24.02.14

Xocalının məhv edilən maddi-mədəniyyət abidələri



Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir isti yurd idi Xocalı. Qucağında, qundağında körpəsi boğulan, yurd-yuvası dağıdılan bir ana idi sanki - fəryadı qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən!
Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal etdiyi torpaqlardakı maddi-mədəniyyət abidələrimizi saxtalaşdıraraq erməniləşdirməyə çalışmış və buna müəyyən mənada nail olmuşlar. Belə ki, işğal altında qalan maddi-mədəniyyət abidələrimiz tamamilə və qəddarlıqla məhv edilmişdir. Ələ keçirilən ərazilərdə ermənilər 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırmışlar. Nadir əhəmiyyətə malik 40 min eksponat talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və nadir incilərdən sayılan əlyazmaların külü göyə sovrulmuşdur.


Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda Azərbaycanın milli-mədəniyyət ocaqlarına erməni təcavüzkarları tərəfindən vurulan ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki zaman dəyişmiş, qiymətlər yenidən formalaşmışdır. Eyni zamanda talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab olunmuşdur. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə bərabər, ilkin və sonadək müəyyənləşdirilməmiş məlumatlara əsasən, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox ziyan dəymişdir.

Xocalı strateji mövqeyə malik idi. Erməni vandalları isə bunu yaxşı bilirdilər. Qədim yurd yerlərimizdən biri olduğu üçün Xocalı tarixinin ululuğu, mədəniyyətinin zənginliyi ilə də seçilirdi. Orada qədim tarixə malik abidələr də işğal zamanı darmadağın edildi. Bu isə o deməkdir ki, vandalizm siyasəti yürüdən ermənilər tariximizi və mədəniyyətimizi yer üzündən silməyi qarşılarına əsas məqsəd qoyublar. Çünki bunun arxasında "Böyük Ermənistan" xülyası dayanır. Yandırılıb külü göylərə sovrulan şəhərin yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyəti abidələri var idi. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən abidələr - daş qutular, kurqanlar və nekropollar tapılmışdı. Memarlıq abidələrindən olan dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardı. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək, gildən ev əşyaları aşkar edilmişdi. Tapılmış muncuq dənələrinin birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdı.

Biz ermənilərin törətdikləri amansız soyqırımı nəticəsində Xocalıda yer üzündən silinən maddi-mədəniyyət nümunələrinin, tarixi və dini abidələrin siyahısına nəzər salanda bir daha düşmənin məkrli, çirkin siyasətinin şahidi olur və bunu dünyanın sivil xalqlarının diqqətinə çatdırmaq istəyirik. Budur adları mədəniyyət tariximizin səhifələrinə yazılan və Xocalıda ermənilər tərəfindən məhv edilən maddi-mədəniyyət nümunələrimiz, hansı ki, bu gün onların heç birindən əsər-əlamət qalmayıb: daş qutu nekropolu - tunc dövrü (Xocalı şəhəri Əsgəran dağı), nekropol - ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda), Xocalı kurqanları - ilk tunc və dəmir dövrü, küp qəbirləri nekropolu - ilk orta əsrlər (Xankəndinin ərazisində), kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında), Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda), Xaçınçay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə), küp qəbirləri nekropolu - tunc dövrü (Armudlu kəndindən 2 km İlis kəndinə tərəf), kurqan - tunc dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində), daş qutu nekropolu - dəmir dövrü (Armudlu kəndinin qəbiristanlığı yaxınlığında), köhnə qəbiristanlıq - tunc dövrü (Çanaqçı kəndi), daş qutu nekropolu - dəmir dövrü (Saruşen kəndi), daş qutu nekropolu - dəmir dövrü (Saruşen kəndi, dağın ətəyində), alban məbədi - 905-ci il (Şuşa kəndi), dairəvi məbəd (1356-1357-ci illər, Xocalı şəhərində), türbə - XlV əsr (Xocalı şəhəri), alban məbədi - 1100-cü il (Çanaxçı kəndi), alban məbədi - 1065-ci il (Çanaxçı kəndi), alban məbədi - 1122-ci il (Xansıx kəndi), alban məbədi - 1100-cü il (Xaçmaz kəndi), alban məbədi - 1202-ci il (Armudlu kəndi), Qala - X əsr (Maşxmat kəndi), Qırxlar qalası - orta əsrlər (Badara kəndi), Məbəd kompleksi - VII əsr (Badara kəndi), Qala - IX əsr (Daşbaşı kəndi), Əsgəran qalası - XVIII əsr (Əsgəran qəsəbəsi), Aslan qalası - IX əsr (Anabert kəndi), Məbəd - XIII əsr (Xanabad kəndi).

Məhvə məhkum edilən sərvət təkcə bu sadaladığımız maddi-mədəniyyət nümunələri deyildi. Əhalisi əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olan bu şəhərdə toxuculuq fabriki, 2 orta və 2 səkkizillik məktəb fəaliyyət göstərib. Son illər baş vermiş hadisələrlə əlaqədar Fərqanədən (Özbəkistan) qaçqın düşmüş Məshəti türklərindən ibarət 54 ailə, həmçinin indi Ermənistandan və Xankəndidən zorla çıxarılmış soydaşlarımız da bu şəhərdə məskunlaşmışdılar.

Sonralar erməni tərəfi "etiraf" etmişdi ki, silahlı daşnak dəstələrinin əsas məqsədi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, hava limanının ələ keçirilməsi idi. Bunun üçünsə Xocalı bir gecənin içərisində yerlə yeksan edildi, xocalılılar süngülərə taxıldı... Bütün bu dəhşətlərdən dünya xalqlarının xəbəri olsa da, cinayətkarlar cəzalandırılmadı. Bəşəriyyət hələ də susur, yaxud saxta erməni soyqırımından danışılır, müzakirələr aparılır...

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri olan Xocalı qətliamı Xatın, Xirosima, Lidsa, Oradur soyqırımları ilə eyni dərəcədə qəbul edilir. 1991-ci ilin oktyabrından mühasirə şəraitində olan Xocalıya əsas nəqliyyat xətti havadan idi. Sonuncu dəfə vertolyot 1992-ci il yanvarın 28-də bu istiqamətə uçub. Şuşa səmasında həmin vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində 40 nəfərin faciəli şəkildə həlak olmasından sonra Xocalı havadan da mühasirəyə alınıb. Şəhərə yanvar ayının 2-dən elektrik enerjisi verilməyib. Xocalının müdafiəsi əsasən yerli özünümüdafiə dəstəsi və Milli Ordunun təlim keçmədən ön cəbhəyə yollanan əsgərləri tərəfindən həyata keçirilib.

Xocalıya hücum fevralın 25-də axşam Sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının döyüş mövqelərinə çıxması və toplardan, tanklardan, "Alazan" tipli "zenit"lərdən açılan 2 saatlıq atəşdən sonra başlanıb. Şəhərə üç istiqamətdən hücum edildiyi üçün əhali Əsgəran tərəfə qaçmağa məcbur olub. Amma bu, qurulmuş bir tələ olduğundan Naxçıvanik kəndi yaxınlığında dinc əhalinin qarşısı erməni silahlıları tərəfindən kəsilərək gülləbarana tutulub. Qarlı dağ aşırımlarında və meşələrdə onlar tamamilə əldən-ayaqdan düşənləri, şaxta donduranları, sağ qalanları xüsusi qəddarlıqla qətlə yetiriblər. Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilən 200 azərbaycanlının meyiti gətirildiyi barədə məlumatlar verilib, həmin cəsədlərin amansızcasına təhqirə məruz qalması faktları aşkar edilib.

Fevral ayının 28-də tərkibində yerli jurnalistlərdən olan 2 qrup vertolyotla azərbaycanlıların qətlə yetirildikləri yerə çatıb. Oradakı mənzərə hamını dəhşətə gətirib. Meyitlərin skalplarının götürülməsi, cəsədlərin qulaq, burun və digər orqanlarının kəsilməsi, gözlərinin oyularaq çıxarılması, bədən əzələlərinin kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılmalar və digər belə vəhşiliklər bir daha ermənilərin vandalizm siyasəti yeritdiyini təsdiqləyirdi.

Həmin qanlı-qırğınlı günlərdə xocalılılar yalnız qətlə yetirilmədilər. Onlardan 1275-i (qoca, qadın və uşaq) isə əsir aparılaraq dəhşətli təhqir, zülm və həqarətlərə məruz qalıb, min nəfər isə əlil və şikəst olub.

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu, beynəlxalq norma və prinsiplər əsasında həlli, işğal edilmiş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında hələ 1993-cü ildə dalbadal 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Lakin Ermənistan nəinki həmin rəsmi qərarlara məhəl qoymayıb, üstəlik, Azərbaycanın digər ərazilərini də zəbt edərək oradakı soydaşlarımızı məcburi köçkünə çevirməklə bu çirkin siyasətindən əl çəkməyib, o yerlərdəki tarixi, dini və mədəniyyət abidələrinin izini belə silib.

Bu qətliamı törədən ermənilər isə vəhşiliklərindən sanki öyünürmüşlər kimi danışırdılar. Qarabağ hadisələrinin iştirakçışı, erməni ideoloqlarından olan Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri soyqırımı haqqında belə yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri, insan haqlarının kobudcasına pozulması beynəlxalq hüquqi aktlara - Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə məhəl qoyulmamasıdır.





Məhəmməd NƏRİMANOĞLU



Azərbaycan.-2013.- 27 fevral.- S.5.