02.10.13

QAZMA MAĞARASI


Şərur r-nunun Tənənəm k.-ndən 3 km c.-ş.-də, Arpaçayın sol sahilində Paleolit dövrünə aid arxeoloji abidə. Dəniz səviyyəsindən təqr. 1500 m yüksəklikdədir. Mağaranın uz. 22 m, eni 1–6,5 m-dir. 1987–90 illərdə tədqiq edilərək 6 mədəni təbəqə qeydə alınmışdır.



Düşərgədə çöküntünün ümumi qalınlığı 3 m-ə bərabərdir. 20 m2 sahə də aparılan arxeoloji qazıntılar nəticəsində 12 mindən artıq ovlanmış heyvan sümüyü və 1000-ə qədər obsidian (dəvəgözü), çaxmaq daşı və daşlı şistdən hazırlanmış əmək alətləri (əsasən levallua və Mustye iti ucluları, limas, 1 və 2 işlək ağızlı qaşovlar, belli qaşov və s.) aşkar edilmişdir. 4-cü təbəqədən daş alətlərlə yanaşı, sümükdən biz, bıçaq, kəsici və oyucu alətlər də aşkar olunub; 5 və 6-cı təbəqələr də bir neçə ocaq yeri qeydə alınıb. Düşərgənin 4-cü təbəqəsində çapılıb doğranmış fauna qalıqlarının çoxluğu ovçuluğun o dövr də ibtidai insanların əsas təsərrüfat forması olduğunu göstərir. Q. m.-nda tapılmış daş məmulatının hazırlanma texnikası və tipoloji xüsusiyyətləri bu ərazidə qədim insanların hələ Mustye mədəniyyəti dövründə, yəni 80-90 min il bundan əvvəllərdən məskunlaşıb yaşadıqlarını göstərir. Sonralar e. ə. 3-cü minillikdə bu ərazi türklərin ərazisi olmaqla Kas türklərinə məxsus olmuşdur və qalanın adı qazıntı ilə heç bir əlaqəsi olmayan Kas bəylərinin adındandır.




Ədəb.: C ə f ə r o v Ə. Naxçıvan Paleolit düşərgəsi. NDU-nun “Elmi əsərləri”, N., 1999, № 4; yenə onun, Средний Палеолит Азербайджана. Б., 1999; R z a y e v F. Qədim Şərur oykonimlərinin mənşəyi. B., 2006.