30.04.2013

Kainat necə yaranıb?

Elmi hesablamalara görə, kainatın 14 milyard yaşı var. Qaranlıq səmada 100 milyard qalaktika mövcuddur. Onların hər birinin öz günəş sistemi, o cümlədən planetləri, peykləri, 400 milyard ulduzu və digər göy cisimləri vardır. Bu nəhəng və qoca dünya yarananda bu qədər böyük olmayıb. Kainat dərimizdəki məsamədən də kiçik bir ölçüdə əmələ gəlib. Bu yaranış elmdə “Big Bang” (böyük partlayış) adlandırılır. Partlayış həcm və ölçü baxımından çox kiçik olsa da, bütün kainatın əvvəli olduğu üçün ən böyük hadisə hesab olunur. Partlayış nəticəsində yeni növ zərrəciklər əmələ gələrək sıçrayıb ki, bu da məhz kainatın özü olub. “Big Bang” səma içərisində baş verən bir hadisə yox, məhz səmanın özünü əmələ gətirən bir hadisədir. Zərrəciklər böyüyüb, toqquşaraq yeni materiyalar əmələ gətirib, çoxalıb və kainat şar kimi genişlənməyə başlayıb. “Big Bang” nəzəriyyəsinə görə, kainat hələ də böyüməkdədir.


Yerin altında süni kainat


Böyük partlayışın səbəbi elmə məlum deyil. Dünya alimləri onu öyrənmək üçün kainatın yaranışını süni olaraq canlandırmağa çalışır. Bunun üçün Avropada yerin altında böyük dairəvi tunel qazılıb. Fransa ilə İsveçrənin Franko-Svis adlı sərhəd zonasında yerləşən bu tunelin içərisi ilə iri diametrli boru kəməri uzanır. Onun içərisində isə dar diametrli paralel iki boru var. Nəhəng halqa formasında olan bu tunelin uzunluğu 27 kilometrdir və 175 metr dərinlikdə üfüqi istiqamətdə yerləşir. Tunelin böyük hissəsi Fransa, cüzi hissəsi isə İsveçrədən keçir. O, Fransanın cənub-şərqində böyük ərazini, İsveçrənin isə şimal-qərbində azacıq hissəni əhatə edir. Ona nisbətən kiçik dairəvi tunel də qoşulub. Təxminən 100 ölkədən 10 min alim və mühəndisin iştirakı ilə qurulmuş bu nəhəng sistem “Böyük Adron Kollayderi (BAK)” adlanır.


Sistem 2008-ci ildə işə salınıb. Belə ki, kiçik halqaya bir dəstə proton zərrəciyi daxil edilir. Boruya elektrik verilir və zərrəciklər sürətlə hərlənməyə başlayır. Onların hərəkət istiqaməti adi maqnitlə tənzimlənir. Materiyaların hərəkəti işıq sürətinə yaxın bir həddə çatdırılır. Sonra bu bala halqaya ikinci proton dəstəsi daxil edilir. Sürətin təsiri ilə zərrəcik dəstələri yüksək enerjiyə çatdırılır. Daha sonra, hər iki dəstə ana tuneldəki paralel borulara ötürülür. Dəstələrdən biri saat istiqamətində, o biri isə digər boruda əks istiqamətdə hərlənir. Borular tunelin 4 nöqtəsində x şəklində kəsişir. Hər kəsişmə nöqtəsində toqquşdurucu qurğu yerləşdirilib. Proton dəstələri 1 saniyədə 11 min dəfə dövrə vurur. Bu minvalla yarım saat fırlandıqdan sonra qurğular onları toqquşdurur. Hər şey də məhz o an baş verir: yüksək enerjili iki dəstə zərrəcik çarpışaraq yeni növ zərrəciklər əmələ gətirir. Onlar toqquşmuş zərrəciklərin qırıntıları deyil, məhz toqquşmadan qığılcım kimi əmələ gəlmiş yeni növ materiyalardır.

Məhz kainatdakı bütün cisimlər kimi.


Qurğular hər gün zərrəciklərin sürəti, kütləsi və çəkisi barədə ilkin məlumatları alır və “Grid” adlı kompüter mərkəzinə ötürür. Orada alimlər yeni yaranmış zərrəciyin tərkibini müəyyən edə bilir.


Bu proses o demək deyil ki, “Big Bang” zərrəciklərin toqquşması səbəbindən baş verib. Alimlər zərrəcikləri borularda toqquşdurmaqla əmələ gələn yeni növ materiyaların özlərini və onların bir-birinə təsirini öyrənməyə çalışır. Bu əməliyyatlar dünyanın təbii yaranış prosesinin axarını köklü şəkildə anlamağa, o cümlədən böyük partlayışın səbəbini və kainatın hazırda nəyə doğru getdiyini düşünməyə kömək edir. Əsas hədəf zamanın hansı səbəbdən başladığını və hansı nəticəyə doğru getdiyini öyrənməkdir.


BAK dünyada zərrəcikləri sürətləndirən və toqquşduran ən böyük laboratoriyadır. O, Nüvə Tədqiqatları üzrə Avropa Təşkilatı (CERN) tərəfindən təşkil olunub. Buradakı tədqiqatlarda 35 ölkədən yüzlərlə alim iştirak edir. CERN dünyada zərrəciklər fizikası üzrə ən böyük qurumdur. Ona 20 ölkə üzv olub. İyirmidən çox digər ölkə, o cümlədən Azərbaycan bu təşkilatla əməkdaşlıq razılaşması əldə edib.


Ölkəmizdə mövzuya dair tədqiqatlar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu tərəfindən aparılır. İnstitutda bu işlərə Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Övsət Abdinov rəhbərlik edir.


AMEA ilə CERN arasında əməkdaşlıq müqaviləsi 1997-ci ildə imzalanıb. Fizika İnstitutu 2007-ci ildə ikinci müqavilə imzalayaraq bu əməkdaşlığı genişləndirib və sürətləndirib. İnstitutun əməkdaşları CERN-in tədqiqatlarında böyük komandanın tərkib hissəsi kimi iştirak edir. Alimlərimiz hər il CERN-in yay məktəblərinə cəlb olunur. Fiziklərimiz BAK-ın “ATLAS” adlı qurğusunda təcrübə keçib. Bu qurğunun uzunluğu 46, diametri 25 metr, çəkisi isə 7 min tondur. Ö.Abdinovun dediyinə görə, Azərbaycanda kadr çatışmazlığı və AMEA-nın maddi imkanının məhdudluğu səbəbindən alimlərimiz CERN-in digər təcrübələrində iştirak edə bilmir.


CERN-də yerləşən “Grid” kompüter mərkəzi hər il nəhəng toqquşdurucu halqanın 15 milyon giqabaytlıq məlumatlarını toplayır və analiz edir. Ümumən 35 ölkədən 140 belə kompüter mərkəzi “Grid”ə qoşulub. Fizika İnstitutunda da 300 kompüterdən ibarət “Grid” təşkil olunub.


Azərbaycanla birgə aparılmış tədqiqatların nəticələri barədə son 2 ildə 300-dən çox elmi məqalə yazılıb. Onları çap etmiş jurnallar arasında “Science” və “Nature Communication” jurnalları da vardır.


Seçmə məqamlar


Tarixən kainatın necə yaranması barədə iki əsas model mövcud olub. Onlardan biri “sonsuz kainat” nəzəriyyəsidir. O, kainatın başlanğıcı və sonunun olmadığını, dünyanın yoxdan var edilməyib və heç vaxt da yox olmayacağını iddia edir. Bu model ötən əsrin birinci yarısına qədər gəlib çıxıb. Sonra “böyük partlayış” ideyası onu alt-üst edib.


İşıq sürəti saniyədə 299 milyon 792 min 458 metrə bərabərdir. Yəni, təxminən, 300 min kilometr. Günəş Yerdən 150 milyon kilometr uzaqdadır və işığı planetimizə 8 dəqiqə 19 saniyəyə çatır.

Los-Ancelesdə yerləşən Kaliforniya Universitetinin Astronomiya və Astrofizika Bölməsi Rusiya alimi Andrey Lindenin nəzəriyyəsinə əsaslanaraq qeyd edir ki, böyük partlayış zaman axınında əmələ gəlmiş köpüklərdən biridir.


İngiltərəli məşhur ateist, filosof Antoni Flyu (Anthony Flew) etirafın insanın ruhuna xeyirli olduğunu deyərək, bunları bildirir: “Etirafın insan ruhuna müsbət təsir etdiyini deyirlər. Mən də bir etiraf edəcəyəm – ateizm baxımından “Big Bang” modelini qəbul etmək olduqca çətindir. Çünki elm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı sübut edib: kainatın bir başlanğıcı olması iddiasını”. Antoni Flyu 2004-cü ildə 81 yaşında ateizm baxışlarından uzaqlaşdığını açıqlayıb.


Ö.Abdinov bildirir ki, “biz hələ Big Bangdan əvvəlki yox, sonrakı hadisələri öyrənirik. Fizika mənbəyə doğru mərhələ-mərhələ irəliləyir. O hadisəyə hələ çatmamışıq. Elm onu öyrəndikdən sonra ondan əvvəl nəyin olduğunu araşdırmağa başlaya bilər”. Kainatın Allah tərəfindən yaradılması fikrinə isə alimin cavabı belədir: “Kainatın super ağıl tərəfindən yaradıldığına inanıram. Ancaq onun hansı formada olduğunu bilmirəm”.


Məhəmməd peyğəmbər hədislərində deyir: “Beşikdən qəbir evinə kimi elm öyrənin”, “Bir saatlıq elm öyrənmək 60 illik ibadətə bərabərdir”, “Qiyamət günü alimlərin qələminin mürəkkəbi şəhid qanı ilə ölçüləcək və qələmin mürəkkəbi şəhidlərin qanından daha ağır gələcək”.


“Qurani-Kərim”də kainat barədə qeyd edilir:


– Biz göyü qüdrətimizlə yaratdıq və şübhəsiz, Biz onu genişləndirməkdəyik. (“əz-Zariyat” surəsi, 47).


– O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik. (“əl-Ənbiya” surəsi, 104).



Müəllif:Səid Hüseynov, AMEA-nın əməkdaşı
http://www.science.gov.az/az/index.php?id=5442