12.06.2013

İngiltərə krallığının iqamətgahı.


Son vaxtlara qədər Bukingem sarayı geniş kütlə üçün qapalı olub. Bir muzey kimi onun qapıları ziyarətçilərin üzünə ilk dəfə 1993-cü ilin yayında açılıb. Bukingem sarayının, eləcə də adının yaranma tarixi XVIII əsrə gedib çıxır. O zaman indiki iqamətgahın yerində Bukinhem hersoqunun böyük malikanəsi olub. Deyilənlərə görə, həmin tikili Londonun ən gözəl evlərindən biri imiş. 1762-ci ildə ingilis kralı III Georq 28 min funt sterlinq müqabilində həmin sarayı hersoqinanın ölümündən sonra malikanənin varisi olmuş Çarlz Şeffilddən alıb. Nəticədə kralın həyat yoldaşı Şarlotta və onun ailəsinin iqamətgahına çevrilən saray “Kraliça evi” adlanmağa başlayıb. III Georq evə müasir üslub verərərk, onu bir qədər də genişləndirib. Binanın fasadı sadələşdirilib və kitab həvəskarlarının bir araya gəlməsi üçün burada gözəl kitabxana tikilib. Kral malikanəni bəzəmək üçün başqa saraylardan qiymətli incəsənət nümunələri gətizdirir. Bundan əlavə, əksər hissəsi İtaliya sənətkarlarına məxsus olan gözəl rəsm əsərlərindən ibarət kolleksiya əldə edib. Kral ailəsinin üzvlərinin portretlərini yaratmaq üçün saraya Ramzey, Zoffani, Qeynsboro, Uest kimi dahi ingilis rəssamlarını dəvət edir.




Amma Bukingem sarayını krallığın rəmzinə çevrilməsi 64 il hakimiyyəti idarə etmiş kraliça Viktoriyanın adı ilə bağlıdır. Onun dövründə malikanə növbəti dəfə rekonstruksiya edilib. Yenidənqurma işləri üçün 640 min funt sterlinq xərclənib. Rəsmi mərasimlər, banket və qəbullar üçün nəzərdə tutulmuş aparamentlər ziyarətçilərin üzünə açıq elan edilib. Sarayın mərkəzi hissəsi bir vaxtlar kraliça Şarlottanın salonu olmuş qonaq otağı sayılır. Kraliçanın salonu olmazdan əvvəl bu zalda monarxın qəbuluna gəlmiş nümayəndə heyəti toplaşarmış. İndi sarayın bu hissəsində rəsm əsərlərinə, gözoxşayan mebellər, dəbdəbəli çini qablara, şamdan və saatlara rast gəlmək mümkündür. Apartamentlərdə nümayiş olunan çini qablar kral IV Georqun topladığı kolleksiyanın əsas hissəsini təşkil edir. Hazırda bu, dünyanın ən yaxşı kolleksiyası hesab olunur.
Qonaq otağında diqqəti cəlb edən əsas əşyalardan biri də dəbdəbəli mebeldir. Qızıl suyuna salınmış tunc və paneldən hazırlanmış, yarıqiymətli daşlarla bəzədilmiş kamod məhz bu zalda saxlanılır. Onu XVIII əsrin məşhur fransız mebel ustası M.Karlin hazırlayıb.
Sarayın növbəti maraq doğuran hissəsi tax-tac zalı adlanır. Rəsm qalereyasına gedən yol məhz bu zaldan keçir. Uzunluğu 50 metr, eni 8 metr olan qalereya Bukinhem sarayının ən böyük otağıdır. 1914-cü ildə zalın dam örtüyü rekonstruksiya olunub və işıqlandırma sistemi yenidən çəkilib. Qalereyanın interyeri də dəyişdirilib. Ağ mərmərdən hazırlanmış dörd buxarının üzərində barelyeflər yonulub. Söhbət dörd dahi rəssamın – Leonardo da Vinçi, Tisian, Albrext Dürer və Van Deykin heykəlindən gedir. Zalın 44 rəsmdən ibarət ekspozisiyası daima dəyişir.


Rəsm qalereyasının, eləcə də Bukingem sarayının əsas otaqlarının divarlarından Britaniya taxt-tacına məxsus incəsənət nümunələrinin yalnız bir hissəsi asılıb. Kraliça kolleksiyasının digər hissəsi Vindzorski qəsrində, Kensinqton sarayında, Hempton Kort iqamətgahında, Osborn-xaus və Hollirud-xaus malikanələrində saxlanılır.
Bu zəngin kolleksiyaya Leonardo da Vinçi və Rafael kimi tanınmış rəssamların dünyada tayı-bərabəri olmayan minlərlə əsəri daxildir. Bukinhem sarayında saxlanılan kolleksiya geniş kütlə üçün bağlıdır. Həmin incəsənət nümunələrinə yalnız xüsusi icazə aldıqdan sonra, yaxud da kraliçanın adından sarayda təşkil olunan qəbullar zamanı baxmaq mümkündür. Bu cür mərasimlərə adətən yerli ictimaiyyətin seçilmiş nümayəndələri, xarici dövlətlərin səfirləri və məhdud sayda diplomatlar dəvət olunurlar. Kraliçaya aid kolleksiyaya daxil edilmiş dəyərli sənət əsərlərindən məhz onlar zövq ala bilərlər.
Kolleksiyanın yaranma tarixi XVI əsrə aiddir. O dövrdə imperator və krallara məxsus saraylarda nadir sənət nümunələri, tətbiqi incəsənət əsərləri, qədim pul və medallar toplamaq dəbdə imiş. İngilis kralı VIII Henrixin də özünəməxsus kiçik kolleksiyası olub. Onun böyük hissəsi sülaləyə məxsus portretlər təşkil edib. Maraqlıdır ki, kolleksiyada bəzi dini süjetlərə də rast gəlinib. XVIII əsrin birinci yarısında kralın topladığı nadir nümunələr Avropanın sənət xəzinəsinin incisinə çevrilirlər. Bu işdə kral Karl I Stüartın böyük rolu olub. O, nadir incəsənət nümunələrini əldə etmək üçün külli miqdarda vəsait xərcləyib. XVII əsr İntibah dövründə yaşayıb-yaratmış rəssamların əsərlərini məhz Karl I Stüart kolleksiyaya daxil edib. İncə zövqə sahib kral sənətə böyük dəyər verdiyi üçün P.P.Rubensə himayədarlıq edib, Van Deyki saray rəssamı seçib.
Dünyada tayı-bərabəri olmayan bu misilsiz kolleksiya 1649-cu ildə I Karlın edamından sonra İngiltərə respublikasının parlamentinin qərarı ilə müsadirə edilib. Onun şah əsərlərinin bir çoxu satılıb və beləcə, Madrid, Paris, Vena muzeylərinə gedib çıxıb.
Bukingem sarayı özünün polis şöbəsi, iki poçt ofisi, hospital, bar, iki idman klubu, diskoteka, kinoteatr və hovuzu olan kiçik şəhərdir. Malikanədə təxminən 600 otaq var. Onların döşəməsi üç mildən artıq qırmızı xalça ilə örtülüb. Şəhərciyin xidmətçi personalı təxminən 700 nəfərdən ibarətdir. Onların hərəsi öz işini yerinə yetirir. Kimisi sarayın qorunmasına, kimisi dövlət başçıları və səfirlər üçün banketlərin təşkilinə, kimisi də mükafatlandırma mərasimlərinin keçirilməsinə cavabdehdir.

Yay mövsümündə sarayı təxminən 30 min qonaq ziyarət edir. Dəvətlilər kraliçanın göl və şəlalənin, flaminqonun xüsusi ab-hava yaratdığı bağında təşkil olunmuş qəbullarda iştirak edirlər. Parlamentin payız sessiyasının açılışı, həmçinin iyun ayında kraliçanın ad günü münasibətilə təşkil olunmuş mərasim kimi əhəmiyyətli tədbirlərə məhz həmin bağda start verilir.

Mənbə:http://bona-mente.az/az/index.php?newsid=548