07.06.2013

SULTAN MƏHƏMMƏD (1470-ci illərin sonu-1555)

Bizim oxuduğumuz kitablar, qəzet və jurnallar,
 onlardakı şəkil və rəsmlər mətbəədə çap olunur. Lakin 19-cu yüzilliyin əvvəllərinə qədər Azərbaycanda nə mətbəə vardı, nə çap maşını. Bəs orta əsrlərdə şairlərin,
 yazıçıların, alimlərin yazdıqları kitabları necə çoxaldıb yayırdılar? Bunlara şəkilləri– illüstrasiyaları necə çəkirdilər?


Həmin dövrdə xüsusi saray kitabxanaları vardı. Həmin
 kitabxanalarda ən yaxşı xəttatlar, rəssamlar, bədii tərtibat ustaları çalışardı. Xəttatlar yazılacaq kitabların sözlərini yazar, rəssamlar isə onları gözəl miniatür şəkilləri ilə bəzəyərdilər. Belə məşhur rəssamlardan biri də Sultan Məhəmməd idi. Sultan Məhəmməd Təbrizdə anadan olmuşdur. Rəssamlıq sənətinə yiyələndikdən sonra Şah İsmayıl Xətainin Təbrizdəki saray kitabxanasında rəhbərlik etmişdi. O, əlyazma kitablar üçün illüstrasiyalar, real həyat hadisələrini əks
 etdirən miniatürlər, portretlər yaratmış, süjetli xalçalar və bədii parçalar üçün eskizlər çəkmişdir.
Sultan Məhəmməd Nizaminin “Xəmsə”-sinə maraqlı
 illüstrasiyalar çəkib. Onun ən yaxşı miniatürlərindən birinə nəzər salaq. “Bəhram Gur ovda” miniatürü kompozisiya zənginliyi ilə fərqlənir. Bu əsərdə qızılı səma və təbiətin yaşıl-yasəməni görünüşü rəsmin gözəlliyini daha da artırır. Ümumiyyətlə,
rəssamın əsərləri peyzaj motivləri, zərif və ustalıqla çəkilmiş süjetlərlə zəngindir.

Sultan Məhəmmədin əsərləri dünyanın ən məşhur muzey
 və, kitabxana və kolleksiyalarında saxlanılır. Onun miniatürləri, kitab illüstrasiyaları və portret əsərləri Sankt-Peterburqda M.Y.Saltıkov-Şedrin adına kitabxanada, İstanbulda Topqapı sarayında, Nyu-Yorkda Metropoliten-muzeydə, həmçinin Vaşinqton, London, Paris, Krakov və b. şəhərlərin muzey və kitabxanalarında
 mühafizə edilir. Bu miniatürlərdən “Keyumərzin məclisi”, “Zöhhakın edam edilməsi”,“Rüstəmin Rəxşi kəməndlə tutması”, “Sam Mirzənin kef-musiqi məclisi”,
 “Meyxanada”, “Ov səhnəsi, “Sultan Səncər və qarı” və s. incilər xüsusilə diqqətəlayiqdir.Sultan Məhəmmədin çoxlu tələbəsi və davamçısı olmuşdur. Onun oğlanları Mirzə Əli Təbrizi və Məhəmədi, eləcə də yetişdirmələri Mir Seyid Əli, Mir Zeynalabdin Təbrizi və b. öz dövrünün görkəmli rəssamı kimi tanınmışdır.

Sultan Məhəmmədin yaratdığı miniatürlər artıq orta əsrlərdə böyük şöhrət qazanmış, müasir dünya sənətşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.



Ali Şamil