14.12.2013

Azərbaycan müəllimlərinin XIV qurultayı.


Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib.Mən də bu qurultayda Kürdəmir müəllimlərini təmsil edənlərdən biri idim.Qurultaydan çox böyük təəsüratlarla qayıtdım.Təhsil naziri Mikayıl Cabbarovun çıxışı bizlərə Azərbaycan təhsil sistemini gözləyən böyük dəyişikliklərlə tanış etdi.

Azərbaycanın bütün bölgələrindən nümayəndələrin seçildiyi XIV qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Azərubaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, millət vəkilləri, işəgötürən təşkilatların təmsilçiləri, QHT nümayəndələri, ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin, yerli təhsil qurumlarının rəhbərləri, nüfuzlu müəllimlər və ziyalılar iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə nəzərə çatdırıb.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov qurultay iştirakçılarını salamlayaraq Azərbaycan müəllimlərinin XIV qurultayının işinə uğurlar arzulayıb.
Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, millət vəkili Bəxtiyar Əliyev, Bakı Ali Neft Məktəbinin prorektoru Ramiz Hümbətov, Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə, Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Bakı şəhəri 43 nömrəli məktəb-lisey kompleksinin direktor müavini Kəmalə Bədəlova, Zəngi liseyinin tarix müəllimi Taleh Şahbazov, Şuşa Rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Rəsmiyyə Məmmədova və “Ernst & Yanq Holdinqs” Şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Vəliyev Azərbaycan müəllimlərinin XIV qurultayının təhsil sisteminin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Müasir dövrdə Azərbaycan təhsilinin dünyanın qlobal təhsil ənənələrinə uyğunlaşması və insan resurslarının inkişafı baxımından qurultayda müzakirə edilən məsələlərin dəyərləndirilməsinin vacibliyi vurğulanıb.
Qurultayda “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələr təhlil olunub, Dövlət Strategiyasında nəzərdə tutulmuş əsas istiqamət və hədəflərin reallaşdırılması yolları haqqında maraqlı fikirlər səsləndirilib. Bundan əlavə, təhsilin bütün pillə və səviyyələri üzrə islahatların həyata keçirilməsi, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.
Çıxışlarda, həmçinin, müəllim nüfuzu, idarəetmə, yeni maliyyələşdirmə mexanizminin tətbiqi, səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və digər vacib məqamlardan söhbət açılıb. Müzakirələr zamanı müvafiq təkliflər səsləndirilib, qarşıda duran vəzifələrin həllinə dair mülahizələr irəli sürülüb.
Azərbaycan təhsilinin dünyanın qabaqcıl təhsil sistemləri sırasında yer tutması üçün həyata keçiriləcək islahatların yeni mərhələsinin müvafiq hədəflərə çatmağa imkan verəcəyinə əminlik ifadə olunub.
Sonda qurultayın qətnaməsi oxunub.