.

Zeynal Vəfa. Qadınlar : Şeir // Azərbaycan.- 2013.- 08 mart.