06.07.14

10 aprel 1840-cı il inzibati-məhkəmə islahatının hazırlanması və həyata keçirilməsi

Rusiyanın Azərbaycan torpaqlarının işğalı prosesində həyata keçirdiyi siyasi xəttinin əsas cəhəti xanlıqların ləğvi ilə bərabər xanlıq üsul-idarəsinin aradan götürülməsi idi. Xanlıq idarəçiliyi kommendant idarə sistemi ilə əvəz edilmiş,xanlıqların yerində yeni inzibati bölgü – əyalətlər yaranmışdı.Ləğv edilən hər bir xanlıq əvəzinə yalnız bir əyalət yaradılırdı.Azərbaycan ərazisində yaradılan əyalətlərin idarəsi üçün əyalət rəisi vəzifəsi təsis edilmişdi. Bir qayda olaraq bu vəzifə əyalətdəki rus qarnizonunun komandiri – komendanta həvalə edilirdi. Komentdant yalnız xristian məzhəbindən olan mayor,podpolkovnik və ya polkovnik rütbəli zabitlərdən təyin edilirdi.Belə inzibati idarə sistemi komendant idarə sistemi adlanırdı.Rus rəsmi sənədlərində bu inzibati sistem «hərbi-xalq rejimi»adlansa da, bu əslində hərbi işğal rejimi idi.Əyalət rəisləri – komendantlar çox geniş səlahiyyətlərə malik idilər. Bu səlahiyyət aşağıdakılardır: onlar qəza rəisi idilər, keçmiş xan divanına məxsus torpaqların, müxtəlif əmlakların, o cümlədən neft və duz mədənlərinin, balıq vətəgələrinin və s., keçmiş xanların müsadirə edilmiş əmlaklarının– torpaqlar, kəndlər, rəncbərlər, təsərrüfatların; Rusiya əleyhinə çıxışlarda iştirakına görə sürgün edilmiş yerli ali təbəqənin əmlaklarının idarə edilməsi; vergilərin təqsim edilməsi və yığılması; yeni vergi və mükəlləfiyyətlərin təsisi və s. Komendant Əyalət məhkəməsində sədrlik edirdi. Xanlıqlar ləğv edilsə də,
xanlıqların dövründə mövcud olan inzibati sistem – mahal bölgüsü saxlanılmışdı, odur ki, mahal naiblərinin təyinatı və ya işdən çıxarılması da komendantın səlahiyyətində idi. Komendant, müxtəsər desək, keçmiş xanlara məxsus bütün hüquq və səlahiyyətlərə malik idi. Lakin onlar xandan fərqli olaraq dövlət başçısı deyildilər və həm də hökumət qarşısında məsul idilər, onlar məsuliyyətə cəlb edilə bilərdilər.Komendant idarə sisteminə komendantdan əlavə böyük bir məmurlar ordusu da daxil idi: komendantın köməkçisi,polismeyster, əyalət təsərrüfatının başçısı mahal naibləri və s.



Azərbaycanda xanlıqlar dövründə məhkəmə işləri ruhani zümrəsinin əlində idi. Bundan əlavə ali ruhani zümrəsi ruhaniləri vəzifəyə təyin və azad edirdi, vəqf təsərrüfatına rəhbərlik edir, xüms və zəkatın toplanması və bölünməsinə nəzarət
onların ixtiyarında idi. Qazılər sırf inzibati funksiyalar yerinə yetirirdilər.
Komendant idarə sistemində şəriət məhkəmələri saxlanılsa da, onların təsir dairəsi daraldılmışdı.
Komendant idarə sistemi hərbi işğal rejimi idi. Odur ki,
bu rejim ölkədə mövcud olan ictimai münasibətləri qeyriobyektiv
mövqedən qiymətləndirirdi. Məlum olduğu kimi XIX
əsrin əvvəllərində Azərbaycan bəy və ağaları torpaq sahibləri
idilər və onlar cəmiyyətin sosial-silki strukturunda çox mühüm
rol oynayırdılar. Rusiyanın Azərbaycandakı hərbi orqanları
işğalın ilk günlərindən yerli feodalların torpaq sahibliyi, siyasi
və silki hüquqlarını təhrif etməyə və məhdudlaşdırmağa
çalışırdılar. Yerli feodallara qarşı siyasi və iqtisadi təzyiq
vasitəsi kimi «idarəçilik» tezisindən geniş surətdə istfadə
edilirdi. Bu tezisə görə yerli feodlların böyük bir hissəsi
torpağın sahibi və mülkiyyətçisi deyil, yalnız xəzinə (dövlət)
kəndlilərinin idarəçisi sayılırdılar. Odur ki, Azərbaycan bəyləri
1826-cı ilin iyununda başlanan «ümumi müsəlman üsyanının»
fəal iştirakçıları idilər. Azərbaycan bəylərinin böyük hissəsinin Rusiyaya düşmən münasibəti bəylərin torpaqlarının müsadirəsi
və özlərinin isə cəzalandırılması ilə nəticələnmişdi. 13 iyul
1830-cu il Ali Qanunu ilə II rus-İran müharibəsi dövründə
antihökumət çıxışlarda iştirakına görə cəzalandırılan bəylərin
əhfi və müsadirə edilmiş torpaqların qismən qaytalırması bir
növ feodallarla yaxınlaşma xətti olsa da, XIX əsrin 30-cu
illərində Rusiya Azərbaycan bəylərinin silki hüquq və
imtiyazlarını rəsmi olaraq tanımadığı üçün onlar Rusiyanın
müstəmləkə siyasətini həyata keçirməkdə sosial dayağı ola
bilməzdildər. Odur ki, Azərbaycan bəyləri XIX əsrin 30-cü
illərində Azərbaycanda baş verən azadlıq hərəkatında fəal
iştirak edirdilər.
XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən
işğalından ən çox əziyyət çəkən, sözsüz ki, ölkə əhalisinin
böyük əksəriyyətini təşkil edən kəndlilər idi. Xanlıqlar
dövründən qalma ənənəvi feodal istismarına müstəmləkə zülmünün
əlavə edilməsi, yeni-yeni vergilər və mükəlləfiyyətlər
qoyulması, vergilərin bölüşdürülməsi və yığılmasında hər cür
qanunsuzluq, yerli hakimiyyət orqanlarının özbaşınalığı
Azərbaycan kəndində sosial ziddiyyətləri daha da
kəskinləşdirmişdi. Təsadüfi deyil ki, 1829-1830-cu illərdə
Zaqafqaziyada yoxlama aparan senatorlar qraf Kutaysov və
Meçnikov müsəlman əyalətlərində maliyyə-vergi sistemində
çoxlu qanunsuzluq və özbaşınalıqların mövcudluğunu xüsusi
ilə qeyd etmişlər. Senatorlar komendant idarə sistemini kəskin
tənqid etmişdilər. Yerli idarədə himayə, məhkəmədə müdafiə
olunmayan, hər şeyi itirmiş xalqın hökumətə inamı itmişdi.
Senatorlar Cənubi Qafqazda yeni idarəçilik sisteminə keçilməsini
hökumətə məsləhət bilmişdilər. Lakin komendant
idarə sisteminin ləğvi bu dövrdə həyata keçirilmədi. TəSAdüfi
deyil ki, sosial şəraitin ən gərgin olduğu əyalətlərdə
müstəmləkə zülmü əleyhinə güclü xalq üsyanları baş vermişdi.
1830-cu ildə Car-Balakən, 1831-ci il Talış, 1837-ci il Quba,
1838-ci il Şəki üsyanları.
XIX əsrin 20-ci illərinin sonu – 30-cu illərin əvvələrində
Cənubi Qafqazda idarəçiliyin yenidən qurulması təklifi ilə 2
layihə hazırlanır:
1) I layihə gen. Paskeviç və senatorlardan P.S.Kutaysov
və Y.S.Meçnikovun layihəsidir. 2) II layihə 1833-cü ilin
mayında təqdim edilən – «Zaqafqaziya diyarı haqqında ümumi
mülahizələr» adlı layihədir.
Qafqazdakı rus qoşunlarının Baş komandanı general
Paşkeviç buradakı idarəçilik sisteminin dəyişdirilməsi
barəsində hələ 1829-cu ildə rəsmi orqanlar qarşısında məsələ
qaldırmışdı. Paşkeviç komendant sisteminin dəyişdirilməsi ilə
yanaşı, hüquq, məhkəmə və idarəçilik sahəsində yerli xüsusiyyətləri
tamamilə ləğv etməyi və burada Rusiyanın mərkəzi
quberniyalarındakına bənzər mərkəzləşdirilmiş idarəçilik
sistemi yaratmağı təklif edirdi. O, yerli xalqların adət və
ənənələrini, dini və mədəni xüsusiyyətlərini nəzərə almırdı.
Onun fikrinə görə «müsəlmanlar imperiyanın eyni, ümumi
qanunları və təsərrüfatının təsiri altında qaldıqca, Rusiya ilə
daha çox yaxınlaşacaqlar».
1829-1830-cü illərdə Cənubi Qafqazında senator təftişi
aparmış senatorlar Meçnikov və Kutaysov general Paskeviçin
baxışlarını bəyənmiş və ona tərəfdar çıxmışdılar. Onların
fikrincə, Cənubi Qafqazın idarəçiliyində mərkəzləşdirmə və
ruslaşdırma prinsipi əsas tutulmalı idi, gərək Cənubi Qafqaz
sakinləri rus kimi danışmağa, rus kimi düşünməyə və rus kimi
hiss etməyə məcbur edilsinlər.
I layihədə irəli sürülən məsələlərdən biri də diyarda
çarizmin sosial bazasının yaradılması məsələsi idi.
Azərbaycan bəylərinə etibar etməyən rus rəsmi dairələri
Cənubi Qafqazda «təbii rus zadəganlarını yerləşdirmək»
niyyətində idilər.
II layihədə də Cənubi Qafqazda komendant rejiminin
ləğvi və rus idarə sisteminin təsis edilməsi, sosial dayaq kimi
«təbii rus zadəganlığının» yaradılması təklif olunurdu. Amma I
layihədən fərqli olaraq II layihədə «müsəlman əyalətlərində»
«müsəlman zadəganlığının» yaradılması fikri irəli sürülürdü.
Layihə müəlliflərinin fikrinə görə yerli azərbaycanlı torpaq
sahiblərinin ancaq bir qisminin zadəgan imtiyazları tanınmalı,
onlara yeni inzibati sistemdə ikinci dərəcəli vəzifələr tutmaq
imtiyazı verilməlidir.Lakin yuxarıda söhbət açdığımız layihələr elə layihə
olaraq qaldılar. Rusiya imperiyası Dövlət Şurası bu layihələri
yenidən işləmək üçün geri qaytardı.
Nəhayət, 1837-ci ildə Dövlət Şurası islahat işini senator
baron Qana həvalə etdi. Senator Qan Cənubi Qafqazda yaşayan
xalqlarda mövcud olan icitimai münasibətləri öyrənməyə cəhd
etmədi, Paşkeviç, Meçnikov və Kutaysovun layihələri əsasında
«Cənubi Qafqaz diyarının inzibati idarəçilyinin» layihəsini
hazırlayıb 1838-ci ilin fevralında Dövlət Şurasına təqdim etdi.
Qanın təqdim etdiyi layihədə deyilirdi ki, guya xanlıqlar
dövründə Azərbaycanda xanın iradəsindən başqa heç bir qaydaqanun
olmamışdır, guya azərbaycanlılar şəriət məhkəmələrinə
müraciət etmirlər, guya rus məmurları və rus idarələri əyalət
məhkəmələrində mövcud olan süründürməçiliyi azaldacaq və
əhalini «bəxtəvər edəcəkdir».
Qan layihəsinin başlıca məğzi ondan ibarət idi ki,
hökumət yerli bəylərə və digər imtiyazlı zümrəyə arxalanmaq
siyasətindən imtina edirdi.
Çar I Nikolay 10 aprel 1840-cı ildə islahatın layihəsini
təsdiq edir və layihə qanun qüvvəsini alır. 10 aprel qanunu
«Qafqaz diyarının idarə olunması üçün təsisat» adlanır.
10 aprel 1840-cı il inzibati-məhkəmə islahatına görə
Cənubi Qafqaz inzibati cəhətdən 2 yerə bölündü: 1) Gürcüstanİmeretiya
quberniyasına; 2) Xəzər vilayətinə.
Azərbaycan torpaqları vahid inzibati bölgüdə birləşdirilmirdi.
Yeni inzibati bölgü yerli sosial-hüquqi, etnik və mədəni
xüsusiyyətləri çox az nəzərə almışdı. Belə ki, Azərbaycanın
Şirvan, Qarabağ, Şəki, Talış, Bakı, Quba və Dərbənd qəzaları
Dağıstan hərbi dairəsinin Xəzər vilayətinin tərkibinə daxil
edilmişdi, amma Yelizavetpol, Naxçıvan, İrəvan və Balakən
qəzaları isə Gürcü-İmeretiya quberniyasına daxil edilmişdi.
Burada bir məsələni xüsusilə qeyd etmək lazımdır ki,
1828-ci il martın 21-də I Nikolayın əmri ilə Azərbaycan
torpaqları – İrəvan və Naxçıvan xanlıqları «erməni vilayəti»
adlı bir inzibati bölgüdə birləşdirilmişdi. 10 aprel 1840-cı il
inzibati-məhkəmə islahatına görə isə «erməni vilayəti» ləğv
edilir, onun yerinə İrəvan və Naxçıvan qəzaları yaradılırdı.
Baş İdarə Şurasına 10 aprel 1840-cı il islahatına uyğun
olaraq yerli feodalların torpaq hüquqlarını nizamlamaq
səlahiyyəti verilmişdi.
Transqafqazda yeni inzibati islahata görə quberniya, vilayət
və qəza idarələri ciddi surətdə daxili Rusiya quberniyalarındakı
idarəçiliyə müvafiq qurulurdu. Odur ki, yerli bəylərdən olan
divanbəyləri, mahal naibləri və b. vəzifələrindən azad edilirlər və
onlar rus məmurları ilə əvəz olunurlar. Mahal naiblərinin yerinə
sahə iclasçıları vəzifəsi təsis edilmişdi.
Sahə iclasçıları ruslaşdırma siyasətinin əsas icraçıları
idilər. Dövlət onlara müəyyən torpaq sahəsi ayırırdı və bu
torpaq sahələrinin əkilib-becərilməsi həmin torpaqlarda
yaşayan rəiyyətlərin öhdəsinə düşürdü.
Beləliklə, Azərbaycan bəyləri yeni islahata görə
idarəçilikdən kənarlaşdırıldı, bu isə onu sübut edirdi ki, Rusiya
yerli bəylərə arxalanmaq siyasətindən imtina etmişdi və sosial
dayağı indi yerli deyil, burada yerləşdiriləcək gəlmə rus
zadəganlığında görürdü.
10 aprel 1840-cı il islahatında məhkəmə sistemində ciddi
dəyişiklik edilməsi nəzərdə tutulmuşdu. Azərbaycanda
əsrlərdən bəri mövcud olan məhkəmə sistemi rus məhkəmə
sistemi ilə əvəz edilirdi. İndi məhkəmə işləri qəza, quberniya və
dairə məhkəmələrinə verilirdi. Məhkəmələr rus dilində
aparılırdı, rus məhkəmə sistemi Azərbaycan əhalisinə yad bir
məhkəmə sistemi idi. İslahata görə müsəlman şəriət qanunu
qüvvədən düşürdü. Şəriət məhkəmələrinin ixtiyarında yalnız
kəbin-talaq və vərəsəlik məsələləri saxlanılırdı.
10 aprel 1840-cı il inzibati-məhkəmə islahatı Azərbaycanın
Quba və Dərbənd qəzalarında tətbiq olunmadı, bunun
səbəbi bu 2 qəzanın Rusiyanın işğalçılıq siyasətinə qarşı ölümdirim
mübarizəsinə qalxmış Dağıstanla həmsərhəd olması,
burada da müridizmin yayılması idi.
10 aprel 1840-cı il islahatı Cənubi Qafqazda, o cümlədən
Azərbaycanda 1841-ci ilin əvvəllərindən tətbiq olunmağa
başlanıldı, hətta I Nikolaya xüsusi raport da göndərildi.
Beləliklə, komendant idarə sistemi ləğv edildi.
Qanun Baş İdarə Şurasına yerli feodalların torpaq hüquqlarını nizamlamaq səlahiyyətini vermişdi. Baş İdarə Şurası
dərhal bu səlahiyyətdən istifadə etdi və artıq 1841-ci ilin
əvvəllərində ağa və bəylərin torpaq hüquqlarına qarşı tədbirlərə
əl atıldı. II Nikolayın imzaladığı 23 may 1841-ci il fərmanına
uyğun olaraq Qazax, Şəmsəddil və Borçalı məntəqələrinin ağa
və məlikləri kəndlərin idarə edilməsindən azad edilirlər, yəni
ağaların əlindən onlara məxsus 102 kənd alınır. Müsadirə
edilmiş kəndlərin əvəzinə ağalara yalnız ömürlük təminat
verilirdi. Bu təminat irsən keçmirdi.
Baş İdarə Şurası ağalar haqda fərmandan sonra 28 may
1841-ci ildə Kaspi vilayəti bəylərinin kənd idarəçiliyindən
kənar edilməsi haqda qərar çıxarır. Lakin Zaqafqaziyada yeni
idarə sisteminə keçid hər yerdə əhalinin yeni qayda-qanuna
qarşı müqaviməti ilə qarşılandı. 1842-ci ilin yanvarında
«Zaqafqaziya diyarının qurulması komitəsi» Kaspi vilayəti
bəylərinin yalnız polis məmuru sayılması nöqteyi-nəzərinin
tamamilə yalnış olduğu haqda öz qərarını bildirir.
Zaqafqaziyada yeni inzibati islahat və onunla bağlı olaraq
həyata keçirilən tədbirlər Azərbaycan cəmiyyətinin demək olar
ki, bütün təbəqələrinin mənafeinə toxunurdu, onların maraqlarını
nəzərə almırdı. İslahatdan narazı olan qüvvələr içərisində ən
mühüm yeri ali təbəqə – bəylər və ağalar tuturdular. Əsrlər boyu
dövlət sistemində mühüm yer tutan, torpaq və kənd sahibi olan
bəy və ağaların indi bütün bunlardan məhrum edilməsi, onların
statusunun aşağı düşməsi onların dövlətə qarşı əks mövqe
tutmasına gətirib çıxarırdı.
İslahatdan ən çox narazı olanlar çox təbii ki, əhalinin
əksəriyyətini təşkil edən kəndlilər idi, çünki yeni islahata uyğun
olaraq onların üzərinə əlavə vergi və mükəlləfiyyətlər qoyulurdu:
məsələn, sahə iclasçılarına ayrılan torpaq sahələrini
kəndlilər əkib-becərməli idilər. Məhkəmənin rus dilində
aparılması və rus məhkəmə sisteminin tətbiqi azərbayanlılara
tam yad olduğu üçün ondan ölkənin bütün silk və təbəqələri
narazı idi. Məhkəmələrdə həll edilməyib qalan işlərin sayı
təxminən 2 dəfə artaraq 2400 işdən 4846 işə çatmışdı. Hökumət
ştatlarının və məhkəmənin saxlanılmasına sərf edilən illik xərc
1,5 mln manat artmışdı. Rus məhkəmə sisteminin ənənəvi
formalizmi və süründürməçiliyi Azərbaycan üçün təzə bir şey
idi. Çünki xan, eləcə də komendantlıq dövründə məhkəmə
sistemi «sürətli məhkəmələr» idi. Odur ki, yerli əhali yeni
məhkəmələri açıq-aşkar baykot edirdi.
Artıq elə 1841-ci ilin əvvəllərində «yeni idarəçilik
sisteminin» «yöndəmsizlikləri» imperiyanın çox yüksək
dairələrinə məlum olmuşdu.
10 aprel 1840-cı il inzibati-məhkəmə islahatının
uğursuzluğunun əsas səbəblərindən biri Rusiyanın
Azərbaycanda yeritdiyi sosial siyasətdə yol verdiyi səhv idi.
Yanlış siyasətin mahiyyəti yerli ali zümrəyə – bəy və ağalara
etibar edilməməsində və onlara ölkənin idarə edilməsində yer
verilməməsində ifadə olunurdu.