22.06.14

ƏN QƏDİM ZAMANLARDAN İSLAM DİNİNİN QƏBULUNA QƏDƏRKİ DÖVRDƏ MEMARLIĞIN İNKİŞAFI

Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülaim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır.



Memarlıq tarixdir - insanlıq tarixi. Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik (baca) açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların açılması buna əyani sübutdur. İbtidai insanların təbii mağaralar üzərində apardıqları belə yenidənqurma işləri sonrakı dövrlərdə süni mağaraların yaranması ilə nəticələnmişdir. Təbii mağaralar kimi bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilmişdir. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərguşad, Əkərə çayları vadilərində, Şirvan regionunda Mərəzə, Sündi və Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərində də təsadüf edilmişdir. Harada tikilməsindən asılı olmayaraq, özlərini müdafiə etmək məqsədi ilə insanlar süni mağara tipli evlərin bir qayda olaraq yer səthindən xeyli hündür məsafələrdə düzəldirdilər. Lakin sonralar inşaat tipinin, konkret olaraq daş hörgüsü meydana çıxdıqdan sonra süni mağaralarda əvvəl azacıq sonralar isə tədricən ciddi dəyişikliklər baş verdi. Daş hörgüsünün meydana çıxması nəticəsində yeni tipli qazma və yarımqazma binalar inşa edilmyə başladı. Belə binalar adətən dağların və yamacların döşündə inşa olunmuşdur. Hələ hörgü işinə o qədər mükəmməl yiyələnməyən və mənzili lazımi səviyyədə qızdırmağa malik olmayan ibtidai insanlar evlərinin yarı hissəsini yeraltı küyl şəkildə quraşdıraraq yalnız onun yer yüstünə çıxan hissəsini - dəhlizini təbii daşlarla eyvan şəkildə hörüb özlərini dəyişən təbiətin isti-soyuğundan qorumuşdur. Elmi məmbələrdə belə binaların hələ Midiya dövründən çox-çox öncə meydana çıxması və Midiya dövründə geniş yayıldığı qeyd olunur.


Mağara tipli yaşayış binalarının sonrakı inkişaf mərhələlərində daş hörgüdən əvvəllər küyülün ön və yan divarlarında sonra isə arxa tərəfində istifadə olunmuşdur. Tədricən mənzil divarlarının daş hörgü ilə əvəz olunması və insanların bu hörgü ilə bağlı inşaat mədəniyyətinin təkmilləşməsi binaların qazma və yarımqazma formasından yerüstü inşasına gətirib çıxarmışdır.

Öz başlanğıcını süni mağaralardan almış belə binalar uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq tarixində "Qaradan" adı ilə məşhurlaşmışdır. Azərbaycan ərazisi müxtəlif təbii-coğrafi şəraitə və iqlim qurşaqlarına malik olduğu üçün burada inşa edilmiş qaradanlar da tədricən yerli iqlim şəraitinə uyğunlaşdırılaraq müxtəlif memarlıq-planlaşdırma xüsusiyyətlərinə malik olmuşdur. Adətən belə evlərdə insanlara məxsus olan ev heyvanları da saxlanılırdı. Tarixi məlumatlara görə Azərbaycanda qaradanlardan XX yüzilliyin əvvəllərinə qədər istifadə edilmişdir.


Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri-kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılmışdı.


Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilmişdir.


Azərbaycan ərazisində Manna dövlətinin təşəkkülü (e.ə. IX-VII yüzillər), daha sonralar güneydə Atropatena dövlətinin yaranması ilə bağlı şəhərlər əmələ gəlmiş, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdi. Həsənli rayonundakı abidələr kompleksi, eləcə də Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrın tədqiqi göstərir ki, VII yüzildən eyvanlı mənzil tipi təşəkkül tapmışdı. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları (müqəddəs odun saxlandığı yer) dövrümüzədək gəlib çatmışdır. Bu dövrdə yaranmış memarlıq tipləri Azərbaycan memarlığının sonrakı inkişafına, eləcə də Əhəmənilər dövründə İranın və ön Asiyanın digər ölkələrinin memarlığına əhəmiyyətli təsir göstərmişdir. Atəşpərəstliyin yayılması ilə bağlı yaranan ibadətgahlar (atəşgədələr) islamdan öncə tikilmiş əsas dini binalar olmuşdur.

Qafqaz Albaniyası dövründə (e.ə. IV yüzil - eramızın VII yüzili) şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi ("uzun divarlar"), Çıraqqala (VI yüzil), Ləkit kəndindəki dairəvi xristian məbədi (V-VI yüzillər), Qum kəndindəki bazilika (təqribən VI yüzil), Mingəçevirdəki məbədlər kompleksi (VII yüzil) və s. bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq, Babadağın ətəyində qurtaran Gilgilçay səddi və indiki Dəvəçi rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb, Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddi Azərbaycanda istehkam tikililərinin inkişafı haqqında geniş təsəvvür yaradır.


Ərəb istilasından (VII yüzil) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişdi. Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə çevrilməsi də məhz bu dövrə aiddir.


Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilirdi. Bunlardan indiki İsmayıllı rayonu ərazisində salınmış cavanşir qalası (təqribən VII yüzil) və Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII yüzillər) diqqəti özəlliklə cəlb edir.


Ümumiyyətlə, islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycan ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol oynamışdır. Bu abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndlərində IV-V yüzillərə aid tikili qalıqları, Şəki rayonunun Böyük Gəldək kəndində Govurqala (VI yüzil), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII yüzil) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndində Alban kilsəsi (I yüzil), Sos kəndində (IV yüzil), İatsi kəndində (V, VII və VIII yüzillərə aid 4 məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (V yüzil), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çaldıran (XII yüzil) kəndlərində, eləcə də Yuxarı Qarabağın başqa bölgələrindəki Susanlıq (IV-VI yüzillər), Vanq (IX yüzil), Traxtik (1094), Tsakuri (1131), Məmmədadzor (1147), Tuğ (1197) kəndlərində, Əsgəran rayonunun Şuşikənd (905), Çanaqçı (1065 və 1100), Xaçmaç (1100), Xantsk (1122), Xndzristan (1202) kəndlərində alban məbədləri dövrümüzədək mühafizə olunmuşdur.




http://www.azerbaijan.az/_Culture/_Architecture/_architecture_a.html