27.05.2013

Azərbaycan tarixi fənni üzrə məzmun xətləri.



Məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hissələridir. Bu hissələr bir-biri ilə həm məntiqi, həm də xronoloji cəhətdən bağlı olur, məzmunun bütöv və əhatəli ifadə olunmasını təmin edir.
Azərbaycan tarixi fənni üzrə məzmun xətləri ümumi təhsilin səviyyələri üzrə bütün şagirdlər üçün vacib olan məzmunu əhatə etməyə, hər bir şagirdin Vətən tarixindən öyrənə biləcəyi və öyrənməli olduğu məsələləri müəyyənləşdirməyə imkan yaradır. Onlar siniflər üzrə özlərinə məxsus əsas və alt-standartları ehtiva etməklə fərqlənir .
Azərbaycan tarixi fənni üzrə məzmun standartları aşağıdakı siniflər üzrə sistemləşdirilmiş və beş məzmun xətti üzrə qruplaşdırılmışdır:

1. Tarixi zaman
2. Tarixi məkan
3. Dövlət
4. Şəxsiyyət
5. Mədəniyyət

Azərbaycan tarixi fənni üzrə məzmun xətlərinin vacibliyi aşağıdakı zərurətdən irəli gəlir.

1. Tarixi zaman
Bütün hadisə və təzahürlər tarixi zaman daxilində baş verir. Bu hadisə və təzahürlərin zaman daxilində baş verməsinin və inkişafının ardıcıllığı onlar arasında qarşılıqlı əlaqə və təsirləri müəyyənləşdirməyə imkan yaradır. Tarixi zamanda mövqe hadisə və təzahürlərin hansı tarixi şəraitdə baş verdiyini göstərir. Eyni zamanda bu şəraitin ona necə təsir göstərdiyini, həmin hadisə və təzahürün səbəbi, yaxud da nəticəsi olub-olmadığını müəyyən etməyə imkan verir.
Tarixi zaman daxilində hadisələrin və təzahürlərin dəyişməsinin izlənməsi şagirdlərin tarixi hadisələri zaman baxımından müəyyənləşdirməsi, əlaqələndirməsi, təhlil etməsi və dəyərləndirməsində, xronologiyaya dair bacarıqların mənimsənilməsində əhəmiyyətli rol oynayır.
2. Tarixi məkan
İnsanların və cəmiyyətin həyatı, onların inkişafı və dəyişməsi müəyyən tarixi məkan çərçivəsində baş verir. Həmin məkanın təbii-coğrafi şəraiti insanların həyat tərzlərinə, məşğuliyyətlərinə, təsərrüfat həyatlarına, ictimai münasibətlərinə, mədəni inkişaf xüsusiyyətlərinə böyük təsir göstərir. Ona görə də bu şəraitin öyrənilməsi təsərrüfatın, mədəniyyətin, dövlət quruluşunun, ictimai həyatın, daxili və xarici siyasətin inkişaf məntiqini izləməyə və onların gələcək inkişaf perspektivlərini proqnozlaşdırmağa imkan verir. Azərbaycan tarixində təbii-coğrafi amillərlə bağlı bilik və bacarıqların aşılanması şagirdlərin cəmiyyətin inkişafının ətraf mühitdən, təbiətdən, geosiyasi amillərdən asılılığını dəyərləndirməsinə şərait yaradır.
3. Dövlət.Müxtəlif dövlət quruluşu formaları, qanunlar və onlara əməl olunması, dövlətlər arasında və dövlətlə vətəndaşlar arasında olan münasibətlər insanların həyatına və tarixin gedişinə güclü təsir göstərmişdir. Müxtəlif tarixi dövrlərdə mövcud olmuş Azərbaycan dövlətlərinin quruluşu, yeritdikləri sosial-iqtisadi və xarici siyasət inkişaf edərək dəyişmiş, müasir səviyyəyə gəlib çatmışdır. Şagirdlər bu dəyişiklikləri izləməklə Azərbaycan dövlətçiliyinin tarixinə dair biliklər qazanır, onun tarixi inkişaf yolunu izləməklə, müvafiq materiallar toplamaqla, təhlillər aparmaqla elmi dünyagörüşünə, idrak bacarıqlarına yiyələnirlər.
4. Şəxsiyyət
Ayrı-ayrı şəxsiyyətlərin fəaliyyəti bu və ya digər dərəcədə tarixin gedişinə təsir göstərir. Tarix şəxsiyyətlərin fəaliyyətindən xeyli dərəcədə asılı olur. Onların fəaliyyətlərinin əsasının başa düşülməsi və nəticələrinin düzgün qiymətləndirilməsi, eyni zamanda bir sıra tarixi hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyə və gələcəkdə baş verə biləcək digər hadisə və təzahürləri proqnozlaşdırmağa imkan yaradır. Buna görə də şagirdlərin keçmişdə və həmçinin müasir zamanda insan cəmiyyətinin inkişafında ayrı-ayrı şəxsiyyətlərin rolunu düzgün başa düşməsi və dəyərləndirməsi üçün onlara Azərbaycan tarixi ilə bağlı şəxsiyyətlərin fəaliyyəti barədə araşdırmalar aparmaq, müqayisələr və təhlillər əsasında fikir söyləmək imkanı verən bacarıqların aşılanması zəruri hesab edilir.
5. Mədəniyyət.Mədəniyyət insanların maddi və mənəvi fəaliyyətinin bütün nəticələrini əhatə edir. Tarixin gedişi ilə sıx bağlı olaraq yaranır və inkişaf edir. Bu fəaliyyət öz növbəsində milli və bəşəri mədəniyyətləri zənginləşdirir. Müəyyən cəmiyyətin mədəniyyətinin öyrənilməsi həmin cəmiyyətdə təsərrüfatın, insanlar arasındakı münasibətlərin, mənəvi dəyərlərin, başqa mədəniyyətlərlə əlaqələrin xüsusiyyətlərini anlamağa və perspektivlərini qiymətləndirməyə imkan yaradır. Azərbaycan mədəniyyətinin tarixinə dair araşdırmalar şagirdləri düşünməyə, müqayisələr aparmağa sövq edir, onlarda milli qürur, maddi və mənəvi abidələrə məhəbbət hissi oyadır.