14.04.14

Qubada müstəmləkə əleyhinə üsyan (1837)

Quba əyalətində kəndlilərin müsləmləkə istismarı çox ağır idi. Burada kəndlilər xəzinə nəfinə 7 növ vergi ödəyir və mükəlləfiyyət yerinə yetirirdilər. Xəzinənin ixtiyarına keçmiş otlaqlar kəndlilərə iltizama verilirdi. Maldarlar xəzinəyə öz keçmiş otlaqlarından istifadə müqabilində pul ödəməli idilər. Komendantlar yerli əhalidən öz nəflərinə də vergi və mükəlləfiyyətlər tələb edirdilər. 1837-ci ildə Varşavadakı müsəlman alayında
xidmətçün süvarilərin toplanması üsyanın başlanması üçün bəhanə oldu. Dəstəni
təchiz etmək üçün əhalidən zəruri olduğundan iki dəfə artıq məbləğ yığırdılar.
Çıxışlar 1837-ci ilin aprelində Yuxarıbaş mahalında başlandı. Əvvəlcə kəndlilər
Rusiyanın dairə hərbi rəisi general Reutla danışmağa səy göstərdilər. Reut
kəndlilərin tələblərinin bir neçəsini yerinə yetirməyə məcbur oldu. 1837-ci il
avqustun 21-də Xuluq kəndinin kəndxudası Hacı Məhəmmədin və onun köməkçisi
Yarəlinin başçılığı ilə silahlı üsyan başlandı. Avqustun 28-də Xudatda rus postunu
tutan üsyançılar Hacı Məhəmmədi özlərinə xan seçdilər. Artıq sentyabrda
üsyançıların sayı 12.000 nəfərə çatırdı. Onlar Qubanı mühasirəyə aldılar.
Sentyabrın 4-dən 5-nə keçən gecə üsyançılar Quba üzərinə hücuma başladılar.
Yarəlinin başçılıq etdiyi dəstə şəhərə daxil ola və onun mərkəzini tuta bildi, lakin
daha yaxşı silahlanmış rus qoşunları burada möhkəmlənən üsyançıların
müqavimətini qırdı və onları qaladan çıxardı. Qubanın tutulması üçün sentyabrın
6-da edilən cəhd də uğursuz başa çatdı. 1837-ci il sentyabrın 10-da qaladakı rus
qarnizonu və general Reutun onlara köməyə gələn dəstəsi üsyançılar üzərinə
hücuma keçdilər. Üsyançıların dəstələri darmadağın edildi, amma Yarəli gizlənə
bildi. Üsyanın 43 fəal iştirakçısı həbs olunub məhkəməyə verildi, Hacı Məhəmməd
isə edam olundu. Bundan sonra bir sıra dağ rayonlarında kəndlilərin çıxışları
davam etdi və ruslar 1838-ci ildə onlara qarşı 2 hərbi əməliyyat aparmağa məcbur
oldular. Quba üsyanı XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda müstəmləkə
əleyhinə ən böyük üsyan idi.