23.10.2013

Əkinçilik alətləri.

ARİF MUSTAFAYEV

İnsanın təşəkkülü prosesində müstəsna rol oynamış əmək və əmək alətləri cəmiyyətin inkişafının sonrakı gedişində də özünün əməli əhəmiyyətini itirməmişdir. Əmək fəaliyyəti və istehsal sahələri genişləndikcə əmək alətləri də artıb çoxalmış, onların müxtəlif tipoloji növləri
yaranmışdır. Bununla yanaşı, həyati ehtiyaclar əmək alətlərinin təkmilləşməsini labüd etmiş,yaradıcı düşüncəyə təkan vermiş, texniki tərəqqiyə səbəb olmuşdur.






Ənənəvi əmək alətləri, hər şeydən öncə, tətbiq sahələrinə görə: təsərrüfat-istehsal alətləri,
ev-məişət alətləri, musiqi alətləri, təbabət alətləri və s. olmaqla müxtəlif tipoloji qruplara
bölünür.
Tipoloji zənginlik baxımından bunların arasında təsərrüfat alətləri müstəsna yer tutmuşdur.
Daha qədim tarixə malik olan təsərrüfat alətləri həm ev, həm də çöl təsərrüfatı işlərində istifadə
olunmuşdur. Bu mənada çöl təsərrüfatı işlərinin həcmi çox geniş olduğundan və buradakı işistehsal
proseslərinin çoxnövlü olması səbəbindən burada tətbiq olunan əmək alətlərinin daha
zəngin tipoloji növ və çeşidləri yaranmışdır.
Əmək alətləri, habelə hazırlanma materialına görə: daş, sümük, ağac və metal olmaqla
tipoloji növlərə ayrılır. Erkən metal dövrünə qədərki tarixi mərhələdə daş və sümükdən, qismən
isə ağacdan düzəldilmiş əmək alətləri təsərrüfat-istehsal fəaliyyətində başlıca yer tutmuşdur.
Antik dövrdən etibarən dəmir (polad) alətlərin daha mükəmməl tipoloji növləri yaranmışdır.
Azərbaycan xalqının yeni dövr maddi mədəniyyəti onun sosial-iqtisadi inkişafının ötən
tarixi mərhələlərdə əldə etdiyi texniki nailiyyətlər üzərində pərvəriş tapmışdır. Nəsildən -
nəsillərə ötürülən irsi varislik, ənənə mühafizəkarlığı maddi mədəniyyətin bütün sahələrində, o
cümlədən ənənəvi əmək alətləri və məişət vasitələrində də özünü aydın təzahür etdirir.
Feodalizm dövrünün əmək alətləri, məişət vasitələri və silahlarının bir qismi yeni dövr-də
də özlərinin əməli əhəmiyyətini itirməmişdi.
Yeni dövrün əmək aləti, məişət vasitələri və silahlarının səciyyəvi xüsusiyyəti bundan
ibarət idi ki, müasir texniki tərəqqi ilə əlaqədar olaraq, onların bir qismi təkmilləşib dəyişikliyə
uğramaqla, özlərinin əməli əhəmiyyətini xeyli dərəcədə qoruyub saxlaya bilmiş, yeni məişət
tələblərinə cavab verə bilməyən qismi isə tədricən aradan çıxmış, yaxud yeniləri ilə əvəz
olunmuşdur. Həyatın bu dəyişməz, dialektik qanunauyğunluğu yeni dövrün maddi
mədəniyyətinin bütün sahələrində, o cümlədən əmək alətləri və silahların tarixi taleyində də
aydın izlənilir.
Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik bölgələrində geniş yayılmış, qismən də məhəlli
səciyyə daşıyan əmək alətləri və ənənəvi məişət vasitələri etnoqraflar tərəfindən ətraflı tədqiq
olunmuşdur.1
1.Əkinçilik alətləri.
Ənənəvi əmək alətləri arasında tipoloji müxtəlifliyinə və istifadə əhəmiyyətinə görə,
əkinçilik məişəti ilə bağlı təsərrüfat alətləri xüsusi yer tutmuşdur. Zəmanəmizədək bu alətlərin
geniş tipoloji çeşidi gəlib çatmışdır.
Şum alətləri. Ənənəvi əkinçilik təsərrüfatında əsasən «bel» adlanan müxtəlif forma və
quruluşa malik əmək alətlərindən istifadə edilmişdir. Quba-Xaçmaz bölgəsi əhalisi arasında o,
«qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala
bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli»,
Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b. adlarla məlum idi.
Bunların hamısı tipoloji cəhətdən qalaqlı bel qrupuna aid edilir. Ən’ənəvi qalaqlı bellər bir
qayda olaraq, təpkəncli düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip
bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq
sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu.
Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək
üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Azərbaycanın bir sıra bölgələrində belin
bu növünün «şum beli» adlanması da buradan irəli gəlmişdir. Şumlama əməliyyatını yaxşı yerinə
yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın bir sıra bölgələrində «təpkəncli» dəmir
bellər peyda olmağa başlamışdır. Belin bu tipi zavodda kütləvi istehsal olunduğundan «zavod»,
yaxud «rus» beli də adlandırılırdı. Ucuz başa gəlməsinə baxmayaraq təpgəncli bel əkin işində
uzun müddət «qalaqlı bel» ilə yanaşı işlənmişdir.
XIX əsrdə əkin təsərrüfatında, xüsusilə bostan və tərəvəz sahələrinin becərilməsində
müxtəlif quruluşlu metal toxa başlıca əmək aləti olaraq qalırdı. Dəmirin peyda olması ilə
əlaqədar olaraq, xüsusilə antik dövrdən etibarən dəmir toxa daş və sümük toxaları sıxışdırıb
aradan çıxarmağa başlamışdır. Metal toxalar dəstək keçirilən küpünə görə «dımıqlı» və «borulu»
(lüləli) olmaqla iki qrupa bölünür. Lüləli toxalar həcm etibarilə xeyli böyük olub «kətmən»
adlanırdı. Kətmən əmək məhsuldarlığını artırmaqdan əlavə, həm də nisbətən ağır olduğundan iş
prosesində əkin sahəsinin dərin qatlarına keçə bilir, bununla da alaq otlarını kökündən kəsib
çıxarmağa və becərilən bitkinin dibini yaxşı yumşaltmağa imkan verirdi.
Toxa və kətmənin becərmə-yumşaltma əməliyyatında iş əmsallarının olması nəzərə
alınaraq, Azərbaycanın aqrar terminologiyasında «toxalama» istilahı ilə yanaşı, «ketmənləmə»
anlayışı da yaranmışdır. Kətmənləmə əməliyyatı ən çox pambıq, tənbəki, qızıl boya, kətan və s.
kimi texniki bitkilərin becərilməsində tətbiq olunmuşdur.
Əvvəllər olduğu kimi, XIX əsrdə də əkinçilikdə qoşqu qüvvəsi ilə işlədilən şum alətləri
başlıca yer tuturdu. Konstruktiv quruluşuna və əməli vəzifəsinə görə şum alətləri xış və kotan
olmaqla iki qrupa bölünür. Öz növbəsində quruluş etibarilə xış ulamasız (əyri xış) və ulamalı
olmaqla iki qrupa bölünür.
Xış ağacdan düzəldilən ən qədim şum aləti olub Azərbaycanın bütün əkinçilik rayonlarında
geniş yayılmışdır. Xışın ən sadə və qədim forması kökündən çıxarılmış əyri ağacdan düzəldilirdi.
Elə bu səbəbdən də, el arasında o, çox vaxt əyri xış adlanırdı. Belə halda bitili ağacın kökü xışın
kötüyü, gövdəsi isə onun qolu rolunu oynayırdı. Ona təkcə dəstək əlavə olunurdu. Xışın bəsit
növü olan «əyri xış» əvvəllər uzun müddət gavahınsız işlənmişdir. Məlum olduğu kimi,
Azərbaycanda dəmir gavahın antik dövrdən etibarən dəb düşmüş və XX əsrin əvvəllərinə qədər
özünün əməli əhəmiyyətini itirməmişdir. Xüsusilə, ağır və mürəkkəb quruluşlu «qara» kotanın
işləyə bilmədiyi dağavar torpaqların əkilib becərilməsində gavahınlı xış uzun müddət yeganə
şum aləti olaraq qalmışdır.
Ulamalı xış qurama quruluşa malik olub qol, kötük, ulama, dəstək və gavahın olmaqla, 5
hissədən ibarət düzəldilirdi. Ulamalı xışlar «bazı» adlanan qolunun əyri və ya düz olmasına,
habelə onun ulama ilə birləşmə üsuluna görə bir-birindən fərqlənirdi. Xışın kötüyünə dəmir
gavahın əlavə olunması tipoloji cəhətdən onu qismən kotana yaxınlaşdırmışdır.
Bir qayda olaraq, xış bazısının uc hissəsində 2-3 ədəd oyuq açılırdı. Ulama həmin oyuqlardan
birinə keçirilmiş «güc ağacı» vasitəsilə əyri qola calanıb birləşdirilirdi. Daha sonra ulamanın başı
ip və ya çubuqdan hörülmüş «burğu» vasitəsilə boyunduruğa qoşulurdu. Bu məqsədlə çox vaxt
şilgir və ya tənək burmasından istifadə olunarmış. İmkanlı ailələr çox vaxt bu məqsədlə mal
gönündən köşə çəkib «kağan» hörərmişlər. Bazı oyuqları bir qayda olaraq, torpağın dərin və ya
üzdən şumlanmasını tənzimləməyə xidmət edirdi. Dərin şum etmək üçün «güc ağacı» əyri
bazının birinci oyuğuna keçirilirdi. Bu halda xışın qolu qismən aşağı vəziyyət alaraq, kötüyün
dabanının bir qədər yuxarı qalxmasına səbəb olurdu. Əkin torpağının ilk və son şırımını salan
zaman, xış ulaması, adətən, ilk oyuqdan qoşulardı. Bundan fərqli olaraq, qumsal torpaqlar,
habelə səpilmiş toxumun batırılması üçün aparılan ikinci şumlama prosesi o qədər də dərin şum
tələb etmirdi. Buna görə də, belə halda xışın ulamasını son oyuqdan qoşardılar. Bir qayda olaraq
xışın bazı və dəstəyi bilavasitə kötüyə birləşdirildiyindən əkinçilər arasında ona həm də «bazı
binəsi», yəni «bünövrəsi» deyilirdi. Adətən, xış kötüyünün ucu nazik, arxası isə yoğun və enli
formada düzəldilirdi. Bəzən xış qolunun kötüyə birləşdirilməsi üçün onun ortasında deşik
açılırdı. Əyri qolun aşağı ucu kötüyün deşiyinə geydiriləndən sonra onun arxa tərəfinə dəstək
birləşdirilirdi. Qolun kötükdən çıxmaması üçün onun arxasına ağac paz vurulub bərkidilirdu.
Xışın şumlama əmsalını artırmaq üçün onun kötüyünə gavahın keçirilirdi.
Torpağın asan şumlanmasını təmin edən, dəmir gavahının ucu, bir qayda olaraq küt
üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu. Lakin hansı növ
torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq,
xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti
olması ilə də onlar bir-birindən seçilirdi. Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə
düzəltdirilirdi.
Azərbaycanda istifadə olunmuş xışlar quruluş və formalarına görə, bir sıra məhəlli
xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü «ulamalı xış», «qollu xış», «çatma xış»,
«işkilli xış» və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər
etnoqrafik bölgələrində rast gəlinirdi.
Ulamalı xış Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır.
Ulamalı xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı
Azərbaycanın ayrı-ayrı bölgələrində «ulama», «çilə», «çatma», «məsənə», «uzatma» və s.
adlandırılırdı. Xışın bu növü çox vaxt elə həmin adlarla da fərqləndirilib tanınırdı.
Ulamalı xış, adətən, kötüyünün arxadan «qulaqlı», dəstəyinin iki əlcəkli düzəldilməsi və
metal qılınca malik olması ilə fərqlənirdi. Xışın qılıncı torpağı kəsmək, qulaqları torpaq layını
çevirmək məqsədi güdür, onun qoşa dəstəyi isə alətin sanballığını tənzimləməyə xidmət edirdi.
Ulamalı xış nisbətən təkmilləşmiş şum aləti olub, torpağı daha yaxşı şumlayırdı. Belə
xışlardan dağavar və dəmyə torpaqların şumlanmasında daha çox istifadə edilirdi. Adətən, ona
iki, üç, bə’zən isə dörd boyun öküz qoşulardı.2
Çəltikçilik təsərrüfatında istifadə edilən xış yüngül və kiçik ölçülü olması ilə fərqlənirdi.
Suvarılan torpaqların şumlanması nisbətən çətin olduğundan qaim torpağı kəsmək üçün
xışların qoluna həm də «qılınc» bərkidilirdi. Bundan əlavə xışın kötüyündə «qulaq» adlanan
ayaq yeri düzəldilirdi. Torpağı dərin şumlamaq üçün dəstəçi (majgəl) ayağı ilə arabir həmin
«qulağı»n üstündən aşağı basırdı.
İkinci il təkrar əkilən çəltik sahəsi nisbətən yüngül xışla şumlanırdı. Xalq arasında çəltik
gərinin şumlanması əməliyyatı «gərvanlama» adlandığından xışın bu növünə, adətən, «gərvan
xış» da deyilirdi.
Azərbaycanın ənənəvi şum alətləri arasında istehsal göstəricilərinə görə, kotan xüsusi yer
tutmuşdur. Xalq arasında o, daha çox «diyircəkli» kotan və ya «qara kotan» adı ilə məlum idi.
Azərbaycanda şum aləti qədim tarixə malikdir. Diyircəkli kotan xış ilə qara kotan arasında
bir növ keçid vəsiləsi təşkil edirdi. Onun «xəmsə» adlanan və iki hissədən ibarət olan qolunun
bir ucu kotanın «kötük» və ya «künə» adlanan binəsinə, digər ucu isə məsənəyə birləşdirilirdi.
Məsənə isə öz növbəsində qoşa təkərli oxa bərkidilirdi. Diyircəkli kotan kötük (künə, binə),
xəmsə, məsənə, dəstə (maj, mac, məc), batar, gavahın, qılınc və bir cüt təkərdən ibarət olub 3-4
boyun qoşqu heyvanı ilə işlədilmişdir.3
Zaqafqaziyada hələ VIII-IX əsrlərdən məlum olan qara kotan əkinçilik texnikasının
inkişafı baxımından təkmilləşmiş və yüksək məhsuldarlığa malik şum aləti hesab olunurdu.4
Qara kotan aşağıdakı hissələrdən ibarət idi: əyribazı (qol), topal (binə, künə, kötük), taxta
(çevirən, laydır), dəstək (tutqac, əlcək, mac, maj), daraq, gavahın (dəmir), qılınc (zivinc), təkər
(çarx, diyircək, ziyrik), kolbasan (çəmbər, alaf taxtası), qır (şoldu), çillə (əjdaha), şilikar, qayış
(kağan, çançərək), oturacaq taxtası, boyunduruq, çatallar, samı (sinəçula), toxmaq (toppuz,
pərsəng).
Qara kotanı digər şum alətlərindən fərqləndirən başlıca cəhət onun kəsilmiş torpaq layını
aşırıb çevirməsindən ibarət idi. Əkinçilik təsərrüfatında qara kotanın yüksək şum aləti kimi
dəyərləndirilməsi də məhz bununla, şum layını çevirməsi ilə bağlı idi.
Qara kotanın təkərləri ölçü etibarilə biri digərindən böyük olurdu. Onun böyük çarxı «ana»
və ya «ləgər» (şum) təkəri, kiçik çarxı isə «bala təkər» («bala çarx») adlanırdı.6 Dəndə ağacından
düzəldilmiş təkər bud, dəndə və top olmaqla üç hissədən ibarət olurdu. Böyük təkər (diametri 50-
53 sm), şırımın içi ilə, kiçik təkər (diametri 35-40 sm) isə şırımın kənarı ilə hərəkət edirdi.
Bununla da kotanın baş hissəsinin hərəkət müvazinəti tənzimlənmiş olurdu. İlk şırım zamanı
təkərlər arasındakı fərq kotanın yerə yaxşı batmasına mane olduğundan, adətən, onun kiçik çarxı
çıxarılır, sonrakı şırımlamada yerinə salınırdı.
Kotan çarxlarının oxu boyunduruğa 2-2,2 m uzunluğunda ağac «qır» vasitəsilə
birləşdirilirdi. Qır, adətən, ləgər təkərinə bir qədər yaxın məsafədə oxa keçirilirdi.Şumlama zamanı gavahın üçün torpaq layının (ləgər payı) enli və dar götürülməsi qır
vasitəsilə tarazlanırdı. Bu məqsədlə də qırın oxa keçən hissəsinin sağ və sol tərəfinə ağac para
(paz) vurulurdu. Şumlama zamanı torpağın ləgər payını enli götürmək lazım gəldikdə para
soldan, dar götürmək istədikdə isə sağdan vurulurdu. Ləgər layı qırdan əlavə, həm də «kolbasan»
vasitəsilə tarazlanıb tənzimlənirdi. Bu məqsədlə kolbasanın bir ucu qıra, digər ucu isə oxa
keçirilməklə, lazım gəldikdə onu sərbəst surətdə irəli və ya geriyə çəkmək mümkün olurdu.
Kolbasan həm də kotanın qabağına çıxan çör-çöpü və kol-kosu basıb aşağı yatırdırdı.
Kotan qoşqu heyvanlarına boyunduruq və «çatal» adlanan ağac yedəklər vasitəsilə
qoşulurdu. Dartı gücünü tənzimləmək üçün qırın altına «əjdaha» adlanan tənzimləyici
bərkidilirdi. Onun bir ucu xüsusi ağacla qır və kolbasana, digər ucu isə çatala bərkidilirdi.
Göründüyü kimi, «əjdaha» dartı gücünü təkcə dib kəllərinə deyil, həm də qabaqkı qoşqu
heyvanlarına eyni dərəcədə paylayırdı.
Qara kotana, adətən, dörd boyun kəl, bəzən isə 6-8 boyun öküz və ya kəl qoşulurdu.
Kotana qoşulan birinci boyun dib (hambıl), ikinci boyun çərgov (qaraqayış), üçüncü boyun minik
(hörük), sonuncu isə uc adlanırdı.
XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın kənd təsərrüfatında təkmilləşdirilmiş yeni
tipli metal kotanlar meydana çıxmışdır. Bundan sonra qara kotan tədricən təsərrüfat həyatından
sıxışdırılıb çıxarılmağa başlamışdır.
Mala. Şumlanmış torpağın səpinə hazırlanması prosesində bir sıra malalayıcı alətlərdən
istifadə olunurdu. Azərbaycanda bu tip alətlərin quruluş etibarilə fərqlənən şax mala, ağac mala,
dişli mala, dırmıx mala, dəmir mala və s. adlarla bəlli olan müxtəlif növləri yaranmışdır.7
Adətən, şumlanmış sahənin quruluşundan, onun xış və ya kotanla dərin, yaxud dayaz
şumlanmasından, habelə becəriləcək bitkinin növündən asılı olaraq, müvafiq mala növündən
istifadə olunurdu.
Şax mala ağac budaqlarından bağlanıb düzəldilirdi. Bunun üçün şüvüllü ağacın bir və ya
bir neçə budağı kəsilir və şaxların ucları iplə bir-birinə bağlanırdı. Bu növ saya malalar, əsasən,
göyəm, əzgil, yemişan, cır alça və s. kimi tikanlı ağac növlərindən düzəldilirdi. Şax mala darı,
çəltik, noxud, mərci, lərgə və s. kimi «yazlıq» bitkilərin toxumlarının şuma basdırılıb üstünün
malalanması üçün səciyyəvi mala növü olmuşdur. Bu tip malada əlahiddə «diş» olmadığından,
onlar səpilmiş toxumun ancaq üstünü örtə bilir, onları şumun dərin qatına sala bilmırdı. Bu
xüsusiyyətinə görə də şax maladan ən çox yumşaq əkinə malik olan «çala» və «tala» əkinçilik
sistemlərində geniş istifadə edilmişdir.
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik təsərrüfatında toxuma və ya
hörmə mala tipi geniş yayılmışdı. Düzənlik ərazilərdə cır üzüm (qora) tənəyi, dağlıq və dağətəyi
bölgələrdə isə vələs çubuğundan hörülmə mala növü səciyyəvi olmuşdur. Bunun üçün 1,5 metr
uzunluğunda 3-4 ədəd nisbətən yoğun ağac zolalarını bir-birinə paralel halda yerə uzadıb onların
aralarını nazik, elastik çubuqlarla hörürdülər. Talış bölgəsində o, çox vaxt «çəpə» adlanırdı.
Malanın bu növü, əsasən, payız və yaz əkini, xüsusilə də, çəltik əkini üçün şumlanmış sahənin
səpilib malalanmasında işlədilirdi.
XIX əsrdə Azərbaycanda ən geniş yayılan mala növlərindən biri də ağac mala olmuşdur.
Ağac malanın quruluşca ən sadə növü budama mala sayılır. Budama mala düzəltmək üçün
uzunluğu təxminən 2,5-3 m, diametri isə 10-15 sm olan ağac zolası seçib kəsirdilər. Sonra onun
budaqları təxminən bir çərək uzununda budanırdı. Ağacın qısa kəsilmiş itmil budaqları «diş»
rolunu oynayırdı. Ağac malanın hər iki ucu burğu vasitəsilə deşilirdi. Həmin deşiklərə vələs və
ya tənək çubuğu keçirməklə mala boyunduruğa bənd edilirdi.
Budama mala sonralar təkmilləşdirilərək, dərin şumlarda tətbiq edilən dişli mala ilə əvəz
olunmuşdur. Dişli malalar XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda ən geniş yayılmış
mala növü sayılırdı.
Toxum səpilmiş şumun malalanmasında ən təkmil və səmərəli əmək aləti olan dişli mala
daha çox qara kotanla şumlanmış sahə üçün xarakterik olmuşdur. Dişli mala «sürün-cək»
adlanan, uzunluğu 2 m, eni 20-25 sm, qalınlığı 8-10 sm olan ağac tirdən və onun ortasına
keçirilən haçalı qoldan ibarət düzəldilirdi. Malanın dişləri ağacdan olub müəyyən qaydada cərgə
ilə mala tirinə çalınıb bərkidilirdi. Məlum olduğu kimi, ağac dişli malalar daşlı-kəsəkli əkin sahələrində istifadə oluna bilmirdi. Məhz bu səbəbdən onlar dəmir dişli malalarla əvəz
olunmuşdur.
Dəmir dişli malanın haça və ya tay qolu 3 m uzunluğunda ağacdan ibarət olub, malanın
sürünçəyinə keçiriləndən sonra arxası çüy vasitəsilə bərkidilirdi. Bir qayda olaraq, mala qolunun
sonuna hündürlüyü 60 sm-ə qədər olan «dəstək» bərkidilirdi. İş zamanı malaçı sürüncəyin
üstündə dayanaraq bir əli ilə dəstəkdən tutur, digər əli ilə heyvanları idarə edirdi.8
Lənkəran-Astara bölgəsində torpağın əkin üçün hazırlanmasında istifadə edilən çəltik
malaları quruluş etibarilə başqa bölgələrdə yayılmış malalardan xeyli fərqlənirdi. Həmin malalar
burada peşkovil, goranda, çəpə, dişli mala olmaqla müxtəlif adlarla tanınırdı.
Peşkovil və goranda, əsasən, birinci şumdan, çəpə isə ikinci şumdan sonra çəltik ləklərinin
şumunu əzib yumuşaltmaq üçün işlədilirdi. Bumalardan sonra əkin sahəsini yumşaltmaq məqsədi
ilə dişli mala və nəhayət axırda «çəpə» adlanan hamar maladan istifadə edilirdi.9
Goranda mala növü peşkovilə nisbətən daha böyük olub onun alt işlək hissəsi gəzli
düzəldilirdi.
Çəpə malanın qollarının araları diametri təxminən 1,5-1,8 sm olan elastik çubuqlarla
hörülürdü. Onun ortasından və hər iki başından eşilmiş tənək çubuğu keçirməklə boyunduruğa
qoşurdular.
Biçin və döyüm alətləri. Yetişdirilmiş taxıl məhsulunun yığılması əməliyyatı əkinçilik
təsərrüfatında başlıca yer tuturdu. Azərbaycanda başlıca biçin aləti çin və oraq olmuşdur. Çin və
oraq metal tiyə və «dəstək», yaxud «sap» adlanan ağac tutacaqdan ibarət olub, dəmirçi tərəfindən
hazırlanırdı. Forma və quruluşlarına görə bir-birinə oxşar olan oraq və çin arasında mühüm fərq
bundan ibarət idi ki, çin dişli, oraq isə dişsiz düzəldilirdi. Çinin tiyəsi dəmirçi tərəfindən dişənir,
oraq isə daş bülöv vasitəsilə itilənirdi.
Orağın böyük ölçülü növü «mərəndi» adlanırdı. Dəmir oraq peyda olandan sonra onun
bəsit tipoloji növü olan «qurama» dişli oraqlar, tədricən aradan çıxmışdır.
Biçin məqsədilə «kərənti» və ya «dəryaz» adlanan uzun dəstəkli əmək alətindən də istifadə
edilirdi. Adətən, ot biçinində işlənən dəryaz qısa bəlimli taxıl növlərinin biçilməsi prosesində də
istifadə edilirdi. Bir qayda olaraq onun dəstəyinin ortasına «əlcək» adlanan tutacaq bərkidilirdi.
Azərbaycanın etnoqrafik bölgələrində geniş yayılmış universal döyüm aləti ağac vəl
olmuşdur. Vəl ağır və möhkəm oduncaqlı ağacdan, əsasən, palıddan düzəldilirdi. Yerli iqlim
şəraitindən, taxıl növünün bəlimindən və qoşqu qüvvəsindən asılı olaraq, vəlin tay və qoşa
olmaqla, quruluşca iki növünə təsadüf olunurdu. Vəl taylarının uzunluğu təxminən 1,5-1,7 m-ə
qədər, eni 60-70 sm, qalınlığı isə 7-8 sm olurdu. Döyüm prosesini sürətləndirmək və məhsuldar
etmək üçün vəlin işlək alt hissəsində açılmış gəzlərə xırda daş parçaları pərçimlənirdi. Bəzən bu
daşları xırda metal parçaları ilə də əvəz edirdilər. Bu isə döyüm prosesini xeyli tezləşdirməyə
imkan verirdi.
Vəlin qabaq hissəsi bir qədər yuxarıya doğru qatlanmış vəziyyətdə düzəldilirdi. Bunun
sayəsində vəlin xırmanda hərəkəti nizama salınır və küləşin topalanıb bir yerə yığılmasının
qarşısı alınırdı. Vəlin qabaq hissəsində «vəlbənd» adlanan düzbucaqlı formalı xüsusi çıxıntı
düzəldilirdi. Vəli boyunduruğa qoşmaq üçün vəlbəndin kənarlarında kərt açılırdı. Vəlbəndə
keçirilən ip və ya zəncir vasitəsilə vəl boyunduruğa birləşdirilirdi. Vələ, adətən, tək at və ya bir
boyun öküz qoşulardı.
Taxıl döyümündə vaxtilə daş vəldən də istifadə olunmuşdur. Daş vəl, əsasən, bazalt
daşından hazırlanırdı. Onun uzunluğu təxminən 70-80 sm, eni 50-60 sm, qalınlığı 18-20 sm,
ağırlığı isə 70-80 kq-a qədər olurdu.10
Əsasən, dağavar bölgələrdə işlənən daş vəlin girdə növünə də təsadüf olunurdu. Qabırğalı
formada yonulmuş girdə vəli hərəkət etdirmək üçün onun hər iki başında oyuq açılırdı. Daş vəlin
ağac çərçivəsinin ox rolunu oynayan çıxıntıları həmin oyuqlara keçiriləndən sonra o,
boyunduruq və ya gərdənbəndə qoşulurdu.
Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri də carcar olmuşdur.
Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq
olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına
pərli ox keçirilirdi. Çarçarın eni 1 m, uzunu 2-2,5 m olurdu. Carcar xırmanda bir boyun qoşqu
qüvvəsi vasitəsimlə hərəkət etdirilirdi. Çarçar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi
doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi
«diri» qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb «dənə düşəndən» sonra, çox vaxt carcardan
sonra xırmanda ağac vəl sürülürdü.11
Xırmanda taxıl döyümü zamanı ağac yaba, şana, kürək, xəlbir, şadara, hövsər və b. əmək
alət və vasitələrindən istifadə edilirdi. Qədim tarixə malik olan bu alətlərin, demək olar ki,
hamısı XIX əsrə qədər gəlib çatmışdır.
Taxıl döyülüb qurtarandan sonra sovrulub bir kənara «tığ» yığılır, xırmanda qalan saman
yığan vasitəsilə topalanır, sonra da səbət və ya çalı araba ilə daşınıb samanlığa yığılırdı.
Digər dənli bitkilərdən fərqli olaraq, çəltik döyülüb bəlimdən çıxarılandan sonra həm də
sərilib qurudulur və təkrar dibək və ya ding vasitəsilə döyülüb qılafdan təmizlənirdi.
Bütün bu proseslər bitəndən sonra dənli bitkilər kirkirə və ya dəyirman vasitəsilə üyüdülüb
yarma, yaxud un halına salınırdı. Azərbaycanda unüyütmə vasitələrinin tarixən su dəyirmanı və
həngli dəyirman olmaqla iki başlıca tipoloji növü yayılmışdır. Həm də su də-yirmanının alt
çarxlı növü səciyyəvi olmuşdur. «Malakan dəyirmanı» adlanan yan çarxlı su dəyirmanları XIX
əsrin ikinci yarısından etibarən dəb düşmüşdür. Digər dənli bitkilərdən fərqli olaraq düyü dibək
vasitəsilə əzilib üyüdülür və un halına salınırdı.
Çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri də ding
olmuşdur. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır.
Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı ağac növlərindən
hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding
ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin
dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi.
Çəltiyi vaxtı ilə su dingi vasitəsilə də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın
bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq
dingindən fərqlənirdi. Su dingi nov, pər (su çarxı), şapalaqlı ox, ding qolu, döyəc və 5-6 ədəd
girdə çaladan ibarət düzəldilirdi.
Dinglərin çarxına birləşdirilmiş ox fırlandıqca onun üzərindəki şapalaqlar dingin qollarına
toxunaraq onları müəyyən qədər yuxarıya qaldırıb buraxırdı. Beləliklə, qollar zərblə aşağı enib
ding çalasındakı çəltik dənlərinin qabığını çıxarırdı. Su dingləri, adətən, 4-6 qollu düzəldilirdi.12
Ənənəvi əmək alətlərinin böyük bir qismi sənət istehsalı ilə bağlı olmuşdur. Sənət və peşə
sahələrində işlənən əmək alətlərinin zəngin tipoloji növləri zəmanəmizədək gəlib çatmışdır.