04.11.2014

Ümumtəhsil məktəblərində fənn kurikulumlarının tətbiqi ilə əlaqədar tarix dərslərində xəritə üzərində işin təşkilinə dair

Giriş (tarix xəritələrinin təsnifatı)

Cəmiyyətin həyatı, inkişafı və dəyişməsi müəyyən bir məkan çərçivəsində baş verir. Həmin məkanın təbii-coğrafi şəraiti insanların həyat tərzinə, məşğuliyyətlərinə, mədəni inkişaf xüsusiyyətlərinə böyük təsir göstərir. Ona görə də, bu şəraitin öyrənilməsi təsərrüfatın, mədəniyyətin, dövlət quruluşunun, ictimai həyatın, daxili və xarici siyasətin inkişaf məntiqini izləməyə və onun gələcək inkişaf perspektivlərini proqramlaşdırmağa imkan verir. Buna görə də şagirdlərin cəmiyyətin inkişafının ətraf mühitdən, təbiətdən, geosiyasi amillərdən asılılığının başa düşülməsi və düzgün qiymətləndirməsi üçün onlara tarixlə bağlı təbii coğrafi amilləri müəyyən etməyə imkan verən biliklər və bacarıqlar aşılanmalıdır.
Məhz bu tələb nəzərə alınaraq tarix fənni üzrə kurikulumlar hazırlanarkən məkan məzmun xətti ön plana çəkilmiş və əsaslandırılmışdır. Bu baxımdan təlim prossesində tarixi xəritələr üzərində işin təşkili böyük əhəmiyyətə malikdir.
Məlumdur ki, şagirdlərin öyrəndiyi tarixi hadisələr müəyyən zaman və məkan şəraiti ilə bağlıdır.
Hadisələrin nə zaman olduğu xronoloji cədvəllər üzrə öyrənildiyi kimi, onların harada baş verdiyini mütləq tarixə dair xəritələrdən istifadə etməklə müəyyən etmək olar.
Şagirdlərdə tarixi biliklərin mənimsədilməsində xəritənin rolu müstəsna dərəcədə böyükdür. O, iqtisadi-ictimai inkişafın aşılanmasına, ilk dövlətlərin yaranması prossesini sürətləndirən təbii coğrafi mühitin aydınlaşdırılmasına kömək edir.
Əksər hallarda tarixi hadisələr yalnız müəyyən məkan şərtləri ilə əlaqədar olaraq düzgün başa düşülə bilər. Şagirdlərdə tarixi hadisələrin baş verdiyi yer haqqında düzgün təsəvvür yaradılmasının hadisələrin zaman daxilində inkişaf etməsi haqqında təsəvvür hasil edilməsindən heç də az əhəmiyyətli deyildir.
Ərazi bütün tarixi hadisələr üçün meydandır və yer şəraiti çox vaxt hadisələrin konkret gedişini müəyyən edir. Bu şəraiti bilmək bir sıra hallarda tarixi hadisələrin izahına kömək edir.
Şagirdlərin tarix xəritələri üzərində işinin təşkilinin müxtəlif forma və üsullarından istifadə etmək bir də ona görə zəruridir ki, xəritə dərsi mexaniki əzbərləyən, yaxud da onu bildiyi halda danışmaqda çətinlik çəkən şagirdə öz fikrini ardıcıl qurmağa imkan verir. Məsələn, VII sinifdə səlib müharibələri mövzusu keçilərkən zəif oxuyan şagird xəritədə səlib yürüşlərinin hərəkət istiqamətlərini tapdıqda dərslik materiallarının məzmununu nəzərə çarpacaq dərəcədə düzgün ifadə etməyi bacarır.
Şagirdlərin tarix xəritələri üzərində işinin təşkili orta məktəbin III-IV siniflərindən başlayır. Lakin bu siniflərdə xəritə haqqında yalnız ilk anlayışlar və təsəvvürlər verilir.
Xəritə ilə iş V sinifdən başlayaraq daha ardıcıl və sistemli şəkildə aparılır, bu sahədə müəyyən bacarıq və vərdişlər aşılanır və inkişaf etdirilir. V-XI siniflərdə şagirdlər xəritə ilə işin texnikasına bələd olur, onun üzərində bəşəriyyət tarixində ilk sinifli cəmiyyət olan quldarlıq, habelə feodalizm, kapitalizm ictimai-iqtisadi formasiyalarının yaradılması və inkişafı prosesini izləyirlər.
Dərslərdə xəritədən istifadə təkcə tarixi hadisələrin lokalizasiyası, bu hadisələrin inkişaf etdiyi coğrafi mühit haqqında təsəvvür yaratmaq üçün istifadə edilmir. Xəritə elə bir əyani vəsaitdir ki, o, tarixi materialı başa düşməyə, tarixi hadisələrin gedişini anlamağa, tarixi əlaqələri və qanunauyğunluqları açıb göstərməyə kömək edir. Tarixi materialların nəinki şərhi, həm də onun təhlili və ümumiləşdirilməsi gedişində istifadə olunan xəritə tarixi hadisələri aydınlaşdırmaq işinə də xidmət edir.
Bakı şəhərinin ümumtəhsil məktəblərində (13,18,27,132-134,190 və.s) aparılmış tədqiqat işlərinin nəticələrinin təhlili göstərilmişdir:
1. Xəritənin köməyi ilə tarixi əlaqələr, xüsusən səbəbiyyət əlaqələri əyani surətdə açılıb göstərilir. Məsələn, Azərbaycan Səfəvi dövlətinin yaranması, yüksəlməsi və onun imperiyaya çevrilməsinə səbəb olan şərtlərin bəzilərini biz xəritə üzrə aydınlaşdırırıq.
2. Xəritə hətta tarixi öyrənməyin ilk pillələrində öyrənilmiş materialın şagirdlər tərəfindən təhlil edilib ümumiləşdirilməsi işinə kömək edir və şagirdləri tarixi inkişafın qanunauyğunluqlarını açıb göstərməyə yaxınlaşdırır. Məsələn, qədim dünya tarixi dərsliyində verilmiş xəritələr aşağıdakı suallara cavab verməyə kömək edir: Misirin, Mesopotamiyanın, Hindistanın və Çinin təbiətində nə kimi oxşarlıqlar var idi? Qədim zamanda bu ölkələrin əhalisinin məşğuliyətində nə kimi ümumi cəhətlər var idi? Bu belə bir qanunauyğunluğu aydınlaşdırmağa imkan verir ki, şərq yarımkürəsində ən qədim əkinçilik ocaqları böyük çayların vadilərində meydana gəlmiş, ən qədim quldar dövlətlər də burada yaranmışdır və s.
3. Xəritə bir sıra tarixi hadisə və prossesləri izləməyə imkan verir. Məsələn, “Azərbaycan tarixi atlasında verilmiş Xürrəmilər hərakatı (VIII əsrin sonu- IX əsrin birinci yarısı)” xəritəsində şagirdlər hərəkatın yayıldığı ərazilərlə tanış olurlar.
4. Tarix xəritələri materialın möhürləndirilməsi və təkrarında böyük rol oynayır.
Məsələn, müəllimin divar xəritəsində göstərdiyi, şagirdlərin dərsliklərdəki və atlasdakı xəritədə izlədiyi, onun rəhbərliyi altında xəritənin təhlili nəticəsində aydınlaşdırdığı və evdə dəftərdəki eskiz xəritəsində və dərslikdəki xəritədə təkrar etdiyi, sonra isə gələcək dərsdə şifahi cavab verərkən xəritə üzrə müstəqil surətdə şərh etdiyi hadisə möhkəm surətdə və uzun müddət onun yadında qalır.
Nəzərə almaq lazımdır ki, tarix xəritələri üzərində iş şagirdlərin təfəkkür fəaliyyətini gücləndirir.
Məlumdur ki, ümumiləşdirmə idrakı əməliyyatdır. Ümumiləşdirməni tarix xəritəsi üzərində aparmaq səmərəli nəticələr verir.
Tarix dərslərində xəritə ilə müntəzəm olaraq işləmək üçün hazırda müəyyən imkanlar vardır. Belə ki, V-XI siniflərdə məktəb proqramı Azərbaycan tarixi üzrə divar xəritələri və atlaslarla təmin edilmiş və tarix dərsliklərinin mətnində çoxlu xəritə verilmişdir.
Tarix dərslərində istifadə edilən xəritələri əsasən üç qrupa ayırmaq olar. Divar xəritələri, kontur xəritələri və xəritə- sxemlər.
1. Divar xəritələrinin üç forması mövcuddur:
A) Bir ölkədəki və ya bir qrup ölkədəki tarixi hadisələri, tarixi inkişafın müəyyən dövründə onların vəziyyətini, mövqeyini əks etdirən ümumi xəritələr. Məsələn, “Qədim Misir dövlətinin yüksəlişi və tənəzzülü”, “Azərbaycan xanlıqları”. “Şirvanşahlar, Şəddadilər və Rəvvadilər dövlətləri”və s.
Bu qəbilədən olan xəritələrdə tarixi inkişafın dinamikasını əks etdirən ünsürlər: müəyyən müddət ərzindəki ərazi dəyişiklikləri, hərbi əməliyyatların gedişini göstərən şərti işarələr və ictimai hərakatlar əhatə olunmuş rayonlar verilir.
B) İcmal xəritələri öyrənilən hadisələrin inkişafındakı bir sıra ardıcıl cəhətləri, hər şeydən çox uzun dövr ərzində baş vermiş ərazi dəyişikliklərini əks etdirir. Məsələn: “Azərbaycan Monqol imperatorluğu dövründə”, “Roma imperiyasının tənəzülü və Qərbi Roma imperiyasının süqutu” və b.
C) Mövzu xəritələri tarixi prosesin ayrı-ayrı hadisələrinə və cəhətlərinə həsr olunmuşdur Orada mövzuya aid olmayan işarələr azaldılmışdır.
Dərsliklərin mətnindəki və atlasdakı xəritələrin əksəriyyəti mövzu xəritələridir.
2. Xəritə-sxemlər əslində mövzu xəritələrinin tərkibinə daxil olsa da, müstəqil şəkildə dərsdə istifadə olunur. Onlar az yüklənmələri ilə fərqlənir, bir sıra hallarda yalnız qurunu və sərhədləri təsvir etməklə kifayətlənərək xüsusi sxem işarələrinin və təsvirlərinin köməyi ilə öyrənilən hadisənin mahiyyətini, daxili əlaqələrini, əsaslı qanunauyğunluqlarını əyani şəkildə açıb göstərir.
3. Kontur xəritə üzərində şagirdlərin işinin təşkili, ümumiyyətlə xəritə ilə işləməyin ən səmərəli formalarından biridir. Kontur xəritə ilə işləyən zaman şagirdlər divar xəritələrindən qazandıqları bilikləri möhkəmləndirir. Kontur xəritələr üzərində işin təşkili, adətən dərsin sonunda olur. Müəllimin rəhbərliyi altında şagirdlər həm atlası, yaxud dərsliyə əlavə olunmuş xəritəni, həm də kontur xəritəni açır və rəngli karandaşlarla öyrənilən mövzunu atlasdan və ya dərsliyə əlavə olunan xəritədən kontur xəritənin müvafiq səhifəsinə köçürürlər. Tarix xəritələrinin hər birindən istifadə edilməsi mövzunun xarakterindən və konkret tələbindən irəli gəlir.
II. Divar xəritələrinin üzərində işin təşkili
Orta ümumtəhsil məktəblərinin V-XI siniflərində şagirdlərin divar xəritəsi üzərində işinin təşkili böyük əhəmiyyətə malikdir. Şagirdlər xəritə haqqında zəruri bilikləri ilk dəfə divar xəritəsindən əldə edirlər.
Divar xəritəsində əyaniliyin mühüm keyfiyyətləri öz ifadəsini tapmışdır. Xəritə tarixi proseslər haqqında şagirdlərə aydın, canlı təsəvvürlər verir. Tarix dərslərini xəritəsiz keçəndə müəllimin şərhi tarixi hadisələri nə dərəcədə dolğun ifadə etsə də, onlar şagirdlər tərəfindən zəif mənimsənilir və tez unudulur. Müşahidə etdiyiniz dərslər göstərdi ki, doğrudur, sinfə xəritə gətirilirdi, lakin ondan istər sorğu prosesində, istərsə də yeni materialın şərhi zamanı tələb olunan qaydada istifadə edilmirdi. Lakin sinifdə tarix xəritəsi olanda və ondan istifadə ediləndə müəllimin şərh etdiyi tarixi hadisə daha aydın, canlı obraza çevrilir və dərindən mənimsənilir.
Metodik ədəbiyyatda göstərildiyi kimi, divar xəritəsi şagirdlərdə tarixi prosesin meydana çıxdığı və inkişaf etdiyi məkan münasibətləri haqqında geniş təsəvvür yaradır. Divar xəritəsində məkan əlaqələrinin mahiyyəti dərk edildikdə şagirdlər baş vermiş tarixi hadisələrin sinfi məzmununu daha dərindən başa düşürlər.
Divar xəritəsi şagirdlərdə təkcə məkan münasibətləri haqqında deyil, həm də zaman münasibətləri haqqında müəyyən qədər təsəvvür yaradır.
Xəritəni diqqətlə nəzərdən keçirərkən orada müəyyən zaman münasibətlərini görmək mümkündür. Biz bu münasibətləri iki formada görə bilərik:
1. Divar xəritələrinin əksəriyyətində xəritənin adının yanında böyük tarixi hadisənin baş verdiyi il yazılır. Məsələn, Azərbaycan Ağqoyunlu dövlətindən bəhs edən xəritənin adının yanında “1468-1503-cü illər” yazılır, yəni hadisənin baş verdiyi və qurtardığı illər göstərilir. Digər tərəfindən də xəritədə Yusif Mirzənin Qaramana, Uzun Həsənin, Sultan Yaqubun Gürcüstana hərbi yürüşlərinin istiqamətləri və vaxtı göstərilir.
2. Bəzi xəritələrdə böyük şəhərlərin yanında həmin şəhərlərin ən görkəmli memarlıq abidələrinin nümunəsi verilir. Memarlıq abidələrinin tikiliş xüsusiyyətləri, onların üslubu həmin dövrün zaman əlaqələrini açmağa imkan verir.
3. Beləliklə, hər iki cəhət şagirdlərdə zaman haqqında müəyyən təsəvvürlər yaradır.
Tədris materialını şagirdlərə mənimsətməyin əsas vasitələrindən biri olan divar xəritələri ilə işin təşkilinə qabaqcadan ciddi hazırlıq aparılması dərs prosesi üçün böyük əhəmiyyət daşıyır.
Yeni materialın öyrənilməsi üzrə divar xəritəsi ilə işin təşkilinə hazırlığı iki mərhələdə aparmaq olar. Birinci mərhələdə müəllim hazırlıq prosesində təkcə dərsliyin məzmunu ilə tanış olmur, həm də dərsliyə əlavə olunan xəritələri, tarix atlaslarını diqqətlə nəzərdən keçirir, dərslikdə adları çəkilən bütün tarixi-coğrafi obyektləri orada diqqətlə izləyib tapır.
Müəllim bu zaman dərsliyə əlavə olunan xəritələri və atlasları bir-biri ilə müqayisə edir, onların ümumi və fərqli cəhətlərini araşdırıb müəyyənləşdirir.
Xəritə ilə işin təşkilinə hazırlaşan müəllim coğrafi mühitin rolunun müəyyən edilməsi üçün lazım olan bütün məlumatları mütləq axtarıb tapmalıdır.
Tarixçi-metodist M.Zinovyev qeyd edir ki, müəllim mövzunun planını tərtib edərkən bütün tarixi-coğrafi adlardan ən zəruri olanlarını seçib ayırmalıdır.
Tədris prosesində divar xəritələri üzərində yeni materialın şərhi zamanı təbii coğrafi şərait, bəşəriyyət tarixinin ilk pillələrində onun cəmiyyətin inkişafına təsiri, bu əsasda təbiətlə cəmiyyət arasında qarşılıqlı münasibətlər, coğrafi mühitin maddi nemətlər istehsalının zəruri şərtlərindən biri olduğu öyrədilir.
Hər bir müəllim bilməlidir ki, tarix elmində təbii-coğrafi mühit anlayışı tarixi prosesin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Təbii coğrafi mühit anlayışını isə tarix elminin xüsusi sahəsi olan tarixi coğrafiya öyrənir.
Hec bir ictimai-iqtisadi informasiyanı, hətta ən mükəmməl ictimai quruluşu belə təbii şəraitdən ayrı təsəvvür etmək olmaz.
Belə bir mühüm cəhəti nəzərə almaq lazımdır ki, tarixin ilk pilləsində cəmiyyət yaşamaq üçün bir növ təbiətdən asılı idi. Lakin qeyd etmək lazımdır ki, təbii şəraitin rolu nə dərəcə önəmli olursa olsun, o, cəmiyyətin müəyyənedici qüvvəsi ola bilməz. Bütün xalqların tarixi təsdiq edir ki, bütün ictimai dəyişiklikləri müəyyən edən coğrafi mühit deyil, cəmiyyətin iqtisadi inkişafıdır.
Divar xəritələri üzərində V-XI sinif şagirdlərinin işinin səmərəli təşkili bir çox cəhətdən mövzu üzrə divar xəritəsinin düzgün seçilməsindən asılıdır. Çünki həmin xəritə hadisələr haqqında şagirdlərə əyani təsəvvür verir. Lakin dövrə uyğun olmayan divar xəritələrindən istifadə edilməsi yanlış nəticələrə gətirib çıxara bilər. Məsələn, VI sinifdə Mesopotamiya haqqında materialı keçəndə “Makedoniyalı İskəndərin istelaları”, yaxud VIII sinifdə “Azərbaycan xanlıqları”nı öyrənərkən “Şimali Azərbaycanın inzibati ərazi bölgüsü (1859-1870-cı illər)” xəritəsindən istifadə edilməsi tamamilə səhvdir. Ona görə ki, hər bir xəritədə təsvir olunan hadisələrə aid müəyyən bir dinamiklik olur. Əgər bu dinamiklik keçilən mövzuya uyğun gəlmirsə, onunla uzlaşmırsa, həmin xəritə şagirdlərin çalışması üçün az faydalı, hətta zərərli ola bilər.
Müəllim xəritəni ilk dəfə sinifə aparırsa onun ümumi icmalarını hazırlamalı, şagirdləri müəyyən izahat ilə maraqlandırmalıdır. O, xəritəni seçəndə müəyyən etməlidir ki, bu şagirdlərdə hansı təlim keyfiyyətləri yarada bilər. Məşhur metodist-alim P.B.Qora tarix dərsi üçün əyani vəsait seçilməsi qaydalarını müəyyənləşdirərkən xəritəyə xüsusi diqqət yetirmişdir:
1. İstənilən vəsaitlərin, o cümlədən əyani vəsaitlərin seçilməsi, hər şeydən əvvəl, dərsin məzmununun təhsil-tərbiyəvi vəzifələri və xüsusiyyətləri ilə müəyyən edilir. Öyrənilən mövzunun məzmununa müvafiq olaraq müəllim hər bir dərs üçün zəruri olan tarix xəritəsini seçməlidir.
2. Vəsaitləri seçərkən müəllim məktəblilərin idrak bacarıqlarının və qabiliyyətlərinin birinci növbədə həmin anda inkişafı üzərində iş aparmaq bacarıqlarının və qabiliyyətlərinin formalaşdırılmasına onların nə dərəcədə kömək edəcəyini nəzərə almalıdır.
3. Müəllim əyani vəsaitləri seçərkən onların xarakteristikasını nəzərə almalı, şagirdlər üçün asan, onların qüvvələrinə uyğun olub-olmamasını aydınlaşdırmalıdır.
4. Əyani vəsaitləri seçən zaman müəllim özünün pedaqoji bacarığını və qabiliyyətini əsas tutmalıdır. Bu söylənilənlərin hamısını divar xəritələrinə də şamil etmək olar.
Beləliklə, aydın olur ki, divar xəritəsi üzərində işin təşkilinə hazırlaşmaq tarix müəllimi üçün ən əsas şərtlərdən biridir. Əgər bu hazırlıq olmasa, müəllimin şərhi, onun ifadə tərzi nə qədər emosional və elmi cəhətdən düzgün olsa da dərsin pedaqoji səmərəsi keyfiyyətli ola bilməz.
Müəllimlər xəritədən istifadə qaydalarına ciddi əməl etməlidirlər. Hər hansı bir ərazi dəqiq göstərilməli, şagirdlərin də ona əməl etməsi gözlənilməlidir. Ərazilər yuxarıdan aşağıya, sağda, solda sözləri ilə deyil, şimaldan cənuba, qərbdən şərqə ifadələri ilə izah edilməli, şəhərin adı yazıya görə yox, müəyyən edilmiş işarəyə uyğun göstərilməli, sərhədlərin dəqiqliyinə xüsusi diqqət yetirilməlidir.
Yeni xəritə ilə tanış olmaq üsullarından biri şagirdlərin diqqətini onlara yaxşı tanış olan obyektlərə oriyentir kimi cəlb etmək, xəritə ilə sonraki işdə bu oriyentirdən istifadə etməkdir. Məsələn, müəllim şagirdləri Xürrəmilər hərəkatı (VIII əsrin sonu – IX əsrin birinci yarısı) xəritəsi ilə tanış edərkən xürrəmilərin ərəblərlə döyüş yerləri, Babəkin son döyüş yerləri, xürrəmilər hərəkatının başlandığı ilkin ərazilər, xürrəmilər hərəkatının yayıldığı ərazilərdən və s. oriyentirlər kimi istifadə edir.
Siyasi hadisələrin inkişafından bəhs edən mövzuları tədris edərkən xəritə ilə işin təşkili imkanları daha geniş olur. Məsələn, VII sinifdə “Ərəb xilafəti və onun dağılması” mövzusunu keçərkən müəllim divar xəritəsində ərəb istilalarını, onların müvəffəqiyyət qazanması səbəblərini aydınlaşdırır. O göstərir ki, ərəblərin yaxşı silahlanmış qoşunu Bizansın və İranın üzərinə sel kimi tökülüblər. Bu ölkələr ərəblərə ona görə ciddi müqavimət göstərə bilmədilər ki, onlar daim müharibələr aparmaqla bir-birini taqətdən salmışdırlar. Ağır vergilərdən əziyyət çəkən əhali ilə düşmənə lazımi müqavimət göstərə bilmədilər. Bu ölkələrdə feodal pərakəndəliyi də düşmənə müqavimət göstərməyə mane olurdu və s.
Müəllim proqram materialını şərh edə-edə divar xəritəsində Ərəbistan yarımadasını, İranı, Bizansı, Suriyanı, Misiri, Cəbəllütarix boğazını, Pireney yarımadasını, Frank krallığını, Zaqafqaziya və Orta Asiyanı və nəhayət Ərəb xülafətinin hüdudlarını şagirdlərin iştirakı ilə müəyyənləşdirir. Müəllim bu işdə yuxarıda adı çəkilən oriyentiv üsullardan istifadə etsə, daha faydalı olar.
Şagirdlərin xeyli hissəsi, hətta bəzi müəllimlər də xəritədə bu və ya digər obyekti düzgün tapdıqları halda, onun göstərilmə qaydasını bilmirlər. Bu zaman aşağıdakı qaydaları əməl etmək məsləhətdir:
A) çayların mənbəyindən başlayaraq, mənsəbinə doğru göstərmək lazımdır:
B) şəhərlərin adını deyil, onların işarələrini, dairəciyi göstərmək lazımdır:
C) dövlətin ərazisini göstərərkən onların sərhədlərini dəqiq göstərmək tələb olunur.
Böyük yaşlı məktəblilər orta siniflərin şagirdlərinə nisbətən xəritəyə daha inamla bələd olur. Lakin şagirdlərdə hər hansı bir tarix xəritəsinə sərbəst şəkildə bələd olmaq qabiliyyətini formalaşdırmaq vəzifəsi IX- XI siniflərdə də müəllimin qarşısında durur.
Bu vəzifənin həllinə, hər şeydən əvvəl, sinifdə və evdə müxtəlif tarix xəritələrində şagirdlərin müntəzəm surətdə məşq etməsi ilə nail olunar.
Şagirdlərdə xəritəyə bələd olmaq qabiliyyətlərini inkişaf etdirib möhkəmləndirilməsinə kömək edən sınanılmış üsul eyni vaxtda iki xəritə ilə işləməkdir. Belə ki, müəllimin divardakı xəritədə göstərdiyi yerləri şagirdlər dəsrlikdəki xəritədə izləyirlər. Bu iş V sinifdən başlayaraq tarix xəritələrində müntəzəm surətdə aparılaraq, tədricən mürəkkəbləşir. Dərsdə tarix xəritəsi üzrə aparılan məşq evə verilmiş işlə tamamlanır. Xəritəyə yaxşı bələd olmaq üçün şagirdlər divar xəritələrində, dərslikdəki xəritələrdə, atlasda məşq etməli, bəzi şeyləri əzbərləməlidirlər.
A.İ.Strajev yazır: “Xəritəni bilmək- bu nəinki onun şərti funksiyasını (işarələrini), onun simvolik mənasını, şəhərlərini, sərhədlərini, çaylarını və s. bilmək, həm də bu şərti işarələr arxasındakı canlı tarixi həqiqəti, iqtisadi, ictimai-siyasi və mədəni qarşılıqlı münasibətlərin mürəkkəbliyini görmək deməkdir. Şagirdlərin tarix xəritəsini tarix kitabını oxuyan kimi “oxumağa” öyrətməli, tarix xəritəsi ilə işləməyə başlayan tarix müəllimi, bax bu vəzifəni rəhbər tutmalıdır.”
agirdlərin divar xəritəsi üzərində işinin təşkili zamanı yazı taxtasında xəritədə çəkmək dərsin əyaniliyini artırır, materialın yadda qalmasını möhkəmləndirir. Bu işi aşağı siniflərdə aparmaq daha məqsədəuyğun olar. Məsələn, VI sinifdə “Qədim Yunanıstanın təbiəti və əhalisi” mövzusunu keçəndə müəllim təbaşirlə lövhəyə Yunanıstanın xəritəsini çəkir, sonra orada dori tayfalarının Yunanıstana basqınlarını göstərən oxlarla qeyd edir. Belə olduqda şərti işarələr arasında həmin tarixi hadisələr şagirdlərin gözü önündə inkişaf edir. Bu üsulun üstünlüyü ondadır ki, o, hadisələri həmişə hərəkətdə, inkişafda göstərir, həm də, bu hadisələr yazı taxtasının qara fonunda daha aydın gözə çarpır.Onu da qeyd etmək lazımdır ki, yazı taxtasında xəritə çox az vaxt ərzində çəkilməlidir, əks halda bu müəyyən vaxt itkisinə səbəb ola bilər.
V-XI siniflərdə divar tarix xəritələri üzərində işin təşkili prosesində tarixi hadisələr arasında varislik əlaqələrinin yaradılması mühüm əhəmiyyət daşıyır.
Məlum olduğu kimi tarix dərslərində, xüsusilə yuxarı siniflərdə müəyyən bir tarixi hadisə şagirdlər tərəfindən təkrarən öyrənilir. Lakin təkrar öyrənilən zaman həmin hadisə, daha yeni mərhələdə, yeni məzmunda mənimsənilir. Bu prosesdə bu iki mərhələ arasında varislik əlaqəsi yaradılır, yəni müəyyənləşdirilir ki, ikinci mərhələdə baş verən hadisələr, birinci mərhələdə baş verən hadisələrin davamıdır. Xəritə vasitəsilə hadisələrin varisliyini üzə çıxararaq onlar arasındakı qanunauyğunluqları, qarşılıqlı əlaqə və asılılığı üzə çıxarmaq deməkdir. Tarixi hadisələr arasında varislik əlaqələrini üzə çıxarmaq, onların mahiyyətini dərk etmək və şagirdləri də bu istiqamətdə çalışdırmaq üçün dərsdə eyni vaxtda iki tarix xəritəsindən istifadə etmək sahəsində IX-XI siniflərdə daha çox imkanlar mövcuddur.
XI sinifdə “Böyük Vətən müharibəsinin başlanması” mövzusu tədris olunarkən müəllimin “İkinci dünya müharibəsi” (1939-1945-ci illər), eləcə də “Sovet İttifaqının Böyük Vətən müharibəsi” (1941-1945-cı illər) xəritələrindən istifadə etməsi məqsədə uyğundur.
Müəllim birinci xəritədə alman faşistlərinin SSR-yə xaincəsinə hücumunu danışmazdan əvvəl bu vaxta kimi Avropada, dünyanın başqa yerlərində faşist təcavüzkarlığının genişlənməsindən danışır.
O, Almaniya, İtaliya, Yaponiya imperialistlərinin işğalçılıq hərəkatlarını göstərə-göstərə SSPİ-ni məhv etmək siyasəti yeritdiklərini, Polşaya soxulmalarını, Danimarka və Norveçə daxil olmalarını və s. şagirdlərə xatırladır.
Nəhayət, müəllim dərhal ikinci xəritəyə keçərək alman faşistlərinin Sovet ölkəsinə xaincəsinə hücumunu izah etməyə başlamalı və göstərməlidir ki, faşistlərin ölkəmizə basqını, alman faşistlərinin Avropada işğalçılıq siyasətinin davamı, onun nəticəsi idi. Müəllim bütün bunları divar xəritəsində canlandırmalıdır.
Beləliklə, aydın olur ki, XI sinifdə bir dərsdə iki xəritədən istifadə edilərkən İkinci dünya müharibəsi ilə Böyük Vətən müharibəsi arasında mühüm əlaqələr yaradılır, onların mahiyyəti dərk edilir. Divar tarix xəritələri üzərində müəllimin göstərdiklərini şagirdlər passiv surətdə müşahidə etməməlidirlər. Onlar divar xəritəsində göstərilənləri qarşısındakı tarix atlaslarında və dərsliyə əlavə olunan xəritələrdə diqqətlə izləməlidirlər. Bu hal şagirdlərin divar xəritələrindən əldə etdikləri bilikləri daha da dərinləşdirir və möhkəmləndirir
Metodist-alim V.Q.Kotrsov dərs prosesində dərsliyə əlavə olunan xəritələrdən istifadə edilməsinin əhəmiyyətini xüsusi olaraq qeyd edir .”Şagirdlərdən dərsliyə əlavə edilmiş xəritə ilə işləmək vərdişini aşılamaq çox vacibdir. Buna görə də sinif xəritəsi üzrə müəllimin şərhi zamanı şagirdlər dərsliyin xəritələrini acaraq orada müəllimin dediyini eyni zamanda izləməli, zəruri olan bütün məntəqələri axtarıb tapmalıdırlar “.
Respublikamızın bəzi məktəblərində dərsliyə əlavə olunan xəritələr və atlaslar üzərində ardıcıl iş aparılmır. Çox vaxt bu işdə sxemsizliyə yol verilir. Müəlimlər atlaslar və dərsliklərə əlavə olunan xəritələr üzərində işi divar xəritəsi olmadan da aparırlar.
Tarix atlasları və dərsliyə əlavə olunan xəritələr üzərində işin təşkili üçün müəllim hər şeydən əvvəl, mövzunun məzmununu dərindən və hər tərəfli bilməli, atlaslar və dərslik xəritələrinin bu mövzunun tələblərinə nə dərəcədə cavab verdiyini düzgün müyyənləşdirməlidir. Əslində atlaslar və dərsliyin xəritələrində təsvir olunan hadisələrin miqdarı əsasən bir -birinə uyğun gəlir. Lakin fərq orasındadır ki, dərslik xəritəsində hadisələrin bəziləri ya tutqun verilir ,ya da digər hadisələrlə birlikdə təsvir olunur. Atlasda isə həmin hadisələr aydın verilir.Nadir hallarda dərsliyə əlavə olunan xəritələrdə verilməyən hadisəni atlasda tapmaq olur.
Şagirdlərin divar xəritələri üzərində çalışmalarında ev tapşırıqları böyük əhəmiyyətə malikdir. Xəritəyə aid ev tapşırıqlarının müvəffəqiyyətli olması üçün hər şeydən əvvəl atlas və dərslik xəritələrinin mövcud imkanları nəzərə alınmalıdır.
Xəritə üzərində işləyən müəllim bir məsələni də nəzərə almalıdır ki, hazırda respublikanın ümumtəhsil məktəblərində Sovetlər birliyi dövründə istehsal olunan bir sıra divar xəritəsi var və onlardan mövzuların tədrisi zamanı isdifadə olunur. Müəllim nəzərə almalıdır ki, həmin xəritələrdə bir sıra təhriflərə yol verilmişdir. Belə ki, Azərbaycan torpaqları təhrif edilmiş şəkildə göstərilmişdir. Əgər məktəbdə belə xəritə varsa, yol verilmiş təhriflər şagirdlərə çatdırılmalı və onlar düzgün istiqamətləndirilməlidir.
III. Kontur-xəritə üzərində işin təşkili
Orta məktəbin V-XI siniflərində istifadə olunan tarix xəritələrinin üçüncü mühüm növü kontur xəritələrdir. Proqram materiallarının mənimsənilməsində kontur xəritələrin də mühüm əhəmiyyəti vardır. Məktəblərimizdə hələlik Azərbaycan dilində belə xəritələr olmasa da onlar haqqında danışmağa dəyər. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, bu özünü iki istiqamətdə göstərir: Birincisi kontur-xəritə, hər şeydən əvvəl, divar xəritəsindən şagirdlərin əldə etdikləri bilikləri möhkəmləndirir, onun uzun müddət yadda qalmasını təmin edir. Kontur xəritə əslində divar xəritəsi üzərində işin təşkilinə verilən tələbləri özündə əks etdirir. Belə ki, istər divar xəritəsində, istərsə də kontur-xəritədə şagirdlər, əvvələr cəmiyyətin ictimai inkişafında müəyyən rol oynamış coğrafi mühitin əhəmiyyətini dərk edirlər.
İkincisi, ictimai-tarixi proseslərlə mühüm siyasi hadisələrin ardıcıllığı ilə tanış olurlar. Kontur-xəritə üzərində şagirdlər təbii şəraiti, mühüm tarixi hadisələri dərindən mənimsəyirlər. Məsələn, Roma tarixini keçəndə VI sinif şagirdləri Anenin yarımadasının təbii xüsusiyyətlərini müəyyən edir, müvafiq rənglərlə onu boyayırlar. Beləliklə, işin bu mərhələsində əvvəlcə təbii şəraitə diqqət yetirilir, sonrakı dərsdə şagirdlər Roma tarixinin siyasi cəhətlərinə fikir verirlər. Onlar Apenin yarımadasında olmuş mühüm dövlətlərin sərhədlərini, döyüşlərin və müharibələrin yerlərini qeyd edirlər.
Aydın olur ki, tarixi biliklərin mənimsənilməsində həm də kontur xəritələrin yeri böyükdür. Bu xəritələr biliklərin mənimsənilməsində malik olduqları xüsusiyyətlərə görə bir-birindən fərqlənirlər. Şagird divar xəritəsində tarixi prosesləri izləyir, kontur-xəritədə isə həmin prosesləri praktik surətdə təsvir edir.
Kontur-xəritə V-XI sinif şagirdlərində yaradıcılıq qabiliyyətini daha da inkişaf etdirir. Kontur xəritə ilə çalışma prosesində şagird əvvəlcə atlas və dərslik xəritəsində bu və ya digər obyektin yerini, mövqeyini müəyyən edir. Sonra onları kontur-xəritəyə köçürmək üçün müvafiq rəngli karandaşlar seçir və işə başlayır. Kontur xəritə ilə iş prosesində şagird yeri gəldikcə qədim silahların əmək alətlərinin, döyüş sahələrinin və s. təsvirini verir. Nəticədə eyni bir mövzudan bəhs edən iki kontur xəritəni yoxladıqda şagirdlərin hər birinin həmin işi özünə məxsus formada icra etdiyini görmək olar. Deməli, bu proses şagirdlərin yaradıcılıq imkanlarını inkişaf etdirir. Metodist Q.İ.Qoder yazır:
Kontur-xəritə ilə iş həmişə özündə yaradıcılıq xüsusiyyətləri daşıyır. Bu da çox zaman xəritənin tərtibatında, rəngli karandaşlar seçməkdə, yazıların ölçülməsini müəyyən etməkdə, müxtəlif şərti işarələrin həcmində, xəritədə çəkilmiş xətlərin intensivliyində öz ifadəsini tapır.
Kontur-xəritələrin tarixi biliklərin qazanılmasında rolunu aşağıdakı şəkildə şərh etmək olar:
1. Şagirdlərin sinifdəki müstəqil işlərinin təşkilinə yardım göstərir.
2. Divar xəritəsində mənimsənilmiş tarixi bilikləri daha da möhkəmləndirir və onun yadda qalmasını təmin edir.
3. Divar xəritəsində təbii coğrafi obyektlərin şərti işarələrinin düzgün öyrədilməsi üçün imkan yaradır.
Nəzərə almaq lazımdır ki, kontur-xəritə üzərində şagirdlərin işi hələ III-IV siniflərdə təşkil edilir və burada bəzi vərdiş və bacarıqlar aşılanır. Burada kontur-xəritə ilə çalışmalar öz xarakterinə müvafiq bacarıq və vərdişlər aşılayır ki, bunlar da yuxarı siniflərdə işin təşkilində mühüm əhəmiyyət kəsb edir.
V-XI-ci siniflərdə şagirdlərin kontur-xəritələr üzərində çalışmasının səmərəli təşkili üçün müəllim həmin işin bir çox vacib şərtlərini bilməli və yadda saxlamalıdır. Kontur-xəritə ilə iş üçün nə tələb olunur? İlk növbədə, müəllim kontur-xəritə ilə işləməzdən əvvəl onu ciddi öyrənməli və bu xəritələrin bütün imkanlarına bələd olmalıdır. Kontur xəritə ilə işə hazırlıq iki istiqamətdə olmalıdır. Birincisi müəllim dərs ilinin başlamasına bir müddət qalmış V -XI sinif dərsliklərinə əlavə olunan xəritələri, tarix atlaslarını və kontur-xəritələrini müqayisə etməlidir. O, kontur xəritə ilə dərsliyə əlavə olunan xəritələr və atlaslar arasında olan uyğun və fərqli cəhətləri aydınlaşdırmalı və bunlarda dərsliyin imkanlarını nə dərəcədə ifadə olunduğunu, həmin xəritələrin hər birində müəyyən mövzuların olub olmadığını aşkara çıxarmalıdır.
Orta məktəbin V-XI siniflərində şagirdlərin kontur-xəritə üzərində işinin təşkilinə hazırlığın ikinci istiqaməti odur ki, müəllim növbəti dərs üçün kontur-xəritədə konkret bir mövzunu diqqətlə nəzərdən keçirir. Hansı ərazilərin rənglənəcəyini, hansı tarixi coğrafi yerlərin qeyd ediləcəyini qabaqcadan müəyyənləşdirir.
Müəllim dərsə hazırlaşarkən bilməlidir ki, kontur-xəritə üzərində çalışmanın bünövrəsini şagirdlərin divar xəritələri ilə işləmək sahəsində qazandıqları bacarıq və vərdişlər təşkil edir.
Aşağı siniflərdə müəllim əvvəlcə şagirdləri kontur-xəritələrin quruluşu ilə, onlarla işləməyin qaydaları ilə tanış etməlidir. Növbəti dərsdə isə o, şagirdlərin kontur xəritə üzərində işinin təşkilinə başlayır.
Tarix müəllimləri kontur-xəritə üzərində işi müxtəlif qaydada təşkil edir. Tarixçi metodist-alim Q.İ.Qoder kontur xəritə ilə işə başlamağın iki yolunu tətbiq etmələrini məsləhət bilir:
1. Kontur xəritə üzrə tapşırıq şagirdlərə ətraflı sürətdə izah edilməli, siniflə müşahidə prosesində onun yerinə yetirilməsinin gedişi açılıb göstərilməli, şagirdlərin diqqəti mümkün ola biləcək sahələrə doğru yönəldilməlidir.
2. Müəllim tapşırığı izah etmir. Şagirdlərdən onun izahını tamamilə müstəqil yerinə yetirməsini tələb edir. O belə hesab edir ki, bu iki yolu bütün siniflərdə tətbiq etmək olar. Lakin bu işi aparmaq üçün sinfin ümümi hazırlıq səviyyəsini nəzərə almaq lazımdır. Kontur-xəritələrlə iş həmişə sadədən mürəkkəbə doğru getməlidir. Aşağı siniflərdə birinci yoldan istifadə etmək məsləhət görülür. Bu yol şagirdləri kontur xəritə ilə işləmək sahəsində bilik, bacarıq və vərdişlərlə silahlandırır. Şagirdlər və müəllimin qarşılaşdığı ən ciddi çətinliklər də məhz birinci yoldadır. Bu çətinliklərin aradan qaldırılması, ikinci yolun imkanlarından istifadə etmək üçün şərait yaradır. V-XI siniflərdə kontur xəritələr üzərində şagirdlərin işinin təşkilinə hazırlaşan müəllim iki əsas məsələni unutmamalıdır.
1. Müəyyən bir ölkənin təbii şəraiti
2. Onun siyasi tarixi
Bu iki başlıca cəhəti mənimsəməkdə kontur xəritənin özünəməxsus rolu vardır. Bu sahədə aparılmış müşahidələr göstərmişdir ki, təbii-coğrafi şəraiti kontur xəritəsiz dərindən öyrənmək mümkün deyildir.
Kontur-xəritə üzərində işin təşkilinə hazırlaşan müəllim sinfə tapşırıq verərkən həmişə dərsliyin tələbini nəzərə almalı, mövzular üzrə kontur xəritəni doldurarkən tələb olunmayan işarələrin qeyd edilməsinə yol verməməlidir. Kontur-xəritələrin mövzular üzrə aparılmasının müsbət cəhəti odur ki, o, şagirdlərin artıq yüklənməsinə yol vermir.
Müəllim şagirdlərə tapşırıq verərkən tarix atlasını və dərsliyə əlavə olunan xəritələri vəhdətdə götürməli, onları kontur xəritə üzərində iş zamanı qarşısında açıq saxlamalıdır. Çünki qeyd olunmalı yerlərin bəziləri atlasda, bəziləri də dərsliyə əlavə olunan xəritələrdə olur. Həmçinin müəllim kontur xəritələr üzrə tapşırıq verən zaman onu ətraflı izah etməlidir ki, şagirdlər nələri işləyəcəklərini dərk edə bilsinlər. Ona görə də müəllim kontur xəritədə işləməli olan obyektləri bir daha divar xəritələrində göstərir və şagirdlər onları atlas və dərslik xəritələrində izləyirlər. Müəllim tapşırıqları mövzuların tələbləri əsasında verməli və onlar şagirdlərin həddən artıq yüklənməsinə səbəb olmamalıdır.
K ontur-xəritələr üzrə şagirdlərin işini təşkil edərkən sərf edilən vaxta ciddi riayət etmək lazımdır. Kontur-xəritələr üzrə tapşırıqların miqdarı çox olarsa, onda ona 10 dəqiqə, az olarsa 5 dəqiqə vaxt ayrılmalıdır. Bir cəhəti də bilmək lazımdır ki, kontur xəritə üçün vaxtın az və ya çox olması, şagirdlərin işləmə surətindən də xeyli asılıdır.
Kontur-xəritələr üzərində işin təşkili sahəsində ikinci yolu tətbiq edərkən müəllim işə aid heç bir izahat vermir və şagirdlərdən müvafiq yerlərin kontur xəritəyə köçürülməsini tələb edir. Lakin müəllim bu zaman şagirdlərə işə aid xüsusi izahat verməsə də, hər halda işin gedişinə müəyyən istiqamət verməli və kontur-xəritədə hansı məsələnin işləniləcəyini yığcam şəkildə onlara çatdırmalıdır.
Göründüyü kimi, ikinci yolun tətbiqi zamanı müəllim kontur-xəritə üzərində çalışmaq üçün tapşırıqları konkret olaraq başa salmır. Yalnız bu sahədə onlara müəyyən istiqamətlər verir. İkinci yolu bütün siniflər üçün məcbur hesab etmək olmaz. Çünki, bunun üçün yüksək bacarıq və səviyyə tələb olunur. Lakin yadda saxlamaq lazımdır ki, kontur xəritə üzərində şagirdlərin işinin təşkilində ikinci yoldan istifadə edilməsi heç də bacarıq və vərdişlərin tamamilə başa çatdırılması deyildir. Əksinə bu yoldan istifadə edilməsi bacarıq və vərdişlərin daha da inkişaf etməsi, formalaşması və təkmilləşməsi üçün vacibdir.
Orta məktəbdə şagirdlərin kontur-xəritələr üzərində işinin təşkili yalnız yeni mövzunun tədrisi prosesində deyil, həm də təkrar dərslikdə mümkündür. Kontur-xəritələr üzərində işin təşkili zamanı təkrar dərslərin keçirilməsi şagirdlərin bilik və vərdişlərini daim təkmilləşdirir, əldə olunan biliyin və bacarığın mahiyyətinə daha da dərindən bələd olmağa kömək edir və onların yaradıcılıq imkanlarını genişləndirir.
X-XI siniflərdə təkrar dərslərdə kontur xəritələr üzərində işin təşkilinin əsasən iki yolu vardır:
1. İşlənmiş kontur-xəritələr üzərində təkrarın aparılması.
2. Kontur-xəritələrin təkrarı üçün ayrılmış səhifənin rənglənəsi, V-XI siniflərdə şagirdlərin kontur-xəritələr üzərində işinin təşkilinin səmərəli üsul və yollarından ardıcıl şəkildə istifadə edilməsi həm dərs deyən müəllimlərin elmi-metodik səviyyəsinin artırılmasına və zənginləşdirilməsinə, həm də materialın şagirdlər tərəfindən mənimsənilməsinə kömək edir.
IV. Xəritə-sxemlər üzərində işin təşkili sxem-xəritələri, yaxud xəritə- sxemləri mövzu xəritəsinin bir növüdür. Onlar az yüklənmələri ilə fərqlənirlər, bir sıra hallarda yalnız qurunu və sərhədləri təsvir etməklə kifayətlənərək xüsusi sxem işarələrinin və ya təsvirlərinin köməyi ilə öyrənilən hadisələrin mahiyyətini, daxili əlaqələrini, qanunauyğunluqlarını əyani surətdə açıb göstərir.
Dərs prosesində müəllim çox zaman öz şərhində müəyyən döyüşün gedişi, onun nəticələri, sərkərdələrin hərbi planı, niyyəti haqqında məlumat verməli olur. Belə halda o, döyüşün gedişini dərindən mənimsəmək üçün xəritə-sxemdən istifadə edir.
Sual oluna bilər ki, bu iş üçün adi divar xəritəsindən istifadə etmək olarmı? Bu məsələdə divar xəritəsi ilə xəritə-sxemin oxşar və fərqli cəhətləri nədir? Hərbi inqilabi keçmişi öyrənmək üçün divar xəritəsinin də müəyyən rolu vardır. Lakin fərq orasındadır ki, tarix xəritələrində dövrün bütün siyasi hadisələri: müharibələr, yürüşlər, üsyanlar, vuruşmalar, müəyyən dövlətin ərazicə böyüməsi və ya kiçilməsi, müxtəlif coğrafi obyektlər və s. öz əksini tapır. Bu xəritədə hətta müxtəlif əsrlərin hadisələri də göstərilə bilir və hər bir siyasi hadisənin özünün şərti işarəsi olur. Deməli, divar xəritələri tarixi hadisələrin eyni bir vaxtda ümumi təsvirini və gedişini verir.
Xəritə-sxem isə adını çəkdiyimiz həmin hadisələrdən birini, məsələn, mühüm bir vuruşmanı seçib ayırır, onu dinamik surətdə təsvir edir, həm qarşı-qarşıya duran tərəflərin döyüş texnikasını, onların hücum istiqamətlərini, döyüşün başlanması, gedişi və nəticəsini, habelə tərəflərin qələbə çalması və məğlubiyyəti səbəblərini göstərir, həm də sərkərdənin döyüş planının nə dərəcədə düzgün olmasını, onun sərkərdəlik məharətini üzə çıxarır.
Divar xəritəsindən fərqli olaraq xəritə-sxem məkan vəziyətini daha geniş miqyasda verir. Əgər divar xəritəsi hər hansı bir tarix dərsinin ayrılmaz ləvazimatıdırsa, kursun ən müxtəlif fəsillərini və ictimai həyatın müxtəlif cəhətlərini öyrənərkən əyani vəsait kimi tətbiq edilirsə, xəritə-sxemin tətbiqi müstəsna hallarda, məhz hərbi-tarixi, yaxud hərbi inqilabi mövzuların öyrədilməsi ilə əlaqədar olur.
Beləliklə aydın olur ki, əgər divar xəritəsində hər hansı bir döyüşün şərti işarələri çarpazlaşmış qılınc və qalxandan ibarət olursa, xəritə- sxemdə bu hərbi əməliyyatın geniş təsviri verilir.
Metodist-alim A.A.Vagin qeyd edir ki, şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi üzrə sistematik işin təşkili üç əsas istiqaməti özündə birləşdirir:
1. Şagirdlərin hərbi qəhrəmanlıq nümunələri ilə, böyük sərkərdələrin həyat və fəaliyyəti ilə, xalq kütlələrin əsgəri rəşadəti ilə tanış edilməsi
2. Şagirdlərin müharibələr və hərb sənətinin inkişafı, tarixdən gətirilən əsas faktlar, o cümlədən silahlanma, hərbi texnika, döyüş qaydaları və s. ilə tanış edilməsi
3. Şagirdlərin ədalətli və ədalətsiz müharibələr və s. ilə tanış edilməsi.
Bu üç əsas cəhət şagirdlərə müxtəlif metodiki priyom və vasitələrlə mənimsədilir ki, bunlardan biri də xəritə-sxemlərdir. Xəritə-sxem üzrə işin təşkilinə hazırlaşmaq müəllim üçün çox vacibdir. Müəllim bilməlidir ki, hərbi inqilabi keçmişi və yaxud hər hansı döyüş sahəsini təsvir edərkən həmişə məsələnin ictimai fəlsəfi cəhətinə diqqət yetirilməlidir. Hər hansı bir döyüş ümumi tarixi prosesin bir hissəsidir.
Müəllim növbəti dərsə hazırlaşanda istifadə edəcəyi tarixi-sxemin əhəmiyyətinini bilməli, onu dərindən dərk etməlidir. Bu zaman o, əvvəlcə özünə belə bir sual verməlidir: nə üçün Marafon və Salamin vuruşmalarında yunanlar, Kanna döyüşündə karfagenlər qalib gəldi? Səfəvi ordusunun yürüşləri neçənci illəri əhatə edir? 1578-ci ildə Səfəvi ordusunun Şirvana yürüşü nə ilə nəticələndi? və s. Bu suallara cavab axtararkən müəllim xəritə-sxemin əhəmiyyətini yaxşı dərk edəcək.
Müəllim xəritə-sxemin əhəmiyyətini araşdırarkən üç əsas məsələyə ciddi fikir verməlidir.
1. Xəritə-sxemdən istifadə hərbi-inqilabı prosesin başlanması, gedişi və verdiyi nəticədə coğrafi mühitin rolunu aşkara çıxarmağa imkan verir.
2. Orta məktəbdə xəritə-sxemdən istifadə edilməsi şagirdlərdə vətənpərvərlik hisslərinin aşılanması üçün geniş imkan yaradır.
3. Dərsdə istifadə edilən xəritə-sxemlər tarixi şəxsiyyətin rolunu üzə çıxarmaqda əlverişli vasitədir.
Qeyd etdiyimiz bu cəhətlər bir-biri ilə bağlıdır. Onlar bütün xəritə sxemlərdə təsvir olunan hadisələrin məzmununda əhəmiyyətli motivlər kimi çıxış edir.
Xəritə-sxemlər üzərində işin təşkili orta məktəbin IX sinifində də mümkündür. Bu sinifdə şagirdlər xəritə-sxem üzərində işin təşkili sahəsində xeyli bacarıq və vərdişlərə yiyələnmiş olurlar. Buna görə də sxemlər bilavasitə müəllim tərəfindən deyil, məhz şagirdlərin özləri tərəfindən təhlil edilir və öyrənilir. Əlbəttə burada şagirdlərin müstəqil işi bilavasitə müəllimin rəhbərliyi altında həyata keçirilir. Belə iş zamanı müəllim çalışmalıdır ki, sxemlərin məzmunu həddən artıq mürəkkəb olmasın. Çunki sxem mürəkkəb olduqca onun məzmununun müəllimlər tərəfindən açılmasına daha çox ehtiyac hiss edilir. Məsələn, Birinci dünya müharibəsindən bəhs edək “1914-cü ildə hərbi əməliyyatlar, Yaponiyanın, Türkiyənin və İtaliyanın müharibəyə girməsi” mövzusunu keçən zaman Şərqi Rusiyada hərbi əməliyyatların sxemini şagirdlər müstəqil öyrənə bilərlər. Bu məqsədlə müəllim mövzunun tədrisi prosesində aşağıdakı suallar üzrə şagirdləri işlədə bilər:
Birinci və ikinci rus ordularının yerləşmiş olduqları əraziləri müəyyən edin.
1. Alman və rus orduları sxemdə necə göstərilmişdir?
2. İkinci rus ordusu almanlara necə qalib gəldi?
3. İkinci rus ordusunun məğlub olması sxemdə nə cür göstərilmişdir?
Şagirdlər sxemi diqqətlə nəzərdən keçirib izah edirlər ki, qara oxlar rus ordusunu, naxışlı oxlar isə alman ordusunu işarə edir.
Birinci rus ordusu bilavasitə Avstriya-Macarıstan qosununa qarşı müharibə aparıb onu məğlub edir. Qara oxlar isə irəli şığıyıb düşmənin mövqeyini yarıb keçərək onu darmadağın etdiyini göstərir. İkinci rus ordusu almanlara qarşı Şərqi Rusiyada döyüşürdü. Sxemdə göstərilir ki, alman qoşununun cinahlarından çıxan oxlar irəli şığıyan qara oxları kəsib keçməklə rus ordusunu mühasirəyə aldığını bildirir. Üzərinə çarpaz xətlər çəkilmiş kiçik dairə isə rus ordusunun məhv edildiyini göstərir.
Müəllim bununla kifayətlənməməli, növbəti dərsdə sorğunu dərslikdəki xəritə-sxem üzrə aparmalıdır.
Xəritə-sxem də digər tarix xəritələri kimi tarixi hadisələr haqqında şagirdlərdə konkret məkan təsəvvürünün yaranmasına kömək edir

Nəticə

Tarix xəritələri şagirdlərdə tarixi proseslərin məkanca mövqeyi, onların zaman çərçivəsi daxilində inkişafı haqqında düzgün təsəvvür yaradılmasına kömək edir, onların müstəqilliyini artırır və dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayır
Ramiz Hüseynov,
elmi işçi
Filed in: ARAŞDIRMADƏRS NÜMUNELERİ TARİX

http://www.tehsilproblemleri.com/?p=6098