05.06.2013

Mirzə Məhəmməd Əli Kazım bəy (1802-1870)

     Rusiyada şərqşünaslıq sahəsində ali təhsilin təşkilində, dərs vəsaitlərinin yazılmasında, müəllim-professor kadrlarının yetişdirilməsində iki görkəmli Azərbaycan ziyalısının Mirzə Cəfər bəy Topçubaşovun və Mirzə Məhəmməd Əli Kazım bəyin xüsusi rolu olmuşdur. Maraqlıdır ki, hər iki ziyalımızın ali təhsili olmasa da, onlar çalışqanlıqları və yüksək zəkaları sayəsində Rusiya və Avropanın ən görkəmli alimləri sırasında ən yüksək yerləri tuta bilmişlər. M.C. Topçubaşov Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentində işləyərkən XIX əsrdə Şərq ölkələrinə göndərilən bütün rus diplomatlarına dərs demiş, Peterburq Universitetindəki fəaliyyəti ilə Rusiyada Şərq filologiyası və numizmatikasının əsasını qoymuşdur. Kazım bəy isə Rusiya və Avropa ölkələrində Şərq xalqlarının tarixini, onların adət-ənənələrini, qanunlarını təbliğ etməyə çalışmışdır. Onlarca tarixi əlyazmaları tapıb tərcümə edən, bir çox qaranlıq tarixi səhifələrə aydınlıq gətirən, türk-müsəlman xalqlarının ünvanına söylənilən bir çox şayiələrin qarşısını alan Kazım bəy, əslində, Rusiya şərqşünaslıq elminin banisidir.
Mirzə Məhəmməd Əli Kazım bəy 1802-ci ildə İranın Rəşt şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur. Onun atası Hacı Qasım 1810-cu ildə ailəsi ilə birlikdə Dərbənd şəhərinə köçmüşdür. Rusiya hakim dairələri Hacı Qasımı daim təqib edir, onun Rusiya əleyhinə təbliğat aparmasından şübhələnirdilər. 1821-ci ildə Hacı Qasım həbs edilir və Həştərxan şəhərinə sürgünə göndərilir 1822-ci ildə Kazım bəy atasını tək qoymamaq məqsədi ilə Həştərxana köçür. Həştərxanda o, şotland missionerləri ilə yaxından tanış olur, onların bir neçəsinə ərəb dilini öyrədir, onlar isə öz növbəsində ona ingilis dilini öyrədirlər. Maraqlıdır ki, gənc Kazım bəy dərs prosesini kortəbii qurmamış, ərəb dili qrammatikasına həsr olunmuş "Ərəb dilinin müxtəsər qrammatikası" adlı kitabça tərtib etmişdir. Zəkası, biliyi və istedadı ilə fərqlənən Kazım bəy Omsk Asiya məktəbində Şərq dilləri kafedrasında işə düzəlir. 1826-cı ildə onu Rusiyanın aparıcı universitetlərindən biri sayılan Kazan Universitetinə mühazirə oxumağa dəvət edirlər. Artıq 1828-ci ildə Kazım bəy universitetin türk-tatar dilləri kafedrasına müdir təyin edilir. Bu vəzifədə olduğu dövrdə o, arxiv və fondlarda nadir Şərq əlyazmaları aşkar edib, tərcümə edir və şərhlər verir. Bu fəaliyyətinə görə o, 1829-cu ildə Britaniya Kral Cəmiyyətinin həqiqi üzvü seçilir. 1829-cu ildə Kazım bəy Sədinin "Gülüstan" əsərini tərcümə edir. Geniş elmi araşdırmalarını davam etdirən Kazım bəy 1831-ci ildə Kazan Universitetinin adyunkt-professoru, sonra ekstraordinar-professoru, 1837-ci ildə isə ordinar-professoru seçilir. Elmi fəaliyyətinə görə, həmçinin Rusiyada şərqşünaslıq sahəsində ali təhsilin təşkilində fəal iştirakına görə Kazım bəyi 1835-ci ildə Peterburq Elmlər Akademiyasının müxbir üzvü seçirlər. 1846-cı ildə o, ərəb-fars dilləri kafedrasının müdiri vəzifəsinə təyin edilir. Kazım bəy müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı olmuş, islam dini, şəriət qanunları, cihad məsələləri ilə bağlı Rusiyada bəzi mürtəce qüvvələrin yaydığı şayiələrə son qoymağa çalışmış, islam və onun ehkamlarına elmi yanaşmanı tələb etmişdir. Kazım bəy Azərbaycan dilinin elmi qrammatikasının ilk yaradıcısı hesab edilir. M.Kazım bəy İrandakı babilər hərəkatının, Qafqazdakı Şamil hərəkatının ilk tədqiqatçılarındandır. İranda, o cümlədən də Cənubi Azərbaycanda baş vermiş babilər hərəkatının səbəblərindən biri, Kazım bəyin fikrincə, rus və ingilis imperialistlərinin apardıqları siyasət idi. O həmçinin sübut etmişdir ki, Şərqdə baş verən proseslərin öz qanuna uyğunluqları var, bu proseslərin gedişi və formalaşmasında dini və sosial amillər böyük rol oynayır. "Müridçilik və Şamil" əsəri ilə rəsmi Rusiya tarixşünaslığına qarşı çıxış edən Kazım bəy Qafqaz xalqlarının uzun illər apardığı azadlıq mübarizəsinin lideri Şeyx Şamilin ünvanına söylənilən şayiələrə son qoymuş, onun xalq-azadlıq hərəkatına başçılıq etməsini sübut etmişdir. Kazım bəyin elmi araşdırmaları Şərq xalqlarının yüksək sivilizasiyaya malik olmasından xəbər verir, türk-müsəlman aləminin nailiyyətlərinin təbliğ edilməsinə xidmət edirdi. O, Şərq mütəfəkkirlərindən Nizaminin, Xaqaninin, Firdovsinin, Sədinin yaradıcılığına yüksək qiymət vermiş, onların bəzi əsərlərini rus dilinə çevirərək təbliğ etməyə çalışmışdır.Böyük elmi fəaliyyətinə görə Kazım bəy Rusiyada on yüksək təltiflərdən sayılan Demidov mükafatına 3 dəfə layiq görülmüşdür. Onun tədqiqat əsərləri bir çox xarici dillərə tərcümə olunub Avropa və Asiya ölkələrində nəşr edilmişdir. XIX əsrin 40-cı illərində Kazım bəy Kopenhagen Şimal Nadir Sənədlər Kral Cəmiyyətinin üzvü, Kazan Vətən Dilləri Cəmiyyətinin həqiqi üzvü, Peterburq Arxeologiya-Numizmatika Cəmiyyətinin müxbir üzvü, Kazan Universitetinin fəxri üzvü seçilmişdir. 1849-cu ildə Kazım bəy Peterburq Universitetinə işə dəvət edilmiş, Şərq dillərindən dərs demişdir. O həmçinin 1849 - 1855-ci illərdə Peterburq xüsusi pansion və məktəblərinin inspektoru işləmişdir. 1851-ci ildə Kazım bəy "Dərbəndnamə" əsərini ingilis dilinə tərcümə etmiş və şərhlərlə birlikdə nəşr etdirmişdir. Ümumiyyətlə, onun ərəb, fars və Azərbaycan əlyazmalarını tarixilik baxımından təhlil etməsi Rusiyada tarix elminin inkişafında mühüm rol oynamışdır. O həmçinin rus və Şərq dillərinin qarşılıqlı əlaqələrinə dair tədqiqatlar aparmış, rus dilində çoxlu türk sözlərinin mövcudluğunu sübut etmişdir. XIX əsrin 50-ci illərində Kazım bəy Rusiya Coğrafiya Cəmiyyətinin həqiqi üzvü, Fransa Asiya Cəmiyyətinin ordinar üzvü, Boston Şərqşünaslar Cəmiyyətinin müxbir üzvü seçilmişdir. Kazım bəy 1855-ci ildə Peterburq Universitetinə fars dili kafedrasının müdiri təyin edilmişdir. Həmin ildə universitetdə Şərq fakültəsi açılanda Kazım bəy onun ilk dekanı olmuş və ömrünün sonunadək bu vəzifədə çalışmışdır. Rusiyanın bir çox ziyalıları onun tələbələri olmuşdur. Onların arasında L.N.Tolstoy, N.Q.Çernışevski, N.İ.Lobaçevski və başqaları var. Azərbaycan ziyalıları ilə daim əlaqə saxlayan Kazım bəy A.Bakıxanovun maarifpərvər fəaliyyətini dəstəkləmiş, M.F.Axundzadənin elmi-ədəbi fəaliyyətinə yüksək qiymət vermişdir. Kazım bəyə dünya şöhrəti gətirən əsərlər arasında "Türk-tatar dilinin ümumi qrammatikası" adlanan dərsliyi xüsusi yer tutur. Türk xalqlarının dillərinin qrammatik təhlilini vermiş Kazım bəy eyni zamanda bu dilləri öyrənmək üçün olduqca asan və kamil dərs vəsaiti yazmışdır. Uzun illər boyu bu dərs vəsaitindən Rusiya və Avropa universitetlərində türk dillərini öyrənməyə imkan verən yeganə dərs vəsaiti kimi istifadə olunmuşdur. XIX əsrin 60-cı illərində Kazım bəy Amerika Fəlsəfə Cəmiyyətinin üzvü, Almaniya Şərqşünaslıq Cəmiyyətinin üzvü seçilmişdir. Rusiyada şərqşünaslıq sahəsində müəllim-professor kadrlarının hazırlanmasında Kazım bəyin xüsusi rolu olmuşdur. Kazım bəy 1861-ci ildə Peterburq Universitetinin əməkdar professoru, 1869-cu ildə Şərq dilləri üzrə fəxri doktoru seçilmişdir.Görkəmli rus tədqiqatçısı, şərqşünas alim, akademik V.V.Bartold haqlı olaraq yazırdı ki, Rusiyada şərqşünaslıq elmini yaradan iki nəfər varsa, onlardan biri məhz Kazım bəydir. Mirzə Məhəmməd Əli Kazım bəy 1870-ci ildə Peterburq şəhərində vəfat edib, həmin şəhərdə də dəfn olunub.