13.08.2013

General-mayor XOSROV BƏY SULTANOV

Xosrov Paşabəy oğlu Sultanov Zəngəzur mahalının Gürdhacılı kəndində dünyaya göz açmış və Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada tibb təhsili almışdır.1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökuməti kabinetində X.Sultanov Hərbi Nazir təyin edilmişdi.X.Sultanov Zaqafqaziya Seyminin və Azərbaycan parlamanının üzvü olmuşdur.X.Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin edilmişdi. Az sonra həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişdi. X.Sultanovun başçılığı ilə daşnak generalı Dronun hərbi dəstələri mayın 30-da darmadağın edildi və Azərbaycan silahlı dəstələri Xankəndi və Şuşaya daxil oldular.1923-cü ildə general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlandı. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşadı,
Almaniyada Tibb Universitetində professor vəzifəsində işləmişdir.Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov,Trabzonda məskunlaşır, sonra isə 1941-45-ci illər müharibəsi dövrü əsir düşmüş
azərbaycanlı əsgərlərin Almaniyadakı düşərgələrindən Türkiyəyə gətirilərək, xilas edilməsinə kömək etmişdir. Fəaliyyətinin son dövrü haqqında məlumat azdır.