29.01.2015

Təqvim.

Ən qədim təqvim Ay təqvimi olmuşdur. İlk Ay təqvimi Miladdan öncə III minillikdə tərtib edilmişdir. Bu təqvimə görə, Ayın Yer ətrafında dövr etməsi vaxtı – 29 sutka 12 saat – əsas vaxt ölçüsü kimi qəbul edilir və bir ay adlanır. Bəlkə də, bir çox dillərdə “ay” sözünün həm səma cismi, həm də zaman vahidi bildirməsi bununla əlaqədardır. Ay təqviminə görə, bir il on iki aydan ibarətdir. Bu təqvim sonralar Şərq ölkələrində geniş yayıldı. Bu gün iyirmidən çox Şərq ölkəsi Ay təqvimindən istifadə edir.

Müasir dövrdə təqvimin geniş yayılmış növü Günəş təqvimidir. Bu təqvimin vətəni Qədim Misirdir. Misirlilər Nil çayında suyun nə vaxt bol olacağını əvvəlcədən bilməli və həmin vaxta qədər kanalları təmizləməli, bəndləri möhkəmlətməli idilər. Əgər Nilin suyunu bəndləyib əkinlərə verməsə idilər, su axıb dənizə gedərdi və tarlalar susuz qalardı. Bütün ölkənin həyatı və abadlığı isə məhsuldan asılı idi.

Misir kahinləri gördülər ki, iyunun 22-də, ən qısa gecədən sonra günəş çıxmazdan əvvəl səmada parlaq Sirius ulduzu görünür. Elə həmin vaxt çayın suyu daşır. Onlar hesabladılar ki, Sirius ikinci dəfə görünənə qədər 365 gün keçir. Bu uzun müddəti hər biri 30 gün olan on iki mərhələyə böldülər. Artıq qalan beş günü isə ilin axırına caladılar. Beləliklə, Günəş təqvimi yarandı.
Bir neçə il sonra müşahidə etdilər ki, Sirius ulduzu “gecikir”! Təqvim üzrə il qurtarırdı, Sirius isə görünmək bilmirdi. Təqvim tələsirdi! Kahinlər başa düşdülər ki, vaxtı düzgün hesablamayıblar. Sən demə, il 365 gün və 6 saatdan ibarət imiş. Fərq o qədər də böyük deyildi, amma dörd ildə bir sutka edirdi.

Təqvimi çox sonra Roma sərkərdəsi Qay Yuli Sezar dəyişdi. Tarixə yulian təqvimi kimi daxil olmuş bu təqvimə görə, bəzi aylarda 30, bəzilərində 31, fevral ayında isə cəmi 28 gün vardı. Hər dörd ildən bir bu qısa aya bir gün əlavə edilirdi ki, təqvim irəli getməsin. Həmin ildə 366 gün olur, ... biz ona uzun il deyirik. Bizim indi istifadə etdiyimiz təqvim belə yarandı.
Beləliklə, yeni təqvim yarandı. Lakin sonralar daha ciddi hesablamalar nəticəsində məlum oldu..., bir ilimiz, əslində, 365 gün 5 saat 48 dəqiqə 46 saniyədir. Adama elə gəlir ki, il üçün 11 dəqiqə 14 saniyənin böyük əhəmiyyəti olmaz, ... hesablamalar göstərir ki, bu kiçik zaman kəsiyi təqvimdə hər 400 ildə təxminən  sutkanın artıq qalmasına səbəb olur. Bunu nəzərə alaraq 1582-ci ildə Roma papası XIII Qriqori təqvimdə yeni düzəliş etdi. ..., onun göstərişi ilə təqvim 12 gün qabağa çəkildi.

“Təqvim” anlayışı ilə “il hesabı” anlayışını fərqləndirmək lazımdır. “İl hesabı” dedikdə ilin, tarixin başlandığı gün, hadisə nəzərdə tutulur. Qədim və orta əsrlərdə ayrı-ayrı xalqlar müxtəlif il hesablarından istifadə edirdilər. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda il yazın gəlişi ilə başlanırdı. Bəzi ölkələrdə ilin başlanğıcı kimi yeni hökmdarın hakimiyyətə keçməsi, bəzilərində paytaxt şəhərin əsasının qoyulması (Romada), Olimpiya oyunlarinin keçirilməsi (Yunanıstanda) və s. qəbul edilmişdi. Orta əsrlərdə Avropa ölkələri yanvarın 1-ni ilin ilk günü kimi qəbul etdilər. Bunu İsa Məsihin doğum günü ilə əlaqələndirirdilər. Ərəblər ilin başlanğıcı üçün Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi (hicrət) gününü (miladi tarixlə 16 iyul 622-ci il) götürmüşlər. Müsəlman ölkələrində geniş yayılmış bu il hesabı “hicri tarix” adı ilə məşhurdur.
Azərbaycanda qriqorian təqviminə keçid və yeni ilin yanvardan başlanması 1918-ci ilə təsadüf edir.
Rafiq Ələkbəroğlu