22.09.13

Qaya və xalça üzərində “Yallı” izləri

 Savalan Fərəcov."Mədəniyyət" qəzeti.
Azərbaycan tarixən Yaxın Şərqin mədəniyyət mərkəzlərindən biri olub. Bunu arxeoloji qazıntılar zamanı aşkarlanan bədii tərtibatlı maddi mədəniyyət nümunələri də təsdiq edir. Qədim dövr sənətkarlarının yaradıcılıq məhsulu olan əşyalar və süjetli kompozisiyalar qədim tayfaların həyat tərzindən, dini inanclarından xəbər verən dəyərli mənbələr sayılır. Qaya, keramika, metal və xalça üzərində təsvir olunan qədim naxış və kompozisiyalar mədəni mirasımızın özəlliklərini əks etdirir.


Əcdadlarımızın qayalara həkk olunan birliyini simvollaşdıran “Yallı” rəqsləri hələ də sirrini tam bölüşmədiyi qəribə bir aləmdir. Kütləvi xalq rəqslərimizdən olan “Yallı”nın təsvirləri Qobustan qayalarında, qədim xalçalar üzərində və dəmir dövrünün bədii metal məmulatlarında müşahidə olunur. Etnoqrafik mənbələrə görə, “Yallı” qədim Azərbaycan tayfalarının ritual rəqsi olub və özündə qəhrəmanlıq motivləri ilə yanaşı, tayfaların əhval-ruhiyyəsini, güc və birliyini əks etdirib.
Hələ qədim zamanlardan usta ulularımız müxtəlif naxışlar vasitəsilə bir çox anlayışlara simvolik ifadə veriblər. Təbiət hadisələrinin, dini inanc və həyat gerçəkliklərinin sehrini günümüzə daşıyan rəqslər öz məzmunu etibarı ilə olduqca geniş və rəngarəngdir.
Araşdırmalarda göstərilir ki, ritual rəqs təsvirləri arxeoloji abidələrdə realist və şərti üslubda, obrazlı rəsmlərlə səciyyələnib. Həm də Azərbaycan insanının musiqi, rəqs və mənəvi mədəniyyətini özündə əks etdirib. Bu təsvirlər əsasən müxtəlif naxış və süjetlərdən ibarətdir. Eyni zamanda qədim tayfaların həyat məqsədlərinə, mənəvi tələblərinə, dünyagörüşlərinə və dini inanclarına xidmət edib.
“Yallı”nın təsvirləri Azərbaycan ərazisində daha çox Qobustan petroqliflərində işlənilib. Böyükdaşdakı qayalar üzərində rəqs edən insan təsvirləri buna misaldır. Arxeoloq alim, tarix üzrə fəlsəfə doktoru İshaq Cəfərzadə həmin təsvirlərin e.ə. IV minilliyə aid olduğunu qeyd edir.
Qızılvəng və Gəncəçay abidələrində aşkar edilən küpələrin də üzərində “Yallı” rəqsini ifadə edən elementlər var. Qabın səthində əl-ələ tutan insanların “Şərur yallısı”na bənzər rəqs etdikləri təsvir olunub. Rəqs edənlərdən birinin əlində dəsmal var. İnsanlar hər iki tərəfdən qabın üzərini bəzəyən içi torlanmış böyük üçbucaqlarla əhatə olunub. Doldurucu elementlər olan haşiyələr suyu simvolizə edən xətlərlə verilib. Gəncəçay küpəsi üzərində əl-ələ verən insanların şərti olaraq ritmik hərəkət dinamikasında təsvir olunduğu bildirilir. İbtidai rəssam bu qab üzərində “Yallı” ilə bərabər, həm də rəqs vasitəsilə insanları çərxi-fələk formasında təsvir edib. Mütəxəssislərin fikrincə, çərxi-fələk işarəsi bəzən insanın yana açılmış qollarını özündə simvollaşdırır. Əbədi hərəkəti və günəşi təsvir edir. Qabların hər ikisi tunc dövrünə aid edilir.
Arxeoloji qazıntılar zamanı Mingəçevirdən tapılan muncuq da bu cəhətdən maraqlıdır. Eradan əvvəl VII-V əsrlərə aid edilən muncuq stilizə olunan insan təsvirlərindən ibarətdir və “Yallı” rəqsini ifadə edir. Bu tip insan təsvirlərinə Qobustanın Böyükdaş qaya rəsmlərindən birində də rast gəlinib. Qaya rəsmində və muncuqdakı insanların belində kəmər təsvir olunub. Tədqiqatçı İshaq Cəfərzadə bu qaya təsvirini “Yeddi gözəl” adlandırıb.
“Yallı” rəqsinin təsvirlərinə xalçalarda rast gəlinir. Bunlardan biri “Mərazad” adı ilə tanınan Quba-Şirvan xalçalarına aiddir. Həmin xalçalar “Çuxalı”, “Nabur”, “Gəlyar” və s. adlarla məşhurdur. Məşhur türk səyyahı Övliya Çələbi Azərbaycana səyahət edərkən bu xalçanı “Mərazad” adı ilə gündəliyində qeyd edib. O dövrün ticarət mərkəzlərində bu xalçanın “Qobustan” adı ilə tanındığını bildirib. Xalçanın əsas kompozisiya sahəsi “Yallı”nı ifa edən insan təsvirləri ilə bəzədilib. Bu təsvir xalça sənəti ustaları arasında “ələ-ələ” adı ilə tanınır. Xalça üzərindəki rəqs əsasən şərti xarakter daşıyır.
Onu da deyək ki, “Yallı” bütövlükdə qədim türk tayfalarının kütləvi və ritmik xalq rəqsidir. Bu rəqs zamanı əsasən ayaq hərəkətlərindən istifadə olunur. Rəqs zamanı ifaçıların sayı 10-15 və daha çox ola bilər. “Yallı” zamanı kişi və qadınlardan dəstələr düzəldilir. Dəstənin başında duran rəqqas - “yallıbaşı” əlində yaylıq və yaxud çubuq tutur. Axırdakı rəqqas isə “ayaqçı” adlanır. Rəqs əvvəl ağır templə başlayır və getdikcə sürətlənir. İfaçılar ritmik hərəkətlə dairəvi rəqs edirlər. Dahi Azərbaycan şairi Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında bu rəqsdən bəhs edib...
“Yallı” respublikamızın Naxçıvan (Şərur, Şahbuz, Ordubad), Masallı, Lənkəran, Şəki, Qazax və s. bölgələrində daha geniş yayılıb. “Çolağı”, “Üç addım”, “Köçəri”, “Dönə Yallı”, “Qaz-qazı”, “El Yallısı”, “İki ayaq”, “Qaladan-qalaya”, “Şəranı” və s. adlı yüzdən artıq “Yallı” havası olub.
Qobustandakı “Qavaldaş”, “Halay”, “Bənövşə” şəkilli oyunları xatırladan rəsmlər, eləcə də Naxçıvandakı Gəmiqaya təsvirlərində və bu bölgədə aşkarlanmış boyalı qabların üzərindəki rəqs səhnələri Eneolit və Tunc dövründə Azərbaycanda musiqi-rəqs mədəniyyətinin təşəkkül tapdığını göstərir.
Maddi mədəniyyət nümunələri üzərindəki müxtəlif rəsmlər “Yallı” rəqsinin zaman-zaman inkişafını izləməyə imkan verir. ”Yallı”ya bənzər rəqslər fərqli adlarla Asiya və Avropanın bir çox xalqları arasında da geniş yayılıb.
Azərbaycan xalqının əsrlərlə inkişaf etdirdiyi təsviri sənət nümunələri bu gün də xalq yaradıcılıq nümunələri üzərində tətbiq olunmaqdadır. Bütün bunlar qədimdə olduğu kimi, gələcəkdə də dəyərli tarixi mənbə kimi əhəmiyyətini qoruyub saxlayacaq.