24.12.2013

Azərbaycan tarixi, XI sinif MÖVZU: NEFT-SUVEREN AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ SƏRVƏTİDİR

Vaxt: 45 dəqiqə
Məqsəd: 1. Azərbaycan Respublikasının neft strategiyasının qiymətləndirilməsi üçün neft sahəsində müxtəlif mülkiyyət formalarının üstünlük və çatışmazlıqlarının açılması.
2. Şagirdlərdə:
-çətin və birmənalı olmayan vəziyyətlərdə – neft üzərində
mülkiyyətin müxtəlif formalarının təhlili zamanı – düşünülmüş qərarlar qəbul etmək;
-tarix və iqtisadiyyat dərslərində əldə edilmiş bilikləri bu
problemin həllinə tətbiq etmək bacarıqlarını formalaşdırmaq.
3. Öz ölkəsinin milli sərvəti üçün qürur hissi və mühüm
məsələlərin həlli zamanı məsuliyyət hissi tərbiyə etmək.
Təchizat:
- «Azərbaycan hansı təbii ehtiyatlarla zəngindir?» plakatı;

- 4 ədəd cədvəli vatman kağızı; markerlər.
Dərsin gedişi:
1-ci mərhələ. Əqli hücum.
Yazı taxtasında plakat asılır. Müəllim şagirdlərə sual verir:
«Azərbaycan hansı təbii sərvətlərlə zəngindir?» Şagirdlərin cavabları bu plakata yazılır.
Asılmış vərəq dolanda müəllim şagirdlərə deyir ki, bugünkü dərsdə söhbət ölkəmizin əsas sərvətindən – neftdən gedəcək.
Bu mərhələ müəllimə kömək edəcək ki, şagirdlərin Azərbaycan Respublikası təbii sərvətlərinə dair ümumi biliklərini aşkarlasın və dərsin mövzusuna keçsin.

2-ci mərhələ. Qərarlar ağacı.
Müəllim bildirir ki, əsrlər boyu neft ölkəmizin iqtisadiyyatında böyük rol oynamışdır. Müxtəlif vaxtlarda bu təbii sərvət xarici özəl sahibkarların, milli burjuaziya nümayəndələrinin mülkiyyəti olmuş, elə dövr də olmuşdur ki, neftin çıxarılması dövlətin inhisarında olmuşdur.
Bizim günlərdə isə neft yataqlarının işlənməsi suveren Azərbaycanın iqtisadiyyatının dirçəlməsində aparıcı rola malikdir. Muasir Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət formalarına
əsaslanır. Azərbaycan Respublikasının neft strategiyasının işlənib hazırlanması da bu prinsipial müddəalara əsaslanır.
Müəllim sinfi hərəsində 4-6 nəfər olmaqla 4 qrupa bölür.
Qruplara tapşırıq. Müəllim: «Təsəvvür edin ki, sizə milli təbii neft sərvətlərinin taleyini həll etmək ixtiyarı verilib. Bu sərvətlərin çıxarılmasını kimə tapşırardınız: dövlətə, Azərbaycan özəl sektoruna, yoxsa ki xarici şirkətlərə? Hər bir qrup təklif olunan hər üç variantı nəzərdən keçirir, onlardan hər birinin üstün cəhətlərini və
çatışmazlıqlarını qeyd edir və yalnız bundan sonra müəyyən qərara gəlir– variantlardan birini seçir».
Problem vatman kağızı üzərində belə verilir:
Cavab «Qərar» xanasına yazılır, üstü örtülür.
Hər qrup yazıları oxuyur, amma gəldiyi qərarı bildirmir. Bunu müəyyənləşdirmək digər qruplara təklif olunur. Həmin qruplar qəbul olunan qərar haqqında öz fikirlərini bildirir.
3-cü mərhələ. Yekun
Müəllim deyir: həyatda elə vəziyyətlərimiz olur ki, biz çox
düşünmədən dərhal bir qərara gəlməli oluruq. Bu zaman bütün mümkün variantları nəzərdən keçirmək, «lehinə» və «əleyhinə» olan məqamların hamısını ölçüb-biçmək və yalnız bundan sonra qərar qəbul etmək lazımdır. Bizim indicə yerinə yetirdiyimiz tapşırıq düşünülmüş qərar
qəbul etməkdə yardımçı oldu.
Şagirdlərin qiymətləndirilməsi.

A.H.DƏMİROV
S.M.MƏMMƏDOV
G.N.İSMAYILOV
YENĠ TƏLİM TEXNOLOGİYALARI VƏ MÜASİR DƏRS