20.04.2013

Maniçilik və Məzdək hərəkatı

   

   III əsrdə Sasani dövlətində Maninin əsasını qoyduğu hərəkat geniş vüsət aldı. Bu hərəkat dövlətin bütün vilayətlərinin, o cümlədən Azərbaycanın sosial və dini həyatına təsir etdi. Hələ cavanlığında şərqi İran və Hindistanda olmuş Mani brəhmənizm, buddizm, Orta Asiyanın yerli ayinləri ilə tanış olaraq, tərkibində xristianlığın, buddizmin, brəhmənizmin, zərdüştiliyin, Ön Asiya qnostisizminin elementləri olan çox sinkretik təlimin əsasını qoymuşdu. Maninin təlimində bütün dinlərin vahid bir dinlə əvəz edilməsi meyli var idi. 243-cü ildə şahənşah I Şapur tərəfindən qəbul edilən Mani özünün "şapurakan" ("şapurun kitabı") əsərini ona təqdim etdi. Mani tərəfindən yaradılan yeni din yüksək zümrələrin ağalığına, dünyəvi və dini başçıların istismarına qarşı xalq kütlələrinin etirazını əks etdirirdi.


Möhkəm və nizamlı təşkilatı olan maniçilik kilsəsinin ayrı-ayrı ölkələrdə çoxlu təbliğatçısı - missioneri var idi. Maniçilər tərki-dünyalığı və nikahsızlığı təbliğ edirdilər. I Bəhramın dövründə (273-276) maniçilərin təqibi başlandı. Mani təlimi bir çox dini cərəyanlara, o cümlədən V-VI əsrlərdə yayılmış məzdəkilər hərəkatına, daha sonralar X əsrdə Bolqarıstanda meydana çıxmış, Kiçik Asiya və Balkanlarda yayılmış xristian bidətçiləri -boqomillərə, XII-XIII əsrlərdə Fransanın cənubunda meydana çıxmış albiqoylulara, həmçinin pavlikianlara güclü təsir etdi. Bu hərəkat və məzhəblər ümumi təmayüllərinə görə seçilirdilər: kilsə ayinlərinin sadələşdirilməsi, bərabərliyin təlqin edilməsi və bunun nəticəsi olaraq istismara və feodal torpaq sahibliyinə qarşı mübarizə. V əsrin sonunda meydana çıxmış məzdəkilər hərəkatı başqa sosial hərəkatlar kimi cəmiyyətin sayca çox cüzi hissəsini təşkil edən yüksək təbəqənin xalq kütlələrini hədsiz istismarı və əsarət altına salması zəminində genişlənib artdı. Məzdəkilər hərəkatının səbəblərini araşdırarkən, hər şeydən əvvəl, o dövrün sosial və iqtisadi vəziyyətini təhlil etmək lazımdır. Əhalinin dörd zümrəsindən ən çox istismar olunanı - əkinçiləri, maldarları, sənətkarları və ticarətlə məşğul olanları öz tərkibində birləşdirən "vergi verənlər" zümrəsi idi. Kəndli və şəhər icmaları o zaman tənəzzül dövrünü keçirirdilər. İri torpaq sahibləri, necə olursa olsun, icmaların və xırda sahibkarların torpaqlarını ələ keçirməyə çalışırdılar. Geniş torpaq sahələrinin bir ovuc sahibkarın əlində toplanması prosesi gedirdi. Qulların vəziyyəti də ağır idi. Torpaq sahiblərinin, dövlətin və kahinlərin istismarına məruz qalan əhali gücçatmaz vergiləri ödəməli olurdu. Bununla yanaşı, şahənşahın çoxlu canlı və maddi ehtiyatlar tələb edən fəal xarici siyasətini də nəzərə almaq zəruridir. "Vergi verən" zümrə ilə əyanlar arasında günü-gündən dərinləşən ziddiyyət şəraitində Bamdadın oğlu Məzdəkin başçılıq etdiyi hərəkat meydana çıxdı. Getdikcə geniĢlənən bu hərəkata maniçilik ideyası da az təsir etməmişdi. Lakin xeyrin şər üzərində qələbəsinin mümkünlüyünü inkar edən maniçilərdən fərqli olaraq məzdəkilər son məqamda xeyrin qələbəsinə inanırdılar. Hər hansı şəxsi mülkiyyəti inkar edən məzdəkilər bərabərliyi təbliğ edirdilər. Hərəkat on illərlə davam etdi, bir çox iri torpaq sahibi öldürüldü, onların torpaqları və əmlakı isə bölüşdürüldü. Hərəkatın başlanğıcında Sasani şahənşahı I Kavad (488-531) iri feodalların gündən-günə artan təsirinə qarşı mübarizəsində məhz bu hərəkatdan istifadə etməyə çalışırdı. Ancaq məzdəkiliyin yüksələn qüdrəti şahənşahın taxtı və daxili siyasəti üçün birbaşa təhlükəyə çevrildiyindən bu hərəkatın sonu qaçılmaz idi. VI əsrin birinci yarısında hərəkat amansızcasına yatırıldı, onun ardıcılları təqiblərə məruz qaldı, əmlakları şah xəzinəsinə verilməklə müsadirə olundu. Təqiblərdən baş götürüb qaçmağa çalışan məzdəkilər Azərbaycanın, Deyləmin, Təbəristanın dağlıq yerlərində sığınacaq tapdılar. Məzdəkilər hərəkatı dövlətin daxili həyatının zəif tərəflərini aşkara çıxartdı, onun əsaslarını elə sarsıtdı ki, ölkənin inzibati idarə sistemini və iqtisadiyyatını yoluna salmaq üçün I Xosrov Ənuşirəvanın hərbi, inzibati və vergi islahatlarını həyata keçirmək lazım gəldi.